Məhkəmə qərarları › İş №2-1(112)-2741/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2741/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2741/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barəsində öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1982-ci il tarixdə Göyçay rayonunda doğulmuşdur. 1999-cu il tarixində Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2003-cü il tarixindən təhsilini Hərbi tibb fakultəsində davam etdirmişdir. xx.xx.2005-ci ildən Zabit kimi Silahlı Qüvvələrdə, xx.xx.2002-ci ildən bu günə qədər N nömrəli hərbi hissənin İrinli cərrahiyyə bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.2023-cü il tarixində “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 156 “j” maddəsinə müvafiq olaraq onun Azərbaycan ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə raportla müraciət etməsinə baxmayaraq ehtiyata buraxılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən idda tələbinə dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li Hərbi Hissə tərəfindən məhkəməyə ünvanlanmış 994 №-li, xx.xx.2023-cü il tarixli və 1035 №-li xx.xx.2023-cü il tarixli eyni məzmunlu cavab məktublarında qeyd olunmuşdur ki, tibb xidməti polkovnik-leytenantı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, xx.xx.2023-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə müraciət etmiş, hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən olunması üçün xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyasına göndərilmiş və Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 8295 nömrəli arayışına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Tibb xidməti polkovnik-leytenantı İddiaçı müraciəti əsasında müvafiq sənədləri hazırlanaraq, qərar qəbul edilməsi üçün xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Tibb İdarəsinə göndərilmiş, 06 oktyabr 2023-cü il tarixdə tibbi təminatın keyfiyyətli təşkilini təmin etmət məqsədi ilə ixtisaslı həkim çatışmazlığını nəzərə alaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 2024-cü ilin iyul ayına kimi təxirə salınması məqsədəuyğun hesab edilmişdir. Məktuba əlavə olunmuş: İrinli cərrahiyə bölməsinin rəisi tibb xidməti polkovnik-leytenantı İddiaçı tərəfindən N nömrəli hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini-tibb hissəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportun surətindən müəyyən olunur ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən onun ordu sıralarında ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. N nömrəli hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini-tibb hissəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Coşqun Abdullayev tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportda qeyd olunmuşdur ki, Tibb xidməti polkovnik-leytenantı İddiaçı raportuna əsasən qarşısında vəsatət qaldırır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının 8295 №-li, xx.xx.2023-cü il tarixli arayışın surətindən müəyyən olunur ki, xx.xx.2003-cü ildən hərbi xidmətə çağırılmış (könüllü daxil olmuş) N №-li hərbi hissə tibb xidməti polkovnikleytenantı xx.xx.1982-ci il təvəllüdlü İddiaçı Tibb İdarəsi rəsisinin xx.xx.2023-cü il tarixli 5/3349 nömrəli göndərişi ilə 07 avqust 2023-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. “Xəstəliklər cədvəli”nin 43c, 24c maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sıradankənar hərbi xidmətə yararlıdır. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 1039 №-li, xx.xx.2023-cü il tarixli arayışın surətindən müəyyən olunur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Tibb xidməti polkovnik-leytenantı İddiaçı, N nömrəli hərbi hissə, İrinli cərrahiyə bölməsinin rəisi ilə birinci söhbətdən müəyyən olunur ki, hərbi qulluqçu öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə mümkün qədər tez qərar çıxarılması üçün köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş söhbətdə isə o, bir daha xahiş edir ki, öz arzusu ilə Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən mümkün qədər tez ehtiyata buraxılmağında köməklik göstərilməsini xahiş etmişdir. N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimatında (surətində) qeyd olunmuşdur ki, tibb xidməti polkovnik-leytenantı İddiaçı, Q- 009837, N nömrəli hərbi hissə, irinli cərrahiyə bölməsinin rəisi-cərrah, xx.xx.2022-ci il tarixdən, tibb xidməti polkovnik-leytenant, 12/017, ******* öz arzusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunur. Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıması üçün təqdim olunur. Tibb xidməti polkovnik-leytenantı İddiaçı, xx.xx.2022-ci il tarixdən N nömrəli hərbi hissənin İrinli Cərrahiyə bölməsinin rəsisi-cərrah vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı və savadlı bir zabit kimi göstərmişdir. Özünün və tabeliyində olanların döyüş hazırlığının mənəvi və işgüzar keyfiyyətlərinin artırılması üçün çalışır. Tibb xidməti polkovnik leytenantı İddiaçı Azərbaycan Ordusunda təqvimlə 20 il, 3 ay, 4 gün güzəştlə 9 il, 11 ay, 24 gün ümumi 30 il, 2 ay 28 gün xidmət etmişdir. Şəhadətləndirilmək üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyasına göndərilmişdir və Hərbi Həkim Komissiyasının 07 avqust 2023-cü il tarixli 8295 nömrəli arayışına əsasən sıradankənar hərbi xidmətə yararlıdır qərarı verilmişdir. Həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonar sənədləri qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə göndərilmişdir. Dövlət sirrini qorumağı bacarır, mənəvi cəhətdən safdır. Tibb xidməti polkovnik-leytenantı İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədəuyğun hesab edilir. Öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət qaldırır. Maliyyə və Büdcə İdarəsinin sosial təminat və pensiya şöbəsi tərəfindən verilmiş “Hərbi qulluqçunun xidmət illərinin hesablanması” barədə məlumatdan müəyyən olunur ki, tibb xidməti mayoru İddiaçı ümumi xidmət illəri 29 il 02 ay 28 gün, bütöv xidmət illəri 29 il təşkil edir. Tətbiq edilən hüquq. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 41.0-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; ... “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 18-ci maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər; 22-ci maddəsinin ikinci bəndinə əsasən, müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər; 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin: 6-cı maddəsinə əsasən, hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi, yuxarıda qeyd edilmiş qanunvericilik aktları müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malik olur. İş mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu xx.xx.2023-cü il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddia üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (İPM-in 14.3-cü maddəsi), hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması (İPM-in 73.1-ci maddəsi) iş üzrə təsdiqini tapmışdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1, 52, 68, 69, 73.2, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1982-ci iltəvəllüdlü İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar