Məhkəmə qərarları › İş №2-1(112)-2742/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2742/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2742/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı “avtomobilin qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “DAF FT CF 85” markalı, BV-RD-31 tranzit nömrə nişanlı, yəhər-dartıcı tipli, XLRTE85MC0E851000 şassi nömrəli, 2008-ci il buraxılışlı avtomobilin üzərinə şassi nömrəsi vurulması və qeydiyyata alınması üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, iddiaçı “DAF FT CF85” markalı BV-RD-31 tranzit nömrə nişanlı, yəhərli-dartıcı tipli, XLRTE85MC0E851000 şassi nömrəli, 2008-ci il buraxılışlı avtomobilin dövlət qeydiyyatına alınması üçün DİN Baş X5 İdarəsinə müraciət etmiş, müraciətinə İdarə tərəfindən xx.xx.2021-ci il tarixli, ********* nömrəli imtina məktubu ilə cavab verilmişdir. Avtomobili yoxladıqdan sonra iddiaçıya bildirmişlər ki, qeyd olunan avtomobilin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması şübhə doğurur. İmtina məktubunda həmçinin araşdırmanın davam etdirilməsi üçün işin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə həvalə edilməsi və həmin nəqliyyat vasitəsinin şassisi üzərində həkk edilmiş və şassi nömrəsini göstərən hərf və rəqəmlər korroziyaya uğraması nəticəsində oxunmaz hala düşdüyü, avtomobilin şassisi üzərində yalnız müxtəlif mövqelərdə duran hərf və ya rəqəmlər “----8- MC0E851000” qismən müşahidə edildiyi qeyd olunmuşdur. Araşdırma nəticəsində xx.xx.2021-ci ildə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmasına baxmayaraq, avtomobilin sonradan üzərinə şassi nömrəsi vurulmasından imtina edilmişdir. İddiaçı hər hansı bir qanun pozuntusuna yol verməmişdir. Belə ki, cavabdeh orqanın ona ünvanlamış imtina məktubunda da hər hansı bir qanun pozuntusu olmadığı üçün və cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qeydiyyata alınması üçün müraciət olunan avtomobil araşdırılması üçün müvafiq istintaq və təhqiqat şöbəsinə aparılmışdır. Orada da yalnız bəzi hərf və rəqəmlərin korroziyaya uğradığı, lakin bu halda da şassi nömrəsinin bir çox hərf və rəqəmlərinin oxunduğu məlum olmuşdur. Avtomobilin şassisi üzərində qeyd olunmuş şassi nömrəsi təbii olaraq müəyyən müddət keçdiyi üçün korroziyaya uğradığından, avtomobilin sonradan üzərinə şassi nömrəsi vurulması və DİN Baş Dövlət Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsi tərəfindən qeydiyyata alınması qeyri-mümkün hesab edilmişdir. Cavabdehin bu imtinası onun mülkiyyətinə dair sərəncam vermək hüququnu kobud surətdə pozur. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan gömrük bəyannaməsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli, 50211195 nömrəli invoysa əsasən “DAF FT CF85.410” markalı, XLRTE85MC0E851000 şassi nömrəli, 2009-cu il buraxılışlı nəqliyyat vasitəsini xx.xx.2021ci il tarixdə Niderlandan Azərbaycana idxal etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya xidməti orqanı istehsalçısı DAF Trucks NV.Niderland, buraxılış ili 2008 olan, ekoloji sinif 5-ə uyğun gələn VİN: XLRTE85MC0E851000 nömrəli avtonəqliyyat vasitəsini normativ sənədlərin tələblərinə uyğun hesab etmiş və bununla bağlı İddiaçı adına xx.xx.34675.21 nömrəli xx.xx.2021-ci il tarixli texniki eyniləşdirmə şəhadətnaməsi vermişdir. DGK Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən verilən 752073 nömrəli vəsiqədən görünür ki, istehsalçısı Niderland olan, yəhərli-dartıcı “DAF FT CF 85” markalı nəqliyyat vasitəsi İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı “DAF FT CF85” markalı BV-RD-31 tranzit nömrə nişanlı, yəhərli-dartıcı tipli, XLRTE85MC0E851000 şassi nömrəli, 2008-ci il buraxılışlı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli 016-10584-1221 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “qeyd olunan "DAF FT CF 85” markalı BV-RD-31 tranzit nömrə nişanlı, yəhərli-dartıcı tipli, XLRTE85MC0E851000 şassi nömrəli, 2008-ci il buraxılışlı avtomobil Baş X5i İdarəsində texniki baxışdan keçirilməsi üçün təqdim olunduğu zaman avtomobilin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması şübhə doğurmuşdur. Fakt ilə əlaqədar Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində araşdırma aparılmış, "DAF FT CF 85” markalı BV-RD-31 tranzit nömrə nişanlı, yəhərli-dartıcı tipli, XLRTE85MC0E851000 şassi nömrəli, 2008-ci il buraxılışlı avtomobilin şassisi üzərində həkk edilmiş və şassi nömrəsini göstərən hərf və rəqəmlər korroziyaya uğraması nəticəsində oxunmaz hala düşdüyü, avtomobilin şassisi üzərində yalnız müxtəlif mövqelərdə duran hərf və ya rəqəmlər ”-—8-MC0E851000” qismən müşahidə edilmişdir. Araşdırma nəticəsində 03 sentyabr 2021-ci ildə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmiş və əməlində cinayət tərkibi olmadığma görə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin nəqliyyat vasitəsinin şassi nömrəsinin korroziyaya uğraması nəticəsində bəzi hərf və ya rəqəmlər oxunmaz halda olduğundan avtomobilin sonradan üzərinə şassi nömrəsi vurulması, ərizənin təmin edilməsi, DİN Baş X5i İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyata alınması qeyri-mümkün hesab edilir.” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyatı hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı və X2 əməlində cinayət tərkibi olmadığından onların barəsində bu fakt üzrə cinayət işi başlanmasının rədd edilməsi, “DAF FT CF 85” yük markalı, BV-RD-31 tranzit nömrə nişanlı, yəhərli-dartıcı tipli, XLRTE85MC0E851000 şassi nömrəli, 2008-ci il buraxılışlı avtomobilin qeyd edilən nöqsanla qeydiyyata alınması məsələsinə baxılmasının BDYPİ-nə həvalə edilməsi və yaxud avtomobil üzərində mülkiyyət hüququnun tanınması məqsədi ilə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüquqlarının İddiaçı və X3 izah edilməsi barədə qərar qəbul edilmişdir. Daxili İşlər Nazirliyi Baş X5i İdarəsi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “DAF” markalı, XLRTE85MC0E851000 şassi nömrəli avtomobilin İNTERPOL-un axtarış sistemi bazasında və BDYPİ-nin X1 Sistemi üzə oğurlanmış və qaçırılmış nəqliyyat vasitələri siyahısında axtarışda və qeydiyyatda yoxdur. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, iddiaçı “DAF FT CF 85” yük markalı, XLRTE85MC0E851000 ban nömrəli, 2008-ci il buraxılışlı avtomobili Niderland dövlətindən almış, avtomobil Azərbaycan Respublikasında gömrük orqanlarında qeydiyyata alınmış, daha sonra avtomobil qeydiyyata alınması üçün BDYPİ-nə təqdim edilmişdir. Avtomobilə texniki baxış keçirilən zaman avtomobilin şassi nömrəsi göstəricilərinin korroziyaya uğraması nəticəsində bəzi hərf və ya rəqəmlər oxunmaz halda olması müəyyən edildiyindən cavabdeh nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətləri həyata keçirilməsindən imtina etmişdir. Hazırkı halda iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən avtomobil üzərində müvafiq qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin ban nömrəsinin korroziyaya uğraması nəticəsində bəzi hərf və ya rəqəmlər oxunmaz halda olmasını əsas gətirmişdir. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində qeyd edilən məsələ üzrə araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Həmin məsələ ilə bağlı qəbul edilmiş qərarda göstərilmişdir ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminal Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli 21/1000a nömrəli tədqiqat haqqında arayışdan görünür ki, “DAF FT CF 85” markalı, üzərində qeydiyyat nişanı olmayan avtomobilin şassi nömrəsi vurulması nəzərdə tutulan hissəsi qismən korroziyaya uğraması nəticəsində həkk edilmiş şassi nömrəsi oxunmaz hala düşmüşdür. Həmin hissədə həkk edilmiş şassi nömrəsinin 6-cı və 8-17-ci mövqelərində duran “------8-MC0E851000” hərf və rəqəmlərinin qismən oxunan siluetləri müşahidə edildi. Avtomobilin şassi nömrəsi olması nəzərdə tutulan hissə bir qədər kənarda vibropuasson vasitəsi ilə nöqtəli naxışlı formada həkk edilmiş, hər iki tərəfində “RDW” simvolları olan “XLRTE85MC0E851000” hərf və rəqəmləri Niderlan Krallığının nəqliyyat Vasitələri İdarəsi “RDW” tərəfindən həkk edilmişdir və zavod lövhəsi (birka) üzərində olan şassi nömrəsinin hərf və rəqəmləri ilə eynidir. Avtomobilin zavod lövhəsinin (birka) üzərində həkk edilmiş şassi nömrəsi “XLRTE85MC0E851000” və mühərrik nömrəsi “A-04236” hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş “A-04236” hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Toplanmış material üzrə araşdırma aparılaraq bu nəticəyə gəlinmişdir ki, “DAF FT CF85” markalı, BV-RD-31 tranzit nömrə nişanlı, yəhərli-dartıcı tipli, XLRTE85MC0E851000 şassi nömrəli, 2008-ci il buraxılışlı avtomobilin şassisi üzərində həkk edilmiş və şassi nömrəsini göstərən hərf və rəqəmlər korroziyaya uğraması nəticəsində oxunmaz hala düşmüşdür. Avtomobilin şassisi üzərində yalnız müxtəlif mövqelərdə duran hərf və ya rəqəmlər “------8-MC0E851000” qismən müşahidə edilmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olumuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi qüsurlu olur. Hansı ki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Göründüyü kimi, “DAF FT CF85” yük markalı, BV-RD-31 tranzit nömrə nişanlı, yəhərli-dartıcı tipli, sənədlərə əsasən XLRTE85MC0E851000 şassi nömrəli, 2008-ci il buraxılışlı avtomobildə zavod istehsalı zamanı vurulmuş şassi nömrəsi göstəriciləri korroziyaya uğraması nəticəsində bəzi hərf və ya rəqəmlər oxunmaz haldadır. Bunun əvəzində isə sonradan vurulmuş şassi nömrəsi vardır. Avtomobilin növündən asılı olaraq ban və ya şassi nömrəsi istehsalçı zavod tərəfindən stasionar olmaqla vurulur ki, bu da digər izlərin detalların eyiləşdirilməsində, həmçinin qaçırılmış və oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Bununla belə İddiaçı və nümayəndəsi X2 avtomobildə aşkar edilmiş qüsur və uyğunsuzluqlarla bağlı əməlində hər hansı bir cinayət tərkibi olmadığından qeyd edilən fakt üzrə cinayət işi başlanması rədd edilməlidir. “ Göründüyü kimi avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasından imtinası qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “DAF FT CF 85” yük markalı, 2008-ci il buraxılışlı, ban nömrəsi XLRTE85MC0E851000 olan nəqliyyat vasitəsi ilə əlaqədar qeydiyyat hərəkətlərinin aparılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. “DAF FT CF85” yük markalı, “BV-RD-31” tranzit nömrə nişanlı, yəhər-dartıcı tipli, XLRTE85MC0E851000 şassi nömrəli, 2008-ci il buraxılışlı avtomobillə bağlı qeydiyyat hərəkətlərinin aparılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar