Məhkəmə qərarları › İş №2-1(112)-2742/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2742/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2742/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydinə dəyişiklik edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək doğum haqqında akt qeydində anasının soyadının "Ştamp" əvəzinə "Ştamm" qeyd edilməsi, anasının adının "Roza" əvəzinə "Rozaliya" qeyd edilməsi, soyadı qrafasında Rojeviç əvəzinə Ştamm qeyd edilməsi, anasının milli mənsubiyyətinin "rus" əvəzinə "alman" qeyd olunaraq düzəliş edilməsi və ona yenidən doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “xx.xx.1949-cu il tarixli, 383 nömrəli akt qeydində ananın milliyyəti qrafasında “alman”, ananın soyadı qrafasında “Ştamm” yazılmaqla, təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ukrayna Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə beynəlxalq sorğu əsasında onun doğum haqqında şəhadətnaməsinin təkrar əldə edilməsi üçün köməklik göstərilməsini xahiş etmiş, müraciəti təmin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həmin sənədi almışdır. İddiaçınnı doğum haqqında şəhadətnaməsində anasının soyadı “Ştamp” yazılıb. Halbuki, anasının soyadı “Ştamm” yazılmalıdır. Anasının soyadının sonu “M” hərfi ilə bitir, “P” hərfi ilə deyil. Anasının adı “Rozaliya”dır, “Roza” deyil. Onun nikah haqqında şəhadətnaməsi bu faktı təsdiq edir. Anası milli mənsubiyyətinə görə almandır. Bu faktı təsdiq edən sənədlər mövcuddur. İddiaçıya təqdim edilmiş doğum haqqında şəhadətnamədə anasının milliyəti rus yazılıb, o, anasının, nənəsinin alman əsilli olduğunu və bu faktı təsdiq edən sənədlərin olduğunu nəzərə alaraq məhkəmədən doğum haqqında şəhadətnaməsində anasının milli mənsubiyyətinin “alman” qeyd edilməsini xahiş edir. Ən önəmlisi isə odur ki, iddiaçı doğulanda - 1949-cu ildə anasının rəsmi nikahı olmayıb, o, 1956-cı ildə rəsmi nikaha daxil olub. Nikah haqqında şəhadətnamə bu faktı təsdiq edir. İddiaçının doğumu haqqında qeydlərin aparıldığı kitabda soyadı qrafasında sonradan düzəliş edilmişdir. İddiaçı 1949-cu ildə doğulanda ona Ştamm soyadı verilib, bununla bağlı akt qeydləri kitabında qeyd mövcud olmuşdur. Ədliyyə Nazirliyinin Vətəndaşlıq X4 Reyestri Xidmətinin təqdim etdiyi məlumatlarda bu barədə yazılmışdır. Hazırda iddiaçının olduğu bölgədə şiddətli müharibə gedir. Sənədləri qaydasında olmadığı üçün müharibə bölgəsini tərk edə bilmir. Sənədlərdəki yazı səhvlərinə görə təhlükəsiz bölgəyə köçə bilmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydində dəyişikliyin edilməsi ilə bağlıdır. İddiaçı doğum haqqında akt qeydində dəyişiklik edilməsi ilə bağlı əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciəti təmin edilmədiyindən, həmin qeydiyyat şöbəsinə qarşı müvafiq tələblə iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, kifayət qədər əsas olmadığından iddiaçının tələbinin təmin edilməsindən imtina edilmiş, müvafiq tələblə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1949-cu il tarixli, 383 №-li doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu ildə doğulmuşdur. X9 Kazimiroviç (milliyyəti polyak), anası X8 (milliyyəti rus). -Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 217890 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. X9 Kazimiroviç (milliyyəti polşalı), anası X8 (milliyyəti rus). -Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 181311 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1953cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X9 Kazimiroviç (milliyyəti polyak), anası X7 (milliyyəti alman). -Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.1951-ci il tarixli, 342 saylı nikah haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X11 (milliyəti alman) ilə X5 (milliyəti rus) arasında xx.xx.1951-ci il tarixdə nikah bağlanmışdır. -Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.1956-cı il tarixli, 77 saylı nikahın pozulması haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Ştamm (Nikolaeva) Roza Filippovna (milliyəti rus) ilə X5 (milliyəti rus) arasında xx.xx.1951-ci il tarixdə nikah bağlanmış nikah xx.xx.1956-cı il tarixdə pozulmuşdur. - 1956-cı il iyul tarixli, 518 №-li nikah haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Rojeviç (Ştamm) Rozaliya Filippovna (milliyyəti alman) ilə X6 (milliyyəti polyak) arasında nikah bağlanmışdır. - xx.xx.1939-cu il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, Ştamm (Rojeviç) Roza Filippovnaya məxsusdur. -AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, 1920-ci il təvəllüldü X3 yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.1949-cu il tarixli, 383 nömrəli akt qeydində anasının soyadı qrafasında “Ştamp” soyadının “Ştamm”, anasının milliyyəti qrafasında “alman” kimi dəyişiklik edilməsi və ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən ibarətdir. İddiaçı tələbinin əsası kimi bacısı X1 məxsus Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə, Yasamal rayon Qeydiyyat şöbəsində aparılmış xx.xx.1951-ci il tarixli, 342 saylı nikah haqqında akt qeydinə, 1956-cı il iyul tarixli, 518 nömrəli nikah haqqında akt qeydinə həmçinin anasına məxsus əmək kitabçasına istinad edir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd olmamışdır. Belə ki, 01 iyun 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin preambulasına əsasən, bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq X4 qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Həmin Məcəllənin: -158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. -159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -164.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. -164.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas müddəaların 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyad dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirildikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması hallarını, qaydalarını, onun məqsədlərini aydın şəkildə göstərmiş, bu akt qeydlərində dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların olması halı ilə səciyyələndirmişdir. Lakin hazırkı halda müvafiq dəyişikliyin aparılması üçün belə əsasların olması müəyyən edilmir. Belə ki, iddiaçının təqdim etdiyi, həmçinin işin araşdırılması zamanı əldə edilmiş sənədlərdən görünür ki, iddiaçının mərhum anasının soyadı və milliyyəti müxtəlif şəkildə yazılmışdır (Ştamm, Ştamp, rus, alman). İddiaçıya məxsus mübahisələndirilən doğum haqqında akt qeydi əsasında tərtib edilmiş doğum haqqında şəhadətnamədə ananın soyadı “Ştamp”, milliyyəti “rus” kimi, iddiaçının bacısına məxsus doğum haqqında şəhadətnamədə isə həmin məlumatlar “Ştamm” və “alman” kimi yazılmışdır. Göründüyü kimi təqdim edilmiş sənədlərdə ziddiyyət mövcud olduğundan arzulanan dəyişiklikliyin aparılması üçün kifayət qədər əsaslar yoxdur. O da nəzərə alınır ki, 1920-ci il təvəllüdlü mərhum X10 məxsus doğum haqqında akt qeydini, doğum haqqında şəhadətnaməni əldə etmək mümkün olmadığına görə iddia olunan yanlışlığı müəyyən etmək mümkün olmamışdır. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz sayılmamalı, iddia tələbi təmin edilməməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar