Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2743/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, 3-cü şəxs 6 nömrəli Bakı Peşə Məktəbinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “işə bərpa, əmək haqqının tam ödənilməsi və müddətsiz müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzarətilə 6 saylı Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə işə bərpa olunaraq, əmək haqqının tam ödənilməsi və müddətsiz müqavilə bağlanması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin qərardadları ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 6 nömrəli Bakı Peşə Məktəbi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İş üzrə bir sıra prosedur hərəkətlər edildikdən sonra məhkəmə hazırlıq icraatının növbəti iclası xx xxxx 2021-ci il tarixə təyin edilmişdir. Cavabdeh və digər 3-cü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilsə də, cavabdeh və 3-cü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci qrup Qarabağ əlili kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nəznində yerləşən 6 saylı Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində hərbi sahədə müəllim vəzifəsində çalışırdı. Ona qarşı qərəzli mövqe tutulmuş, müəllim xidmətini davam etdirməməkdən ötrü onunla müqavilə bağlanmamışdır. Məktəbin rəhbərliyi Əmək Məcəlləsinin 78-79-cu maddələrinin tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq icraatının iclaslarında iddiaçıya İPM 13-cü maddəsinin tələblərindən çıxış edərək iddia tələbinin yönəldiyi əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair hüquqi yardım göstərmiş, həmçinin, iddia tələbində qeyd edilən mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılan mübahisə olmadığı, iddiaçının əmək müqaviləsi əsasında işlədiyi vəzifənin dövlət qulluqçusu vəzifəsi olmadığı bildirilmiş, lakin iddiaçı iddia tələbində dəqiqləşmə verməkdən imtina edərək, hazırki işin inzibati iş olduğunu və tələb üzrə cavab verməli orqanın Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin olduğunu, müəllim vəzifəsinin dövlət qulluqçusu vəzifəsi olduğunu bildirmiş, hazırki tələb üzrə iddia tələbinə baxılaraq təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia düzgün cavabdehə qarşı qaldırılmamış, həmçinin, mübahisə Əmək Məcəlləsinin normaları ilə tənzilməndiyindən inzibati məhkəmə icraatı qaydasında hazırki işə baxıla bilməz. Belə ki, iddiaçı 6 nömrəli Bakı Peşə Məktəbində xx.xx.2018-ci il tarixdə 1 illik əmək müqaviləsi ilə məktəbin gənclərin çağırışaqədərki hərbi rəhbər vəzifəsinə keçmiş Y.Səfərov tərəfindən qəbul edilmiş və 2 il ərzində bu vəzifə üzrə 1 ildən bir müqavilə bağlanmışdır. İşlədiyi iki il müddətində İddiaçı dəfələrlə hərbi rəhbər vəzifəsi üzrə üzərinə götürdüyü əmək funksiyalarını tam olaraq yerinə yetirməmişdir. Tərəfimizdən Əmək Məcəlləsinin bütün norma və qanunlarına riayət olunaraq 1 ay öncədən yazılı xəbərdarlıq edilmiş və poçt vasitəsilə ev ünvanına göndərilmişdir. Lakin iddiaçı yazılı məlumatı almaqdan imtina etmişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2020-ci il tarixində bitdiyindən onunla bağlanılmış Əmək Müqaviləsinə xitam verilmişdir. Hazırki iddia mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından görünür ki, hazırki iddia tələbi üzrə iddiaçı Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərinin ona qarşı qərəzli mövqedə olduğunu, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmadığını, əmək müqaviləsinin ƏM-nin normalarının pozulması ilə xitam verildiyini bildirirək və cavabdeh qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi qeyd edərək, işə bərpa tələbini irəli sürmüşdür. İş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi xx xxxx 2021-ci il tarixli ərizə ilə məhkəmə dəftərxanası vasitəsilə müraciət edərək, bildirmişdir ki, iş üzrə Peşə Təhsili üzrə Dövlət Agentliyinin cavabdeh qismində iştirakı əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-ci il tarixli, 869 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə X1”sinin 5.4.8-ci bəndinə əsasən Agentlik, peşə təhsili müəssisələrinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir. Peşə təhsil müəssisələrinin digər işçi heyəti bilavasitə peşə təhsil müəssisəsi tərəfindən işə təyin və işdən azad edilməkdədir. Beləliklə, İddiaçı işə qəbul edilməsi və işdən azad edilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən deyil, 6 nömrəli Bakı Peşə Məktəbi tərəfindən aparılmışdır. Odur ki, İddiaçı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “işə bərpa olunması” tələbinə dair inzibati iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyini iş üzrə əsl cavabdeh olan 6 nömrəli Bakı Peşə Məktəbi ilə əvəz edilməsi xahiş edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, 6 nömrəli Bakı Peşə Məktəbinin xx.xx.2018-ci il tarixli 62 nömrəli Əmri ilə İddiaçı əmək müqaviləsinə əsasən məktəbin gənclərin çağırışa qədər hərbi rəhbəri vəzifəsinə qəbul edilmiş, 6 nömrəli Bakı Peşə Məktəbi ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə əmək müqavilələri bağlanılmış, elektron sistemə daxil edilmiş əmək müqaviləsinin bildirişlərindən də görünür ki, iş yerinin adı 6 saylı Bakı Peşə Məktəbi, işçinin vəzifəsinin adı isə hərbi müəllim olmuşdur. 6 nömrəli Bakı Peşə Məktəbinin xx.xx.2020-ci il tarixli 54 nömrəli Əmri ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Mübahisə üzrə aydınlaşdırılmalı olan məsələ iddia tələbinin inzibati məhkəmə icraatında baxılmalı olan tələb olub-olmaması və iddia tələbinin yönəlməli olduğu cavabdehdir. İşin hallarından görünür ki, iddiaçı cavabdeh kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyini qeyd etmişdir. Halbuki, iddiaçı 6 nömrəli Bakı Peşə Məktəbində əmək müqaviləsi əsasında işlə təyin edilmişdir. İddiaçının işə təyin edilməsi və işdən azad edilməsi 6 nömrəli Bakı Peşə Məktəbi tərəfindən həyata keçirilmişdir. Beləliklə, iddiaçının işə bərpa tələbi üzrə cavabdehlik daşıyan qurum 6 nömrəli Bakı Peşə Məktəbidir. Belə olan halda, Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında publik hüquq münasibətindən irəli gələn inzibati mübahisə yaranmamış, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı aşkar olunmamış, həmçinin, iddiaçının irəli sürdüyü tələb üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi cavabdehlik daşımamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə izah edir ki, hazırki iddia tələbi ilə iddiaçının cavabdeh qismində 6 nömrəli Bakı Peşə Məktəbi göstərərək, ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, 6 nömrəli Bakı Peşə Məktəbi “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən olunmamışdır. Həmçinin, iddiaçı 6 nömrəli Bakı Peşə Məktəbinə münasibətdə dövlət qulluqçusu statusuna malik deyildir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “işə bərpa, əmək haqqının tam ödənilməsi və müddətsiz müqavilənin bağlanması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2743/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2743/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver