Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2743/2022 17.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan, İddiaçı Abdulqani oğlunun cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X5, X9, X13, X11, X12 və X6) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı Abdulqani oğlu (bundan sonra – İddiaçı) 31.05.2021-ci il tarixli AN – İ № ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 5b ünvanında yerləşən 124 nömrəli mənzili X1 almışdır və 09.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzil hazırda onun mülkiyyətindədir.
2. İddiaçı ərizə ilə Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X5, X9, X13, X11, X12 və X2 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh 23327İ-1221 nömrəli, 13.09.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə zidd olduğundan müraciətin müsbət həllinin mümkün olmadığını qeyd etmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etməsini bildirmişdir.
4. Bundan sonra İddiaçı 27.09.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X9, X13, X11, X12 və X2 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 5b ünvanında yerləşən 124 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması:
5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 31.05.2021-cı il tarixli, AN-1 № ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi”nə əsasən sözügedən mənzili almışdır və onun xüsusi mülkiyyətindədir. İddiaçıya bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 09.06.2021-cı il tarixli, ********** saylı çıxarış verilmişdir. Alqı-satqıdan sonra üçüncü şəxslər evi boşaldaraq, azyaşlı uşaqları ilə birlikdə oradan köçüb getmişlər. Hazırda onlar başqa ünvanda yaşayırlar. Alqı-satqı Müqaviləsinin 13-cü bəndinə əsasən satıcı 01.07.2021-ci il tarixə kimi sözügedən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, lakin indiyə kimi üçüncü şəxslər onun evində pasport qeydiyyatında qalmışlar. Üçüncü şəxslərin onun evində pasport qeydiyyatında qalmaları iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Onlara görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir, müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur.
6. Məhkəmənin 30.09.2021-ci il tarixli, 2-1(112)-10842/2021 saylı qərardadı ilə X5, X9, X13, X11, X12 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
7. İddiaçı məhkəməyə göndərdiyi 14.01.2022-ci il tarixli məktubda onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.
8. Cavabdeh məhkəməyə göndərdiyi 10.01.2022-ci il tarixli məktubda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
10. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
11. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. Mübahisəli ev Bakı şəhərində yerləşdiyindən iddiaçı məhkəmə aidiyyəti qaydalarını pozmamışdır.
12. İddia həm də əsaslıdır. Belə ki, işdə olan 31.05.2021-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X5 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 5b ünvanında yerləşən 124 nömrəli mənzili İddiaçı satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı 01.07.2021-ci il tarixədək həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür.
13. İş materiallarında olan 16.06.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 5b ünvanında yerləşən 124 nömrəli mənzilə İddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********21-05101-093021 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
14. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********87 nömrəli, 29.10.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 5b ünvanında yerləşən 124 nömrəli mənzil üzərində X5, X9, X13, X11, X12 və X2 istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. 52 saylı DNK-nın 4Ə/902 reyestr nömrəli 31.05.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil iddiaçının adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.
15. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 07.09.2021-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X11, X12, X5, X9, X13 və X6 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
16. İşdə olan ünvan 205.2021-ci il tarixli **********543 nömrəli ərizəyə əsasən X9, **********546 nömrəli ərizəyə əsasən X13 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 5b ünvanında yerləşən 124 saylı mənzilin satılmasına etirazlarının olmadığını bildirmişlər.
17. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli evin keçmiş mülkiyyətçisi və onun ailə üzvləri olmuşdur, mübahisəli mənzil iddiaçıya satıldıqdan sonra onların sözügedən mənzilə heç bir hüquqları yoxdur və hazırda orada yaşamırlar.
18. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
19. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
20. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
22. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
24. Hazırkı məhkəmə qərarının 12-17-ci bəndlərində sadalanan sübutlara əsasən müəyyən olunur ki, X5 mübahisəli yaşayış sahəsinin mülkiyətçisi olmuş, 2021-ci ildə həmin yaşayış sahəsini iddiaçıya satmış, bununla da mübahisəli əmlakla bağlı bütün hüquqlarını iddiaçıya vermişdir. Bununla həmçinin keçmiş mülkiyyətçi Ə.Hadıyevin ailə üzvləri olan və mənzilin satılmasına etiraz etməyən G.Hadıyevanın və Ə.Ə.Hadıyevin, o cümlədən həmin tarixə yetkinlik yaşına çatmayan V.Hadıyev, N.Hadıyeva və T.Hadıyevin həmin mənzilə olan hüquqlarına xitam verilmişdir. Həmin şəxslər hazırda mübahisəli mənzildə yaşamırlar. Buna görə də onların mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcud olduğundan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:
İddia təmin olunsun. Üçüncü şəxslər 08.08.1950-ci il təvəllüdlü X3, 16.05.1974-cü il təvəllüdlü X4, 06.06.1983-cü il təvəllüdlü X10, 03.10.2006-cı il təvəllüdlü X7, 30.08.2013-cü il təvəllüdlü X8 və 06.11.2007-ci il təvəllüdlü X2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 5b ünvanında yerləşən 124 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova