Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2744/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi (Ləhiş ərazisi), “1055” nömrəli bağ sahəsi ünvanında yerləşən, keçmiş (ləğv edilmiş) X4 və İstismarı Birliyi ilə bağlamış olduğu 26 fevral 2006-cı il tarixli 35929 nömrəli “Bağın istifadəyə verilməsi haqqında” müqavilə ilə ona ayrılmış 0.12 ha ölçüdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət kadastrı və reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən “1055” saylı, 0,12 ha ölçülü bağ sahəsi qanuni sahibliyində və istifadəsindədir. Həmin bağ sahəsi ilə bağlı onun keçmiş X3 və İstismarı Birliyi ilə 26 fevral 2006-cı il tarixli 35929 nömrəli “Bağın istifadəyə verilməi haqqında” müqaviləsi vardır və bu müqavilənin əsli hal-hazırda ondadır. Müqavilədən görünür ki, Birliyin xx.xx.2005-ci il tarixli, 187 saylı protokolu əsasında həmin ünvanda, yəni, Sabunçu rayonu, Ləhiş ərazisində ona 0.12 ha torpaq sahəsi ayrılmışdır. Məlumdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair icarə müqavilələri daşınma əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslardan hesab olujnur. xx.xx.2024-cü il tarixdinə bağ torpaq sahəsinin rəsmiləşəsi, çıxarış və plan-ölçü sənədinin verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-ü il tarixli cavab məktubu ilə ərizəsinin təmin olunmasından torpaq sahsi ilə bağlı ona çıxarış və plan-ölçü sənədinin verilməsindən imtina etmişdir. Cavab məktubunu xx.xx.2024-cü il tarixdə ASAN 7 xidmətindən qəbul etmişdir. İmtina bildirişində ifadə olunmuş ilkin dəlil ondan ibarətdir ki, İdarənin arxiv qovluğunda şərti göstərilən torpaq sahəsinə dair yerləşmə cizgisi aşkar edilməmişdir. Bildirir ki, bu dəlil hüquqların qeydiyyatından imtina üçün əsas deyildir. Yerləşmə cizgisinin arxiv qovluğunda aşkar edilməməsi onun deyil, buna məsul olan İdarənin və ya təşkilatın cavabdehliyidir. Onun torpaq sahəsi ilə bağlı hüququnu təsdiq edən sənədi, müqaviləsi vardır və torpaq sahəsi də, faktiki sahibliyində, istifadəsindədir. İcarə müqaviləsi və faktiki sahibliyi, istifadəçiliyi indiyə kimi, 20 ilə yaxın müddət ərzində heç kim və ya hər hansı orqan tərəfindən mübahisələndirilməmişdir. Belə bir halda, sözügedən bağ sahəsi ilə bağlı hüquqları tanınmalı və qeydiyyata alınmalı idi. Əgər uyğunsuzluqlar müəyyən edilərdisə də, yaxud arxiv qovluğunda yerləşmə cizgisi mövcud olmadığı aşkar olunardısa da, ondan asılı omayan və onun təqsirindən baş verməyən bu çatışmazlıqlar,nöqsanlar 1 saylı Bakı Ərazi İdarəsinin özü tərəfindən aradan qaldırılmalı, qanunvericiliklə müəyyən edilən hüquqlarının gerçəkləşməsi təmin olunmalı idi. Sözügedən Fərman hüquqi sənəd və faktiki istifadəçilik əsasında hüquqların qeydiyyatı üçün hüüquqi imkanlar müəyyən etişdir. Hesab edir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv və baza məlumatları, arxivdə saxlanılan sxematik xəritələrlə, eləcə də, Fərmanın tələblərinin icrası üzrə çöl-ölçmə və müayinə işləri ilə bağ sahəsinin koordinatlarını, konfiqurasiyasını dəqiqləşdirmək, təyin etmək mümkün idi. Hər bir halda, çöl-ölçmə və müayinə işləri qeydiyyat əməliyyatının tərkib hissəsidir. Sxematik xəritə və ya yerləşmə sxemi arxiv qovluğunda olmasa da, faktiki istifadəçilik əsas tutulmaqla və çölölçmə və müayinə işləri ilə yerləşmə yerini müəyyən etmək cavabdeh orqanın qanunvericilikdən irəli gələn vəzifəsidir. Cavabdehin 2-ci dəlili ondan ibarətdir ki, torpaq sahəsini mərzçəkmə və hasarlanma işlərinin aparılmadığı məlum olmuşdur. Bu dəlili də, hüquqların qeydiyyatından imtina üçün əsaslı hesab etmir. Belə ki, formalaşmış hüquqi mövqeyə görə, hasarlama aparmaması iddiaçının təqsiri hesab edilə bilməz və bu hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tairxli, 2-1(102)-566/2024 nömrəli qərarında ifadə olunmuşdur. Cavabdehin imtinasının 3-cü dəlili ondan ibarətdir ki, “1055” və “1056” saylı torpaq sahələri və bölünənlərin qanuni istifadəçiləri ilə aralarında keçid yolu nəzərə alınmaqla notarial qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim edilməlidir. Bildirir ki, bu dəlil də, hüquqlarının qeydiyyatından imtina üçün əsas deyildir. Əvvala, ona görə ki, inzibati icraat zamanı iş obyektiv araşdırılmamış, məsələnin həlli yolları tapılmamışdır. “1055” və “1056” saylı bağ torpaq sahələri vahid əmlak deyildir ki, yaxud bağ sahəsi arasında üst-üstə düşmə faktı mövcud deyildir ki, burada bölgü aparılsın. Nömrələrin ayrı olması və bunun cavabdeh orqan tərəfindən etiraf olunması elə bölgünün olmasını təsdiq edən dəlildir. Hal-hazırda onun öz sahəsi “1056” saylı bağ sahəsindən naturada ayrılmışdır. 1056 nömrəli bağ sahəsi ilə aralarında ayrıca yüngül qazılmış ayrıc xətti vardır. Bu səbəbdən hesab edir ki, 1056 saylı bağ sahəsi ilə aralarında bölgü aparılmasına zərurət yoxdur. Çünki, həmin bağ sahəsi onun bağından sonrakı bağ sahəsidir və onun bağ sahəsi ilə heç bir əlaqəsi yoxdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “1055” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş, xx.xx.2024-cü il tarixli **********21 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxiv qovluğunda şərti göstərilən torpaq sahəsinə dair yerləşmə cizgisi aşkar olunmamışdır. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və çöl-ölçmə işləri aparılan zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəflərindən ümumi ərazidə şərti göstərilən torpaq sahəsində mərzçəkmə və hasarlanma işləri aparılmadığı məlum olmuşdur. Odur ki, “1055” və “1056” saylı torpaq sahələri və bölünənlərinin qanuni istifadəçiləri ilə aralarında keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim edilməlidir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 29621/2024 **********21 nömrəli məktubla imtina edilmişdir.
8. Notarial qaydada təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyinin “Ləhiş ərazisindəki 1055 nömrəli bağın istifadəyə verilməsi haqqında” 35929 nömrəli xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində, 0.12 ha torpaq sahəsi olan 1055 nömrəli bağ sahəsi müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə İddiaçı istifadəsinə verilmişdir.
9. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21- 3-30/2-44798/2024 **********8 nömrəli məktubla xx.xx.2006-cı il tarixli 35929 nömrəli müqavilə əsasında İddiaçı ayrılmış Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1055 nömrəli bağ sahəsinə dair sənədlərintəsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
15. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
16. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. İşin hallarından göründüyü kimi, iddiaçı “Ləhiş ərazisindəki 1055” nömrəli bağın istifadəyə verilməsi haqqında” 35929 nömrəli 06 fevral 2006-cı il tarixli müqaviləyə əsasən ona ayrılmış Ləhiş bağ massivində yerləşən 0,12 ha bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.
19. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq müqavilə mübahisələndirilməmişdir.
20. Cavabdehin iddiaçının iddia etdiyi bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının əsaslarında İdarənin arxiv qovluğunda şərti göstərilən torpaq sahəsinə dair yerləşmə cizgisinin aşkar olunmamasına, bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və çöl-ölçmə işləri aparılan zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəflərindən ümumi ərazidə şərti göstərilən torpaq sahəsində mərzçəkmə və hasarlanma işlərinin aparılmadığının məlum olmasına, bu səbəbdən də, notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim edilməli olmasına istinad edilmişdir.
21. Məhkəmə hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarını məhdudlaşdırmışdır.
22. İşin hallarından göründüyü kimi, mübahisəli bağ sahəsi qanuni əsaslarla uzun illərdir ki, iddiaçının sahibliyində və istifadəsindədir. Bağ sahəsinə dair yerləşmə cizgisinin (bağların sxematik xəritəsinin) mövcud olmaması və hasarlanma işlərinin aparılmaması ümumiyyətlə iddiaçının təqsiri kimi qəbul edilə və onun ziyanına şərh oluna bilməz. Belə ki, bu hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələblərinə müvafiq olaraq hüquqların dövlət qeydiyyatından imtinanın əsasları kimi çıxış edə bilməz. Digər tərəfdən cavabdeh bağ sahəsinə dair bölgü sxemin tərtib edilməli olduğunu bildirsə də, iş materiallarından iddiaçının iddia etdiyi bağ sahəsi ilə digər, “1056” saylı bağ sahəsinin bir hasar daxilində yerləşməsi və yaxud həmin bağ sahələrinin hər hansı bir hissəsinin bağ sahiblərinin ümumi istifadəsində olması halı aşkar edilməmişdir. Belə olan təqdirdə, cavabdehin bütün dəlilləri iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməklə əsassız hesab edilməli və onun tələbi təmin edilməlidir.
23. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının adına sözügedən bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
26. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2006-cı il tarixli 35929 saylı müqaviləyə əsasən ona ayrılmış Sabunçu rayonu, Ləhiş ərazisindəki ölçüsü 0.12 ha təşkil edən “1055” saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva