Məhkəmə qərarları › İş №2-1(112)-2745/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2745/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2745/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı Tahir-zadə Həlimə Fikrət qızının iştirakı ilə, iddiaçı Tahir-zadə Həlimə Fikrət qızının cavabdeh Bakı şəhər Binəqədi rayon polis idarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Tahir-zadə Həlimə Fikrət qızı cavabdeh Bakı şəhər Binəqədi rayon polis idarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və oğlu Tahir-zadə Mehman Rəhman oğlunun Binəqədi rayon polis idarəsinin İnzibati binasına pasport qeydiyyatına alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Tahir-zadə Həlimə Fikrət qızı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun və xx xxxxxx 2010-cu il təvəllüdlü oğlu Tahir-zadə Mehman Rəhman oğlunun Bakı şəhəri Binəqədi rayon polis idarəsinin inzibati binasına (Bakı şəhəri Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsi 1) pasport qeydiyyatına alınması vəzifəsinin Bakı şəhəri Binəqədi rayon polis idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, və azyaşlı oğlu Tahir-zadə Mehman Rəhman oğlu ünvan 2 1, 3 saylı ev söküldüyündən qeydiyyatdan çıxarılmışlar. Hal-hazırda o, Bakı şəhəri Binəqədi rayonu Mədən 1 korpus 4 ünvanında yaşayır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 9-cu maddələrinə və yuxarıda göstərilənlərə əsasən iddiasının təmin olunmalı olduğunu düşünür Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Tahir-zadə Həlimə Fikrət qızı iddia ərizəsinə uyğun izahat verərək, qeydiyyatda olduğu ünvan 2 1, 3 saylı evin söküldüyü üçün, həmin ünvandan qeydiyyatdan çıxarıldığını, uzun müddətdir ki, əri Tahir-zadə Rəhman Tahir oğlu və oğlu ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən korpus 4 ünvanında qeydiyyatsız yaşadıqlarını, həmin ünvanda yerləşən evə dair hüquqmüəyyənedici sənədlər olmadığından oraya qeydiyyata düşə bilmədiyini, pasport qeydiyyatının olmamasının ona sənədləşmə işlərinin aparılmasında çətinliklər yaratdığını göstərərək,məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; “ASAN 3” tərəfindən müvafiq olaraq xx.xx.2014-cü il və xx.xx.2016-cı il tarixlərdə verilmiş AZE seriyalı 14465270 nömrəli və AZE seriyalı 12900124 №li şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, xx.xx.1984-cü il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində doğulmuş Tahir-zadə Həlimə Fikrət qızı və xx.xx.2010-cu il tatixdə Bakı şəhərində doğulmuş Tahir-zadə Mehman Rəhman oğlu ünvan 2 1, ev 3 ünvanda qeydiyyatdadırlar. Zaqatala rayon Qeydiyyat şöbəsi tərəfindən verilən nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunuş surətindən (AZ-İ seriyalı 444161 №li) müəyyən olunur ki, Tahir-zadə Rəhman Tahir oğlu ilə X2 2008-ci ilin oktyabr ayının 28-ci günündə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Tahir-zadə soyadı verilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən (AZ-İİ seriyalı 591061 N-li) görünür ki, Tahir-zadə Mehman Rəhman oğlu xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Tahir-zadə Rəhman Tahir oğlu, anası isə X1r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin yanvar ayının 12 günündə 99 N ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 30 saylı və xx.xx.2020-ci il tarixli 1032 saylı arayışlardan müəyyən olunur ki, Tahir-zadə Tahir Rəcəb oğlu, Tahir-zadə Həlimə Fikrət qızı və Tahir-zadə Mehman Rəhman oğlu Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən korpus 4 ünvanda qeydiyyatsız yaşayırlar. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi xx.xx.2020-ci il tarixli 018-4759-1220 №li məktubla Tahir-zadə Həlimə Fikrət qızının və Tahir-zadə Mehman Rəhman oğlunun yaşayış yeri üzrə qeydiyyatı bardə arayışıları məhkəməyə göndərmişdir. Arayışlardan görünür ki, Tahir-zadə Həlimə Fikrət qızı ünvan 2 1, ev 3 ünvanından xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxıb. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavabdehin 059-51554 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə imtina edilmiş və imtinada iddiaçının həqiqətən Binəqədi rayonu inzibati ərazisində yaşadığını təsdiq edən arayış olmadığı üçün Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun tələblərinə əsasən Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr., S.S.Axundov küçəsi 1 (Binəqədi RPİ-nin inzibati binası) ünvanına qeydiyyata alınması imkan xaricində olduğu bildirilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsaslıdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeyd olunan maddəyə əsasən 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçı Tahir-zadə Həlimə Fikrət qızı və azyaşlı oğlu Tahir-zadə Mehman Rəhman oğlunun Bakı şəhəri Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsi 1 (Binəqədi RPİ-nin inzibati binası) ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhər Binəqədi rayon polis idarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Tahir-zadə Həlimə Fikrət qızı və xx xxxxxx 2010-cu il təvəllüdlü oğlu Tahirzadə Mehman Rəhman oğlunun Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 1 (Binəqədi RPİ-nin inzibati binası) ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhər Binəqədi rayon polis idarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar