Məhkəmə qərarları › İş №2-1(112)-2745/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2745/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2745/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1673A saylı bağ sahəsinin yerləşdiyi 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1673A saylı bağ sahəsi xx.xx.1999-cu il tarixdə verilmiş BM seriyalı 000028 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyatdan keçirilmişdir və hal-hazırda onun mülkiyyətindədir. Torpaq sahəsinin ümumi sahəsi 0.12 ha hissədən ibarətdir. İddiaçı xüsusi mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reystrində qeydiyyatdan keçirilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair istifadə və sahiblik hüququ vardır. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciəti xx.xx.2024-cü il tarixli 3-21-3/30/2-9584/2024, **********84 saylı, xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-A-0468/2024 saylı imtina məktubu ilə təmin edilməmişdir. Müraciətinə cavabda qeyd edilmişdir ki, idarənin arxivində bağın icarəyə verilməsi haqqında 25477 saylı xx.xx.1999-cu il tarixli müqavilə səlahiyyətli qurumun möhürü ilə təsdiqlənməmiş, X4 və İstismarı Birliyi və istifadəçi tərəfindən imzalanmamışdır. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz və əsassızdır.

3. Cavabdehin iddiaçıya olan xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması İdarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Bundan başqa, İdarənin arxivində olan bağın icarəyə verilməsi haqqında 25477 saylı, xx.xx.1999-cu il tarixli müqavilə səlahiyyətli qurumun möhürü ilə təsdiqlənməmiş, X4 və İstismarı Birliyi və istifadəçi tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir.

4. Cavabdehin iddiaçıya olan xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********84 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmiş, həmin məktublarda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Belə ki, idarənin arxivində olan bağın icarəyə verilməsi haqqında 25477 saylı, xx.xx.1999cu il tarixli müqavilə səlahiyyətli qurumun möhürü ilə təsdiqlənməmiş, X4 və İstismarı Birliyi və istifadəçi tərəfindən imzalanmamışdır.

5. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, idarənin arxivində olan bağın icarəyə verilməsi haqqında 25477 saylı, xx.xx.1999-cu il tarixli müqavilə səlahiyyətli qurumun möhürü ilə təsdiqlənməmiş, X4 və İstismarı Birliyi və istifadəçi tərəfindən imzalanmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. 1673a nömrəli bağın icarəyə verilməsi haqqında xx.xx.1994-cü il tarixli 25477 saylı müqavilədə qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırma və X2 Departamentinin keçmiş X4 və istismarı Birliyi ilə X6 arasında sonuncuya Mərdəkan qəsəbəsində ümumi sahəsi 0,12 ha olan 1673a saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır.

7. İddiaçı xx.xx.1990-cu il tarixli ərizəsinə əsasən 1673a saylı, sahəsi 0.1420 ha olan bağ sahəsinin onun adına keçməsinə sərəncam verilməsi xahiş edilmişdir.

8. X1 xx.xx.1999-cu il tarixli ərizəsinə əsasən 1673a saylı bağ sahəsinin İddiaçı adına keçməsinə etiraz edilməmişdir.

9. 1673a nömrəli bağın icarəyə verilməsi haqqında xx.xx.1999-cu il tarixli 25477 saylı müqavilədə qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırma və X2 Departamentinin keçmiş X4 və istismarı Birliyi ilə İddiaçı arasında sonuncuya Mərdəkan qəsəbəsində ümumi sahəsi 0,14 ha olan 1673a saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır.

10. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin BM seriyalı 000028 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1420 kv.metr torpaq sahəsində yerləşən 1673A saylı bağ xx.xx.1999-cu il tarixdə xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçirilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən cavabdehin 28 fevral 2025-ci il tarixli məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1673a saylı bağ evinin qeydiyyata alınmasına əsas olmuş və digər müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

12. Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsinin bir tərəfinin bir hissəsi dalan, digər tərəfləri qonşudur. Təqdim olunmuş layihəyə əsasən A bağ evi və həyət tikililərində dəyişiklik yoxdur. Bağ evi 1 mərtəbəli, mansardlı, 3 yaşayış otağından ibarətdir. Bağ evi tam təmirlidir. Təqdim olunmuş sənədlər toplusunda torpaq sahəsi xx.xx.1994-cü il müqaviləyə əsasən 1200.0 kv.m, xx.xx.1999-cu il müqaviləyə əsasən 1400.0 kv.m (möhür və imza yoxdur). Qeydiyyat vəsiqəsi və alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi 1420.0 kv.m qeyd olunmuşdur. Torpaq sahəsi iki hissəyə bölünmüşdür, texniki pasportda göstərilən A bağ evi bölünən digər tərəfdə olduğundan və həmin sahəyə keçmək üçün şərait yaradılmadığından sökülüb-sökülmədiyini təyin etmək mümkün olmadı. Bu səbəbdən torpaq sahəsin ölçü işləri tam aparılmadı.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi.

14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

16. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İddia mümkündür.

İİ. Məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

20. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

21. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

22. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

24. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

27. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

28. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.1994-cü il tarixli 25477 saylı müqavilə əsasında Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 ha olan 1673a saylı bağ sahəsi icarədar X3 ayrılmışdır. (müqavilədə X4 və istismarı Birliyinin möhürü və tərəflərin imzası mövcuddur).

29. Daha sonra sonuncunun razılığı və iddiaçının xahişi ilə X4 və istismarı Birliyi tərəfindən xx.xx.1999-cu il tarixdə 25477 saylı müqavilə tərtib olunaraq Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,14 ha olan 1673a saylı bağ sahəsi icarədar İddiaçı ayrılmışdır.

30. İddiaçı hazırda faktiki istifadəsində olan 1673a saylı 0.12 ha bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş edir.

31. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, idarənin arxivində olan bağın icarəyə verilməsi haqqında 25477 saylı, xx.xx.1999-cu il tarixli müqavilə səlahiyyətli qurumun möhürü ilə təsdiqlənməmiş, X4 və İstismarı Birliyi və istifadəçi tərəfindən imzalanmamışdır.

32. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

33. Məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş bağ sahəsinə sahəsi 0.12 ha olmaqla hüquqlarının tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

34. Belə ki, iddiaçının göstərdiyi torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsindədir. İddiaçının adına rəsmiləşdirilmiş Mərdəkan qəsəbəsindəki 1673a saylı bağ sahəsinə dair bağlanmış müqavilənin və torpaq sahəsinin cizgisinin arxiv nüsxəsi mövcuddur, lakin həmin müqavilədə səlahiyyətli qurumun möhürü, X4 və İstismarı Birliyi və istifadəçinin imzası əks olunmamışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, arxiv arayışında səlahiyyətli şəxsin möhürünün olmaması iddiaçının hüquqlarının qeydiyyatından imtina üçün əsas ola bilməz. Həmin müqavilə iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsas hesab olunur.

35. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan sənədlərdən müəyyən olunur ki, yuxarıda qeyd olunan razılıq ərizəsi, xx.xx.1994-cü il tarixli 25477 saylı və xx.xx.1999-cu il tarixdə 25477 saylı müqavilələr əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1673A saylı bağ xx.xx.1999-cu il tarixdə xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınmış, buna dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin BM seriyalı 000028 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

36. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsində yerləşən bağa dair iddiaçının mülkiyyət hüquqları qeydə alınan zaman X4 və istismarı Birliyi ilə iddiaçı arasında bağlanılan xx.xx.1999-cu il tarixli 25477 saylı müqavilə mülkiyyət hüququnun tanınması üçün mötəbər sənəd hesab olunmuşdur. Qeyd edilməlidir ki, hazırda cavabdeh tərəfindən sözügedən müqavilənin etibarlı olmadığı sübut olunmamışdır.

37. Odur ki, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından, cavabdeh orqan tərəfindən iddiaçının adına bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədin səlahiyyətli şəxs tərəfindən imzalanmaması və möhürlənməməsinə dair irəli sürdüyü dəlil daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina üçün əsas ola bilməz.

38. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

39. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

40. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ümumi sahəsi 0,12 ha olan 1673A saylı bağ sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar