Məhkəmə qərarları › İş №2-1(112)-2747/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2747/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2747/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 1077a saylı bağ torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, bağ sahəsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0.7-ci maddəsinə (2007-ci il mayın 22-dək) müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 1077a saylı, sahəsi 0.06 ha olan bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 1077a saylı, sahəsi 0.06 ha olan bağ sahəsi 1989-cu ildən onun qanuni istifadəsində və sahibliyindədir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 0.12 ha olan 1077a saylı bağ sahəsi xx.xx.1989-cu il tarixli, 26599 nömrəli müqavilə ilə İddiaçı icarəsinə verilmişdir. Onun xx.xx.2005-ci il tarixli və yoldaşı X4 xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında 0.12 ha bağ sahəsinin 0.06 hektar hissəsi digər şəxsin adına keçirilmişdir və müqavilə ilə rəsmiləşdirilmişdir. 2005-ci il tarixindən hazıra kimi 1077a saylı, 0.06 ha bağ sahəsi onun istifadə və sahibliyindədir. 0.06 ha bağ torpaq sahəsi daş hasarla hasarlanmışdır və dəmirdən darvazası mövcuddur. Bağın içərisində ev də tikmişdir. Cavabdehin imtinası qanunsuzdur, İdarə onu əlverişsiz vəziyyətə salmışdır. Belə ki, cavabdehin hərəkətsizliyi ucbatından qanuni əsaslarla sahibliyində və istifadəsində olan bağ sahəsini qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın reyestrinə qeydiyyata aldıra bilmir. Bu da onun mülkiyyətə sahib olmaq, ondan istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Ona görə də, cavabdehin yuxarıda qeyd olunan hərəkətsizliyi qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda iddianın təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlərdən heç biri (müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış) təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********26 saylı cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq İdarənin mütəxəssisləri tərəfindən müvafiq bağ sahəsinə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən faktiki olaraq 574 kv.m bağ sahəsi istifadə edilir. Məlumat üçün bildiririk ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 0.12 hektar olan 1077a saylı bağ sahəsi (1077 saylı bağdan bölünmüşdür) xx.xx.1989-cu il tarixli 26599 nömrəli müqavilə ilə İddiaçı icarəsinə verilmişdir. Daha sonra İddiaçı xx.xx.2005-ci il tarixli və X4 xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsinin 0.06 hektar hissəsi digər şəxsin adına keçirilmiş və müqavilə ilə rəsmiləşdirilmişdir. Həmçinin, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1077a saylı bağ sahəsinin yerdə qalan 0.06 hektar hissəsinin istifadəyə verilməsinə dair İddiaçı adına iki nüsxədə xx.xx.2006-cı il tarixli 26599 nömrəli müqavilə tərtib edilmiş, lakin hər iki nüsxə icarədar və səlahiyyətli şəxsin imzası, eləcə də səlahiyyətli qurumun möhürü ilə təsdiq edilməmişdir. “ İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından ibarət olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə xx.xx.1983-cü il tarixli 2639 nömrəli müqavilədən görünür ki, Bakı şəhər ZDS İK-nin 1964-cü il tarixli qərarına əsasən Novxanı bağ massivindəki sahəsi 0,25 ha olan 1077 nömrəli bağ sahəsi 1 otaqlı 14,26 kv.metr sahəsi olan tikili ilə birlikdə Bağlar təsərrüfatı İdarəsi tərəfindən X3 icarəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.1982-ci ildən xx.xx.1992-ci ilə kimi müəyyən edilmişdir. - İddiaçı xx.xx.1989-cu il tarixli ərizəsindən görünür ki, Bakı şəhər Bağlar İdarəsinə müraciət edərək qayınatası X3 bağının (Novxanı №1077) artıq hissəsinin ona verilməsi üçün sərəncam verilməsini xahiş etmişdir. - X3 xx.xx.1989-cu il tarixli ərizəsindən görünür ki, Bakı şəhər Bağlar İdarəsinə müraciət edərək bağının bir hissəsinin kürəkəni İddiaçı adına keçirilməsinə icazə verilməsini xahiş etmişdir. - Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə xx.xx.1989-cu il tarixli 26599 nömrəli müqavilədən görünür ki, Novxanı bağ massivindəki sahəsi 0,12 ha olan 1077a nömrəli bağ sahəsi Bağlar təsərrüfatı İdarəsi tərəfindən İddiaçı icarəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.1989-cu ildən xx.xx.1999-cu ilə kimi müəyyən edilmişdir. - İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhər Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək, onun adına verilmiş 1077a nömrəli bağının 0,06 ha sahəsinin X2 adına sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. - X2 xx.xx.2005-ci il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhər Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək, Novxanı sahəsində İddiaçı adına olan 1077a nömrəli bağın 0,06 ha sahəsinin onun adına sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. - xx.xx.2006-cı il tarixli Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Novxanı ərazisindəki 1077b nömrəli bağın istifadəyə verilməsi haqqında 37029 saylı müqavilədən görünür ki, Binəqədi rayonunun Novxanı ərazisində 0,06 hektar torpaq sahəsi olan 1077b nömrəli bağ X2 icarəsinə verilmişdir. - xx.xx.2006-cı il tarixli Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Novxanı ərazisindəki 1077a nömrəli bağın istifadəyə verilməsi haqqında 26599 saylı müqavilədən görünür ki, Binəqədi rayonunun Novxanı ərazisində 0,06 hektar torpaq sahəsi olan 1077a nömrəli bağ sahəsi İddiaçı icarəsinə verilmişdir. İddiaçı hazırda həmin müqaviləyə əsasən onun icarəsinə verilən bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən əvvəl 0,12 ha, daha sonra isə 0,06 ha bağ sahəsinin ona verilməsi ilə bağlı müvafiq icarə müqavilələrini təqdim etmişdir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 1077a saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur (müqavilə arxiv saxlayıcılarında mövcuddur). Həmin sənədlər ləğv edilməmişdir və hazırda qüvvədədir. Belə olan halda aydındır ki, iddiaçının qanuni əsaslarla ona ayrılmış və istifadəsində olan bağ sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur. İşdən görünür ki, cavabdeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən aşağıdakı dəlillərə istinad etmişdir:

1. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1077a saylı bağ sahəsinin yerdə qalan 0.06 hektar hissəsinin istifadəyə verilməsinə dair İddiaçı adına iki nüsxədə xx.xx.2006-cı il tarixli 26599 nömrəli müqavilə tərtib edilmiş, lakin hər iki nüsxə icarədar və səlahiyyətli şəxsin imzası, eləcə də səlahiyyətli qurumun möhürü ilə təsdiq edilməmişdir.

2. iddiaçı tərəfindən faktiki olaraq 574 kv.m bağ sahəsi istifadə edilir. Məhkəmə cavabdehin birinci dəlili ilə razılaşmır və qeyd edir ki, sahəsi 0,12 ha olan 1077a saylı bağ sahəsinin 1989-cu ildən iddiaçının istifadəsində olması, 2006-cı ildə həmin bağın 0,06 ha hissəsinin iddiaçı tərəfindən digər şəxsə verilməsi işin mübahisələndirilməyən halıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə xx.xx.2006-ci il tarixdə müvafiq müqavilə bağlanmasa belə, 1989-cu ildə bağlanmış müqaviləyə əsasən onun 1077a saylı bağın 0,06 ha hisəsinə hüququ yaranmışdır və iddiaçı həmin müqaviləyə istinadən hazırkı iddianı qaldıra bilərdi. Buna görə də cavabehin bu dəlili iddianın təmin edilməməsi üçün əsas ola bilməz. İddiaçı tərəfindən faktiki olaraq 574 kv.m bağ sahəsinin istifadə edilməsinə gəldikdə, məhkəmə hesab edir ki, etirazın dəlili bu hissədə əsaslıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Novxanı bağ massivi 1077a saylı bağ sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin faktiki ölçüsünün 574,0 kv.metr olması müəyyən edilmişdir. 1077a saylı bağ sahəsi kimi göstərilən sahə 1077 saylı bağ sahəsi ilə bir hasar daxilindədir, ara sərhəddi şərtidir. 1077 saylı bağ qeydiyyatdan keçib. Sahədə həyət tikilisi var. Arxiv qeydinə əsasən 1077a saylı bağ sahəsinə (600,0 kv.m) dair İddiaçı Əlləkbər oğlunun adına tərtib edilmiş xx.xx.2006-cı il tarixli müqavilə 2 nüsxədə arxivdə mövcuddur, lakin imza və möhürlə təsdiq edilməyib. Ümumi sahədə 1077 saylı bağın 1200,0 kv.metr sahəsi çıxıldıqda sahə 574,0 kv.metr qalır. Mövcud vəziyyətə uyğun 574,0 kv.metr sahənin koordinatları əlavə edilmişdir. Göründüyü kimi, iddiaçı hazırda 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də, onun faktiki istifadəsində cəmi 574 kv.m bağ sahəsi mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçının Bakı şəhəri, Novxanı bağ massivində yerləşən 0,06 ha deyil, 574 kv.metr sahəsi olan 1077a saylı bağ sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia qismən təmin olunsun. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 574 kv.metr sahəsi olan 1077a saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar