Məhkəmə qərarları › İş №2-1(112)-2749/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2749/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2749/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiаçı İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, “Azrip” şirkətinin təftiş şöbəsində işləyir), cavabdehin nümayəndəsi X2 ( Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhər Cavabdeh başçısının 239 nömrəli 07.09.2020-ci il tarixli sərəncamının ləğv edilməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin iddiaçıya ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsi” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhər Cavabdeh başçısının 239 nömrəli 07.09.2020-ci il tarixli sərəncamının ləğv edilməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin iddiaçıya ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsibarədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ehtiyyatda olan polkovnikleytenant 1992-2018-ci illər ərzində Dövlət Sərhəd Xidmətində sıravi əsgər kimi hərbi xidmətə başlayaraq şöbə rəisi vəzifəsinədək yüksəlmişdir. Müstəqil Azərbaycan Silahlı Qüvvələrinin ilk əsgərlərindən olaraq ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. İddiaçı müharibə və silahlı qüvvələr veteranıdır. O, 26 illik xidməti dövrü ərzində vətəninə, xalqına və dövlətçilik ideyalarına daima sədaqətlə xidmət etmişdir. Dövlət başçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və DSX-nin rəhbərliyi tərəfindən dəfələrlə dövlət mükafatları, fəxri fərmanlarla müxtəlif müdallarla təltif edilmişdir. “Vətən naminə” və “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” medalları ilə tərxis edildikdən sonra təltif edilmiş və bunu özünə şərəf sayaraq xidmətini daha da səmərəli təşkil etməklə Dövlət Sərhəd Xidmətində aparılan islahatların iştirakçısı və icraçılarından biri olmuşdur. İddiaçı 31.01.2018-ci il tarixdə həqiqi hərbi xidmətdən tərxis edilərək Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. Həmin ilin 30 iyul tarixindən Bakı şəhəri Cavabdeh başçısının 186 nömrəli Sərəncamına əsasən, o, 5 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülərək ehtiyyatda olan zabitlərin mənzil uçot siyahısına daxil edilmişdir. 2019-cu ilin fevral ayından kirayə xərclərimlə bağlı vəsaiti bank kartı vasitəsi ilə alırdı. Lakin bu ödəniş 2020-ci ilin iyun ayından dayandırılıb və səbəb kimi” ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2012-ci il 06 avqust tarixli, 174 nömrəli Qərarında müəyyən edilmiş kateqoriyaya (yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət etmiş qulluqçulara) aid edilmədiyi və ehtiyyatda olan zabitlərin mənzil uçot siyahısından çıxarılacağı şifahi olaraq bildirilmişdir. Bundan sonra isə Cavabdeh 13.11.2020-ci il tarixdə ona təqdim edilən cavab məktubu ilə ona bildirilmişdir ki, 239 nömrəli, 07.09.2020-ci il tarixli sərəncamla, o, güzəştli mənzil növbəsindən çıxarılmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamını icra edərək məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında cavabdeh göstərmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin 17 may 2018-ci il tarixli, 182 saylı arayışına əsasən İddiaçı “hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsi (xidməti uyğunsuzluğa görə) ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsi ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi S.Rzayev məhkəmə iclasında iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiаçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. EZ ******* nömrəli, İddiaçı aid olan hərbi biletindən (dublikatından) görünür ki, o 26.06.1992-ci ildən 31.01.2018-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi barədə 31 may 2019cu il tarixli müqavilədən (kirayə müqaviləsi) görünür ki, kirayə verən X3 ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 27.53 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə 2 otağı kirayəçi İddiaçı kirayəyə vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 16.05.2018-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı, X4, X5, X7, X8 Bakı şəhəri, Yasamal rayonu, Əzizbəyov pr, məh 500, ev 2B, mənzil 31 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 21 may 2018-ci il tarixli, 30/mmk nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də, DSX-də xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmayıb. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 və Xüsusi Rütbəli Şəxlərlə İş İdarəsi tərəfindən verilmiş 18.05.2018-ci il tarixli 1564 nömrəli arayışından görünür ki, İddiaçı 1174, 24 manat yaşa görə pensiya alır. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsinin 22 may 2018-ci il tarixli 345 nömrəli arayışında qeyd olunmuşdur ki, Yasamal rayonu, Əzizbəyov pr, məh 500, ev 2B, mənzil 31 ünvanında qeydiyyatda olan İddiaçı, həqiqətən Yasamal Bələdiyyəsindən torpaq sahəsi almamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 30.08.2018-ci il tarixli arayışa görə, İddiaçı Bakı şəhər inzibati ərazi vahidi üzrə onun adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumat yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 31.08.2018-ci il tarixli arayışa görə, X10 Bakı şəhər inzibati ərazi vahidi üzrə onun adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumat yoxdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin 17.05.2018-ci il tarixli, 182 nömrəli arayışının surətinə əsasən, 1974-cü il təvəllüdlü ehtiyatda olan polkovnik-leytenant İddiaçı, həqiqətən də, 26.06.1992-ci ildən 01.02.2018-ci ilədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş və DSX rəisinin 120ş/h nömrəli, 31.01.2018-ci il tarixli əmri “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6cı maddəsinə əsasən ehtiyata tərxis olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır. Bakı şəhəri Cavabdeh Başçısının 30.07.2018-ci il tarixli, 186 nömrəli sərəncamına əsasən, İddiaçı Dövlət sərhəd Xidmətində zabit kimi qulluq etdiyini, hazırda isə ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi qeydiyyatda olduğunu, gələcəkdə yaşayış şəraitinin yaxşılaşdırılması üçün ona verilmiş imtiyazları nəzərə alaraq vətəndaş İddiaçı 5 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı Orucova Banu, 2 qızı Orucova Zəhra və Orucova Ayla, oğlu Orucov Rəsul) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan zabitlərin mənzil uçot siyahısına daxil edilməsi qərara alınmışdır. Cavabdeh Başçısının 239 nömrəli, 07.09.2020-ci il tarixli sərəncamına əsasən, “Hərbi qulluqçuların statusu haqqında” Azə\rbaycan Respublikasının qanunun 12-ci maddəsinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” azərbaycan Respublikasının Qanununun 41.06. maddəsi(xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından Orucov Babək Abuzər oğlu və onun ailə üzvlərinin Cavabdeh ehtiyyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqdədə müvafiq hesab edilərək, İddiaçı və onun ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması, Cavabdeh başçısının 186 nömrəli, 30.07.2018-ci il tarixli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı 25 ildən artıq müddət (26.06.1992-ci ildən 31.01.2018-ci ilədək) ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Bu müddət ərzində fərdi ev tikintisi üçün torpaq sahəsi ilə və ya mənzillə təmin olunmamışdır. Cavabdeh qanunvericilik ilə hərbi qulluqçular üçün nəzərdə tutulmuş imtiyazları nəzərə alaraq iddiaçının hərbi qulluqçular üçün güzəştli mənzil növbəsinə götürülməsi barədə qəbul etdiyi 30.07.2018-ci il tarixli sərəncamını sonradan özünün 239 nömrəli, 07.09.2020-ci il tarixli sərəncamı ilə ləğv edilməsi, İddiaçı və onun ailə üzvlərinin hərbi qülluçuların güzəştli mənzil növbəsindən çıxarılması qərara almışdır. İddiaçı cavabdehin 239 nömrəli, 07.09.2020-ci il tarixli sərəncamını əsassız və qanunsuz olduğundan ləğv edilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2. –ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iddiaçının iddia ərizəsi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda;68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Məhkəmə hesab edir ki, iddiaçı üçün əlverişli inzibati akt olan 30.07.2018-ci il tarixli, 186 nömrəli sərəncamının ləğvi üçün yuxarıda göstərilmiş halların heç biri mövcud olmamışdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun” 10- cu maddəsinə əsasən, Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Göründüyü kimi qanunviriciliyin tələblərinə əsasən, hərbi qulluqçusunun gözəştli mənzil növbəsinə alınması üçün aşagıdakı şərtlər mövcud olmalıdır: 15 il və daha çox hərbi xidmət etməsi, yaşayış sahəsinə ehtiyacı olması. İş üzrə mübahisələndirilməyən faktiki halları ondan ibarətdir ki, iddiaçı 25 ildən artıq müddət ərzində hərbi xidmət etmişdir, zabitdir, hal-hazırda yaşadığı mənzilin mülkiyyətçisi deyil, nə onun nə də ailə üzvlərinin torpaq sahəsi və yaşayış sahəsi yoxdur, o, yaşadığı mənzilin kirayəçisidir, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı üçün əlverişli qanuni inzibati akt olan güzəştli mənzil növbəsinə götürülməsi barədə 30.07.2018-ci il tarixli, 186 nömrəli sərəncamın ləğvi barədə Cavabdeh 239 nömrəli 07.09.2020-ci il tarixli sərəncamın qəbul edilməsi qanuna uyğun olmamışdır. Bu səbəbdən də, 239 nömrəli, 07.09.2020-ci il tarixli sərəncamın ləğv edilməsi tələbində iddiaçı haqlıdır. İddiaçı eyni zamanda yaşayış sahəsi ilə təmin edilməməsi əsası ilə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsinin cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən tələb edir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1-ci bəndində göstərilmişdir: “1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat,1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat;1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat,1.3. digər yaşayış məntəqələrində –55 manat.” Göründüyü kimi, qanunvericilyi ilə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ ehtiyata və ya istefaya buraxılmış bütün kateqoriya hərbi qulluqçulara deyil, yalnız bəzi kateqoriyaya şamil edilmiş, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmış zabitlər üçün bu ödənişlərin edilməsi nəzərdə tutulmamışdır. İşin faktiki hallarına əsasən, iddiaçı 31.01.2018-ci il tarixdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-ci maddəsinə əsasən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, cаvаbdеh Bakı şəhəri Cavabdeh 239 nömrəli 07.09.2020-ci il tarixli sərəncamı ləğv edilməli, iddia tələbi qalan hissədə - müvəqqəti mənzil kirayəsi xərclərinin iddiaçıya ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsi- hissədə təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 34-cü, 68-ci,69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhər Cavabdeh başçısının 239 nömrəli 07.09.2020-ci il tarixli sərəncamı ləğv edilsin İddia qalan hissədə- müvəqqəti mənzil kirayəsi xərclərinin iddiaçıya ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsi-hissədə rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar