Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2749/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı1, Cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və müvəqqəti yaşayış icazəsinin uzadılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 20 iyul 2023-cü il tarixli, ******* saylı “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması və 02 avqust 2022-ci il tarixli ******* saylı qərarın ləğv edilməsi haqqında” qərarın ləğv olunması; İddiaçı2 MMC-nin təsisçisi və qanuni təmsilçisi (direktoru) İddiaçı1-ın Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsinin uzadılması barədə müraciətinin təmin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı1 daha sonra məhkəməyə ərizə təqdim edərək iddiaçı qismində ancaq İddiaçı1 nəzərə alınmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 25 iyun 2023-cü il tarixdə İddiaçı2 MMC-nin təsisçisi və direktoru İddiaçı1 tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci bəndinə istinad olunmaqla ölkə ərazisində müvəqqəti yaşama icazəsinin uzadılması üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edilmiş və müvafiq sənədlər müraciətə əlavə olunmuşdur. Cavabdeh həmin müraciətə baxılması üzrə 20 iyul 2023-cü il tarixli, ******* saylı “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması və 02 avqust 2022-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, “təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin müraciətinə imtina verilməsi üçün əsas olan halın mövcud olduğu müəyyən edilmişdir; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, müraciətdən imtina olunması haqqında qərar qəbul edilməlidir”. 31 iyul 2023-cü il tarixdə həmin qərardan İddiaçı1 tərəfindən Azərbaycan Respublikası Miqrasiya Xidmətinin rəisinə inzibati qaydada şikayət verilmişdir. İnzibati şikayətə baxılması üzrə 01 sentyabr 2023-cü il tarixli, 3-37/2-D-6720-xx-xx- 22993/2023 saylı məktub göndərilmişdir. Məktub iddiaçının ünvanına 13 sentyabr 2023-cü il tarixdə daxil olmuşdur. Məktubda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 20 iyul 2023-cü il tarixli, ******* say’ı qərarında iş üçün əhəmiyyət kəsb edən faktiki və hüquqi hallar təqdim olunmuş sübutlar əsasında düzgün olaraq qiymətləndirilmiş və qəbul edilmiş inzibati akt qanunvericiliyə müvafiq olaraq əsaslandırılmışdır; qərardan verilən inzibati şikayət təmin edilməyərək dəyişdirilmədən saxlanılmışdır”. Aşağıdakılara əsasən hesab edilir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hərəkətləri və qəbul etdiyi 20 iyul 2023-cü il tarixli ******* saylı qərar qanunsuzdur:
1. Mübahisələndirilən 20 iyul 2023-cü il tarixli, ******* saylı qərar nə hüquqi, nə də faktiki olaraq əsaslandırılmamışdır: 1.1.Belə ki, müvəqqəti yaşama icazəsinin uzadılmasına dair İddiaçı1 müraciətinin təmin olunmasından imtina olunsa da, bu imtinanın əsası göstərilməmiş və konkret hansı hüquq normasına əsasən müraciətin təmin olunmasından imtina edilməsi qərarda qeyd olunmamışdır. 1.2. Halbuki Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 48.2-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətin) uzadılmasından imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir. 1.3.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinə görə inzibati akt əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları, bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati aktı qəbul edərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 1.4.Cavabdeh isə yuxarıda sadalanan normaların tələbini pozaraq hər hansı faktiki əsas göstərmədən və imtinanın hüquqi əsası olaraq birbaşa hər hansı normaya istinad etmədən sanki qərəzli olaraq müraciətin təmin olunmasından imtina etmişdir.
2. Digər tərəfdən, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci bəndinə əsasən, cavabdeh orqan İddiaçı1-ın müraciətini təmin etməli və ölkə ərazisində müvəqqəti yaşama icazəsinin uzadılması barədə qərar qəbul etməli idi: 2.1.Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq 19 dekabr 2019-cu il tarixdə İddiaçı1 tərəfindən ölkə ərazisində İddiaçı2 (VÖEN: **********) təsis edilmişdir və həmin Cəmiyyətin qanuni təmsilçisi olaraq bu günə qədər fəaliyyət göstərir. 2.2. Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci bəndinə görə Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərindən ən azı biri xarici hüquqi və ya fiziki şəxs oıan hüquqi şəxsin rəhbəri vəzifəsi tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda - bu hal əcnəbiyə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi, həmçinin icazə müddətinin uzadılması üçün əsasdır. 2.3. 25 iyun 2023-cü il tarixə qədər İddiaçı1-a yuxarıda qeyd olunan əsasla cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. 2.4. Yenidən bu əsasla icazə müddətinin uzadılması üçün İddiaçı1 tərəfindən 25 iyun 2023-cü il tarixdə müraciət edildikdə isə müraciətin faktiki və hüquqi əsasında heç bir dəyişiklik baş verməməsinə baxmayaraq, cavabdeh orqan müraciəti təmin etməkdən imtina etmişdir. 2.5. Halbuki Miqrasiya Məcəlləsinin yuxarıda istinad olunan 45.1.6-1-ci bəndi ölkə ərazisində müvəqqəti yaşamaq icazəsinin uzadılması üçün birbaşa əsasdır. 2.6. Cavabdeh orqanın bu hərəkəti İddiaçı2 MMC-nin qanuni mənafeyinin də pozulması ilə nəticələnir. Belə ki, Cəmiyyətin direktorunun ölkə ərazisində olmaması və Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirməməsi nəticəsində Cəmiyyət ciddi risklərlə üzləşməkdədir.
3. Cavabdeh orqan inzibati şikayətə baxılması tələblərini də pozmuşdur: 3.1.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Qanun”) 80.2-ci bəndinə əsasən, şikayət instansiyası tərəfindən inzibati şikayətə dair qəbul edilmiş qərar inzibati akt sayılır və inzibati aktlara dair bu Qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 3.2.Qanunun 59.1.5-ci bəndinə görə inzibati aktda həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan haqqında məlumat göstərilməlidir. 3.3.Qanunun 61-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 3.4.Cavabdeh isə 20 iyul 2023-cü il tarixli, ******* saylı qərardan verilən inzibati şikayətə baxılması üzrə sanki qərar - inzibati akt qəbul etməmiş, sadəcə məlumat xarakterli yazılı müraciət göndərmişdir. Belə ki, həmin yazılı cavab məktubunda Qanunun yuxarıda istinad edilən bəndlərinin tələblərinə zidd olaraq nə hüquqi müdafiə vasitələri, nə də hər hansı əsaslandırma göstərilməmişdir. Ümumiyyətlə, həmin məktub inzibati akt göstəricilərindən çox uzaq olmaqla, məlumat xarakterli yazılı müraciət formasında İddiaçı1-a göndərilmişdir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edilir və hesab edilir ki, onun heç bir hüquqi əsası yoxdur. İddiaçı1 onun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin (bundan sonra- MYİ) müddətinin uzadılması barədə xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsin MYİ müddətinin uzadılmasından imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edirəm ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 79.3-cü maddəsinə əsasən şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. Qərarda iş üçün əhəmiyyət kəsb edən faktiki və hüquqi hallar təqdim olunmuş sübutlar əsasında düzgün olaraq qiymətləndirilmiş və şəxs barəsində qanuni əlverişsiz inzibati akt qəbul edilmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin uzadılması haqqında” 02 avqust 2022-ci il tarixli, ******* №-li Qərarına əsasən İran İslam Respublikası vətəndaşı İddiaçı1 16 iyul 2022-ci il tarixli müraciəti təmin edilmişdir. İran İslam Respublikası vətəndaşı İddiaçı1 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin etibarlılıq müddəti 22 iyul 2022-ci il tarixdən 22 iyul 2023-cü il tarixədək uzadılmışdır.
6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması və xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarın ləğv edilməsi haqqında” 20 iyul 2023-cü il tarixli ******* №-li Qərarına əsasən İran İslam Respublikası vətəndaşı İddiaçı1 25 iyun 2023-cü il tarixli müraciəti təmin edilməmişdir. İran İslam Respublikası vətəndaşı U52419282 nömrəli Pasporta malik olan İddiaçı1 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar ləğv edilmişdir.
7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazənin ləğv edilməsi haqqında” 20 iyul 2023-cü il tarixli, 8460399-L №-li Qərarına əsasən İran İslam Respublikası vətəndaşı İddiaçı1 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir. İran İslam Respublikası vətəndaşı U52419282 nömrəli Pasporta malik olan İddiaçı1 üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur.
8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı2 xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır (dövlət qeydiyyat № **********). İddiaçı1 Barat təsisçidir və nizamnamə kapitalında mayanın miqdarı 100%-dir.
9. İddiaçı2 Nizamnaməsinə əsasən cəmiyyətin nizamnamə kapitalı 50 (əlli) manat həcmindədir və hər biri 1 (bir) manat olmaqla 50 (əlli) paydan ibarətdir. Cəmiyyətin təsisçisi İddiaçı1 Barat (50 manat, 50 pay, 100% pul şəklində)
10. 15 iyul 2022-ci il tarixli, 01 nömrəli Təsisçinin Qərarına əsasən İddiaçı1 Barat UNİTED İNTELLİGENT OF TRUST” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmişdir.
11. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2020-xx.xx.2023-cü il tarixləri üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ümumi dövriyyəsi 94254.00 manat, eyni zamanda 2023-cü ilin 4 -cü rübü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə əsasən orta aylıq işçi sayı və faktiki işə cəlb olunanların sayı 1 nəfər təşkil etmişdir.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
15. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
16. Göründüyü kimi, iddiaçı bu iddia vasitəsilə həm ərizəsini rədd edən qərarın ləğv olunmasını, həm də özünün xeyrinə inzibati aktın qəbul olunmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, hazırkı iddia məhz məcburetmə haqqında iddia növünə aiddir.
17. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
19. Odur ki, Dövlət Miqrasiya Xidmətinin qərarı qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati aktdır və hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. Miqrasiya Məcəlləsindən: 44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. 44.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 44.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 44.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. 44.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar dəyişdikdə və ya icazə vəsiqəsi itirildikdə, onlar bu barədə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidirlər. 44.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır): 45.1.1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; 45.1.2. bu Məcəllənin 45.1.3-45.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda; 45.1.3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda; 45.1.3-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda; 45.1.3-2. nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda; 45.1.6-1. Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda;
22. Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olma - göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası vətəndaşı olması tələb olunur.
23. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı2 xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır (dövlət qeydiyyat № **********) və İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçi və direktoru (İddiaçı2 xx.xx.2022-ci il tarixli 01 №-li Təsisçinin Qərarına və UNİTED İNTELLİGENT OF TRUST” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinə əsasən) olmaqla nizamnamə kapitalında 100% hissəyə sahibdir.
24. Məhkəmə eyni zamanda müəyyən edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2020-xx.xx.2023-cü il tarixləri üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ümumi dövriyyəsi 94254.00 manat, eyni zamanda 2023-cü ilin 4 -cü rübü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə əsasən orta aylıq işçi sayı və faktiki işə cəlb olunanların sayı 1 nəfər təşkil etmişdir.
25. Məhkəmə qeyd edir ki, Məcəllənin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olması Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə (müddətin uzadılmasına) əsasdır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdud məsuliyyətli cəmiyyətlərə münasibətdə nizamnamə kapitalının ödənilmiş hissəsinin miqdarına dair tələb müəyyən (təsdiq) edilməmişdir. Odur ki, həmin norma ölkə iqtisadiyyatına investisiya qoyuluşunu şərtləndirən digər normalarla birlikdə (45.1.2., 45.1.3. , 45.1.3-1., 45.1.3-2.) tətbiq edilməlidir.
26. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı İran İslam Respublikasının vətəndaşı İddiaçı1 təsisçisi və direktoru olduğu İddiaçı2 2023-cü il ərzində maliyyə vəsaitlərinin dövriyyə həcminin az olması və bununla da ölkə iqtisadiyyatına kifayət qədər investisiyanın qoyulmaması (xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan hesabat dövrləri üçün təqdim edilmiş ƏDV bəyannamələri üzrə dövriyyə məbləği 94254,0 manat təşkil etmişdir) iddiaçının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin uzadılmasına dair müraciətinin təmin edilməməsinə əsas yaratmışdır.
27. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva