Məhkəmə qərarları › İş №2-1(112)-275/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-275/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-275/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı imtinanın əsassız hesab olunması və təkrar müayinənin keçirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra Xidmət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 23.01.2019-cu il tarixli, B/255 saylı imtinasının əsassız hesab olunması və onun təkrar tibbi müayinədən keçirilmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 20 yaşı var. Hərbi xidmətə getmək istəyir. 2017-ci ildə, 2018-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar onu tibbi müayinəyə göndərdilər, orada həkimlə arasında mübahisə oldu. Həkim ona demişdir ki, onu hərbi xidmətə göndərməyəcəkdir. Qəsdən ona ”Heteroqizot B-Talassimiya” dioqnozu qoydu. Bundan sonra o və anası X5 dəfələrlə müraciət etmişdirlər. Lakin bir faydası olmadı. Bundan sonra o, bir neçə xəstəxanaya müraciət etmiş, yoxlanılmış, lakin yoxlamaların heç birində onda “talassimiya” xəstəliyinin əlaməti olması müşahidə olunmadı. O, özü özündə bu xəstəliyin hər hansı əlamətini görmür, ağır fiziki işlərdə işləyir. Özündə pis bir hal olmasını hiss etmir. Heç bir müalicə almır. Səhhətində də hər hansı çatışmamazlıq hiss etmir. O, xəstəxanalardan aldığı sənədlərə əsasən yenidən cavabdehə müraciət etmişdir və təkrar tibbi müayinədən keçirilməsini xahiş etmişdir. Lakin təkrar tibbi müayinədən keçirilməkdən imtina olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cü ildə Şamaxı rayonu, Göylər kəndində doğulmuşdur. - Şamaxı rayon İcra Hakimiyyətinin Göylər Kənd İcra Nümayəndəliyinin 183 №-li, 18.02.2019-cu il tarixli arayışından görünür ki, Göylər kənd sakini İddiaçı hal-hazırda Göylər kəndində yaşayır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematoloqiya və Transfüziologiya İnstitutunun 370 №-li, 02.05.2017-ci il tarixli Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, İddiaçı “Heteroziqot B-Talassemiya” diaqnozu təyin edilmişdir. - İddiaçı məxsus SX ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı 08.07.2017-ci ildə SHXÇDX-nin Yasamal HHK tərəfindən xəstəliklər cədvəlinin D qrafasının 11,33 maddəsinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı) həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. - Xidmət tərəfindən iddiaçının anası X3 ünvanlanmış 13/2254 №-li, 28.08.2018-ci il tarixli məktubdan görünür ki, övladı İddiaçı təkrar tibbi şəhadətləndirilərək müddətli həqiqi hərbi ximdətə göndərilməsinə köməklik göstərilməsi barədə aidiyyəti üzrə baxılmışdır. Müəyyən edilmişdir ki, 1999-cu il təvəllüdlü İddiaçı 2018-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Şamaxı rayon şöbəsində tibbi şəhadətləndirilmiş və Hematoloqiya və Transfüziologiya İnstitutuna əlavə müayinəyə göndərilmişdir. Tibb-müəssisəsindən Xidmətin Şamaxı rayon şöbəsinə daxil olmuş "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda “Heteroziqot B-Talassemiya” diaqnozu qeyd edildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. Hərbi həkim komissiyası tərəfindən xəstəliyə görə “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” sayılmış vətəndaşların təkrar tibbi müayinəyə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. - Xidmət tərəfindən iddiaçıya ünvanlanan B/255 №-li, 23.01.2019-cu il tarixli məktubdan görünür ki, Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” sayılmış vətəndaşların təkrar tibbi müayinəyə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. - Xidmət tərəfindən iddiaçıya ünvanlanan İ/938 №-li, 28.03.2019-cu il tarixli məktubdan görünür ki, bir daha bildirilmişdir ki, “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” sayılmış vətəndaşların təkrar tibbi müayinəyə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən məhkəməyə ünvanlanmış 99 №-li, 14.01.2021-ci il tarixli məktuba əlavə edilmiş K/160 №-li ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı hal-hazırda “irsi hemoqlobinopatiya. X4 geninin daşıyıcısı” diaqnozlu xəstəlik vardır. Qeyd olunan xəstəliyin onda olması ixtisaslı tibb müəssisələrində müvafiq ixtisasdan olan mütəxəssislər və aparılmış instrumental müayinələrlə tam təsdiq edilmişdir, əsaslıdır. İddiaçı hal-hazırda onda olan “irsi hemoqlobinopatiya. X4 geninin daşıyıcısı" diaqnozlu xəstəliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən “hərbi xidmətə yararsız”dır. “İrsi hemoqlobinopatiya. X4 geninin daşıyıcısı” diaqnozlu xəstəlikdə qanda patoloji hemoqlobinlər olması səbəbindən qanda normal hemoqlobinin miqdarının vaxtaşırı aşağı düşməsi nəticəsində anemiya xəstəliyi yaranır. Belə hallara görə çağırışçı hərbi xidmətə yararsız sayılır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı 08.07.2017-ci ildə Xidmətin Yasamal HHK tərəfindən xəstəliklər cədvəlinin D qrafasının 11,33 maddəsinə əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. İddiaçı təkrar tibbi müayinədən keçməsi ilə bağlı müraciəti Xidmət tərəfindən təmin edilməmiş, iddiaçı Xidmətin həmin imtinasını məhkəmə qaydasında mübahisələndirmişdir. İddiaçı hal-hazırda “irsi hemoqlobinopatiya. X4 geninin daşıyıcısı” diaqnozlu xəstəliyin mövcud olması iş üzrə keçirilmiş məhkəmə ekspertizası ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin: - 1.1-ci bəndinə əsasən bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. - 1.7-ci bəndinə əsasən hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. - 2.1-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. - 2.6-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A — hərbi xidmətə yararlıdır; B — sıradankənar hərbi xidmətə yararlıdır; C — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç — hərbi xidmətə müvəqqəti yararsızdır; D — həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün «Xəstəliklər cədvəli»nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Həkim-mütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. - 2.9-cu bəndinə əsasən sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. - 8.1-ci bəndində «Xəstəliklər cədvəli»ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar; İİ qrafa — çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların çavuşların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar. İİİ qrafa — zabitlər, gizirlər, miçmanlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, gizirlərin, miçmanların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, gizirlər, miçmanlar. - 8.3-ci bəndində «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: «A» — hərbi xidmətə yararlıdır; «B» — sıradankənar hərbi xidmətə yararlıdır; «C» — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; «Ç» — hərbi xidmətə müvəqqəti yararsızdır; «D» — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır. - “Xəstəliklər cədvəli”nin “Qanın və qanyaradıcı orqanların xəstəlikləri” adlanan 11-ci maddəsinin “Qan və qanyaradıcı orqanların xəstəlikləri, immunçatışmazlığı halları” “a” bəndində nəzərdə tutulmuş funksiyaların mühüm dərəcədə pozulması ilə tez proqressivləşən xəstəliklər İ, İİ, İİİ qrafalar üzrə D kateqoriyasına aiddir. - Qeyd olunan «a» bəndinə qanaxmalarla, qansızmalarla müşayiət olunan, ixtisaslaşdırılmış stasionarda müayinə zamanı təyin edilmiş hipoplastik və ya aplastik anemiyalar, trombositopatiyaların irsi formaları, hemofiliyalar, talassemiyalar, koaqulopatiyalar aiddir. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, İddiaçı “irsi hemoqlobinopatiya. X4 geninin daşıyıcısı” diaqnozlu xəstəlikdən əziyyət çəkdiyindən Xidmətin qərarı ilə əsaslı olaraq həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. "Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” sayılmış şəxslərin təkrar tibbi müayinəyə cəlb olunması qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçının təkrar tibbi müayinəyə cəlb edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar