Məhkəmə qərarları › İş №2-1(112)-275/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-275/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-275/2024 06.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinə dair arxiv texniki pasportunda qeyd edilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya, perimetrik ölçü və sahə fərqi mövcuddur. Həmçinin, texniki pasportda qeyd edilən yaşayış evi söküldüyü üçün təqdim edilən sənədlərin faktiki sahəyə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə hüququn mərhum X3 məxsus olması barədə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbuı edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 1130,7 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş X3 məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Maştağa rayon X10 İcraiyyə komitəsinin “Evi olmayan işçi qulluqçulara ev tikmək üçün torpaq verilməsi barədə” 40 nömrəli xx.xx.1954-cü il tarixli Qərara əsasən fərdi ev tikmək üçün X3 torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmçinin, torpaq sahəsinin ayrılmasına dair xx.xx.1954-cü il tarixdə akt tərtib edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1963-cü ilin dekabr ayında tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi atası X3 məxsus olmuşdur. İddiaçı və ailəsi həmin evdə qeydiyyatdadır və uzun illər həmin evdə yaşamışlar. Həmçinin, həmin ünvanda ailəsinə məxsus qeyri-yaşayış sahəsi də mövcud olmuşdur. xx.xx.2001-ci il tarixdə X4 vəsiyətnamə əsasında ünvan 2 ünvanında yerləşən 5 nömrəli evi X9 vəsiyyət etmişdir. Daha sonra "xxxx" ASC “Yolun tikintisi altına düşən maneələrin köçürülməsi Layihəsi” İşçi Qrupu tərəfindən X2 adına “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 04 aprel 54 saylı Qərarına əsasən “X13 Hava Liman-Mərdəkan dairəsi -Bilgəh avtomobil yolu”nun tikintisi altına düşən daşınmaz əmlakın sökülərək kənarlaşdırılması” Bildiriş göndərilərək, bildirilmişdir ki, Buzovna şossesində yerləşən köməkçi sahə üzərində mülkiyyət hüquqlarının dövlət ehtiyacları üçün alınması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 04 aprel 54 saylı Qərarı qəbul edilmişdir. Bununla əlaqədar olaraq həmin əmlakın satınalma qiymətinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməsi məqsədi ilə qarşılıqlı razılaşma əsasında sənədləşmə aparılacaqdır. Onlara məxsus olan əmlak söküldükdən sonra əmlakın əvəzi olaraq kompensasiya ödənilməsi üçün "xxxx" ASC-yə müraciət etmişlər. Həmçinin, X12 "xxxx" ASC-yə müraciət edərək Buzovna qəsəbəsində, Mərdəkan qəsəbəsi istiqamətindən tunelin yan tərəfinə ayrılan yerli keçid yolunun kənarında ayrılmış torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə rəy bildirilməsi barədə müraciət etmişdir. "xxxx" ASC xx.xx.2011-ci il tarixli, A- 4/02-2071 saylı məktubla bildirmişdir ki, Buzovna qəsəbəsində, Mərdəkan qəsəbəsi istiqamətindən tunelin yan tərəfinə ayrılan yerli keçid yolunun kənarında ayrılmış torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə, obyektin yol boyu tikilməkdə olan daş hasarın arxasında qalması, yol tərəfindəki divarının qonşu sahələrdəki mövcud hasarlardan və tikililərdən yola tərəf irəli çıxmaması, yoldan olan məsafəsinin nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsinə maneçilik törətməməsi. şəhərsalma inşaat norma və qaydalarının tələblərinə uyğun seçilməsi, torpaq sahəsinin istismarının avtomobil yolu ilə həmsərhəd ərazidə atmosfer, çirkab və digər suların yığılmasına şərait yaratmaması və yolun normal istismarına mane olmaması, eyni zamanda, mövcud yoldan əlavə giriş-çıxış yolunun açılmaması şərti ilə etiraz edilmir. Daha sonra X5 Rayon İcra Hakimiyyətinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında» 1255 saylı, 01,02.2006-cı il tarixli Sərəncamının icrasını təmin edilməsi məqsədilə X14 Hava Limanı-Mərdəkan dairəsi avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolun altına düşən ona məxsus ticarət obyektinin əvəzləndirilməsi məqsədilə Buzovna qəsəbəsi, Mərdəkan-Buzovna yolunun sağ tərəfində, tunelin yan tərəfinə ayrılan yerli keçid yolunun kənarında ayrılmış həyətyanı torpaq sahəsində ticarət obyektinin fərdi layihə əsasında tikintisinə icazə verilməsini xahiş etmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin “Buzovna qəsəbəsi, Mərdəkan-Buzovna yolunun sağ tərəfində, Zaqulba prospekti 5-də (E.Bünyadov) yerləşən ticarət obyektinin tikintisinə icazə verilməsi barədə” 232 nömrəli xx.xx.2011-ci il tarixli Sərəncama əsasən Buzovna qəsəbəsi, Mərdəkan-Buzovna yolunun sağ tərəfində, tunelin yan tərəfinə ayrılan yerli keçid yolunun kənarında ayrılmış həyətyanı torpaq sahəsində ticarət obyektinin fərdi layihə əsasında tikintisinə icazə verilmişdir. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Əzizbəyov rayonu Buzovna qəsəbəsi, E.Bünyadov (əvvəlki Qəsəbə) küçəsi, ev 5 ərazisində yerləşən fərdi yaşayış evi 0.12 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi X2 ərizəsi qəbul edilmiş və iddiaçı vərəsə kimi tanınmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinə dair arxiv texniki pasportunda qeyd edilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya, perimetrik ölçü və sahə fərqi mövcuddur. Həmçinin, texniki pasportda qeyd edilən yaşayış evi söküldüyü üçün təqdim edilən sənədlərin faktiki sahəyə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan “Evi olmayan işçi qulluqçulara ev tikdirməkdən ötəri həyətyanı torpaq verilməsi barədə” Maştağa rayon X11 İcraiyyə Komitəsinin xx.xx.1954-cü il tarixli, 40 saylı protokolundan çıxarışdan görünür ki, Buzovna qəsəbəsində yaşayan X3 ev tikmək üçün 400 kv.metr həyətyanı torpaq verilməsi barədə Buzovna qəsəbə sovetinin 19/İİİ-54-cü il 24 nömrəli iclas protokolunun təsdiq edilməsi qərara alınmışdır. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, 1963-cü ilin dekabr ayında X3 məxsus Buzovna, Qəsəbə küçəsi, ev 5 ünvanındakı fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportdan hörünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 1130.7 kv.metr təşkil edir. Eyni zamanda 1993-cü ilin oktyabr ayında tərtib edilmiş fərdi yaşayış evinə dair texniki psportdan görünür ki, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin fakiki ölçüsü 1130,7 kv.m, o cümlədən tikintialtı sahə 336.8 kv.metr, digər sahə 793,9 kv.metrdir. Bakı şəhər 31 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 707 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Əzizbəyov rayononu, Buzovna qəsəbəsi, E.Bunyadov küçəsi ev 5 ərazisində yerləşən fərdi yaşayış evi 0,12 ha torpaq sahəsi üzrə vərəsəsi kimi tanınmışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd üzrə (texniki pasport) torpaq sahəsi 998.0 kv.metr, faktiki torpaq sahəsi 1225.0 kv.metrdir. Texniki pasportdakı ev sökülmüşdür. Ərazidə yeni ev və qeyri-yaşayış binası inşa olunmuşdur. İddiaçı hazırda həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun mərhum atası A.Atakişiyevə məxsus olduğunu iddia edərək, bu barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 407-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 684 saylı Fərmanının 3.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. İşdən görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair yuxarıda qeyd edilən hüquqmüəyyənedici sənədi, yəni Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən dekabr 1963-cü ildə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu təqdim etmişdir və həmin sənəd hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı valideyninə ayrılmış torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyinə deyil, digər əsasa istinad etmişdir. Belə ki, həm iddiaçıya verdiyi imtina məktubunda, həm də məhkəməyə təqdim etdiyi etirazında cavabdeh: 1 texniki pasportda qeyd edilən yaşayış evi söküldüyü üçün təqdim edilən sənədlərin faktiki sahəyə aid olduğunu müəyyən etməyin mümkün olmamasına;

2. fərdi yaşayış evinə dair arxiv texniki pasportunda qeyd edilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya, perimetrik ölçü və sahə fərqinin olmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, texniki pasportda göstərilən fərdi yaşayış evinin yolun çəkilməsi ilə bağlı sökülməsi işin mübahisəsiz halıdır. Belə ki, işdə olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli, ********* nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən "X13 Hava Limanı-Mərdəkan dairəsi-Buzovna-Bilgəh avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində sənədləşmə və kompensasiya ödənişi keçmiş Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli ünvanda yolaltına düşən sahə - cəmi köməkçi sahə 18,5 kv.metr, torpaq sahəsi 30,4 kv.metr, hasar 50.4 kv.metr olmuşdur. Belə olan halda aydındır ki, 1963-cü ildə tərtib edilmiş texniki pasportda göstərilən sahə ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya, perimetrik ölçü və sahə fəqinin olması A.Atakişiyevə məxsus daşınmaz əmlakın bir hissəsinin yol xəttinə düşməsi və həmin hissədə olan əmlak sökülməsi səbəbindən yaranmışdır və bu hal şəxsin qanunla yaranmış hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Təqdim edilən sənədlərin faktiki sahəyə aid olduğunun müəyyən edilməməsi barədə dəlilə gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin 1963-cü il tarixli texniki pasportda göstərilən evin yerləşdiyi torpaq sahəsinin yerləşmə yerinə uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi ilə bağlı mühəndis-texniki ekspertizası təyin edilmiş, həmin qərardadın icrası ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 19 dekabr 2023-cü il tarixli, 3- 16-16/2-10/8426 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elşad Gülüşovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1253,0 kv.m təşkil edir. Qeyd olunan ərazidə yol infrastrukturunun yenidən qurulması ilə bağlı söküntü işləri aparılmışdır. Ərazidə olan hasarlar və tikililər sökülmüşdür. Mövcud hasarlanmış sahənin konfiqurasiyası və ölçüləri həmin texniki pasporta uyğun gəlmir. Yuxarıda qeyd olunduğu kimi əvvəlki yaşayış evi də sökülmüşdür. Mövcud torpaq sahəsi üzərində yeni yaşayış evi və qeyri-yaşayış binası inşa edilmişdir. Söküntü aparılmış tikililər barədə söküntü işləri aparan təşkilat tərəfindən müvafiq kompensasiya verilib-verilməməsi məsələləri aidiyyəti üzrə məhkəmə tərəfindən araşdırılmalıdır. Göründüyü kimi, ekspert tərəfindən cavabdehin təqdim etdiyi mütəxəssis rəyində göstərilən hallar təkrarlanmış, məsələyə dair mahiyyəti üzrə rəy təqdim edilməmişdir. Məhkəmə bildirir ki, texniki pasportda göstərilən ünvanla iddiaçının hazırda hüququn qeydə alınmasını xahiş etdiyi ünvan eynidir (küçə adının dəyişməsi nəzərə alınmaqla), iddiaçının həmin hüquqmüəyyənedici sənəddə göstərilən deyil, fərqli sahəni göstərməsi işin halları ilə sübut olunmur. Əksinə işdən görünür ki, texniki pasporta göstərilən tikili sökülmüş və həmin ünvanda yeni tikili inşa edilmişdir, söküntü zamanı vəmi 50 kv.metr torpaq sahəsi yolatına düşən sahə olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar həm yaşayış evləri, həm də onların altında olan torpaq sahələrinə münasibətdə hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi nəzərdə tutulmuşdur və torpaq sahəsinə münasibətdə üzərində fərdi yaşayış evinin olub olmaması ilə şərtləndirilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 1130,7 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş X3 məxsus olması barədə arayış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspert tədqiqatının dəyəri olan 50 (əlli) manat xərc cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X7, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar