Məhkəmə qərarları › İş №2-1(112)-2752/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2752/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2752/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “Sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 12.04.2018-ci il tarixli 185 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 11.1 kv.m, yardımçı sahəsi 2.4 kv.m, ümumi sahəsi 13.5 kv.m sahədən ibarət 1 otaqlı mənzil DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Bu yaxınlarda iddiaçı bilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ona qarşı "mülkiyyət hüquqlarına xitam verilməklə mənzildən çıxarılma tələbinə dair" iddia ilə müraciət edərək, məhkəmədən Bakı şəhəri İcra Hakimiyyəti başçısının 12.04.2018-ci il tarixli 185 nömrəli sərəncamı ilə onlara çoxmərtəbəli bina tikintisi üçün ayrılmış sahədə yerləşən əmlakın iddiaçının adına olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə məhəlləsi 53 ünvanında yerləşən 1 saylı mənzilin sökülərək, əvəzinə həmin ünvanda inşa olunacaq binadan hüquqmüəyyənedici sənədlərdəki ümumi sahənin üzərinə 30% artıq sahənin təmirli və ayda 350 manat kirayə haqqı verilməsi şərtilə iddiaçının həmin mənzilə dair mülkiyyət hüququna xitam verilməklə mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, hüquqlarının müdafiə edilməsi üçün iddiaçı özünə vəkil tutmaq məcburiyyətində qalmışdır. Tikintinin aparılması üçün əsas olmuş sənədlərin alınması üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə vəkil sorğusu ilə müraciət edilmiş, oradan üçüncü şəxs "xxxx" MTK-nın adına verilmiş tikintiyə icazənin surəti təqdim edilsə də, həmin sənədin verilməsi üçün əsaslardan biri olmuş Bakı şəhəri İcra Hakimiyyəti başçısının 12.04.2018-ci il tarixli 185 nömrəli sərəncamının surəti təqdim edilməmişdir. Bu səbəbdən 29.10.2020-ci il tarixdə cavabdehə "xxxx" MTK-ya tikinti işlərinin aparılması üçün əsas olmuş Bakı şəhəri İcra Hakimiyyəti başçısının 12.04.2018ci il tarixli 185 nömrəli sərəncamının surətinin verilməsi üçün vəkil sorğusu ilə müraciət edilsə də, cavabdeh qurum 06.11.2020-ci il tarixli 7-3344/17 saylı cavab məktubu ilə sərəncamın surətini verməkdən imtina etmiş və yalnız məhkəmə sorğusu əsasında sərəncamın verilə biləcəyini bildirmişdir. Amma istənilən halda, "xxxx" MTK-ya tikinti işlərinin aparılması üçün torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri İcra Hakimiyyəti başçısının 12.04.2018-ci il tarixli 185 nömrəli sərəncamı iddiaçının Konstitusiyada nəzərdə tutulmuş hüquqlarını pozur və həmin sərəncam verilərkən, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. İddiaçı cavabdeh tərəfindən qəbul ediləcək inzibati aktdan xəbərsiz olmuş və mübahisələndirilən inzibati aktdan yalnız üçüncü şəxs "xxxx" MTK ona qarşı məhkəmədə iddia qaldıraraq, həmin sərəncamın adını hallandırarkən xəbər tutsa da, hazıradək həmin sərəncamı əldə edə bilməmiş və məzmunundan məlumatsızdır. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti başçısının 12.04.2018-ci il tarixli 185 nömrəli sərəncamı qanunsuz və əsassız olduğundan və iddiaçıya münasibətdə uzun illər ərzində istifadəsində olan evindən və torpaq sahəsindən məhrum edən əlverişsiz inzibati akt olduğundan, ləğv edilməlidir. ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 11.1 kv.m, yardımçı sahəsi 2.4 kv.m, ümumi sahəsi 13.5 kv.m sahədən ibarət 1 otaqlı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin və üçüncü şəxsin maddi maraqları mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüququnun xitamına səbəb ola bilməz. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. Mübahisələndirilən sərəncam qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan, iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 12.04.2018-ci il tarixli 185 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MTK-ya icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin qeyd olunan sərəncamı iddiaçının maraqlarına toxunmur, tikintinin layihələndirilməsi üçün verilmişdir. Bu sərəncam iddiaçının hüquqlarını pozmur. Sərəncam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 29.06.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanına dair DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 24.06.2010-cu ildə texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 18.01.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının 12.04.2018-ci il tarixli 185 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin 28.03.2018-ci il tarixli, 01 saylı müraciətini və vət. X1 notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini nəzərə alaraq, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi olan 112.7 kv.m olan qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüquq (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində 27.02.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi olan 149.0 kv.m olan qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüquq (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində 27.02.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş X1 notarial qaydada təsdiq olunmuş ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 112.7 kv.m və 149 kv.m olan qeyri yaşayış sahəsinin yerləşdiyi ərazidə "xxxx" MTK tərəfindən sökülüb yerində tikili tikilməsinə heç bir etirazı yoxdur, razıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 21.06.2021-ci il tarixli məktubda qeyd edilir: İcraatınızda olan İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs "xxxx" MTK-ya qarşı sərəncamın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığınız sorğunuza baxılmışdır. Bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 185 nömrəli 12.04.2018-ci il tarixli sərəncamının 1.1-ci bəndinə əsasən ərazidə yerləşən tikililərin sökülməsi və vəsaitin ödənilməsi "xxxx" MTK tərəfindən həll edilməli məsələ olduğundan, ərazidəki daşınmaz əmlak istifadəçiləri (mülkiyyətçiləri) ilə münasibətlərin tənzimlənməsi həmin MTK tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 12.04.2018-ci il tarixli 185 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MTK-ya icazə verilməsi qərara alınmışdır. Mübahisələndirilən sərəncamda yalnız yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MTK-ya icazə verilməsi nəzərdə tutulur, daha sonra isə şəhərsalma əsaslandırılmasının hazırlanması və razılaşdırılması, ərazinin və obyektin memarlıq planlaşdırmasının həllinin razılaşdırılması və işçi layihəsinin təqdim edilməsi, tikinti layihəsinin təqdim edilməsi və digər işlərin görülməsi "xxxx" MTK-ya tapşırılır, eyni zamanda göstərişlərin yalnız layihələndirmə üçün əsas olması qeyd olunur. Göründüyü kimi, mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilmədi. Qeyd olunan sərəncamın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar