Məhkəmə qərarları › İş №2-1(112)-2752/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2752/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2752/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 1-ci qrup əlil kimi əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının təyin edilməli olduğu vaxtdan hal-hazıradək fərqin müəyyən edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1-ci qrup əlildir. xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu haqda əmək kitabçasında müvafiq qeydlər edilmişdir. 13 il iş stajı var. O, Filiala müraciət edərək ona 1ci qrup əlil kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Müraciətinə baxılmış və xx.xx.2021-ci il tarixli, **********4 nömrəli cavab məktubu ilə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. İmtina məktubunu əsassız hesab edir. Belə ki, xx.xx.1992-ci il tarixli, ИТ-İ ******* saylı əmək kitabçasının surətindən də göründüyü kimi o, xx.xx.1992-ci il tarixdə 3 saylı Bakı Təmir Tikinti İdarəsində “katibə” işinə qəbul edilmiş və xx.xx.2005-i il tarixədək həmin müəssisədə çalışmışdır. Buna baxmayaraq həmin dövr iş stajı nəzərə alınmamışdır. Cavadeh orqan tərəfindən əsas kimi həmin idarənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması göstərilmişdir. Hesab edir ki, bu əsasla pensiya təyinatından imtina olunması əsassızdır. Çünki sözügedən idarə özəl müəssisə olsa da nizamnaməsi olmuş, vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Ona görə də o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyətcə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra iddiaçı Filiala müraciət edərək, ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçının sosial sığorta stajı əlilliyə görə pensiya təyin edilməsi üçün qanunla tələb olunan müddətdən (10 il 4 ay) azdır. Buna görə də ona müvafiq pensiya təyin edilməsi mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Deməli, xx.xx.1974-cü il təvəllüdlü iddiaçıya münasibətdə birinci dərəcəli əlilliyin müəyyən edildiyi xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasnın təyin edilməsi üçün 10 il 4 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən tamam olan 46 yaş - əmək qabiliyyəti olmayan yaş dövrü 15 yaş = 31 il; 31 il x 4 ay = 124 ay = 10 il 4 ay) tələb edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi qanunvericilik xx.xx.2006cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1992-ci il tarixdə tərtib edilmiş ИT-l № ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 3 nömrəli Bərpa Təmir Tikinti İdarəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmış (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinin tələblərinə əsasən), lakin X6 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən sözügedən müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrün iddiaçının sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Nəticə etibarı ilə iddiaçının sığorta stajı öz təsdiqini tapmadığından ona əlilliyə görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin iddia tələbinin “birdəfəlik ödənilmə” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edirlər ki, qanunvericiliyin tələblərinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, sözügedən Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensivanın ümumi məbləqi ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Buna görə qeyd olunanları nəzərə alaraq hesab edilir ki, İddiaçı “əlilliyə görə pensiya təyin edilməsi barədə” iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə doğulmuşdur. - İddiaçıya məxsus ИТ-İ1289803 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək zavodda katibə (4 ay 26 gün), xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilədək 3 №-li Bərpa Təmir Tikinti İdarəsində katibə (12 il 5 ay 27 gün) işləmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********12 №-li məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində 3 nömrəli Bərpa Təmir Tikinti İdarəsi barədə hər hansı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********968500 №-li məktubdan görünür ki, dövlət reyestrində “3 saylı Bərpa Təmir Tikinti İdarəsi”nin xx.xx.1994-cü il tarixdə 11331 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxs 2004-cü ildən hal-hazıradək intventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********961800 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 27 yanvar 1994-cü il tarixli qərarından çıxarışa əsasən X9 Təmir Tikinti Trestinin nəzdində Quba rayonu, 3 №-li Bərpa Təmir Tikinti İdarəsi hüquqi şəxs kimi qeydə alınmış və onun rəsmi fəaliyyətinə icazə verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********359900 №-li məktubdan görünür ki, dövlət reyestrində X9 Təmir Tikinti Trestinin nəzdində Quba rayonu 3 №-li Bərpa Təmir Tikinti İdarəsinin xx.xx.1994-cü il tarixdə 11331 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.1997-ci il tarixdə vergi uçotuna dayanması barədə məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim etdiyi xx.xx.1992-ci il tarixli, ИT-İ ******* saylı əmək kitabçasının surətinə əsasən ümumi sığorta stajı 4 ay 25 gün olmaqla tələb olunan müddətdən (10 il 4 aydan) azdır. Əlavə olaraq bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4 və araşdırmalar şöbəsinin xx.xx.2020-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1992-ci il tarixli ИT-İ ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş 3 saylı Bərpa Təmir Tikinti İdarəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən bildirilir ki, ona İ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2020-ci il tarixindən 150 manat məbləğində İ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. - 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. - 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-cı maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. - 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı X2 xx.xx.2020-ci il tarixində birinci dərəcəli əlillik təyin edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən İ dərəcə əlilliyə görə əmək pensiyasnın təyin edilməsi üçün 10 il 4 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən tamam olan 46 yaş - əmək qabiliyyəti olmayan yaş dövrü 15 yaş = 31 il; 31 il x 4 ay = 124 ay = 10 il 4 ay) tələb edilir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək işlədiyi 4 ay 26 günü sosial sığorta stajı kimi qəbul etsə də xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilədək işlədiyi dövrü 3 saylı Bərpa Təmir Tikinti İdarəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün mübahisələndirir və qəbul etmir. Məhkəmə tərəfindən iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilədək 3 saylı Bərpa Təmir Tikinti İdarəsində işlədiyi dövr araşdırılmış və müəyyən edilmişdir ki, X9 Təmir Tikinti Trestinin nəzdində Quba rayonu 3 №-li Bərpa Təmir Tikinti İdarəsi xx.xx.1994-cü il tarixdə 11331 nömrə ilə dövlət qeydiyyatından keçmiş və xx.xx.1997-ci il tarixdə vergi uçotuna dayanmış, həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” Qərarının: - 2-ci bəndində görə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır. - 3-cü bəndində qeyd olunmuşdur ki, “nəzərə alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixinədək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖİN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur”. Göstərilən normaların məzmunundan göründüyü kimi, hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. İddiaçının işlədiyi X9 Təmir Tikinti Trestinin nəzdində Quba rayonu 3 №-li Bərpa Təmir Tikinti İdarəsi xx.xx.1994-cü il tarixdə 11331 nömrə ilə dövlət qeydiyyatından keçsə də, xx.xx.1997-ci il tarixdə vergi uçotuna dayanmışdır. Belə olan halda iddiaçının həmin müəssisədə işlədiyi xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək müddət sosial sığorta stajı kimi nəzərə alına bilər ki, bu müddət 7 il 4 ay 18 gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasına əsasən ümumi sosial sığorta stajı 7 il 9 ay 14 gündür və bu müddət iddiaçıya İ dərəcə əlilliyə görə tələb edilən 10 il 4 aydan azdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçıya İ dərəcə əlilliyi olan şəxs kimi əlilliyə görə pensiya təyin edilməsi üçün tələb olunan sığorta stajı yetərli olmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar