Məhkəmə qərarları › İş №2-1(112)-2753/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2753/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2753/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bakı şəhəri X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı ünvan 1 ünvanındakı ümumi sahəsi 200,60 kv.m olan 44 saylı mənzilə dair Bakı şəhəri X1 adına texniki pasportun tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ I. Mübahisənin predmeti

1. İddiaçı Bakı şəhəri X2 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “ünvan 2 ünvanındakı 44 saylı mənzilə dair Bakı şəhəri X1 adına Texniki Pasportun tərtib edilərək verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Nəsimi rayonu, A.D. Qurbanov küçəsi, ev 6 ünvanındakı ümumi sahəsi 200,60 kv.m olan 44 saylı mənzilə dair Bakı şəhəri X1 adına texniki pasportun tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilsin.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanındakı 44 saylı mənzil Bakı şəhəri X1 mülkiyyətindədir. Bu barədə mülkiyyət hüquqları Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 1995-ci il tarixdə qeydiyyata alınaraq, müvafiq Qeydiyyat Vəsiqəsi verilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, mülkiyyətində olan ünvan 4 ünvanındakı 44 saylı mənzilə dair yeni Çıxarış və texniki pasportun verilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin sözügedən əmlaka dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən yeni elektron Çıxarış verilsə də, əsassız olaraq texniki pasportun verilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, sözügedən mənzildə rekonstruksiya işləri aparılaraq əlavə sahələr inşa edilmişdir, faktiki ölçüsü 27.2 kv.m-dır. Hal-hazırda qeyriyaşayış sahəsi kimi istifadə olunur. Həmçinin mənzilə dair arxiv texniki pasportu və cizgisi olmadığından texniki pasportun tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır. Mənzil 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

ƏSASLANDİRİLMA HİSSƏsi

II. İddianın növü və mümkünlüyü

6. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.1.-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddinı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 8..Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinəyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

İİİ. Tədqiq edilmiş sənədlər.

9. ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 200, 60 kv.m mənzil Bakı şəhəri X1 adına dövlət qeydiyyatına alınmışdır.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-29337/2024 **********37 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən mənzildə rekonstruksiya işləri aparılaraq əlavə sahələr inşa edilmiş, hal-hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur, həmçinin mənzilə dair arxiv texniki pasportu və cizgisi texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. 11.Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev 6, 44 saylı mənzilin dövlət qeydiyyatına alınmasına dair arxiv sənədləri məhkəməyə təqdim edilmişdir.

İV. Məhkəmənin mövqeyi

12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.

13. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinə əsasən: - 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; - 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; DƏDKR-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. - 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək DƏDKR-in hüquq və vəzifələrinə aid edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, A.D. Qurbanov küçəsi, ev 6, mənzil 44 iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Hazırda qanunvericilikdə göstərilən normalar əsasında iddiaçı mülkiyyətində olan mənzilin texniki sənədi- texniki pasportu əldə edilməsi hüququna malikdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra edərək texniki sənədin verilməsindən imtina etdiyi üçün qanunsuz hərəkətsizliyə yol vermiş, iddiaçı da pozulmuş hüquqlarının bərpası ilə yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyət qarşısında qalmışdır. Belə ki, cavabdeh qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəlikləri icra etmədikdə iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmışdır və həmin mübahisənin məhkəmədənkənar həlli qaydası (cavabdeh öhdəlkiklərini icra etməkdən boyun qaçırdığı təqdirdə) mövcud deyildir, mübahisə yalnız məhkəmə müstəvisində həll oluna bildiyi üçün iddiaçı hüquqlarının qorunması üçün və cavabdehi öz öhdəliklərinin icra etməsinə məcburetmə və təsir göstərmə vasitəsi kimi məhkəmə müdafiəsinə müraciət etmək məcburiyyətində qalmışdır.

14. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ insanın əsas ayrılmaz hüquqlarından biri olmaqla, həmin hüququn Azərbaycan Respublikasında tanınmasına və həyata keçirilməsinə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, habelə Konstitusiyaya müvafiq olaraq təminat verilir. Məhkəmə müdafiəsi hüququnun isə öz növbəsində Konstitusiyanın 12-ci maddəsinə əsasən tanınması, təmin və müdafiə edilməsi Azərbaycan dövlətinin ali məqsədi olan bütün digər hüquq və azadlıqların həyata keçirilməsinin zəruri təminatı kimi çıxış edir. Beləliklə, məhkəmə icraatı iştirakçılarının məhkəmə müdafiəsini tam həcmdə həyata keçirmələrinə, yəni ədalət tələblərinə cavab verən məhkəmə vasitəsilə hüquqlarının effektiv bərpasına təminat verilir. Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi də göstərilən konstitusiya müddəalarına uyğun olmaqla, həmin maddələrdəki müddəalar hamının qanun və məhkəmə qarşısında bərabərliyinə, hər kəsin onun mülki hüquq və vəzifələrinə dair mübahisənin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə tərəfindən həll edilməsi hüququna təminat verir. Həmin ümumi prinsip və normalar Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası qanunvericiliyinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn yuxarıda göstərilən normalarının məzmununa görə iddiaçı və cavabdeh eyni həcmdə məhkəmə müdafiəsi hüququna malikdirlər. Bu isə o deməkdir ki, iddiaçı bərabərhüquqlu tərəf kimi mülki prosesdə öz hüquqlarını müdafiə etmək imkanı ilə təmin edilməlidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na əsasən: 1.1. Bu Qaydalar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-İVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 182 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (bundan sonra - ərazi idarələri), onların rayon (şəhər) şöbələri, mobil səyyar xidmət bölmələri, “ASAN xidmət” mərkəzlərindəki və kiçik və orta biznes evlərindəki xidmət bölmələri (bundan sonra xidmət bölmələri) tərəfindən daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin qəbulu, yoxlanılması və verilməsi prosedurunu tənzimləyir. 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə tərəfindən mübahisəli ünvanda 18 fevral 2025-ci ildə yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, mənzil 4 otaq, bir mətbəx və 2 dəhlizdən ibarətdir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

- 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2. hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3. bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi əsasını iddiaçının ziyanına şərh edilməməsi kimi qiymətləndirir.

17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, A.D. Qurbanov küçəsi, ev 6 ünvanındakı ümumi sahəsi 200,60 kv.m olan 44 saylı mənzilə dair Bakı şəhəri X1 adına texniki pasportun tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

18. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

NƏTİCƏVİ HİSSƏ 19 . Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, A.D. Qurbanov küçəsi, ev 6 ünvanındakı ümumi sahəsi 200,60 kv.m olan 44 saylı mənzilə dair Bakı şəhəri X1 adına texniki pasportun tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar