Məhkəmə qərarları › İş №2-1(112)-2756/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2756/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2756/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər X18, X6, X37, X50) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X18, X6, X37 və X31 iddiaçının xüsusi mülkiyyəti olan Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, 252 B fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən **********75-10301 reyestr nömrəsi ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Sözügedən fərdi yaşayış evimdə ailə üzvləri (atası və anası ilə birlikdə) yaşayıra. Lakin yaşayış yerindən arayış alarkən iddiaçıya məlum olmuşdur ki, əmisinin ailəsi, digər qohumları iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə pasport qeydiyyatına salınmış və halhazırda da xüsusi mülkiyyətində olan evdə qanunsuz olaraq pasport qeydiyyatındadırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışla müəyyən olunur ki, üçüncü şəxslər - X18, X6, X37 və X50 xüsusi mülkiyyətim olan Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, 252 B fərdi yaşayış evimdə pasport qeydiyyatındadırlar. Üçüncü şəxslərin mülkiyyətində olan mənzildən çıxarılması ilə bağlı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Yasamal rayon Polis İdarəsi müraciətinə xx.xx.2022-ci il tarixli, 091-57395B-3222 saylı məktubla imtina etmiş və imtina məktubunda müvafiq məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12871/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X18, X6, X37, X50 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs X18 tərəfindən yazılı etiraz məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı onun qardaşı oğludur. Həmin ünvanda yerləşən ev əvvəl atası X7 məxsus olmuşdur. Ailədə 4 övlad olmuşlar. Atasının razılığına əsasən, həmin mülk bacıqardaşlar arasında bölünmüşdür. Böyük əmisi X19 özünə məxsus olan 2 otaqlı evini satıb köçmüşdür. Hazırda həmin ünvanda bacısı X4, qardaşı X20 və üçüncü şəxs X18 öz ailəsilə birlikdə yaşayırlar. Həmin ünvandakı torpaq sahəsində 1991-ci ildə iddiaçı atasının razılığı ilə özünə ev tikmişdir. Həmin vaxtdan da bu günə kimi, o ailəsi ilə birlikdə tikdiyi evdə yaşayırlar. 1969-cu ildən o, ailəsi isə 1998-ci ildən həmin ünvanda qeydiyyatdadırlar. Qardaş və bacısı ilə aralarında indiyənə kimi heç bir narazılıq olmamışdır. Lakin axır vaxtlar qardaşı İlqarın öz ailəsində münasibətləri korlanmışdır. Məhz buna görə də qardaşı oğlu Nicat onlara qarşı bu əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Evlərinin yerləşdiyi torpaq sahəsi 0,6 ha-dan ibarətdir. Onun tikdiyi ev isə 0,2 ha torpaq sahəsində yerləşir. Həmçinin bir neçə il öncə İddiaçı böyük qardaşı X14 məxsus ünvan 2 ünvanını almaq üçün məhkəməyə müraciət etmiş və məhkəmə iddianı əsassız qəbul edib rədd etmişdir. Qardaşı oğlu Nicat 0,018 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatına dair çıxarış almışdır. İndi də həmin çıxarışa əsaslanaraq, onların pasport qeydiyyatından çıxarılmalarını tələb edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X37 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü X18, xx.xx.1979-cu il təvəllüdlü X6, xx.xx.1999-cu il təvəllüdlü X37, xx.xx.2002-ci il təvəllüdlü X50 ünvan 4 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********06 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan şəxslərin sözügedən ünvan 4 ünvanında istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********88 nömrəli məktubu ilə göndərilmiş ünvana dair hüquqmüəyyənedici sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvan: ünvan 6 sahəsi X5 adına xx.xx.2019-cu il tarixdə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvan: ünvan 6 sahəsi X2 adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X4 ünvan 5: ünvan 8 ünvanında yerləşən torpaq sahəsinin 180 kv.m hissəsini X15 və 177 kv.m hissəsini X14 hədiyyə vermişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi X8 adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -AN-İ seriyalı xx.xx.2020-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X19 ünvan 9. Yeni qaydalarla: AZ1012, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, 522 nömrəli evi alıcı X1. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 9. Yeni qaydalarla: AZ1012, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 522 X25 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.018 ha torpaq sahəsi X9 adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X20 ünvan 4 ünvanında yerləşən 0.018 ha ölçüdə torpaq sahəsini İddiaçı hədiyyə etmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.018 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.018 ha torpaq sahəsində yerləşən 121.4 kv.m ölçüdə fərdi yaşayış evi İddiaçı adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 091-70918-1222 nömrəli sorğuya cavab məktubu ilə göndərilmiş fərdi uçot kartoçkasının surətindən görünür ki: -X18 yaşayış yeri Bakı şəhəri, Z.Kərimov küçəsi ev 252B ünvanı olmaqla xx.xx.2017-ci il tarixdə həmin ünvana qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 091-73391-1222 nömrəli sorğuya cavab məktubu ilə göndərilmiş fərdi uçot kartoçkalarının surətindən görünür ki: - X37 yaşayış yeri ünvan 4 ünvanına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. -X6 yaşayış yeri ünvan 4 ünvanına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 07 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, ünvan 12 ünvanında yerləşən ev İddiaçı məxsusdur və məxsusluğunu subüt edən Daşınmaz Əmlak Reysteri Xidmətinin çıxarışı (qeydiyyat nömrəsi: **********) vardır. X10 və onun ailə üzvlərinin ünvana yəni Z.Kərimov 252 B ünvanına Qeydiyyatda olması ilə bağlı məlumatlıyıq. Məhkəmənin sorğusuna cavab olaraq 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki: -ünvan 13 ünvanda X11, X12, X16, X13, X21, X33, X38, X51 yaşayır. -ünvan 14 ünvanda X19, Bağırova Hicran Ağamalı qızı, X43, X44, X45, X54, X26, X34, X39, X40 yaşayır. - ünvan 15 ünvanda: -X20, X22, İddiaçı yaşayır; -X18, X6, X35, X52 yaşayır. Məhkəmənin sorğusuna cavab olaraq 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 29 nömrəli məktubunda bildirilmişdir ki, Zaur Kərimov küçəsi 252B ünvan fərdi yaşayış evi olduğuna görə həmin evə dair hüquqmüəyyənedici sənədlər və X10 qeydiyyata alınması ilə bağlı sənədlər 56 saylı MKİS-də yoxdur. Cavabdeh Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 091-57395B-3222 nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildiririk ki, mülkiyyətçisi olduğunuz ünvan 17 ünvanından X10, X3, X23, X31 qeydiyyatdan çıxarılması ilə əlaqədar Siz mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı cavabdehə müraciət etmişdir. Məhkəmə aşağıdakılara əsasən iddianın təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qeyd edilməlidir ki, qanunun göstərilən maddəsində birbaşa olaraq mülkiyyətçinin tələbi əsasında şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır. Lakin bu hal daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etmir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə hazırkı iş üzrə iddiaçının qeydiyyatdan çıxarılma ilə bağlı tələbini aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirir: -1. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər yaşayış sahəsinə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmışdırmı; -2. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər iddiaçıya aid yaşayış sahəsində faktiki yaşayırlarmı; -3. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslərin iddiaçıya aid fərdi yaşayış evinə əmlak hüquqları mövcuddurmu. Hazırkı işdən müəyyən olunur ki, ünvan 4 ünvanında 2 fərdi yaşayış evi mövcuddur. Belə ki, ilkin olaraq Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, 252 saylı sahə ünvanında yerləşən 0.0597 ha torpaq sahəsi X5 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, daha sonra həmin torpaq sahəsi xx.xx.2019-cu il tarixdə vərəsəlik qaydasında X2 mülkiyyətinə keçmiş, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 torpaq sahəsinin 180 kv.m hissəsini X15 və 177 kv.m hissəsini X14 hədiyyə etmişdir. X8 Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252 ünvanında 177 kv.m torpaq sahəsində tikdiyi fərdi yaşayış evi ünvan 9 ünvanı ilə sonuncunun adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252 ünvanında yerləşən 0.018 ha torpaq sahəsi X9 adına xx.xx.2019-cu il tarixdə ünvan 4 ünvanı olaraq qeydiyyatdan keçmiş, daha sonra X20 xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə torpaq sahəsini oğlu İddiaçı hədiyyə etmiş, xx.xx.2021-ci il tarixdə sonuncunun adına qeydiyyat aparılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə məlumatlandırma icraatı qaydasında tikdiyi 121.4 kv.m ölçüdə fərdi yaşayış evi ünvan 4 ünvanı olaraq İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, müəyyən olunur ki, ünvan 4 ünvanı ilkin olaraq boş torpaq sahəsi üzrə X9 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, fərdi yaşayış ev ünvan kimi isə İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Hazırda ünvan 18 ünvanında yerləşən 121,4 kv.m fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və həmin ünvanda mülkiyyətçi ilə yanaşı X20, X22 qeydiyyatda olmaqla yaşayırlar. Eyni zamanda mübahisəli ünvanda yerləşən digər fərdi yaşayış evi X18 və onun ailə üzvləri X6, X35, X52 qeydiyyatda olmaqla yaşayırlar. X10 yaşadığı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlakdır. Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsində eyni ünvan göstəricisinə malik - 252B nömrəsi altında iki ayrı fərdi yaşayış evi var. İddiaçının qeydiyyatdan çıxarmaq istədiyi şəxslər X18 və onun ailə üzvləridir. Üçüncü şəxslərin yaşadıqları evə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməsə də həmin ünvanda xx.xx.2017-ci il tarixdən qeydiyyatda olmaqla yaşayırlar. Məhkəmə yuxarıda sadalanan qeydiyyatdan çıxarma ilə bağlı halları hazırkı işə tətbiq etdikdə müəyyən edir ki, iddiaçının üçüncü şəxsləri ünvan üzrə qeydiyyatdan çıxarması üçün tələb olunan şərtlər ödənilmir. Belə ki: -1. Üçüncü şəxslər mülkiyyətçinin razılığı əsasında sözügedən ünvana qeydiyyata düşməmişdirlər. Üçüncü şəxs X18 və ailəsi mübahisəli 252B ünvanına həmin ünvan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı vaxt, xüsusən də iddiaçının adına fərdi yaşayış evi qeydiyyata alınmadığı vaxt -xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışlar. -2. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, X17 aid fərdi yaşayış evində faktiki yaşayırlar. -3. Üçüncü şəxslər iddiaçıya məxsus evlə bağlı əmlak hüquqlarına malik deyillər, özlərinin yaşadıqları fərdi yaşayış evinə əmlak hüquqlarına iddia edə bilərlər. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırkı halda üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onlara məxsus ayrı evdə yaşayırlar və yaşadıqları evin ünvanı üzrə qeydiyyatdadırlar. Nəzərə alınsa ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmamalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Məhkəmə qeyd olunan normaların tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ olduğu halda bu imkandan istifadə etməməsi və əmlakın məhz ünvan 20 ünvanı üzrə qeydiyyata alınması üçüncü şəxslərin 2017-ci ildən qeydiyyatda olduqları ünvandan iddiaçının tələbi ilə qeydiyyatdan çıxarılmalarına əsas vermir. Bundan əlavə, izah edilir ki, bu hal iddiaçının ünvanın dəyişməsi ilə bağlı müvafiq ünvan reyestrini həyata keçirən inzibati orqana müraciət etmək və yeni ünvan göstəricilərinə malik dövlət reyestrindən çıxarış əldə etmək imkanını da məhdudlaşdırmır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar