Məhkəmə qərarları › İş №2-1(112)-2757/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2757/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2757/2023 02.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı uşağın doğumunun qeydə alınması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Saleha Mirzaməhəmməd qızı ilə birgə nikahlarından xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikasında doğulmuş uşaqlarının doğumunun soyadı - Taheri, adı – Ali Sajjad, atasının adı - Mohammad Hasan, ana adı – Saleha kimi dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ididaçı cavabdehə ərizə ilə müraciət edərək, övladının doğumunun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh 1 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsi ərizənin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, uşağın anasının şəxsiyyətini təsdiq edən pasport olmadığına görə müraciətin təmin edilməsi mümkün deyildir. Bununla razılaşmayaraq bildirir ki, onlar – Əfqanıstan İslam Respublikasının vətəndaşları İddiaçı (xx.xx.1976-cı il təvəllüdlü, Əfqanıstan doğumlu) və Saleha Mirzaməhəmməd qızı (xx.xx.1988-ci il təvəllüdlü, Əfqanıstan doğumlu) Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində olmaqla BMT QAK tərəfindən verilmiş ***-*******2 və 786 – 00016133 qeydiyyat nömrəli indentifikasiya kartı daşıyıcılarıdırlar və 2014-cü ilin dekabr ayından Azərbaycan Respublikasında yaşayırlar. Əfqanıstan İslam Respublikasında verilmiş 10 noyabr 2014-cü il tarixli 2/74 saylı nikah şəhadətnaməsi ilə təsdiq olunur ki, onlar 03 yanvar 2008-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahlarından sonra 20 oktyabr 2016-cı il tarixində Ali Sajjad adını verdikləri övladları doğulmuşdur. Uşağın valideynləri kimi onların şəxsiyyətini təsdiq edən sənədlər Əfqanıstan İslam Respublikasının X2 Mohammad Hasana verdiyi 04 mart 2021-ci il tarixli P02653056 nömrəli pasport (04 mart 2026-cı ilədək qüvvədədir) və Əfqanıstan İslam Respublikasının verdiyi bütün ailə üzvləri barədə məlumatları özündə əks etdirən 12 noyabr 2014-cü il tarixli OA ******* nömrəli (12 noyabr 2023-cü il tarixədək qüvvədədir) pasport, həmçinin BMT QAK tərəfindən onlara verilmiş qaçqının himayə vəsiqələridir. Əfqanıstan İslam Respublikasının verdiyi 12 noyabr 2014-cü il tarixli OA ******* nömrəli (12 noyabr 2023-cü il tarixədək qüvvədədir) pasportda həyat yoldaşı Saleha barədə də, məlumatlar (ad, doğum tarixi, doğum yeri) əks olunmuşdur. Hazırda həyat yoldaşına ayrıca pasport alınması obyektiv səbəblərdən mümkün deyildir. Belə ki, Əfqanıstanda 2021-ci ilin avqustundan etibarən yaranmış məlum yeni siyasi, inzibati-hərbi vəziyyətlə əlaqədar olaraq səfirliklərin fəaliyyətində durğunluq yaranmışdır. Əfqanıstanın bir çox ölkədə, o cümlədən, Azərbaycan Respublikasındakı səfirliyi uzun müddətdir ki, öz fəaliyyətlərini dayandırmışdır. Yalnız bu yaxınlarda səfirlik fəaliyyətini qismən bərpa edib. Təəssüf ki, hazırda həmin xidmətlərə yeni pasportların verilməsi ümumiyyətlə daxil deyil. Səfirlik sadəcə ən son (müasir elektronik sistemlə) verilmiş pasportlardan vaxtı bitənlərin müddətini uzadır. Arvadı Salehaya yeni pasportu yalnız yeni pasportların verilməsi bərpa olunandan sonra əldə edə bilərlər. Əfqanıstan dövlətinin digər bir çox səfirlikləri kimi Azərbaycandakı səfirliyinin də, bu fəaliyyətini nə zaman bərpa edəcəyi hələlik qeyri-müəyyən müddətə təxirə salınıb. Bu qeyri-müəyyənlik isə uşağın hüquqlarına xələl gətirir və uşaq hüquqlarının qorunması prinsipinə ziddir. Hazırda onların iradələrindən asılı olmadan yaranmış obyektiv qarşısıalınmaz vəziyyəti nəzərə alraaq, eləcə də, yerli və beynəlxalq hüquq normalarına əsasən hesab edirlər ki, övladlarının doğumu Əfqanıstan İslam Respublikasının verdiyi 12 noyar 2014-cü il tarixli OA ******* nömrəli (12 noyabr 2023-cü il tarixədək qüvvədədir) pasportda həyat yoldaşı Saleha barədə də qeyd olunmuş məlumatlar və BMT QAK tərəfindən ona verilmiş ***- *******3 qeydiyyat nömrəli qaçqının himayə vəsiqəsi əsasında dövlət qeydiyyatına alına bilər. Qanunvericilik qaçqın statusunda olan şəxslərə müəyyən müstəsna hüquqlar təsbit etmişdir ki, bunlardan biri də onların şəxsiyyətinin qaçqın vəsiqəsi ilə müəyyən eidlməsidir. Belə olan halda da, hesab edirlər ki, iddiaçıdan yuxarıda qeyd olunan pasport və vəsiqələrdən əlavə pasportun da tələb edilməsi əsassızdır. Göstərilənlərdən məlum olur ki, hazırki iş üzrə cavabdeh olan inzibati orqan öz öhdəliyini icra etməkdən imtina etmişdir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı, “Qaçqınların statusu haqqında” Konvensiyanın 8-ci, 12.2-ci, və 25-ci maddələrinə istinad edilmişdir Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən ididaçının nümayəndəsi və vəkili idida ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətindən 05 iyul 2022-ci il tarixli, 05/o-521/15 nömrəli məktubla imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə əsaslıdır. Belə ki, işdə olan cavabdeh tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli, 05/o-521\15 nömrəli imtina məktubundan görünür ki, təqdim edilmiş sənədlərdə uşağın anasının şəxsiyyətini təsdiq edən pasport olmadığına görə müraciətini təmin etmək mümkün deyildir. Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2003-cü il tarixli 145 saylı Qaydaların 2.7-ci maddəsinə əsasən valideynlərin birinin sənədlərini üzrlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadıqda qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması tələb olunur. Ərizənin təmin olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş Əfqanıstan İslam Respublikasının P02653056 nömrəli xarici pasportun surətindən görünür ki, Əfqanıstan Respublikasının vətəndaşı Məhəmmədhəsən Tahiri 19 iyun 1976-cı il tarixdə doğulmuş, Əfqanıstan Ğəzni vilayətində doğulmudur. Pasport 04 mart 2021-ci il tarixdə verilmiş, 04 mart 2026-cı il tarixədək qüvvədədir. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş Əfqanıstan İslam Respublikasının OA1688985 nömrəli xarici pasportun surətindən görünür ki, Əfqanıstan Respublikasının vətəndaşı Salihə XXX 04 fevral 1988-ci il tarixdə doğulmuş, Əfqanıstan Ğəzni vilayətində doğulmudur. Pasportun müddəti xx.xx.2023-cü il tarixədək ödənilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş qaçqının himayə sənədindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X3çqının himayə vəsiqəsi verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş qaçqının himayə sənədindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Saleha Faiziyə qaçqının himayə vəsiqəsi verilmişdir. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş Əfqanıstan İslam Respublikasının Nikah sənədindən görünür ki, Salihə və Məhəmmədhəsən xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş AZS-103 nömrəli “Doğum haqqında tibbi şəhadətnamə”nin surətindən görünür ki, Azərbaycan Respublikası, Sumqayıt şəhərində, xx.xx.2016-cı il tarixdə kişi cinsində uşaq anadan olmuş, ana qrafasında X8 Muhammad, ana qrafasında X6 Qasem Ali, ailə vəziyyəti “evli” göstərilmişdir. İşdə olan 22 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş 4072 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü oğlu X9 xx.xx.2016cı il tarixdən 22 nömrəli Uşaq Poliklinikasında tibbi qeydiyyatdadır. Beləliklə iş materiallarıda olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı və onun arvadı hər ikisi Əfqanıstan İslam Respublikasının vətəndaşıdırlar. Onlar xx.xx.2008ci il tarixdən rəsmi nikaha daxil olmuşlar. Hal-hazırda BMT QAK-ın himayəsindədirlər və buna dair onlara qaçqının himayə vəsiqəsi verilmişdir. Onların pasportları hazırda etibarlıdır. Onların birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhərində oğlan uşağı doğulmuşdur və valideynləri tərəfindən uşağa Ali Sajjad adı verilmişdir. Uşağın 20 oktyabr 2016-cı il tarixdə Sumqayıt şəhərində yerləşən xəstəxanada anadan olmasına dair doğum haqqında tibbi şəhadətnamə verilsə də, lakin bu günədək onun doğumu qeydə alınaraq, buna dair doğum haqqında şəhadətnamə verilməmişdir. İddiaçı uşağın doğumunun qeydə alınaraq, buna dair doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətdən uşağın valdieynlərinin şəxsiyyətini təsdiq edən səndələrin təqdim olunmaması səbəbindən imtina edilmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçılara imtina edilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. “Qaçqınların statusu haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən Razılığıa gələn Dövlətlər xarici dövlət vətəndaşlarının əmlakı və mənafeləri barədə tətbiq edilə bilən müstəsna tədbirləri rəsmən həmin dövlətin vətəndaşları olan qaçqınlar barədə yalnız onların vətəndaşlığını əsas götürməklə tətbiq etməyəcəklər. Bu maddədə ifadə edilən ümumi prinsipin tətbiqinə yol verməyən qanunvericiliyi olan Razılığa gələn Dövlətlər müvafiq hallarda bu cür qaçqınların mənafeyi naminə istisnalar müəyyənləşdirəcəklər. “Qaçqınların statusu haqqında” Konvensiyanın 12.2-ci maddəsinə əsasən qaçqının şəxsi status ilə bağlı əvvəllər əldə etdiyi hüquqlara, o cümlədən nikahdan irəli gələn hüquqlara, o cümlədən nikahdan irəli gələn hüquqlarına Razılığa gələn Dövlətlər tərəfindən bu dövlətin qanunları ilə müəyyənləşdirilmiş rəsmiyyət lazım gələrsə, həmin rəsmiyyət icra edildikdən sonra riayət olunacaqdır, bir şərtlə ki, müvafiq hüquq həmin şəxs qaçqın olmasaydı, onun bu dövlətin qanunları ilə tanına bilən hüquqlarından biri olsun. “Qaçqınların statusu haqqında” Konvensiyanın 25-ci maddəsinə əsasən qaçqınların hər hansı hüquqdan istifadə etməsi üçün onların müraciət edə bilmədikləri xarici dövlətin hakimiyyət orqanlarının köməyinin tələb olunduğu hallarda bu qaçqınların öz ərazisində yer vermiş Razılığa gələn Dövlətlər tədbirlər görəcəklər ki, həmin dövlətin hakimiyyət orqanları və ya hər ahsnı beynəlxalq qurum onlara bu cür kömək göstərsinlər. Göstərilən hakimiyyət orqanları və ya beynəlxalq qurum qaçqınları vətəndaşı olduqları dövlətlərin hakimiyyət orqanları tərəfindən və ya onların vasitəsilə adətən əcnəbilərə verilən sənədlər və vəsiqələr ilə təchiz edəcək, yaxud öz nəzarətləri altında bunu təmin edəcəklər. Bu qaydada verilən sənədlər və ya vəsiqələr vətəndaşı olduqları dövlətlərin hakimiyyət orqanları tərəfindən və ya onların vasitəsilə əcnəbilərə verilən rəsmi sənədləri əvəz edəcək və onların etibarsızlığı sübut olunmadıqca etibarlı sayılacaqdır. Qanunvericiliyin normalarından göründüyü kimi, qanunvericilik qaçqın statusunda olan şəxslərə müəyyən müstəsna hüquqlar təsbit etmişdir ki, bunlardan biri də onların şəxsiyyətinin qaçqın vəsiqəsi ilə müəyyən edilməsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166-cı maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. İş materiallarında olan doğum haqqında tibbi şəhadətnamə əsasında iddiaçının Sumqayıt şəhərində yerləşən xəstəxanada xx.xx.2016-cı il tarixdə kişi cinsində uşağın doğulması təsdiq olunur. Lakin işin hallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»na istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Həmin Qaydaların 1.10-cu bəndinə əsasən doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən valideynlərin birinin sənədlərini üzürlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadıqda Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması tələb olunur. Hazırki halda iddiaçı və onun arvadı hər ikisi BMT X1 himayəsində olan şəxslər olmaqla, Azərbaycan Respublikasının ərazisində yaşayırlar. X7 Xidmətinin Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən verilmiş arayışlara əsasən olduqları yer üzrə qeydiyyata alınmışlar. Hazırda iddiaçının və onun arvadının şəxsiyyətini müəyyən edən sənəd himayə sənədidir. Həmin himayə sənədi üzrə iddiaçı və onun arvadının şəxsiyyəti müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, uşağın doğumun qeydə alınmaması üçün qanunvericliklə müəyyən edilmiş hər hansı əsas olmadığı halda, cavabdeh tərəfindən uşağın doğumun qeydə alınaraq, buna dair doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə X5 birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasında doğulmuş övladlarının “soyadı Taheri, adı Ali Sajjad, atasının adı Mohammad Hasan, ana adı Saleha qeyd olunmaqla” doğumunun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh 1 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar