Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2760/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı şəhid ailəsi vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona şəhid ailəsi vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16.12.1991-ci il tarixdə X8 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan uşaqları olmamışdır. X8 Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 288 və 139 saylı tam orta məktəblərdə kimya-biologiya müəllimi işləmişdir. X8 1992-ci ildə könüllü olaraq hərbi xidmətə getməklə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdərə, Kəlbəcər rayonu və Kəlbəcər rayonu, Yanşaq kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olduqdan sonra onun nəşi uzun müddət Kəlbəcər rayonu, Yanşaq kəndində qalmış, yalnız 27.01.1994-cü il tarixdə sözügedən ərazi Azərbaycan döyüşçüləri tərəfindən işğaldan azad edildikdən sonra oradan götürülmüş və 28.01.1994-cü il tarixdə həmin dövrdə fəaliyyət göstərən Qaradağ rayon Hərbi Komissarlığına gətirilmişdir. Daha sonra X6 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olduğu üçün şəhid statusu verilmiş, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 139 saylı tam orta məktəb onun adına əbədiləşdirilmişdir. X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olduğu tarixdə o onun rəsmi nikahlı arvadı statusunda olmuşdur. Ərizəyə əlavə edilmiş Qaradağ rayon Qeydiyyat Şöbəsinin arayışından da göründüyü kimi hal-hazırda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində onun hər hansı bir şəxslə nikahı haqqında akt qeydi aşkar olunmamışdır. O, şəhid ailəsi statusunun verilməsi ilə bağlı Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmiş və sözügedən inzibati orqan tərəfindən yazılı müraciətinə verilmiş əsaslandırılmış cavabda inzibati icraat zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsindən daxil olmuş 05.08.2020-ci il tarixli, 936 nömrəli məktubuna əsasən mərhum əri X5 ehtiyatda olan baş leytenant olduğu üçün ona şəhid ailəsi statusunun verilməsinin həmin qurumun səlahiyyətləri xaricində olduğu qeyd edilmiş və bu səbəbdən də göstərilən məsələ ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməyi tövsiyyə olunmuşdur. Daha sonra o göstərilən məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və həmin inzibati orqan tərəfindən müraciətinə verilmiş cavabda X5 şəhid hesab edilməsi qeyd olunaraq ona “şəhid ailəsi statusu”nun verilməsi üçün yaşadığı ərazi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsinə müraciət etməsini tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məktubuna müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dost Agentliyinin 1 saylı Bakı Dost Mərkəzinə müraciət etsə də 1 saylı Bakı Dost Mərkəzi müraciətini ətraflı araşdırmadan, bu məsələni birbaşa və dəqiqliklə tənzimləyən müvafiq bir normaya istinad etmədən ona şəhid ailəsi vəsiqəsinin verilməsindən əsassız olaraq imtina etmişdir. Nəticədə onun hüquqları pozulmuşdur. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi öhdəliyini icra edilməsində, o cümlədən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olmuş məcburetmə haqqında iddiaya uyğun olaraq DOST Agentliyi mövcud xidmətin göstərilməsində, həmçinin yuxarıda qeyd olunan işdə tərəf qismində iştirak etməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. İddiaçı şəhid ailəsi vəsiqəsinin verilməsinə dair iddia tələbi üzrə DOST Agentliyi cavabdeh şəxs qismində çıxış etmədiyindən İddiaçı iddia tələbi inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən mümkünsüz sayılmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. - Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.09.2020-ci il tarixli, 826/69 №-li arayışdan görünür ki, X8 və X1 nikahı haqqında 16 dekabr 1991-ci il tarixdə 604 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Qaradağ rayon Qeydiyyat Şöbəsidir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. X5 ölümü 04.03.1994-cü il tarixli, 48 №-li aktla Bakı şəhər Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. - Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən təkrar verilmiş 18.03.2020-ci il tarixli, AZ-İİ 073105 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X8 03 yanvar 1994-cü ildə Kəlbəcər uğrunda döyüşlərdə həlak olmuşdur. - Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.09.2020-ci il tarixli, 828/69 №-li arayışdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı 03 avqust 1971-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş İddiaçı ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 18 sentyabr 2020-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, İddiaçı nikahı haqqında akt qeydi aşkar olunmamışdır. X7 ilə Qaradağ rayon qedyiyyat şöbəsində 05.09.1995-ci il tarixli, 181 saylı aktla nikah və həmin şəxslə nikahın pozulması Qaradağ rayon qeydiyyat şöbəsində 15.03.2013-cü il tarixli, 55 saylı aktla qeydə alınmışdır. - Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini tərəfindən iddiaçıya ünvanlanmış 17.08.2020-ci il tarixli, Ö-1-055 №-li məktubdan görünür ki, ona şəhid statusu haqqında arayışın verilməsi barədə rayon icra hakimiyyətinə ünvanlanmış müraciətinə tərəflərindən baxılmışdır. Müraciəti ilə bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, onun mərhum həyat yoldaşı X8 04 mart 1994-cü ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Bildirilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli, 10 saylı Qərarının 4.1-ci bəndinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Lakin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsindən daxil olmuş 05.08.2020-ci il tarixli, 936 nömrəli məktubuna əsasən onun mərhum həyat yoldaşı E.N.Həsənov ehtiyatda olan baş leytenant olduğu üçün o şəhid statusu haqqında arayış verilməsi rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir. Şəhid statusu haqqında arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyi tövsiyyə olunur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 14.09.2020-ci il tarixli, 1/Ö-12095 №-li məktubdan görünür ki, Müdafiə Nazirliyində tərtib edilmiş “1997-ci ilin avqust ayının 2-nədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş zabit və gizirlərin ümumi Siyahısı”nda olan məlumata əsasən (98-ci bənd) mərhum həyat yoldaşı, N nömrəli hərbi hissənin motoatıcı bölük komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində, leytenant rütbəsində xidmət keçmiş X5 3 yanvar 1994-cü il tarixində Kəlbəcər döyüş zonasında xidməti vəzifələrinin icrası zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli, 10 saylı Qərarına əsasən X8 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olduğuna görə şəhid hesab edilir. Həmin Qərarın 4-cü bəndinə əsasən “Şəhid ailəsi statusu”nun verilməsi üçün yaşadığı ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinə müraciət etməyi xahiş olunur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış 09.10.2020-ci il tarixli, **********0 №-li məktubdan görünür ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli, 10 saylı Qərarının 2ci bəndinə əsasən şəhid ailəsi üzvü ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr hesab olunur. X2 ilə təkrar nikaha daxil olmağı və 15 mart 2013-cü il tarixdə nikahın pozulması faktı müəyyən olunmuşdur. Bunu nəzərə alaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli, 10 saylı Qərarının 2-ci bəndinə əsasən o şəhid ailəsi üzvü hesab edilmədiyinə görə onun müraciətini təmin etmək mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli, 10 saylı Qərarının: - 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. - 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə görə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (bundan sonra – Agentlik) “DOST” mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin (bundan sonra – xidmətlər) “DOST” mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 1.2-ci bəndinə əsasən Agentlik Nazirliyin tabeliyində fəaliyyət göstərir. - 2.1-ci bəndinə görə Agentliyin fəaliyyətinin məqsədi “DOST” mərkəzlərində xidmətlər göstərilməsini təşkil etməkdən, “DOST” mərkəzlərini idarə etməkdən, onların fəaliyyətinə nəzarəti və fəaliyyətinin qiymətləndirilməsini həyata keçirməkdən, müvafiq sahədə hüquqi və fiziki şəxslərə təqdim olunan xidmətlərin inkişafı, təkmilləşdirilməsi və həmin xidmətlərin göstərilməsində şəffaflığın artırılması ilə bağlı tədbirlər görməkdən ibarətdir. - 2.2-ci bəndinə əsasən Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.2.1. “DOST” mərkəzlərini idarə etmək, onların fəaliyyətinə nəzarəti və fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək; 2.2.2. “DOST” mərkəzlərində xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi üçün tədbirlər görmək; 2.2.3. “DOST” mərkəzlərinin inkişafını, həmin mərkəzlərdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini, onların elektron qaydada həyata keçirilməsini və təkmilləşdirilməsini, habelə innovasiyaların tətbiqini təmin etmək; 2.2.3-1. övladlığagötürmə sahəsində bu Nizamnamə ilə müəyyən edilən vəzifələrin icrasını təmin etmək; 2.2.4. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədilə tədbirlər görmək. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ona “şəhid ailəsi vəsiqəsi”nin verilməsi üçün yaşadığı ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumuna deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı təsdiq edilmiş və həmin siyahıda “şəhid ailəsi vəsiqəsi”nin verilməsi kimi xidmət nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən İddiaçı müraciətinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumu tərəfindən baxılmalı və həmin qurumun hərəkət və ya hərəkətsizliyi məhkəmə qaydasında mübahisələndirilməlidir. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumu ilə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçının nümayəndəsi və vəkili buna öz razılığını bildirməyərək məhkəməyə təqdim edilmiş tələb üzrə işə baxılmasını təkid etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinin tələblərinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsl olmayan, yəni iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldiyindən, iş üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən iddiaçının hüquqlarının və qanunla qorununan maraqlarının pozulması hallarına yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2760/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2760/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver