Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2760/2023 14.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı «iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu RPİ-yə qarşı «iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində qeyd edilir ki, iddiaçı (İddiaçı) ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınma ilə bağlı cavabdeh inzibati orqan Bakı şəhəri Sabunçu RPİ-yə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci maddələrinə, İPM-in 2.1, 34.1-ci maddələrinə əsaslanaraq, onun (iddiaçının) ünvan 1 ünvanına qeydiyyatına alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işn faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə dair order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi, habelə yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etmədiyindən, cavabdeh Bakı şəhəri Sabunçu RPİ-nin onun həmin evə qeydiyyata alınması üzrə müraciəti ilə bağlı hərəkətləri və ya imtinası qanuna zidd sayıla bilməz. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, iddiaçının fərdi yaşayış evinə münasibətdə təqdim etdiyi yeganə sənəd qismində “Evlərin alqı-satqısı” müqaviləsi təşkil edir ki, həmin sənədin əsli və ya daşınmaz əmlakın dövlət reyestrindən keçməsi, o cümlədən notarial qaydada təsdiq olunması müəyyən olunmur. Bununla bağlı məhkəmə aşağıdakiları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqısatqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Məhkəmə icraatı zamanı iddiaçı tərəfindən təqdim olunuş evlərin alqı-satqı müqaviləsi isə nəinki notarial qaydada təsdiq edilmiş, ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Bu isə həmin müqavilənin hazırki mübahisə üzrə iddiaçıların iddia etdikləri daşınmaz əmlaka yaşayış yeri üzrə qeydiyyata alınması üçün dəlil qismində çıxış etmədiyini göstərir. İddiaçı tərəfindən kommunal ödənişlərin həyata keçirilməsidə hər bir halda şəxsin daşınmaz əmlaka münasibətdə gözlənilən mülkiyyət hüquqlarının yarandığına dəlalət etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, kommunal ödənişlərə dair qəbzlərin olması iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas vermir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı «iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı «iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2760/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2760/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver