Məhkəmə qərarları › İş №2-1(112)-2761/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2761/2023

11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2761/2023 11.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması bardə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 üvanında yerləşən bağ sahəsinin qalan 590 kv.m sahəsinə dair hüquqların qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum X3nın vərəsəsidir. X3 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı Bakı şəhəri 39 saylı Notariat ofisinə mərhum X3ndan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Notariat ofisinin notariusu tərəfindən vərəsəlik dairəsi müəyyən edilərkən iddiaçı mərhum anasının vərəsəsi hesab edildiyi üçün notarius tərəfindən ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə məktub göndərildi. Eyni zamanda da iddiaçı daşınmaz əmlaka dair hüquqların qeydiyyata alınmasına dair digər hüquqmüəyyəedici sənədlərlə birlikdə 1 saylı Ərazi İdarəsinə müraciət etmiş və imtina almışdır. Təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 7E-53/38149 reyestr nömrəli razılıq ərizəsində qeyd olunmuşdur ki, X14 Bakı şəhəri. Sabunçu rayonu, Albalı-2 ünvanında yerləşən 498 saylı bağın 1000 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 410 kv.m-nin özəlləşdirilməsinə etiraz etmir. Həmin razılıq ərizəsinə əsasən torpaq sahəsinin 410 kv.m hissəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan özəlləşdirilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 (Vişniyovka- 2) bağlar sahəsindən yerləşən 498 saylı bağın 1000 kv.m sahəsi 28 dekabr 1998-ci il tarixdən 4 saylı order əsasında anası mərhum X12 verilmişdir. 2013-cü ilin avqust ayında anası həmin sahənin özəlləşdirilməsi və mülkiyyət sənədi almaq müvafiq hərəkətlərin icra edilməsini etibarnamə ilə X4 etibar etmişdir. Cəlilova Zərifə də anasının sağlığında həmin bağ sahəsini 410 kv.m hissəsini anasının adına özəlləşdirərək çıxarış almış və xx.xx.2014cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2. Anasının vəfatından sonra anası tərəfindən verilən etibarnamə qüvvədən düşdüyü üçün sonra X9 bağ sahəsinin yerdə qalan 590 kv.m sahəsinə dair hər hansı fəaliyyət həyata keçirə bilməmişdir. Odur ki, yerdə qalan 590 kv. m torpaq sahəsinə dair hər hansi fəaliyyəti həyata keçirmək anasının vərəsəsi kimi iddiaçının hüququdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, torpaq sahəsi faktiki olaraq sənəd üzrə olan sahədən azdır. Yaranmış zərurətlə əlaqədar torpaq sahəsinin sənəd üzrə olan ölçüdən az hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməsi tövsiyə olunmuşdur. Təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 7E-53/38149 reyestr nömrəli razılıq ərizəsində qeyd olunmuşdur ki, X14 Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 ünvanında yerləşən 498 saylı bağın 1000 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 410 kv.m-nin özəlləşməsinə etiraz etmir. Həmin razıhq ərizəsinə əsasən göstərilən torpaq sahəsinin 410 kv.m hissəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********54 saylı cavab məktubları ünvanlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən əlavə torpaq sahəsi qonşu hissədə ayrı hasar daxilində yerləşir və qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olmasını elektron bazaya əsasən müəyyənləşdirmək mümkün olmamışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Qeyd eidlənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Vişnyovka-2 bağlar sahəsi 498 saylı bağ sahəsindən qalan 585 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 315 nömrəli məktuba əsasən X8 xx.xx.2016-cı il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə Sizə məlumat verilir. ünvan 5 ünvanında yerləşən 590 kv.m torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərin surətindən görünür ki: -Bakı şəhər İcra Hakimiyyəti Aparatının X6 və İstismarı Birliyinin 4 nömrəli orderinə əsasən X12 Bakı şəhər İcra Hakimiyyətinin 28 dekabr 1998-ci il tarixli 130 nömrəli qərarına əsasən Vişnyovka-2 bağlar sahəsində 34 nömrəli BTK nəzdində 0,10 ha torpaq sahəsi, 498 nömrəli bağ ayrılmışdır. -X14 (etibarnamə üzrə nümayəndə X9) notarial qaydada təsdiq edilmiş xx.xx.2013cü il tarixli ərizəsində bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 498 saylı bağın 1000 kv.m torpaq sahəsndən faktiki istifadəsində olan 410 kv.mnin özəlləşməsinə etiraz etmir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.041354 ha ölçüdə 498 saylı bağ sahəsi X8 adına, xx.xx.2014cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində 498 saylı bağ evinin tikintisi üçün X8 adına A seriyalı xx.xx.2014-cü il tarixli, 38034 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. -AN seriyalı, xx.xx.2014-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X14 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 498 saylı 0.041354 ha ölçüdə bağ sahəsini alıcı X2. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.041354 ha ölçüdə 498 saylı bağ sahəsi X10 adına, xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -AN seriyalı, xx.xx.2019-cu il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X15 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.041354 ha ölçüdə 498 saylı bağ sahəsini alıcı X11 satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.0413 ha ölçüdə 498 saylı bağ sahəsi X7 adına, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2014-cü il tarixli əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində 498 saylı bağ evi ilə əlaqədar xx.xx.2014-cü il tarixdə ********** nömrəsi ilə X8 adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ilkin qeydiyyat aparılmışdır. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1000 kv.m, faktiki 413,0 kv.m, bağ sahəsi hər tərəfdən mişar daşla hasarlanmış, sahədə A birmətəbəli yaşayış evi, İ natamam tikili, İİ kölgəlik vardır. A-37.1 kv.m, İ- 92.7 kv.m, İİ -22.1 kv.m. Həmin məktubla göndərilmiş xx.xx.2022-ci il tarixli əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində 498 saylı bağ torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.041352 ha, faktiki 0.1 ha. Torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır, 2 ayrı hissədən ibarətdir. Bağ evi və köməkçi tikili inşa edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********42 nömrəli məktubunda idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır, sahəsi 585 kv.m təşkil edir. Darvaza yoxdur, giriş sərbəstdir. Bağ sahəsində yarımçıq tikililər mövcuddur. Bundan əlavə sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmamışdır. Həmçinin bağ sahəsi koordinat sistemində verilməmişdir. Bu səbəblərdən qeyd olunan sualın cavablandırılması tərəfimizdən mümkün olmamışdır. Qonşu hasar daxilində yerləşən özəl 498 saylı bağ sahəsi Ləğv olunmuş X17 Komitəsinin kadastr planına əsasən qeydiyyatdan keçmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qonşu bağ nömrələri 498, 34/5 saylı bağlardır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarilxi 3-21-3-30/2-26848/2023 saylı məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən 498 saylı bağ sahəsi 34 saylı BTK nəzdində 4 saylı order əsasında qeydiyyata alınmışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan hissədə sxematik xəritədə bağ nömrəsi qeyd olunmamışdır. Həmin məktubla göndərilmiş əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, yerli baxış zamanı məlum oldu ki, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, sahəsi 585 kv.m təşkil edir Darvaza yoxdur, giriş sərbəsdir. Bağ sahəsində İ və İİ yarımçıq həyət tikilisi var. Bağ sahəsinin cizgisi və koodinatları ərizəyə əlavə olundu. Sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxemnınə uyğun) aparılmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən qeyd olunan sualı dəqiq cavablandırmaq mümkün olmadı. Məsələ ilə bağlı bildirilir ki, qonşu hasar daxilində yerləşən özəl 498 saylı bağ sahəsi ləğv olunmuş DT və XK-nin kadastr planına əsasən qeydiyyatdan keçmişdir. Həmçinin qeydiyyat zamanı vətəndaş tərəfindən bağ sahəsinin azalmasına dair notarial razılıq ərizəsi təqdim olunmuşdur. Qeyd olunan sualların kadastr sektorunda elektron baza məlumatlarına əsasən cavablandırılması məqsədə uyğundur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********54 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair idarəyə daxil olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2014-ci il tarixli ərizə idarədə qanuna müvafiq qaydada araşdırılmış və məlum olmuşdur ki, torpaq sahəsi faktiki olaraq sənəd üzrə olan sahədən azdır. Yaranmış zərurətlə əlaqədar torpaq sahəsinin sənəd üzrə olan ölçüdən az hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməsi tövsiyə olunmuşdur. Təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 7E-53/38149 reyestr nömrəli razılıq ərizəsində qeyd olunmuşdur ki, X14 Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 ünvanında yerləşən 498 saylı bağın 1000 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 410 kv.m-nin özəlləşməsinə etiraz etmir. Həmin razılıq ərizəsinə əsasən göstərilən torpaq sahəsinin 410 kv.m hissəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı mərhum X8 vərəsəsi olmaqla sonuncunun adına verilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının X6 və İstismarı Birliyinin 4 nömrəli orderinə əsasən Bakı şəhəri, Vişnyovka-2 bağlar sahəsi 498 saylı bağ sahəsindən 585 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh sözügedən bağ sahəsinin 1000 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 410 kv.m-nin özəlləşməsinə dair notarial ərizə təqdim edildiyini, bununla da torpaq sahəsinin faktiki olaraq sənəd üzrə olan sahədən az olduğuna istinad edərək müraciətin təminindən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin 28 dekabr 1998-ci il tarixli 130 nömrəli qərarı ilə X12 Vişnyovka-2 bağlar sahəsində 34 nömrəli BTK tərkibində Bakı şəhər İcra Hakimiyyəti Aparatının X6 və İstismarı Birliyinin 4 nömrəli orderinə əsasən 0,10 ha ölçüdə 498 nömrəli bağ torpaq sahəsi ayrılmışdır. X14 xx.xx.2013-cü il tarixində etibarnamə üzrə nümayəndəsi vasitəsilə verdiyi ərizədə 1000 kv.m torpaq sahəsindən 410 kv.m-nin özəlləşməsinə etiraz etməmiş, nəticə etibarı ilə xx.xx.2014-cü il tarixdə 498 saylı bağ sahəsi 0.041354 ha ölçüdə X8 adına ilkin qeydiyyata alınmış və sonradan həmin ölçüdə bağ sahəsi X7 adına özgəninkiləşdirilmişdir. Hazırda iddiaçı X8 vərəsəsi olmaqla sözügedən 498 nömrəli bağ torpaq sahəsindən qalan və faktiki istifadəsində olan 585 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun X12 məxsus olması barədə arayışın verilməsini mübahisələndirir. Məhkəmə hesab edir ki, X8 ilkin qeydiyyat zamanı 498 nömrəli 1000 kv.m ölçüdə bağ sahəsindən 413 kv.m hissəsini özəlləşdirməsi, hazırkı halda həmin bağ sahəsindən qalan və faktiki istifadədə olan torpaq sahəsinin qeydiyyatına mane olmur. Əvvəla, iddia edilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd Bakı şəhər İcra Hakimiyyəti Aparatının X6 və İstismarı Birliyinin 4 nömrəli orderidir. Orderdə torpaq sahəsinin ölçüsü 0,10 ha göstərilmişdir. Qeyd edilən ölçüdə torpaq sahəsindən özəlləşdirilməmiş, qalan hissənin hazırda hər hansı üçüncü şəxsin qanuni istifadəsinə verilməsi ilə bağlı torpaqayırma sənədi iş üzrə müəyyən olunmamışdır.. Mülki Məcəllənin 204.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. Göründüyü kimi sözügedən normada bütöv halda daşınmaz əmlaka mülkiyyət hüququndan imtinadan bəhs edilir və məhz bu cür imtina yalnız konkret daşınmaz əmlaka olan hüquqdan imtina etdiyi barədə yazılı ərizənin reyestr orqanına təqdim edilməsini nəzərdə tutur. Hazırkı iş üzrə təqdim edilmiş arxiv sənədlərində X8 etibarnamə üzrə nümayəndəsi reyestr orqanına təqdim etdiyi 20.1.2013-cü il tarixli ərizədə hüquqmüəyyənedici sənəd üzrə 1000 kv.m torpaq sahəsindən yalnız 410 kv.m hissəsinin özələşməsinə etiraz etməmişdir. Başqa sözlə, həmin ərizədə hüquq sahibi 410 kv.m hissə çıxıldıqdan sonra yerdə qalan torpaq sahəsinə olan mülkiyyət hüququndan imtina etməmiş, mülkiyyət hüququdan imtina etdiyini aydın şəkildə əks etdirən hər hansı qeydi təqdim etməmişdir. Təsadüfi deyildir ki, məhz həmin ərizədən sonra 410 kv.m hissəyə xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmış və eyni ayda həmin ölçüdə bağ sahəsini X1. Beləliklə, iddia olunan torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə mərhum F.Nəsirovaya aid olmaqla bütövlükdə onun istifadəsində olmuş, F.Nəsirova yalnız ilkin olaraq həmin torpağın müəyyən hissəsini özgəninkiləşdirmək məqsədilə qeydiyyata aldırmış, qalan hissə ilə bağlı isə sərəncam verməmiş yaxud cavabdehin qeyd etdiyi və MM-nin nəzərdə tutduğu qaydada mülkiyyət hüququndan imtina barədə ərizə təqdim etməmişdir. Görünüdüyü kimi iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri cavabdeh orqana təqdim etmişdir. Mübahisələndirilən bağ sahəsinin yerləşdiyi faktiki vəziyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Cavabdeh iddia olunan ərazinin hansı bağ sahəsinə aid olmasını müəyyənləşdirməyin mümkün olmadığını bildirsə də iddia olunan torpaq sahəsinin faktiki yerləşməsinə dair cavabdehin mütəxəssisi tərəfindən təqdim edilən sxem, koordinat və ərazinin ortofoto görüntüsündən məlum olur ki, iddia olunan faktiki istifadədə olan torpaq sahəsi 585 kv.m-dir, həmin bağın ətrafında yerləşən qonşu özəl bağ nömrələri 498 nömrəli və 34/5 bağ sahələridir. Faktiki sahənin qonşuluğunda qeydiyyatdan keçmiş 498 nömrəli 413 kv.m bağ sahəsinin yerləşməsi iddia olunan torpaq sahəsinin məhz 1000 kv.m ölçüdə olmuş vaxtilə 498 nömrəli bağ sahəsinin tərkib hissəsi olmaqla həmin bağdan yerdə qalan 585 kv.m torpaq sahəsi olmasını bir daha təsdiq edir. Torpaq sahəsinin faktiki yerləşmə koordinatları cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və həmin koordinatlardakı torpaq sahəsinin hər hansı üçüncü şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşdüyü də müəyyən olunmamışdır. Beləliklə, cavabdeh iddiaçının 498 nömrəli bağ sahəsindən qalmış 585 kv.m torpaq sahəsi kimi iddia etdiyi faktiki naturada göstərdiyi bağ torpaq sahəsinin konkret olaraq sxematik xəritədəki 498 saylı bağ sahəsi (bir hissəsi) olmadığını və ya başqa nömrəli bağ sahəsinə uyğun gəlməsini sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Hazırda iddiaçının faktiki istifadəsində olan 585 kv.m ölçüdə bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Başqa sözlə, bağ torpaq sahəsinə dair arxiv saxlayıcı olan cavabdeh orqan iddia olunan torpaq sahəsinin X12 aid olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya Bakı şəhəri, Vişnyovka-2 bağlar sahəsi 498 saylı bağ sahəsindən qalan 585 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Vişnyovka-2 bağlar sahəsi 498 saylı bağ sahəsindən qalan 585 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar