Məhkəmə qərarları › İş №2-1(112)-2761/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2761/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2761/2024 19.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “ictimai birliyin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “ictimai birliyin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) xx.xx.2023-cü ildə “İştirak Evi” ictimai birliyinin təsis yığıncağı keçiriblər. Yığıncaqda Birliyin təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (bundan sonra – cavabdeh) təqdim edilməsi müzakirə edilib. İddiaçılar birliyin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət edib. Cavabdeh 28 avqust 2023-cü il tarixli məktubla sənədləri geri qaytararaq bildirib ki, “...təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında'' Qanunun 3.1-ci maddəsinin tələblərinə riayət edilməyib. Belə ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməyib”. İddia tələbi, iddianın əsaslandırması, cavabdehin etirazları: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28 avqust 2023-cü il tarixli, 3-16-5/2-13-6346/2023 saylı imtinasının (imtinaedici aktının) qanunsuz hesab edilməsi və “İştirak Evi” İctimai Birliyin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin istinad etdiyi hüquq normasını qeyri-hökumət təşkilatlarının ümumi adlandırma qaydası (müddəası) adlandırmaq olar. Bu ümumi adlandırma müddəasının iki tələbi var: QHT-nin adlandırılmasında onun təşkilatihüquqi forması göstərilməlidir (formal tələb); QHT-nin adlandırılmasında onun fəaliyyətinin xarakteri göstərilməlidir (substantiv tələb). Substantiv tələb QHT-nin fəaliyyət xarakterinə aiddir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinin təhlili həmçinin onu nümayiş etdirir ki, QHTnin fəaliyyət xarakteri müəyyən edilərkən bu abstrakt formada, vakuumda həyata keçirilməməlidir. Bunu müəyyən etmək üçün həmçinin QHT-nin nizamnaməsi və təsis sənədləri nəzərdən keçirilməlidir. Çünki substantiv tələb formal tələbdən fərqli olaraq qanununvericiliyin ümumi normalarına riayət edilməsini müəyyən etməyə deyil, məhz QHT-nin konkret fəaliyyətinin nədən ibarət olmasına fokuslanır. Bu tələbdə məqsəd QHTnin aşkar bəyan edilmiş məqsədləri ilə adlandırılması arasında bariz ziddiyyəti aradan qaldırmağa çalışmaq və QHT-lərin dövlət reyestrində dəqiqliyə nail olmaqdır. Bu halda isə QHT-nin nizamnaməsi və onun təsis sənədləri nəzərdən keçirilərək məhz həmin sənədlərin kontekstində konkret olaraq QHT-nin ümumi adlandırma müddəasının substantiv tələbinin bu cür şərhi həmçinin Qanunun 13.1-ci maddəsini nəzərdən keçirilməsi vasitəsilə aydınlaşdırıla bilər. Belə ki, həmin normaya əsasən: "Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının .... fəaliyyətinin məqsədləri... müəyyən edilməlidir.” Bu normadan göründüyü kimi QHT-nin nizamnaməsinə dair tələblərdən biri onun fəaliyyət məqsədlərinin göstərilməsidir. Fəaliyyət məqsədləri QHT-nin nail olmağa çalışdığı amallar və hədəflərdir (aims and objectives). Bu baxımdan fəaliyyət məqsədləri həmçinin QHT-nin fəaliyyət xarakterini müəyyən etməyə imkan verir. İddiaçıların təsis etdiyi qurum “İştirak Evi” adlanır. Həmin adlandırma vətəndaşların ictimai-siyasi proseslərdə iştirakçılığı ilə əlaqədar olaraq belə seçilib. Həmin addan görünür ki, iddiaçılar vətəndaşların ictimai-siyasi proseslərdə iştirakçılığını qarşılarına məqsəd kimi qoyublar. İddiaçıların təsis etdikləri təşkilatın təsdiq edilmiş Nizamnaməsinin 2.1 və 2.2-ci bəndlərində təşkilatın məqsəd və vəzifələri göstərilir. Həmin müddəadan açıq-aşkar görünür ki, təşkilatın fəaliyyət məqsədi görəcəyi digər işlərlə yanaşı, əsasən vətəndaşların, o cümlədən gənclərin ictimai-siyasi proseslərdə iştirakçılığını təşviq etməkdən ibarətdir. Təşkilatın fəaliyyət məqsədləri və istiqamətlərindən görünür ki, təşkilat vətəndaşların ictimai-siyasi iştirakçılığını optimallaşdırmaq üçün fəaliyyət həyata keçirmək istiqamətində çalışır. Buna uyğun olaraq isə adını “İştirak Evi" kimi müəyyən edib. Bu təhlildən də görünür ki, təşkilatın adı onun fəaliyyət xarakterinə uyğundur. Bundan əlavə, cavabdeh imtinasını əsaslandırmayıb. Belə ki, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 60-61-ci maddələrinin tələblərinə uyğun olaraq əsaslandırılmayıb. Cavabdeh “fəaliyyət xarakteri” dedikdə nəyi nəzərdə tutduğunu izah etməyib. Nəticə etibarilə, cavabdehin imtinası həm “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun tələblərinə ziddir, həm də “İnzibati icraat haqqında" Qanunla müəyyən edilmiş normaların pozuntusudur. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qurumun təsis sənədləri xx.xx.2023-cü il tarixdə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2023cü il tarixdə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələbinə zidd olaraq qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Qeyd etmək lazımdır ki, Qanunun 17.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə maneə ola bilməz. Tərəflərin iştirakı və izahatları: İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, digər İddiaçı1 məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi ilə bağlı imtina məktubunun iddiaçıların yalnız birinə ünvanlanması iddianın mümkünlük şərtlərinin ödəmədiyi anlamına gəlmir. Belə ki, imtina məktubundan da göründüyü kimi cavabdeh iddiaçıların tələblərinin mahiyyətini təşkil edən ictimai birliyin qeydiyyata alınmasından imtina edilməsini əsaslandırmış, həmin halların aradan qaldırılmalı olmasını iddiaçının diqqətinə çatdırmışdır ki, hazırkı halda imtinada mütləq qaydada bütün təsisçilərə imtinanın ünvanlanmasının gözlənilməsi məhkəmə hesab edir ki, prosessual qənaət prinsipi ilə uzlaşmır və bu səbəbdən də həmin imtina hazırkı iş üzrə iddiaçıların hər ikisinin iddia ilə məhkəməyə müraciət etmək hüququnun reallaşdırılmasına təsir etməyib, öhdəliyin icrası növündə hazırkı iddia üzrə cavabdehin imtinasının bütün şəxslərə münasibətdə mövcudluğu kimi qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçılar “İştirak evi” adlı ictimai birliyin təsis yığıncağını keçirib və həmin birliyin dövlət qeydiyyatına alınması məqsədi ilə cavabdehə müraciət edilib. Cavabdeh isə ictimai birliyi qeydə almaqdan imtina edərək bildirir ki, birliyin adından onun fəaliyyətinin xarakteri göstərilməyib. İddiaçılar isə hesab edir ki, birliyin nizamnaməsində onun fəaliyyətinin xarakteri göstərilib, yəni birliyin məqsədi vətəndaşların və gənclərin ictimai-siyası proseslərdə iştirakını təşviq etməkən ibarətdir. Ona görə də, cavabdehin imtinası əsassızdır. İddiaçılar həmçinin hesab edirlər ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 60- 61-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında'’ Qanunun 3.1-ci maddəsinə əsasan qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Cavabdeh qurumun təşkilati-hüquqi formaya uyğun adı olması hissəsini mübahisələndirmir. İşin hallarından da görünür ki, iddiaçılar təşkilati-hüquqi forma kimi ictimai birlik növündə qeyri-hökumət təşkilatını təsis etməyi nəzərdə tuturlar. Hazırkı mübahisə qurumun fəaliyyət xarakteri ilə bağlıdır. Məhkəmə iddiaçıların iddia tələbinin əsası kimi istinad etiyi halla bağlı qeyd edir ki, qanunun imperativ tələbindən göründüyü kimi, ictimai birliyin məhz adında onun faəliyyətinin xarakteri göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – Mülki Məcəllə): Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 50.1. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyrikommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir. Göründüyü kimi, qeyri-kommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakterinin göstərilməsi tələbi təkcə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında'’ Qanunun deyil, eyni zamanda hüquqi şəxslərlə bağlı normaları tənzimləyən Mülki qanunvericilikdə də nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin qeyri-kommersiya qurumlarına münasibətdə bu imperativ tələbin mahiyyəti ondan ibarətdir ki, ictimai birliyin adına nəzər yetirilərkən onun hansı məqsədlərlə fəaliyyət göstərməsi, başqa sözlə qanunun dispozisiya şərtlərində qeyd edildiyi kimi, fəaliyyətinin xarakterinin nədən ibarət olması onun Nizamnaməsindən deyil, məhz adından müəyyən edilməsidir. Çünki qeyri-kommersiya hüquqi şəxslərin fəaliyyətinin əsas məqsədi kommersiya hüquqi şəxslərindən fərqli olaraq mənfəət əldə etmək deyil, digər məqsədlər daşıyır. Bu faəliyyətin xarakeri isə onun adında əks olunmalıdır ki, ilkin təəsürat zamanı qeyri-kommersiya qurumun hansı məqsədlərlə fəaliyyət göstərməsini (fəaliyyətinin xarakteri) müəyyən etmək mümkün olsun. İddiaçılar bildirir ki, qanunun bu tələbi substantiv tələbdir və birliyin fəaliyyətinin xarakteri nizamnaməsində əks olunub. Məhkəmə təkrar olaraq bildirir ki, qeyri-kommersiya qurumunun adından onun fəaliyyətinin xarakteri müəyyən edilməlidir. Çünki qurumun Nizamnaməsi onun adını ilkin olaraq eşidən (görən) şəxslər üçün əlçatan deyildir. Məhkəmə ictimai birliyin adı kimi seçilən “iştirak evi” ilə bağlı qeyd edir ki, həmin ad iki sadə sözün birləşməsindən ibarətdir. Həmin sözlərin təhili aparılarkən qeyd etmək lazımdır ki, “iştirak” sözü - ərəb sözü olub, şərik, müştərək sözləri ilə eyni mənalarda istifadə edilir. Azərbaycan dilinin orfoqrafik lüğətində, “iştirak” sözü - bir işdə başqaları ilə birlikdə faəliyyət göstərmə, iş görmə mənasında işlədilir. Göründüyü kimi, iştirak sözü fel olmaqla hər hansı bir hərəkəti bildirir və müxtəlif mənalarda işlənə bilər. Azərbaycan Respublikasınını qanunvericiliyində “iştirak” sözü yerinə görə müxtəlif mənalarda işlədilir: Misal üçün Mülki Məcəllə: Maddə 65. Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının hüquq və vəzifələri 65.1. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları: 65.1.1. bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, ortaqlığın və ya cəmiyyətin işlərinin idarə olunmasında iştirak edə bilər; 65.1.3. mənfəət bölgüsündə iştirak edə bilər; 65.3. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları: 65.3.1. nizamnamədə nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və müddətlərdə maya qoymalıdırlar; 65.3.2. ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məxfi məlumatı açıqlamamalıdırlar; 65.3.3. onun nizamnaməsində nəzərdə tutulan digər vəzifələri daşımalıdırlar. Maddə 88. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları 88.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının sayı qanunvericiliklə müəyyənləşdirilmiş həddi keçməməlidir. 88.2. Məhdud məsuliyyətli cəmiyyətin yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) “Cinayətdə iştirakçılıq” adlanan 7-ci fəsli təsbit edilmişdir. Həmin fəslə daxil olan aşağıdakı maddələrə əsasən: Maddə 31. İştirakçılıq İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Maddə 32. İştirakçılığın növləri 32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. 32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. 32.3. Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. 32.4. Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. 32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Maddə 33. Cinayətin iştirakçılarının məsuliyyəti Göründüyü kimi, iştirak sözü işlədildiyi yerə görə müxtəlif mənalar kəsb edir. İddiaçılar təsis etdikləri ictimai birliyin adının vətəndaşların ictimai-siyasi proseslərdə iştirakçılığı ilə əlaqədar olaraq belə seçildiyini bildirirlər. Lakin cavabdehin məktubunda göstərilən nöqsanı aradan qaldırmaq (misal üçün: birliyin adını “ictimai-siyasi proseslərdə (və ya məqsədlərlə) iştirak evi” adlandırmaqla yenidən cavabdehə müraciət etmək) əvəzinə məhkəmədə iddia qaldırmışlar. İddiaçıların iddia tələbinin əsası kimi istinad etdikləri digər hal, yəni cavabdehin “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozması ilə bağlı aşağıdakıları qeyd edir: Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunun: - 2.1-ci maddəsinə əsasən ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyrihökumət təşkilatdır. - 17.1-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. - 17.2-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. - 17.3-cü maddəsinə əsasən Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. - 11.3-cü maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; “İnzibati icraat haqqında” Qanun: Maddə 60. İnzibati aktda əlavə müddəaların (göstərişlərin) nəzərdə tutulması 60.1. Qəbul edilməsi tələb olunan inzibati aktda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallarda və ya inzibati aktın qanuni şərtlərinin həyata keçirilməsini təmin etmək məqsədilə əlavə müddəalar nəzərdə tutula bilər. 60.2. İnzibati orqan tərəfindən diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktda: 60.2.1. həmin aktla nəzərdə tutulmuş hər hansı imtiyazın və ya vəzifənin (öhdəliyin) qüvvəyə minməsi və ya qüvvədən düşməsi vaxtını və ya qüvvədə olma müddətini; 60.2.2. hər hansı imtiyazın və ya vəzifənin (öhdəliyin) qüvvəyə minməsi və ya qüvvədən düşməsi vaxtının gələcəkdə hər hansı hadisənin baş verməsindən asılı olduğunu; 60.2.3. həmin aktın ləğv edilməsi hüququnun saxlanılması haqqında qeydləri; 60.2.4. maraqlı şəxsin müəyyən hərəkətlər etməsini və müəyyən hərəkətlərə yol verməsini və ya müəyyən hərəkətləri etməkdən çəkinməsini (öhdəliyin icrası şərtlərini) və ya öhdəliyin icrası ilə bağlı şərtlərin dəyişdirilməsini və ya yeni şərtlərin əlavə edilməsini müəyyən edən əlavə müddəalar nəzərdə tutula bilər. 60.3. Əlavə müddəalar inzibati aktın məqsədlərinə uyğun olmalıdır. Əlavə müddəalardan yalnız inzibati aktla birlikdə şikayət verilə bilər. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5. Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: 61.5.1. inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; 61.5.2. inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; 61.5.3. inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya mediada dərc olunduqda; 61.5.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə iddiaçıların tələbini əsası kimi istinad etdiyi bu halı da əsassız hesab edərək ilk növbədə qeyd edir ki, Qanunun sadalanan normalarında görünüyü kimi, istinad edilən normalar, “İnzibati aktda əlavə müddəaların (göstərişlərin) nəzərdə tutulması” və “İnzibati aktın əsaslandırılması” adlanmaqla inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Hazırkı mübahisədə isə, cavabdehin mübahisələndirilən hərəkəti inzibati akt formasında deyil, faktiki hərəkətlə olmuşdur. Qanunun 1.2-ci maddəsinə görə, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Yuxarıda qeyd edildiyi kimi, hazırkı iddianın növü öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) iddialara baxılır. Hazırkı işdə isə, iddiaçıların müraciəti inzibati aktın qəbul edilməsinə yönələn (məcbuertmə haqqında) tələb olmadığından, cavabdehin imtinası inzibati akt formasında deyil, faktiki xarakerli hərəkətlə bağlı olmuşdur. Bundan başqa imtina məkutubunda imitanın faktiki və hüquqi əsasları göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar