Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2762/2023 04.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 nömrəli evin, 58-ci mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırırılmışdır ki, Bakı şəhəri Şaumyan rayon X8 İcraiyyə Komitəsinin (indiki Xətai Rayon İcra Hakimiyyəti) xx.xx.1983-cü il tarixli 26/1 a nömrəli qərarı ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39, mənzil 58 mənzil ona verilmişdir. Mənzilə köçmək üçün Şaumyan rayon XDS İK tərəfindən ona xx.xx.1983-cü il tarixli 198087 nömrəli Order verilmişdir. O bu günə qədər həmin mənzildə ailəsilə birlikdə yaşayır. Qeyd edilən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib. Müraciətə cavab olaraq 13 sentyabr 2022-cı il tarixli **********87 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-02232-2022 saylı, 27.04 2022- ci il tarixli məktubu ilə keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1983-cü il tarxli, 26/1a saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Lakin o ailəsilə birlikdə (özü, mərhum arvadı, qızı, oğlu, nəvəsi) yuxarıda qeyd olunan ünvana qeydiyyata düşməklə yaşayırlar. Dövlət orqanı tərəfindən hər hansı bir qərarın Dövlət Arxivinə təhvil verilməməsi vətəndaşın təqsiri deyil. O qeyd edilən qərarın əldə edilməsi məqsədilə Xətai Rayon İcra Hakimiyyətinə də müraciət ebib. Lakin hər hansı bir cavab ala bilmədi
3. İddiaçının müraciətinə iddia ərizəsində qeyd edilən məzmunda imtina verilmişdir.
4. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən ünvan 1 ünvanında İddiaçı (xx.xx.1947-ci il təvəllüdlü), X7 (xx.xx.1983-cü il təvəllüdlü), X3 (xx.xx.1981-ci il təvəllüdlü), X5 (xx.xx.2006-cı il təvəllüdlü) yaşayış yeri üzrə qeydiyyatdadırlar.
5. İddiaçının ailə üzvləri – oğlu X7 və qızı X3 tərəfindən notariat qaydasında təsdiq olunmuş ərizəyə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 39 ünvanında yerləşən 58 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə etiraz etmirlər.
6. Keçmiş Şaumyan rayon XDS İK tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli 198087 nömrəli orderə əsasən 8-ci km. qəsəbəsi, 2517-18-ci məhəllə, ev 39, mən 58 ünvana dair İddiaçı adına order verilmiş və orderin əsli məhkəmə iclasında tədqiq edilmişdir.
7. Orderə əsasən İddiaçı iş yerinin ÜETİQAZ-da (rusca «ВНИПИгаз») “mühəndis” olduğu qeyd edilmişdir.
8. İddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı qeyd edilən dövrdə “ÜETİQAZ” Azərbaycan filialında mühəndis-texnoloq vəzifəsində işləmişdir.
9. İddiaçının sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialı tərəfindən bildirilmişdir ki, keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1983-cü il tarixli 26/1a saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
10. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialı tərəfindən bildirilmişdir ki, keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) 1983-cü ilə dair natamam arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin xx.xx.1983-cü il tarixli 26/1a saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
11. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 nömrəli evin, 58 saylı mənzilinə dair 198087 nömrəli orderin mövcudluğu, mövcud olduğu təqdirdə orderin kötüyünün təsdiq edilmiş surətinin təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq Xətai rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən müraciətinizə mahiyyəti üzrə baxılması qurumun imkanı xaricindədir.
12. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz imtinanın məzmununa uyğundur.
13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi.
14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etdi.
II. İddianın növü və mümkünlüyü
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
21. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
22. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
26. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
27. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının adına rəsmiləşdirilmiş qüvvədə olan order mövcuddur. Belə ki, arxivə verilmiş sorğuya cavabda müəyyənləşdirilir ki, keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) 1983-cü ilə dair natamam arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Yəni iddiaçının orderinin kötüyünün olmaması və ya saxta olması iş materialları ilə müəyyən olunmur. İddiaçıya aid olan orderin kötüyünün arxivə təhvil verilməmiş olması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur. Belə ki, orderin özünə aid olan nüsxəsinin əsli iddiaçıda mövcuddur, mənzil iş yerindən ona verilmiş, iddiaçının vaxtilə həmin qurumda işləməsi əmək kitabçasında qeydlərlə təsdiqini tapır və o, uzun illərdir ailəsi ilə birlikdə qeyd edilən mənzildə yaşamaqla ona sahiblik edir. Mənzillə bağlı hər hansı mübahisə yoxdur. Orderdə mənzilin eyniləşdirilməsi və mənzilə dair hüquqların qeydə alınması üçün zəruri məlumatlar mövcuddur.
28. Məhkəmə araşdırması nəticəsində müəyyənləşdirilmişdir ki, qeyd edilən binadakı mənzillərə dair keçmiş Şaumyan rayon XDS İK tərəfindən verilmiş oxşar tərtibatdakı orderlər əsasında mənzillər özəlləşdirilmişdir.
29. X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
30. Qeyd edilənlərə məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina AİHM-in presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyətdən dinc istifadə hüququnun (1-ci qayda) pozuntusudur.
31. İddiaçının ailə üzvləri tərəfindən təqdim edilmiş razılıq ərizələrində mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ifadə olunur.
32. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var və cavabdehin imtinası qanunun güddüyü məqsədə mütənasib deyil.
33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Keçmiş Şaumyan rayon XDS İK tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli 198087 nömrəli orderə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 39 ünvanında yerləşən 58 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququnu qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva