Məhkəmə qərarları › İş №2-1(112)-2762/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2762/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2762/2025 08.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “taksi fəaliyyəti ilə məşğul olmaq üçün buraxılış vərəqəsi və buraxılış kartının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “taksi fəaliyyəti ilə məşğul olmaq üçün buraxılış vərəqəsi və buraxılış kartının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8.01.2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “X2” MMC tərəfindən verilmiş Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlarına dair xüsusi hazırlıq keçməsi barədə T 022847 №-li şəhadətnaməyə əsasən İddiaçı taksi minik avtomobilinin sürücüsü etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmişdir. İddiaçı “X4” MMC-də xx.xx.2024-cü il tarixli biokimyəvi testlər üzrə müayinədən keçmiş və nəticələri əks etdirən cədvəl tərtib edilmişdir. Vergi ödəyicisinin uçota alınması haqqında xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən İddiaçı vergi ödəyicisi kimi uçota alınmışdır. VÖEN **********. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, taksi fəaliyyəti ilə məşğul olmaq üçün ona buraxılış vərəqəsi və buraxılış kartının verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini elektron qaydada imzalamaması əsası ilə təmin etməkdən imtina etmişdir. İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, taksi fəaliyyəti ilə məşğul olmaq üçün ona buraxılış vərəqəsinin və buraxılış kartının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ildən Bakı şəhərində taksi fəaliyyəti ilə məşğuldur. Yeganə gəlir yeri taksi fəaliyyətidir. Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı müvafiq sərəncamından sonra ona məxsus “Opel Astra” 2005-ci il istehsalı olan avtomobili taksi fəaliyyətinə uyğun olmadığı üçün 2024-cü ilin may ayında yenisi əvəz etmişdir. Sərəncama əsasən taksi təliminə yazılmış və imtahan verib tələb olunan sertifikatı almışdır. Bundan əlavə tələb olunan bütün sənədləri tam şəkildə toplayıb xx.xx.2024-cü ilin tarixində saat 15:28-də AYNA-nın saytına onlayn göndərmişdir. Lakin avtomobilinə adi sənədlərin düşmədiyi ona bildirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etirazda iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmiş və göstərilmişdir ki, iddiaçı Agentliyə elektron qaydada 29 iyun 2024-cü il tarixində yalnız daşıyıc kimi profilin (elektron kabinetin) yaradılması və sürücünün qeydiyyatı üçün ərizə ilə müraciət etmişdir. Sonra B.İddiaçı 25 və 26 iyul tarixlərində Agentlikdə vətəndaş qəbulunda olmuş və bildirmişdir ki, cari ilin 29 iyun tarixində nəqliyyat vasitəsinin qeydiyyatı üçün də vasitəçilərin köməyindən istifadə etməklə elektron qaydada ərizə ilə müraciət edərkən ərizəsini elektron qaydada imzalamamışdır. Qəbul zamanı D.İddiaçı qanunvericiliyin tələbləri izah edilmiş və o narazılığının olmadığını ərizəsində qeyd etmişdir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3.2-ci maddəsinə əsasən, Alan elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə, elekron sənəd Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir. Həmin Qanunun 1.1.23-cü maddəsinə görə elektron sənədin həqiqiliyi- elektron imzanın həqiqiliyinin yoxlanılması yolu ilə elektron sənədin tamlığının (zəruri rekvizitlərə malik olması) və bütövlüyünün (ötürülmə zamanı texniki xətaların və təhriflərin olmaması) təsdiq edilməsidir. Sözügedən Qanunun 1.1.10-cu maddəsinə uyğun olaraq, elektron imzanın həqiqiliyi – elektron imzanı yoxlama məlumatları vasitəsilə yoxlanılan elektron imzanın sahibinə məxsus olmasının, imzanın əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünün, dəyişdirilmədiyinin və təhrif edilmədiyinin təsdiqidir. Həmin Qanunun 1.1.9-cu maddəsinə əsasən elektron imzanı yoxlama məlumatları- elektron imzanın həqiqiliyini yoxlamaq üçün istifadə edilən kod və ya kriptoqrafik açardan ibarət olan və elektron imza yaratma məlumatlarına uyğun təkrarolunmaz verilənlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in 5.8-ci bəndinə əsasən dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir. Adıçəkilən tələblərin 8.1-ci bəndinə uyğun olaraq, həmin tələblərin 3.5-ci, 5.7-ci, 5.8-ci və 6.2-ci bəndləri 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Beləliklə, D.İddiaçı iddia ərizəsində qeyd etdiyi, 2014-cü il istehsalı olan nəqliyyat vasitəsinin qeydiyyatı üçün 2024-cü il 1 iyul tarixinədək, o cümlədən 29 iyun 2024-cü il tarixində müraciət etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair Tələblər”: “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” (bundan sonra - Tələblər) “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.5-ci maddəsinin birinci cümləsinə uyğun olaraq hazırlanmışdır və müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, o cümlədən onların daxili və xarici tərtibatına dair tələblərin hüquqi əsaslarını müəyyən edir. 2.1. Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avto-nəqliyyat vasitələri (bundan sonra – müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş müntəzəm daşımalar yerinə yetirən avtonəqliyyat vasitələri sərnişindaşımada istifadə edilə bilməz. 2.2. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi ilə təchiz edilməlidir. 2.3. Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar ilə təchiz edilməlidir. 2.4. Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı olmalıdır. 2.5. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində ilk tibbi yardım qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə və günəş şüalarından qorunması təmin edilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq olmalıdır. 2.6. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır. 2.7. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində sərnişinlər üçün çıxışlar və qəza çıxış yerləri olmalıdır. 2.8. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda maarifləndirici xarakterli əşyalar və qurğular, habelə gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri istisna olmaqla, konstruksiyada nəzərdə tutulmayan digər əşyanın yerləşdirilməsinə yol verilmir. ... 5.1. Sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri (bundan sonra taksi minik avtomobilləri) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. 5.2. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarında mühərrikli və ya elektrik mühərrikli avtomobil nəqliyyatı vasitələri istifadə oluna bilər. 5.3. Taksi minik avtomobilləri kimi Azərbaycan Respublikasının 2002-ci il 12 fevral tarixli 261-İİQ nömrəli Qanunu ilə qoşulduğu Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat Komitəsi çərçivəsində imzalanmış “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” Müqavilənin tələblərinə uyğun olaraq müəyyən edilmiş M1 kateqoriyasına aid minik avtomobilləri istifadə oluna bilər. 5.4. İkiqapılı (siyirmə qapısı olan minivenlər istisna olmaqla), fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir. 5.5. Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. 5.6. Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır. 5.7. Taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. 5.8. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir. 5.9. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. 6.1. Taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə “Taksi” sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi “taksi” fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur) və ya hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişanı qoyulduqda, bu Tələblərin 2 nömrəli əlavəsində göstərilən qaydada olmalıdır. 6.2. Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır. 6.3. Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında yerləşdirilməli və həmin avtomobilin boş və ya dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır. ... 8.1. Bu Tələblərin 3.5-ci, 5.7-ci, 5.8-ci və 6.2-ci bəndləri 2024-cü il iyulun 1-dən qüvvəyə minir. 8.2. Bu Tələblərin 3.5-ci bəndinin müddəaları müntəzəm sərnişin daşımalarında, 6.2-ci bəndinin müddəaları isə taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunması üçün 2024-cü il iyulun 1-dən ölkə ərazisinə idxal edilən və ya ölkə ərazisində istehsal edilən avtonəqliyyat vasitələrinə şamil edilir. Məhkəmənin mövqeyi: işin hallarına görə iddiaçı taksi fəaliyyəti ilə məşğul olmaq üçün xx.xx.2024-cü il tarixdə online qaydada cavabdehə müraciət etmiş və daşıyıcı kimi profilin (elektron kabinetin) yaradılması və sürücünün qeydiyyatı üçün ərizəsi qeydə alınmışdır. İşin mübahisələndirilməyən halıdır ki, taksi fəaliyyəti ilə məşğul olmaq tələb olunan bütün sənədləri toplamış və müraciət etdiyi tarixdə istifadə etdiyi avtonəqliyyat vasitəsi yuxarıda istinad edilən qaydaların tələblərinə əsasən taksi fəaliyyəti ilə məşğul olmaq üçün tələblərlə cavab verirdir. İşin mübahisələnidirilən halı isə ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”inə əsasən iddiaçı həmçinin avtomobili ilə bağlı məlumatları da sistemə daxil etməli olduğu halda, avtomobillə bağlı müraciəti təsdiq edilməmişdir. Bu səbəbdən də, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə online ərizə ilə cavabdehə müraciəti təsqid edilir. Eyni zamanda təqdim edilən nəqliyyat vasitəsinin qeydiyyat şəhdətnaməsindən göründüyü kimi, iddiaçının adına xx.xx.2024-cü il tarixdə 2014-cü il istehsalı olan “BYD GF 3 Minik Sedan” markalı nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir. Görüdünüyü kimi, iddiaçının cavabdehə müraciət etdiyi tarixdə (xx.xx.2024) mülkiyyətində olan nəqliyyat vasitəsinin xüsusiyyətləri ona taksi fəaliyyəti ilə məşğul olmağa imkan verirdi. İddiaçının taksi fəaliyyəti ilə məşğul olmaq üçün xx.xx.2024-cü il tarixdə cavabdehə müraciətinin olması, eyni zamanda müəyyən mərhələləri keçməsi (elektron kabinetin yaradılması və sürücünün qeydiyyatı üçün ərizəsinin qeydə alınması) iş materiallarına əsasən müəyyən edilir. Lakin hansısa texniki nasazlıq və ya savadsızlıq səbəbindən iddiaçı müraciətin tamamlanması üçün nəqliyyat vasitəsi ilə bağlı məlumatları daxil edə bilməmişdir. Məhkəmə iddiaçının həmin tarixdə daşıyıcı kimi profilin (elektron kabinetin) yaradılması və sürücünün qeydiyyatı üçün ərizəsinin qeydə alınmasını, eyni zamanda həmin tarixdə taksi fəaliyyəti ilə məşğul olmağa imkan verən avtonəqliyyat vasitəsinə malik olmasını və bu fəaliyyətin həyata keçirilməsi üçün tələb olunan bütün sənədləri toplamasını və bütün testlərdən keçməsuni nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya taksi fəaliyyəti ilə məşğul olmaq üçün buraxılış vərəqəsinin və buraxılış kartının verilməsi öhdəliyi cavabdehə edilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı taksi fəaliyyəti ilə məşğul olmaq üçün buraxılış vərəqəsinin və buraxılış kartının verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar