Məhkəmə qərarları › İş №2-1(112)-2766/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2766/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2766/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Türkan bağ massivində yerləşən 190 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “190” saylı torpaq sahəsinə dair digər fiziki şəxsin adına icarə müqaviləsi mövcuddur. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman təqdim olunan müqavilədə göstərilən bağ evinin faktiki mövcud olmadığı və əvəzində 1 mərtəbəli yeni bağ evinin inşa edildiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunan ərazi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə uyğun hasarlanmadığından yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla yanaşı torpaq sahəsinin sənəd üzrə ölçüsü 2500 kv.m göstərilsə də, faktiki 2099 kv.m təşkil edir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Türkan bağ massivində yerləşən 190 saylı torpaq sahəsinin adına rəsmiləşdirilərək çıxarış verilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbini dəqiqləşdirərək, Bakı şəhəri, Türkan bağ massivində yerləşən 2099 kv.metr sahəsi olan 190 saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Türkan bağ massivində yerləşən 190 saylı torpaq sahəsi ona məxsusdur. Həmin mülkiyyətə dair qeydiyyat nömrəsi 15595 olmaqla, xx.xx.1971-ci il tarixli müqavilədə əks olunmuşdur. Bağ sahəsinin ölçüsü 2500 kv.m müəyyən olunmuşdur. Orada ailə üzvləri ilə birgə yaşayır. Bağ sahəsi üzərində sərəncam hüquqlarını realizə edə bilmir. Bu səbəbdən dövlət tərəfindən tanınan və qorunan hüquqları pozulmuş olur. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və təkrar olaraq qeyd etmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən “190” saylı torpaq sahəsinə dair digər fiziki şəxsin (X5) adına icarə müqaviləsi mövcuddur. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 143 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq, şərti göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə uyğun hasarlanmadığından yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 2500 kv.m göstərilsə də, faktiki 2099 kv.m təşkil edir. Həmçinin, təqdim olunan müqavilədə göstərilən bağ evi faktiki mövcud deyil və əvəzində 1 mərtəbəli yeni bağ evinin inşa edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - İddiaçı ünvan 1 ünvanlanmış xx.xx.1967-ci il tarixli ərizəsindən görünür ki, ona Türkan qəsəbəsində bağ verilməsini xahiş etmişdir. - Bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə 15595 saylı xx.xx.1968ci il tarixli müqavilədən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin bağ tresti tərəfindən Türkan qəsəbəsində 0,25 ha sahəsi olan 234 saylı bağ sahəsi İddiaçı icarəsinə verilmiş, müqavilənin müddəti xx.xx.1974-cü ilə kimi müəyyən edilmişdir. - İddiaçı xx.xx.1973-cü ildə Bakı şəhər Bağlar İdarəsinə ərizə ilə müraciət edərək, bağ müqaviləsinin müddətinin uzadılmasını xahiş etmişdir. - Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə 15595 saylı xx.xx.1974-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin bağ tresti tərəfindən Türkan qəsəbəsində 0,25 ha sahəsi olan 190 saylı bağ sahəsi xx.xx.1984-cü il tarixədək İddiaçı icarəsinə verilmişdir. - İşdən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə yenidən Bakı şəhər Bağlar Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək, bağın müqaviləsinin müddətinin uzadılmasını xahiş etmişdir. - Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə 15595 saylı xx.xx.1986-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin bağ təsərrüfatı idarəsi tərəfindən Türkan qəsəbəsində 0,25 ha sahəsi olan 190 saylı bağ sahəsi xx.xx.1994-cü il tarixədək İddiaçı icarəsinə verilmişdir. - 11.12.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Türkan bağ massivi 190-saylı bağ sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 0.25 ha, faktiki sahəsi isə 0.2099 ha-dır. Bağ sahəsinin sərhədləri mişar və but daşı ilə hasarlanıb. Bağ sahəsində A - 1 mərtəbəli bağ evi, İ və İV - s/q, İİ - hovuz, İİİ - hin, V – anbar, 3 ədəd metal konstruksiyalı istixana var. Bağ sahəsinin üstündən yüksək gərginlikli elektrik xətti keçir - 6 kV. İddiaçı hazırda yuxarıda qeyd edilən icarə müqavilələrinə əsasən 190 saylı bağ sahəsinə mülkiyyət hüququnun yarandığını iddia edərək, həmin bağa mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ona verilməsi ilə bağlı müvafiq icarə müqavilələrini təqdim etmişdir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, iddiaçının təqdim etdiyi müqavilə cavabdeh orqanda mövcud olmuş, İdarə iddiaçıya 0,25 ha torpaq sahəsinin ayrılması ilə bağlı müqaviləni mübahisələndirməmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyinə deyil, aşağıdakı dəlillərə istinad etmişdir: 1.İdarənin arxiv məlumatlarına əsasən “190” saylı torpaq sahəsinə dair digər fiziki şəxsin (X5) adına icarə müqaviləsi mövcuddur;

2. vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 143 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir;

3. şərti göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə uyğun hasarlanmadığından yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır və hesab edir ki, həmin dəlillər formal əsaslar olmaqla iddiaçının hüquqlarının qeydə alınmasından imtina üçün əsas təşkil edə bilməz. Belə ki, işdə olan Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə 18298 saylı xx.xx.1988-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin bağlat təsərrüfatı idarəsi tərəfindən Türkan qəsəbəsində 0,12 ha sahəsi olan 190 saylı bağ sahəsi xx.xx.1998-ci il tarixədək X2 icarəsinə verilmişdir. Cavabdeh hazırda bu müqaviləyə istinad edərək, 190 saylı torpaq sahəsinə dair digər fiziki şəxsin (X5) adına icarə müqaviləsinin olduğunu bildirir. Məhkəmə qeyd edir ki, doğrudur, qeyd edilənlərdən məlum olur ki, həm iddiaçıya, həm də X3 Türkan qəsəbəsində 190 saylı bağ sahəsi ayrılmışdır. Lakin məhkəmə iclasında şahid kimi dindirilmiş X4 ifadəsindən və işin hallarından müəyyən olunur ki, hər iki müqavilə ilə eyni bağ sahəsi deyil, fərqli ərazilərdə yerləşən 2 fərqli bağ sahəsi ayrılmışdır, bağ sahələrinin üst-üstə düşmə halı yoxdur və həmin bağ sahələri hazırda fərqli şəxslərin istifadəsindədir. Yəni, X3 Türkan qəsəbəsində ayrılmış 190 saylı bağ sahəsinin hazırda iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi bağa aidiyyəti yoxdur və tərəflər arasında bununla bağlı hər hansı bir mübahisə mövcud deyil (yalnız hər iki bağın nömrəsi eynidir). Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsaslı hesab edilə bilməz. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə gəldikdə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən:

6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.

7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.

12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Bağın yerləşmə mövqeyini müəyyənləşdirməyin mümkün olmamasına gəldikdə, işdən görünür ki, cavabdeh özü qəbul edir ki, göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə uyğun hasarlanmamışdır və buna görə iddiaçının naturada göstərdiyi bağın yerləşməsinin düzgün olduğunu müəyyən etmək mümkün deyil. Məhkəmə qeyd edir ki, iddiaçının, naturada göstərdiyi bağ sahəsinin həqiqətən 190 saylı bağın yerləşmə mövqeyinə uyğun gəlməsini sübut etmək kimi bir vəzifəsi yoxdur. Əgər cavabdeh bunun əksini iddia edirsə, onda bu halı sübut etmək məhz cavabdehin vəzifəsidir. Buna görə də məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, iddiaçının qanuni əsaslarla ona ayrılmış və istifadəsində olan bağ sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur və cavabehin formal mülahizələri bu hüququn realizəsinə mane olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ümumi sahəsi 2099 kv.metr olan “190” saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar