Məhkəmə qərarları › İş №2-1(112)-2768/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2768/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2768/2023 04.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən ona, yəni xx.xx.1986cı il təvəllüdlü İddiaçı 2-ci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublıkasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 12 dekabr 1986-ci il təvəllüdlü olmaqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra mətndə SHXÇDX) Bakı şəhəri Qaradağ rayonu çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq, 13 oktyabr 2004-cü ildə həqiqi hərbi xidmətə çağırılıb N №-li hərbi hissədə qulluq edərək N aprel 2006-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 28 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) zamanı Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən qismən səfərbərlik elan edilmiş, o 29 sentyabr 2020-ci ildə 282 №-li əmrlə həqiqi hərbi xidmətə çağırılaraq, döyüş bölgəsinə göndərilmişdir. O, Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda aparılan döyüşlərdə 29 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixədək N №-li hərbi hissədə sürücü-tuşlayıcı kimi döyüş tapşırıqlarını yerinə yetirilməsində (döyüş əməliyyatları zamanı Cəbrayil-Xocavənd rayonlarının işğaldan azad olunmasında) iştirak etmişdir. Onun tərəfindən İkinci Qarabağ müharibəsi dövründə döyüş tapşırıqlarını yerinə yetilməsində və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyindən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi xahiş edilərək, cavabdehə müraciət olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25 avqust 2022-ci il tarixli cavab məktubuna əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran Adlarının və X4 Komisiyası tərəfindən xx.xx.2022-ci il tarixində iclas keçirilmiş və müsbət qərar qəbul edilmədiyindən imtina edilmişdir. Cavabdeh dövlət qurumu, onun döyüş əməliyyatlarına cəlb olunnmayan bölgədə xidmət etdiyinə istinad etmişdir. Belə ki, ona məxsus SX № ******* saylı hərbi biletdən göründüyü kimi, 29 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixə kimi N nömrəli hərbi hissədə xidmət keçdiyi və Cəbrayıl-Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak etməsi (Qərargah rəisi tərəfindən imza edilmişdir) qeyd edilmişdir. Həmçinin N №li hərbi hissənin komandiri Elzam Bəhbudovun N yanvar 2021-ci il tarixli, N nömrəli arayışında İddiaçı N №li hərbi hissənin tərkibində döyüş zonasında iştirak etdiyi qeyd edilmişdir. Onun 29 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüş zonasında iştirak etdiyi müəyyən edilsə də, cavabdeh tərəfindən bütün sübüt və sənədləri nəzərə alınmadan əsasız və qanunsuz olaraq imtina edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı öz təsdiqini tapır. Onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı statusunun və bunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması zərurəti yaranmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 11/4929 nömrəli iddia tələbinə dair yazılı mülahizədə göstərilmişdir ki, İddiaçı idda ərizəsində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində sürücü-tuşlayıcı vəzifəsində Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak etdiyini və bununla bağlı SX ******* nömrəli hərbi biletində hərbi hissə tərəfindən müvafiq qeydiyyatlar aparılmaqla yanaşı hərbi hissə komandirinin imzası ilə təqdim edilən xx.xx.2021-ci il tarixli N nömrəli arayışda öz əksini tapdığını və bu səbəbdən məhkəmədən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. İddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndində: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. “Bu Əsasənamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 3912 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı N nömrəli hərbi hissədə mülki işçi kimi işləməyib və hərbi qulluqçu kimi hərbi xidmətdə olmamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin avtomobil texnikası ilə komplekləşdirilməsi məqsədilə SHXÇÜDX-dən təyin olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ayrılmış avtomobil texnikasını səfərbərlik dövrü üçün yaradılan texnikaların qəbulu məntəqəsinə təhvil verilməsi üçün ARDNŞ-nin 4 saylı texnoloji nəqliyyat departamentindən ezamiyyətə göndərilmişdir, xx.xx.2021-ci il tarixli N nömrəli arayışın hərbi hissədə heç bir qeydiyyat kitabında qeydiyyata alınmamış, həmçinin vətəndaş İddiaçı döyüş əməliyyatlarına cəlb olunması barədə hərbi hissədə heç bir təşkilati və ya nizami hissə üzrə əmr yazılmamışdır. Bundan başqa məktubda məlumat üçün bildirlmişdir ki, Səfərbərlik dövründə hərbi hissəni texnika ilə komplekləşdiriləcək təşkilat və müəssisələr müvafiq naryadlarla qeyd olunmuş avtomobil texnikalarını hərbi hissələrdə yaradılan texnikaların qəbul məntəqələrinə təqdim etməli olduğu üçün həmin müəssisələrdən ayrılmış sürücülər avtomobil texnikalarını hərbi hissələrə təqdim etmələri üçün ezamiyyətə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.”Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd olunanlara əsasən məhkəmədən iddiaçının “Müharibə veteranı adı vəvsiqəsinin verilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarına əlavə edilmiş: iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatlardan müəyyən olunur ki, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Qaradağ İdarəsi tərəfindən təkrar verilmiş SX seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətində aparılmış qeydlərdən müəyyən olunur ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı: - SHXÇDX-nin Bakı şəhəri Qaradağ rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq, həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2004-cü il tarixdə hərbi hissəyə göndərilmiş; - xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2006cı il tarixli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış; - xx.xx.2020-ci il tarixdə 282 №li əmrlə həqiqi hərbi xidmətə çağırılmış; - xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixədək N nömrəli hərbi hissədə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmiş (əsas N nömrəli hərbi hissənin N yanvar 2021-ci il tarixli 1014 №-li arayışı); - xx.xx.2020-cı il tarixdə N saylı H/H-nin xx.xx.2020-ci il tarixli 274 №li əmri əsasında ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Hüquq idarəsinə ünvanlanmış 3912 №-li, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissədə mülki işçi kimi işləməyib və hərbi qulluqçu kimi hərbi xidmətdə olmayıb. Vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin avtomobil texnikası ilə komplektləşdirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən təyin olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ayrılmış avtomobil verilməsi üçün ARDNŞ-nin 4 saylı texnoloji nəqliyyat departamentindən ezamiyyətə göndərilmişdir, məktubda bəhs edilən xx.xx.2021-ci il tarixli N nömrəli arayış hərbi hissədə heç bir qeydiyyat kitabında qeydiyyata alınmayıb, həmçinin İddiaçı döyüş əməliyyatlarına cəlb olunması barədə hərbi hissədə heç bir təşkilati və ya nizami hissə üzrə əmr yazılmayıb. Səfərbərlik dövründə hərbi hissəni texnika ilə komplekləşdirəcək təşkilat və müəssisələr müvafiq naryadlarda qeyd olunmuş avtomobil texnikalarını hərbi hissələrdə yaradılan texnikaların qəbul məntəqələrinə təqdim etməli olduğu üçün həmin müəssisələrdən ayrılmış sürücülər avtomobil texnikalarını hərbi hissələrə təqdim etmələri üçün ezamiyyətə göndərilir. SHXÇDX-nin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 268 №li arayışda (surəti) göstərilmişdir ki, sürücü İddiaçı SHXÇDX-nin Bakı şəhəri Nizami rayon İdarəsinə sürücü qismində təhkim olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli məqsədi ilə həyata keçirilən tədbirlərə uyğun olaraq). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1014 və 1015 nömrəli arayışlarda (surəti) göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Ərazi Bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi-hissədə sürücü kmi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq SOCAR “Nəqliyyat İdarəsi”nin 14-2- N/2-104/2023 №li xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş “Nəqliyyat İdarəsi 4 saylı Texnoloji Nəqliyyat Departamenti” nin ezamiyyət haqqında 423-l №-li, xx.xx.2020-ci il tarixli, 493-l №-li, xx.xx.2020-ci il tarixli, 554-l №-li, xx.xx.2020-ci il tarixli əmrlərin surətlərindən müəyyən olunur ki, Nəqliyyat İdarəsinin xx.xx.2020-ci il taixli SOCAR**********30290068X00004 nömrəli məktubuna əsasən Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli məqsədi ilə 4 saylı Texnoloji Nəqliyyat Departamenti üzrə aşağıda qeyd olunan nəqliyyat vasitələrinə təhkim olunmuş işçilər (sıra № 75 - İddiaçı; nəqliyyat vasitəsinin markası İsuzu Classic, NV-nin təyinatı-avtobus, DNN-** JG ***; tarix-01-xx.xx.2020, 01-xx.xx.2020; 01xx.xx.2020-Rayon HK-Nizami, struktur bölmə 3 AXTS) siyahıda göstərilən tarixlərdə (Suraxanı RHK, Sabunçu RHK, Nizami RHK və Xəzər RHK-na cəlb olunmaqla) hərbi əməliyyatların aparıldığı bölgələrə ezam olunması barədə əmr verilmişdir. Məktuba əlavə olunmuş ezamiyyət vəsiqələrinin təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 4 saylı Texnoloji Nəqliyyat Departamentindən çıxaraq, xx.xx.2020-ci il tarixdə SHXÇDX-ə daxil olmuş; xx.xx.2020-ci il tarixdə SHXÇDX-dən çıxaraq xx.xx.2020-ci il tarixdə 4 saylı Texnoloji Nəqliyyat Departamentinə daxil olmuş; xx.xx.2020-ci il tarixdə 4 saylı Texnoloji Nəqliyyat Departamentindən çıxaraq, xx.xx.2020-ci il tarixdə SHXÇDX-nin Bakı şəhəri Nizami rayon İdarəsinə daxil olmuş; xx.xx.2020-ci il tarixdə SHXÇDX-nin Bakı şəhəri Nizami rayon İdarəsindən çıxaraq xx.xx.2020-ci il tarixdə 4 saylı Texnoloji Nəqliyyat Departamentinə daxil olmuş; xx.xx.2020-ci il tarixdə 4 saylı Texnoloji Nəqliyyat Departamentindən çıxaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №li hərbi-hissəsinə daxil olmuş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №li hərbihissəsindən çıxaraq, xx.xx.2020-ci il tarixdə 4 saylı Texnoloji Nəqliyyat Departamentinə daxil olmuş İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 4/3-9611 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli N26 nömrəli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir ki, veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının SHXÇDX tərəfindən xx.xx.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağırıldığı və döyüş əməliyyatları bölgəsinə ezam olunduğu iş materialları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş əməliyyatları bölgəsində sürücü fəaliyyəti ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir İş materiallarına əlavə edilmiş SX ******* №li hərbi biletə əsasən, iddiaçı hərbi sürücü-tuşlayıcı kimi N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər Fizuli, Cəbrayıl, Xocavənd rayonlarında hərbi əməliyyatlarda iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissədə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. Bundan əlavə iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2020-cı il tarixdə qanuni əsaslarla hərbi xidmətdən təxris olunmuşdur. Cavabdeh iddiaçının döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmaması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına sürücü xidməti göstərmək məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə sürücü xidməti üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1986-cı il təvəllüdlü İddiaçı 2-ci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi öhdəliyi cavabdeh Azərbaycan Respublıkasının Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar