Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2768/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə) “məlumat vərəqəsinin ləğv edilməsi və s.” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının vəzifə maaşının 950 manatdan 860 manata endirilməsi barədə qərarın ləğv edilməsi və vəzifə maaşının xx.xx.2019-cu ildən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsinə əsasən xidmət illərinə görə yaşa görə əmək pensiyası təyin edilib. İddiaçiya əmək pensiyası təyin olunan zaman Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsində olan məlumatlar əsasında hesablamalar aparılmışdır. Cavabdeh tərəfindən yenidən tərtib olunmuş məlumat vərəqəsində iddiaçının vəzifə maaşı düzgün göstərilməmiş, bunun nəticəsində iddiaçıya təyin olunan pensiya məbləği də düzgün hesablanmamışdır. Vəzifə maaşı 950 manat əvəzinə, 1997-ci ildən istehfaya çıxdığı vaxtdan 26 il sonra xx.xx.2023-cü ildə yeni vəzifə maaşı olaraq 860 manat göstərilmişdir. Bu da məlumat vərəqəsinin əsassız olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edlmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı istefada olan polkovnik İddiaçı 24 fevral 1967-ci il tarixdən 06 oktyabr 1991-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Ona həmin tarixdən Azərbaycan Respulikası Hərbi Komissarlığı tərəfindən xidmət illərinə görə pensiya təyin edilərək, adına yazılmış 367373 nömrəli 18 noyabr 1991-ci il tarixli pensiya vərəqi Əmanət Bankın (Sber.Bank) Oktyabr rayon filialına göndərilmişdir. İddiaçı yenidən həqiqi hərbi xidmətə çağırılaraq 01 noyabr 1991-ci il tarixdən N may 1997-ci tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. O, müdafiə nazirinin 077 nömrəli 25 yanvar 1997-ci il tarixli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq N nömrəli hərbi hissənin (Hərbi tikinti idarəsi) quraşdırma şöbəsinin rəisi vəzifəsindən həqiqi hərbi xidmətdən istefaya buraxılaraq N may 1997-ci tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, hərbi qeydiyyat üçün Bakı şəhəri Yasamal rayon hərbi komissarlığına göndərilmişdir. İddiaçı xidmət illəri: təqvimlə - 30 il 01 ay 22 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət -12 il 07 ay 28 gün, ümumi xidmət illəri isə 42 il 09 ay 20 gün təşkil etmişdir. Ona yenidən 01 iyun 1997-ci il tarixdən Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən xidmət illərinə görə (“Hərbi qulluqçuların pensiya təminatı haqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a”bəndi) pensiya təyin edilərək, adına yazılmış 382892 nömrəli 29 may 1997-ci il tarixli pensiya vərəqi X4 Bankın (BUSB) Yasamal rayon filialına göndərilmişdir. Həmin tarixə İddiaçı aylıq pensiyası təminat xərcliyinin (vəzifə maaşı - 93000 (18.6 azn) manat, rütbə maaşı -40000 (8 azn) manat, xidmət illərinə görə 50 faiz əlavə - 66500 (13.3 azn) manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 123733 (24.74 azn) manat) 100 faizi miqdarında müəyyən olunaraq 323233 (64.64 azn) manat təşkil etmişdir. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə Müdafiə Nazirliyinin tabeliyində olmuş, lakin Müdafiə Nazirliyinin mərkəzi aparatının ştat tərkibinə daxil edilməyən “Hərbi Tikinti İdarəsində şöbə rəisi" vəzifəsinin aylıq vəzifə maaşı: xx.xx.1998-ci il tarixdən 290000 (58 azn) manat, xx.xx.2001-ci il tarixdən 435000 (87 azn) manat, xx.xx.2004-cü il tarixdən 600000 (120 azn) manat, xx.xx.2006-ci il tarixdən 240 manat miqdarında təsdiq edilmişdir. Hal-hazırda (xx.xx.2007-ci il tarixdən) hərbi qulluqçuların pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçuların xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq təminat xərcliyi (pul təminatı) əsas götürülməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” ilə müəyyən edilmiş “Məlumat vərəqi” əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təyin edilir və yenidən hesablanır. Bu Qaydalara əsasən İddiaçı barəsində tərtib edilərək yuxanda adı qeyd olunan Mərkəzi Filiala göndərilmiş ZE-42704 nömrəli xx.xx.2007-ci il tarixli “Məlumat vərəqi”ndə onun vəzifə maaşı xx.xx.2006-cı il tarixdən 240 manat olmalı olduğu halda, Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən səhvən 276 manat göstərilməklə təminat xərcliyinə aid məlumatlar öz əksini tapmışdır. Bundan başqa, bildirilir ki, Hərbi Tikinti İdarəsi xx.xx.2006-cı il tarixdən ləğv edilmişdir. Ləğv edildiyi günədək bu idarə Müdafiə Nazirliyinin mərkəzi aparatının ştat tərkibinə daxil edilməyən digər- Mənzil İstismar İdarəsi ilə eyni statusda olmuşdur. S. Abdullayevin ləğv olunmuş Hərbi Tikinti İdarəsində tutduğu quraşdırma şöbəsinin rəisinin vəzifə maaşı yuxarıda qeyd etdiyimiz idarədə “şöbə rəisi” vəzifəsinin, habelə Azərbaycan Ali Hərbi Məktəbində “silsilə rəisi” vəzifəsinin maaşları ilə eyni məbləğdə, yəni xx.xx.2006- cı il tarixdən 240 manat təşkil etmişdir. Bu səbəbdən, Hərbi Tikinti İdarəsində “quraşdırma şöbəsinin rəisi” nin vəzifə maaşı Mənzil İstismar İdarəsində “şöbə rəisi” və Azərbaycan Ali Hərbi Məktəbində “silsilə rəisi” vəzifələrinin maaşları ilə uyğunlaşdırılaraq xx.xx.2008-ci il tarixdən 310 manat, xx.xx.2010- ci il tarixdən 340 manat, xx.xx.2011-ci il tarixdən 425 manat, xx.xx.2013-cü il tarixdən 468 manat, xx.xx.2014-ci il tarixdən 528 manat, xx.xx.2016-cı il tarixdən 580 manat, xx.xx.2018-ci il tarixdən 640 manat, xx.xx.2019-cu il tarixdən isə 840 manat miqdarında müəyyən edilməli olduğu halda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həmin vəzifənin maaşı xx.xx.2008-ci il tarixdən 410 manat, xx.xx.2010-ci il tarixdən 450 manat, xx.xx.2011-ci il tarixdən 565 manat, xx.xx.2013-cü il tarixdən 622 manat, xx.xx.2014-ci il tarixdən 622 manat, xx.xx.2016-cı il tarixdən 685 manat, xx.xx.2018-ci il tarixdən 756 manat, xx.xx.2019-cu il tarixdən isə 950 manat miqdarında səhvən müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ünvanlanmış 3-17-1/2-140887/2023 nömrəli xx.xx.2023-cü il tarixli sorğuya cavab olaraq İddiaçı barəsində yenidən tərtib edilərək bu quruma göndərilmiş ZE- 42704 nömrəli xx.xx.2023-cü il tarixli “Məlumat vərəqi”ndə iddiaçının vəzifə maaşı daha yüksək olan “Briqada komandiri” vəzifəsinin maaşına uyğunlaşdırılmaqla 860 manat miqdarında müəyyən edilərək qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə münasibətdə təqdim olunmuş mülahizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 01 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən, ona əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filialı tərəfindən ödənilir. Verilmiş sorğuya cavab olaraq sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən iddiaçının əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir. Bununla əlaqədar, cari ilin sentyabr ayından İddiaçı əmək pensiyası yenidən hesablanaraq müvafiq təminat xərcliyinin (vəzifə maaşının 860 manat, rütbə maaşının 159 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 509,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiya 64 manat olmaqla cəmi təminat xərcliyi 1592,50 manat) 100 faizi –1592,50 manat məbləğində müəyyən edilmişdir. Belə ki, İddiaçı xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındaki dövr ərzində 1592,50 manat əmək pensiyası ödənilməli olduğu halda, 1727,50 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındaki dövr ərzində 1751,75 manat (maddi yardımla birlikdə) ödənilməli olduğu halda, 1900,25 manat (maddi yardımla birlikdə), xx.xx.2023-cü il tarixdən etibarən isə müvafiq indeksləşdirmə ilə əlaqədar 2009,26 manat ödənilməli olduğu halda 2179,59 manat ödənilmişdir. İddiaçıya artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılaraq 5383,03 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, artıq ödənilmiş 5383,03 manat pul vəsaiti cari ilin sentyabr ayından etibarən hissə-hissə (hər ay 200,92 manat) İddiaçı əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddia tələbinin hüquqi baxımdan mümkünlüyünə dair ilkin olaraq qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə irəli sürülmüş tələbin əsaslandırılması məqsədilə yazılı formada müvafiq ərizələr təqdim edilmişdir. Məhkəmə həmin ərizələrin məzmununu və ifadə tərzini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının məhkəməyə müraciət etməkdə əsas məqsədi onun barəsində tərtib olunmuş mövcud məlumat vərəqəsinin ləğv olunması və iddiaçının əvvəlki məlumatları əks etdirən məlumat vərəqəsinin aidiyyəti üzrə üçüncü şəxsə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 göndərilməsinə nail olmaqdır. Qeyd edilməlidir ki, ilkin baxışda “məlumat vərəqəsi” adlandırılan sənədin formal olaraq rekvizitləri mövcud olmadığından onun inzibati akt kimi dəyərləndirilməsi mübahisəlidir. Lakin sənədin hüquqi mahiyyəti və doğurduğu nəticələr nəzərə alındıqda, onun inzibati aktın bütün əsas xüsusiyyətlərini özündə ehtiva etdiyi görünür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati akta anlayış verilmişdir. Qərarda qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Yuxarıda bəhs olunanlardan göründüyü kimi, inzibati akt aşağıda sadalanan əlamətlərə malik olmalıdır. - İnzibati orqan tərəfindən qəbul edilməli; -Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; -Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; -Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; -Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; -Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Bu baxımdan inzibati akt əsasən fərdi xarakter daşıyır və konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən subyektlərə yönəldilir. Eyni zamanda nəzərə alınmalıdır ki, inzibati aktın yalnız forma baxımından qərar və ya sərəncam şəklində olması qanunvericilikdə imperativ şəkildə tələb olunmur. Belə sənədlərin hüquqi dəyəri və akt kimi qəbul edilməsi üçün əsas meyar onların məzmunudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 57 və 59-cu maddələrinin tətbiqi zamanı inzibati aktın formasına dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “Hər hansı səbəbdən inzibati orqan qanunvericiliyin tələb etdiyi qaydada davranmayaraq, inzibati aktın rekvizitlərini özündə əks etdirən formal baxımdan ayrıca yazılı inzibati akt qəbul etməmiş olsa belə, maraqlı şəxsə ünvanladığı rəsmi bildiriş və ya məktubda hakimiyyət tədbiri ilə bağlı iradə ifadəsi əks olunmuşdursa, həmin sənədlərin məzmunu nəzərə alınmaqla onlar inzibati akt kimi qəbul olunmalıdır. Çünki inzibati orqanın məzmun baxımından kifayət qədər aydın və anlaşılan olan, ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilən rəsmi məktubu və ya digər rəsmi sənədi öz məzmununa görə inzibati akt kimi qiymətləndirilə bilər.” Həmin qərardad ilə qərara alınmışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 57 və 59-cu maddələrinə uyğun olaraq, inzibati aktın rekvizitlərini özündə əks etdirən formal baxımdan ayrıca yazılı inzibati akt qəbul etməmiş olsa belə, hakimiyyət tədbiri ilə bağlı iradə ifadəsi kifayət qədər aydın və anlaşılan olan, ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilən inzibati orqanın maraqlı şəxslərə ünvanlanmış rəsmi məktubu və ya digər rəsmi sənədi inzibati akt kimi qiymətləndirilə bilər. Hazırkı iş üzrə mübahisələndirilən “məlumat vərəqəsi” sənədi formal rekvizitlərə malik olmasa da, məzmun baxımından hüquqi nəticələr doğurur. Belə ki, hərbi qulluqçuların pensiya təminatı hüququ məhz bu vərəqədə əks olunan məlumatlara əsasən müəyyən olunur. Pensiya təyinatı həyata keçirən orqan tərəfindən bu sənəd hüquqi əsas kimi götürülür və hərbi qulluqçuların sosial təminat hüquqları həmin sənəd əsasında həyata keçirilir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın ləğv olunması formasında qəbul olunmalıdır. Onun hüquqi nəticələrin aradan qaldırılması isə cavabdeh tərəfindən iddiaçının əvvəlki məlumatları əks etdirən məlumat vərəqəsinin üçüncü şəxsə göndərilməsi formasında qəbul olunmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -ZE-42704-001412 nömrəli pensiya uçot vərəqindən görünür ki, iddiaçıya xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. -Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ZE-42704 nömrəli məlumat vərəqəsindən görünür ki, İddiaçı vəzifə maaşı 860 manat təşkil edir. -DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı Kərim oğlunun sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyası vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilib. Bununla əlaqədar, əmək pensiyasının yenidən hesablanaraq müvafiq təmin xərcliyinin (vəzifə maaşı 860 manat, rütbə maaşı 190 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 % miqdarında əlavə 509,50 manat və ərzaq payı əvəzəinə pul kompensasiyası 64 manat olmaqla cəmi təminat xərcliyinin 1.592,50 manat) 100 faizi – 1.592,50 manat məbləğində müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2023cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanın həmin tarixdən 1.751,75 manat, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar artırılaraq 2.009,26 manat təşkil edir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, ona artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılaraq 5.383,03 manat müəyyən edilib. Qeyd olunanlara əsasən, artıq ödənilmiş 5.383,03 manat pul vəsaiti cari ilin sentyabr ayından etibarən hissə-hissə (hər ay 200,92 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunmuş, onun pensiyasının yenidən hesablanması zamanı ilkin olaraq cavabdeh tərəfindən məlumat vərəqəsində əks olunan məlumatlar nəzərə alınmış, daha sonra cavabdeh ilkin məlumat vərəqəsini ləğv etmiş və yenilənmiş məlumat vərəqəsini üçüncü şəxsə göndərmişdir. Üçüncü şəxs isə sonuncu məlumat vərəqəsində iddiaçının vəzifə maaşının 860 manat olmasını nəzərə alaraq pensiyanın hesablanmasını həyata keçirmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən tərtib olunmuş sonuncu məlumat vərəqəsinin ləğv edilməsini tələb edir. Hazırki iddianın hüquqi əsası ilə bağlı qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci maddəsinə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Bu Qaydaların 4-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür Göründüyü kimi, hərbi qulluqçuların pensiyasının hesablanması zamanı əsas götürülən təminat xərcliyi onların xidmət keçdiyi qurum tərəfindən təqdim olunur və təminat xərcliyinə olan dəyişiklər barədə məhz həmin qurum pensiya təyin edən orqana məlumat verməlidir. Məhkəmə hesab edir ki, iddiaçının sosial təminat hüququndan irəli gələn mübahisə üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialına münasibətdə aparılmış inzibati icraat çərçivəsində Bakı İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(112)-4953/2024 saylı qanuni qüvvəsini almış qərarında qeyd olunmuşdur ki, “iddiaçının pensiya təminatı pensiyanı təyin edən orqan tərəfindən onun xidmət keçdiyi qurum tərəfindən təqdim edilmiş məlumat vərəqəsinə əsasən həyata keçirilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarında qeyd edilmişdir ki, məlumat vərəqəsi qüvvədə olduğu müddətdə əmək pensiyanın hesablanmasına dair verilmiş qərar əsaslı hesab edilməlidir”. Bu isə bir daha göstərir ki, məlumat vərəqəsi iddiaçının pensiyasının yenidən hesablanması prosesində əsas sənəd hesab edilmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən tərtib edilmiş sonuncu məlumat vərəqəsində iddiaçının vəzifə maaşının 950 manat əvəzinə 860 manat məbləğində göstərilməsi məhkəmə hesab edir ki, əsassızdır. Belə ki, cavabdeh orqan iddiaçının sosial təminat hüququnun 1997-ci ildən yarandığını və bu hüququn artıq 20 ildən çox müddətdir formalaşmış olduğunu nəzərə almamışdır. Cavabdeh həmin məlumat vərəqəsində iddiaçının vəzifə maaşını əvvəlki rəsmi sənədlərdə əks olunmuş 950 manatdan əsassız olaraq 860 manata endirmiş, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinin tələblərini, eləcə də iddiaçının qanunla qorunan etimad hüququnu pozmuşdur. Nəzərə alınmalıdır ki, etimad hüququnun mahiyyəti ondan ibarətdir ki, hüquq subyekti dövlət orqanının sabit və dəyişməz inzibati davranışına güvənərək planlaşdırdığı hüquqi vəziyyətin dəyişdirilməməsinə əsaslı şəkildə inanır. İddiaçının illərlə formalaşmış sosial təminat hüququna təsir edən halın səbəbsiz və əsaslandırılmamış şəkildə dəyişdirilməsi isə, xüsusilə də alınan pensiya məbləğinə bilavasitə təsir edən vəzifə maaşın göstəricilərinin azalması bu hüququn pozulması kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Sözügedən Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində maddələrində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, əvvəlki inzibati aktın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan əvvəlki məlumat vərəqəsində iddiaçının vəzifə maaşının səhv olunduğunu aşkar etdiyinə istinad etməklə, iddiaçının inzibati orqanlara olan etimadını nəzərə almamış, 20 ildən çox müddət keçməsinə baxmayaraq əsassız olaraq yeni məlumat vərəqəsi tərtib etməklə onun aldığı pensiya məbləğinin azalmasına səbəb olmuşdur. Analoji iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından (★★★) qeyd olunmuşdur ki: “50. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. 51. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. 52. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24 avqust 2023-cü il tarixli “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” məktubda qeyd edilmişdir ki, iddiaçıya vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən qulluq stajına görə əlavənin yanlış olaraq artıq hesablandığı müəyyən edilmişdir. 53. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. 55. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. 56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. 58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.” Məhkəmə vahid məhkəmə təcrübəsini nəzərə almaqla hesab edir ki, iddiaçıya “vəzifə maaşının 950 manat olmasını” əks etdirən məlumat vərəqəsinin tərtib edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv məlumatın göstərilməsinə səbəb olan hal kimi qəbul etdiyi məsələ elə həmin vaxt cavabdehə məlum olduğundan, habelə məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, cavabdeh inzibati orqanın əvvəllər tərtib etdiyi məlumat vərəqəsinin dəyişdirməsi qanuni sayıla bilməz. Eyni zamanda, mübahisəli məsələnin mahiyyətinə uyğun olaraq qeyd edilməlidir ki, iddiaçıya ilkin olaraq pensiya təyin edilən dövrdə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” hələ qüvvədə olmamışdır. Bununla belə, həmin Qaydalar qüvvəyə mindikdən və hüquqi normativ akt kimi tətbiq edilməyə başlandıqdan sonra cavabdeh inzibati orqan tərəfindən iddiaçının məlumat vərəqəsində yol verilmiş səhv müəyyən edildikdə, artıq bu səhvin aradan qaldırılması və dəqiqləşdirilmiş məlumatın aidiyyəti üzrə təqdim olunması qanunla müəyyən olunmuş qaydada həyata keçirilməli idi. Xüsusilə bildirilir ki, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 4-cü bəndinin ilkin redaksiyasına əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədilə təminat xərcliyində baş vermiş artımlar barədə məlumat müvafiq icra hakimiyyəti orqanları tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməlidir. Halbuki, cavabdeh orqan bu müddəaya əməl etməmiş, yəni qanunla nəzərdə tutulan müddət ərzində düzəliş edilmiş məlumat vərəqəsini yenidən tərtib edərək səlahiyyətli orqana təqdim etməmişdir. Bu isə inzibati icraat zamanı qanunvericiliklə müəyyən olunmuş əsasların pozulması, eləcə də vətəndaşın hüquqlarına bilavasitə təsir göstərən inzibati hərəkətsizlik kimi qiymətləndirilməlidir. Yuxarida göstərilən halları rəhbər tutaraq Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş sonuncu məlumat vərəqəsi ləğv olunmalı və iddiaçının əvvəlki məlumatları əks etdirən məlumat vərəqəsinin üçüncü şəxsə göndərilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ZE-42704 nömrəli məlumat vərəqəsi ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2768/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2768/2025
24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver