Məhkəmə qərarları › İş №2-1(112)-2769/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2769/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2769/2022 02.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı X3 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 21 oktyabr 1996-cı il tarixdən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Azərneftyağ” NEZ-ə işə qəbul olunmuşdur. 24 dekabr 2014cü il tarixdə işlədiyi həmin zavod bütövlükdə Heydər Əliyev adına X23 birləşdirilmişdir. Bu günə kimi də, həmin zavodda işləyir. 04 aprel 1997-ci il tarixdə “Azərneftyağ” NEZ-ə aid olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən 10 saylı yataqxanada pasport qeydiyyatına götürülsə də, həmin yataqxanada yaşaması üçün boş otaq olmadığı üçün işlədiyi “Azərneftyağ” İstehsalat Birliyi baş direktor müavinin imzası ilə verilmiş SMİS-14/1017 saylı, 08 may 2001-ci il tarixli məktub əsasında işlədiyi zavoda məxsus olan və ünvan 1 ünvanındakı yaşayış evi yaşamaq üçün ona ayrılmışdır. Həmin vaxtdan da, yəni 2001-ci il tarixdən də, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 26 aprel 2016-cı il tarixli, 46 saylı sərəncamına əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2358-ci məhəllədə olan Mehdi Abbasov küçəsi, Y/ev 10 saylı bina sökülərək yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir ("xxxx" MMC-nin 281 saylı, 08 oktyabr 2020-ci il tarixli arayış). Mehdi Abbasov küçəsi, y/ev 10 saylı binada yaşayan sakinlərlə müqavilə bağlanaraq, kirayə haqları ödənilmək şərti ilə binadan köçürülmüşlər və yeni tikilmiş binada mənzil ilə təmn olunacaqlar. O, yəni İddiaçı Mehdi Abbasov küçəsi, Y/ev 10 ünvanında yaşamdığı və hər-hansı mənzilə dair mülkiyyət hüququnun olmasını təsdiq edən sənəd təqdim etmədiyi üçün onunla müqavilə bağlanmamışdır. Hal-hazırda onun pasport qeydiyyatında olduğu həmin bina mövcud deyildir. Buna görə də, qeydiyyatda olduğu yer barədə hər-hansı bir sənəd lazım olanda o, onu ala bilmir. Ümumiyyətlə, onun faktiki yaşadığı ünvanda qeydiyyatda olmaması onun üçün problemlər yaradır və onun öz hüquqlarını sərbəst və maneəsiz həyata keçirməsinə mane olur. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmaldır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Onun isə faktiki olaraq yaşadığı yerdə deyil, başqa yerdə qeydiyyatd aolması demək olar ki, onun dövlət və cəmiyyət qarşısında da, vəzifələrinin icrasına ciddi maneələr yaradır. O, faktiki yaşadığı ünvana qeydiyyata alınması barədə 02 avqust 2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etsə də, 101-23813 Y-3221 saylı, 13 avqust 2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun hal-hazırda faktiki yaşadığı ünvan 1 ünvanına pasport qeydiyyatına alınması (düşməsi) vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan işdə olan Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilmişdir ki, iddiaçı yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021ci il tarixli, 101-23813Y-3221 nömrəli imtina məktubunun surətindən görünür ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyi halda məhkəməyə müraciət etmək hüququ var. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” İstehsalat Birliyi tərəfindən 4 saylı MİS-in rəisinə ünvanlanmış xx.xx.2001-ci il tarixli, SMİŞ-14/1017 nömrəli məktubdan görünür ki, “Azərneftyağ” İB-nin müdiriyyəti İƏK 6 saylı sexin işçisi X4 ərizəsini, ağır mənzil şəraitini nəzərə alaraq, ona ailə tərkibi ilə Y.Səfərov küçəsi, 1 saylı ünvanda yerləşən binada yaşayış sahəsi 45 kv.m olan üç otaqlı, 8 saylı mənzili müvəqqəti yaşayış sahəsi kimi ayırır. Birlikdə işçinin əmək münasibəti kəsildikdə mənzil boşaldılıb birliyə təhvil verilməlidir. 4 saylı MİS-nin rəisi əvəzi M.Rəhimova tapşırılmışdır ki, Y.C.Yusifova ayrılmış mənzilin kommunal xərclərinin tutulmasını təmin etsin. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 08 oktyabr 2020-ci il tarixli, 281 nömrəli arayışdan görünür ki, Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı ilt arixli, 46 saylı sərəncamına əsasən "xxxx" MMC tərəfindən Mehdi Abbasov küçəsi, 2538-ci məhəllədə olan Mehdi Abbasov küçəsi, Y\Ev 10 saylı bina sökülərək yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Mehdi Abbasov küçəsi, Y\ev 10 saylı binada yaşayan sakinlərlə müqavilə bağlanaraq, kirayə haqları ödənilmək şərti ilə binadan köçürülmüşlər və yeni tikilmiş binada mənzil ilə təmin olunacaqlar. İddiaçı Mehdi Abbasov küçəsi, Y\ev 10 ünvanda yaşamadığı və hər-hansı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etmədiyi üçün onunla müqavilə bağlanmamışdır. İşdə olan iddiaçıya məxsus əmək kitabçası və Heydər Əliyev adına X26 tərəfindən verilmiş 100 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, o hazırda da, Heydər Əliyev adına X21 texnoloji proseslərin tədqiqatı üzrə 24 nömrəli sahəsinin sənaye-sanitar laboratoriyasında xx.xx.2015-ci il tarixdən müdir vəzifəsində işləyir. İşdə olan 101 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 509 nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında “Azəryağ” İB-nin SMİŞ- 14/1017 nömrəli, xx.xx.2001-ci il tarixli məktubuna əsasən qeydiyyatsız yaşayır. Ailə tərkibi: həyat yoldaşı – 1972-ci il təvəllüdlü X5, oğlu – 2002-ci il təvəllüdlü X12, oğlu – 2003-cü il təvəllüdlü X13. İşdə olan 101 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 02 fevral 2022-ci il tarixli, 02 fevral 2022-ci il tarixli aktın surətindən görünür ki, Y.Səfərov küçəsi, ev 1 ünvanında yerləşən mənzillərin sakinləri X11, X1, X6, X8 və X9 akt tərtib edərək bildirmişlər ki, həqiqətən qonşuları İddiaçı (1970-ci il təvəllüdlü) həyat yoldaşı X5 (1972-ci il təvəllüdlü) və uşaqları X12 (2002-ci il təvəllüdlü), X13 (2003-cü il təvəllüdlü) Xətai rayon NZS qəsəbəsi, Yavər Səfərov küçəsi, bina – 1, mənzil 8-də 2001-ci ildən bugünə qədər yaşayırlar. İşdə olan 101 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 66 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında “Azəryağ” İB-nin SMİŞ- 14/1017 nömrəli, xx.xx.2001-ci il tarixli məktubuna əsasən qeydiyyatsız yaşayır. Ailə tərkibi: həyat yoldaşı – 1972-ci il təvəllüdlü X5, oğlu – 2002-ci il təvəllüdlü X12, oğlu – 2003-cü il təvəllüdlü X13. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırda qeydiyyata alınmasını xahiş etdiyi Bakı şəhəri, Xətai rayonu, Yavər Səfərov küçəsi, ev 1 ünvanında yerləşən 8 saylı mənzil onun işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” İstehsalat Birliyinin xx.xx.2001-ci il tarixli məktubuna əsasən birliklə işçinin əmək münasibəti kəsilənədək müvəqqəti yaşayış sahəsi kimi ayrılmışdır. İddiaçı hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müvafiq qurumunda əmək münasibətini davam etdirir. O, ailəsi ilə birlikdə 2001-ci ildən hal-hazıradək sözügedən mənzildə yaşayır. Bu halı, 101 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışlar və həmin yaşayış binasının sakinlərinin iştirakı ilə tərtib olunan akt da, təsdiq edir. Hazırda, yaşayış yeri üzrə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, Y/ev 10 saylı binada qeydiyyatda olsa da, həmin yataqxana binası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 46 saylı sərəncamına əsasən "xxxx" MMC tərəfindən sökülərək, yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. İddiaçı Mehdi Abbasov küçəsi, Y/ev 10 ünvanında yaşamadığı və hər-hansı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etmədiyi üçün onunla kirayə haqları ödənilmək şərti ilə binadan köçürülməsi və yeni tikilmiş binada mənzillə təmin olunması barədə müqavilə bağlanmamışdır. Sözügedən hallar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd olmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaçıların müraciətindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalı olduğundan, eləcə də, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq olduğundan, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımadığından və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bildiyindən, həmçinin, iddiaçıların hazırda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2ci bəndinin tələblərinə uyğun olaraq yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi olduğundan, cavabdeh tərəfindən onların sözügedən ünvana qeydiyyata alınmalarından imtina edilməsi nəticəsində, yaşayış yeri üzrə qeydiyyata alınma, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Bu səbəbdən də, iddiaçı qeydiyyata alınmasından imtina edilməsindən məhkəməyə şikayət verməkdə haqlı olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinin tələblərinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar