Məhkəmə qərarları › İş №2-1(112)-277/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-277/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-277/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı (üçüncü şəxs X7) «qərarın etibarsız sayılması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı MMC cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı «qərarın etibarsız sayılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, inzibati hüquq münasibətlərindən yaranan mübahisə cavabdeh inzibati orqan tərəfindən qanunsuz qəbul edilən inzibati aktın etibarsızlığı ilə bağlıdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən İddiaçı MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında 10 fevral 2017-ci il tarixli 53 saylı sərəncam verilmişdir. Həmin sərəncamla Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yaşayış binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin 30 yanvar 2017-ci il tarixli 18/03-8/220 nömrəli məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş və İddiaçı MMC-nin 30 yanvar 2017-ci il tarixli 15 nömrəli müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən icarə əsasında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün iddiaçıya icazə verilmişdir. Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair 18/49 nömrəli 14 mart 2018-ci il tarixli ayrıc aktı verilmiş və akt qeydiyyata alınmışdır. Həmin ayrıc aktına əsasən 10 fevral 2017-ci il tarixli 53 saylı sərəncam ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 0,1567 ha torpaq sahəsi yaşayış binasının tikintisi üçün verilmiş və ayrılmış torpaq sahəsinin cizgisi çəkilmişdir. Eyni zamanda, Bakı ŞİH ilə "xxxx" MMC arasında Bakı ŞİH başçısının 10 fevral 2017-ci il tarixli 53 nömrəli sərəncamı və 16 mart 2018-ci il tarixli 13384 saylı inşaat pasportuna əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsinə dair 30 may 2018-ci il tarixli 1484 saylı "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə bağlanmış və obyektin tikintisinə dair 7 may 2020-ci il tarixli 38 nömrəli icazə sənədi alınmışdır. Bundan başqa, Bakı ŞİH başçısının 1 noyabr 2019-cu il tarixli 358 saylı sərəncamı ilə İddiaçı MMC-nin 24 iyul 2019-cu il tarixli 05/2019 nömrəli müraciəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 29 oktyabr 2019cu il tarixli 02/07-6216 nömrəli razılıq məktubu və Bakı ŞİH başçısının 10 fevral 2017-ci il tarixli 53 nömrəli sərəncamı nəzərə alınaraq, «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsaslanaraq, "Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə Bakı ŞİH başçısının 10 fevral 2017-ci il tarixli 53 nömrəli sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.1567 ha əraziyə bitişik 0.0895 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqəsədilə icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İddiaçı MMC-nin direktorunun müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arexitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə Bakı ŞİH başçısının 10 fevral 2017-ci il tarixli 53 nömrəli sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.1567 ha əraziyə bitişik, Bakı ŞİH başçısının 1 noyabr 2019-cu il tarixli 358 nömrəli sərəncamı ilə yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün ayrılan 0.0895 ha torpaq sahəsinin ölçülərinə dair 15 noyabr 2019-cu il tarixli 19/64 nömrəli cizgi hazırlanmışdır. 19 noyabr 2019-cu il tarixdə 30 may 2018-ci il tarixli 1484 nömrəli torpaq icarə müqaviləsinə dəyişiklik edilmiş, müqavilənin 1.1, 7.3 və 7“A” bəndlərinin dəyişməsi ilə bağlı tərəflər razılığa gələrək, 1.458 kv.m torpaq sahəsi 2.462 kv.m kimi oxunması kimi qəbul edilmişdir. Göründüyü kimi iddaçı İddiaçı MMC-yə yaşayış binasının tikintisi üçün 2.462 kv.m torpaq sahəsi və əlavə yaşıllıq və abadlaşdırma üçün 0.0895 ha torpaq sahəsi ayrılmışdır. Hazırda qeyd edilən ünvanda torpaq sahəsində qanunvericilikdə nəzərdə tutulan qaydada tikinti aparılması üçün alınmış icazə sənədlərinə əsasən tikinti işləri aparılır. X3 cavabdeh M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən ona sahibkarlıq faəliyyəti ilə məşğul olması üçün Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında 08/03 nömrəli 15 mart 2007-ci il tarixdə qərar qəbul edilmişdir. Hesab olunur ki, həmin qərar qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir və iddiaçının hüquqlarını kobud surətdə pozur. Mübahisələndirilən qərar əsasında X6 ayrılan həmin torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olan yaşayış binasının tikildiyi binanın yerləşdiyi torpaq sahəsinin ərazi hüdudlarında yerləşməklə iddiaçının torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh inzibati orqan olan M.Ə.Rəsulzadə bələdiyyəsi torpaq və digər qanunvericiliyin tələblərinə zidd və eyni zamanda iddiaçının mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan inzibati akt qəbul etmişdir, məhkəmə tərəfindən həmin akt etibarsız sayılmalıdır. İnzibati aktın etibarsız sayılması üçün əsaslar mövcuddur. İddiaçı MMC-nin hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olması ilə bağlı dəlillərinə gəldikdə birincisi, ona Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yaşayış binasının tikintisinə dair torpaq sahəsinin ayrılması hamı üçün mübahisə doğurmayan bir haldır. İkinci bir tərəfdən iddia ərizəsinə əlavə edilmiş sənədlərədən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ona ayrılmış torpaq sahələrinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arexitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən təsdiq olunmuş cizgi təqdim olunmuşdur ki, həmin cizgilərdən də açıq və aydın görünür ki, cavabdehin mübahisələndirilən sərəncamı ilə üçüncü şəxsə ayrılan torpaq sahəsi İddiaçı MMC-yə ayrılmış torpağın ərazi hüdudları daxilində yerləşir. Həmçinin, iddia ərizəsinə əlavə edilən Şirkətə ayrılan ərazinin hüdudlarını müəyyən edən xəritəyə əsasən 3-cü şəxs X3 bələdiyyə qərarına əsasən ayrılan torpaq sahəsinin Şirkətin torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Hazırda iddiaçı bələdiyyə tərəfindən ayrılmış torpağın onların istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyinə görə bələdiyyənin göstərilən sərəncamının etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Hesab olunur ki, mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətində olduğundan cavabdehin həmin torpaq üzərində hər hansı bir qərarvermə hüququ mövcud olmamışdır. M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarı qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmişdir. Yəni cavabdeh səlahiyyəti olmadığı halda mülkiyyətində olmayan torpaq sahəsinin üçüncü şəxsə ayrılması barədə qərar qəbul etməklə dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermiş, nəticədə bələdiyyənin müvafiq qərarı iddiaçının icarəsində olan torpaqlardan maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Hazırda qüvvədə olan «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1, 65.1.2-ci maddələrinin tələbi ilə də müəyyən olunmuşdur ki, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsızdır. Bundan başqa, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən aşağıda göstərilən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və torpaq sahələrinin ayrılması qaydaları barədə digər normativ hüquqi aktların tələblərinə riayət edilib-edilməsi məhkəmə tərəfindən yoxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 384.0.5-ci maddələrinə, İPM-in 36.1, 45, 46-cı maddələrinə, «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 48ci maddəsinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinə, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 5 – 7, 17 – 19-cu bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndinə əsaslanaraq, A.Şoşanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 fevral 2015-ci il atrixli qərarına, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral tarixli 2003-cü il tarixli qərarına istinad olunaraq, məhkəmədən cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin X1 fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında 08/03 nömrəli 15 mart 2007-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi (vəkili) gəlmiş, tərəflər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, iş üzrə alınmış rəylə mübahisə obyekti olan torpaq sahəsinin bələdiyyə mükliyyətində olması müəyyən edilmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsini (vəkili) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitsiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmənin 23 iyul 2020-ci il tarixli məktubu ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət olunaraq, aşağıdakı məsələ ilə bağlı məlumat (rəy) bildirilməsi xahiş olunmuşdur: - Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində X6 ayrılmış torpaq sahəsinin bələdiyyənin mükiyyətində olub-olmaması barədə. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanlanmış 23 sentyabr 2020-ci il tarixli məktubu ilə qurumun müvafiq arayışı aşağıdakı məzmunda təqdim olunmuşdur: - İnzibati iş üzrə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yaşayış binasının hüquqi statusuna dair məlumatın verilməsi barədə müraciətlə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş, araşdırmanın nəticəsi belə cavablandırılmışdır ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən yaşayış binasının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Təqdim edilən kadastr məlumatlarına əsasən ayrıc aktı ilə ayrılmış ümumi ərazi daxilində özəlləşmiş torpaq sahələri (********** və ********** qeydiyyat nömrəli) mövcuddur. Yaşayış binasının yaxınlığında yerləşən yaşıllıq sahəsidir. Həmçinin, sözügedən əraziyə İdarənin əməkdaşları tərəfindən baxış keçirilmişdir və ayrıc aktındakı koordinatlara əsasən 1.567,0 kv.m olan torpaq sahəsinin sərhədləri dəmir lövhələrdən ibarətdir və şərtidir. Həmin torpaq sahəsi üzərində bir ədəd yaşayış binası inşa edilir ki, faktiki olaraq binanın 2-ci mərtəbəsi inşa olunur və hazırda davam etdirilir. Ayrıc aktına əsasən koordinatların bir hissəsi digər mübahisəli sahə ilə üst-üstə düşür. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanlanmış 1 fevral 2021-ci il tarixli məktubu ilə qurumun müvafiq mütəxəssis rəyi aşağıdakı məzmunda təqdim olunmuşdur: - Mübahisələndirilən əraziyə (Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllə ayrılmış torpaq sahəsinə) iddiaçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, Bakı İnzibati Məhkəməsinin 23 iyul 2020-ci il tarixli məktubuna əsasən 22ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yaşayış binasının hüquqi statusu barədə məlumatın məhkəməyə təqdim olunması ilə bağlı müraciət edilmiş, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktına əsasən qeyd olunan Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yaşayış binasının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilməməsi, təqdim edilən kadastr məlumatlarına əsasən ayrıc aktı ilə ayrılmış ümumi ərazi daxilində özəlləşmiş torpaq sahələrinin (********** və ********** qeydiyyat nömrəli) mövcud olduğunu, yaşayış binasının yaxınlığında yerləşən yaşıllıq sahəsi olduğunu, ayrıc aktındakı koordinatlara əsasən 1.567 kv.m olan torpaq sahəsinin sərhədləri dəmir lövhələrdən ibarətdir və şərtidir. Həmin torpaq sahəsi üzərində bir ədəd yaşayış binası inşa edilir ki, faktiki olaraq binanın 2 (hal-hazırda 8-ci) mərtəbəsi inşa olunur və konstruksiya işləri hazırda davam etdirilir. Ayrıc aktına əsasən koordinatların bir hissəsi digər mübahisəli sahə ilə üst-üstə düşməsi bildirilmişdir. Araşdırma Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-1(112)-5154/2020 nömrəli məktubu ilə təqdim edilmiş (Ayrıc aktına və ona əlavə edilmiş) koordinatlara və mübahisələndirilən əraziyə baxış zamanı naturada müəyyən edilmiş koordinarlara əsasən elektron kadastr bazasında aparılmışdır. Elektron kadastr baza məlumatlarına əsasən mübahisələndirilən, iddiaçının nümayəndəsinin naturada göstərdiyi Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-1(112)- 5154/2020 nömrəli məktubu ilə təqdim edilmiş (Bakı ŞİH-in 10 fevral 2017-ci il tarixli 53 sayli sərəncamı ilə təsdiq edilmiş, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş ayrıc aktına və ona əlavə edilmiş) koordinatlarda yerləşən torpaq sahəsi Bakı ŞİH-in 31 avqust 2000-ci il tarixli 812 nömrəli sərəncamı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə ayrılması nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsidir. Mübahisələndirilən, təqdim edilmiş koordinatların hüdudları daxilində yerləşən 0.1567 hektar ərazidən X2 adına sahəsi 240 kv.m, reyestr nömrəsi **********73 (tarixi 24 oktyabr 2019-cu il), X2 adına sahəsi 310 kv.m, reyestr nömrəsi **********76 (tarixi 14 may 2010-cu il) olan çıxarışlar verilmişdir (sxem əlavə edilir). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən aşağıdakılar torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə daxildir: - qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; - qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Məhkəmə hazırkı inzibati mübahisə ilə bağlı müəyyən etdiyi aşağıdakı xüsusatları diqqətə çəkir: - mübahisə predmeti olan cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarı müvafiq torpaq sahəsinin alqı-satqı yolu ilə üçüncü şəxs X5 mülkiyyətinə verilməsi barədədir və məhkəmə icraatında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış mütəxəssis rəyinə əsasən həmi torpaq sahəsi Bakı ŞİH-in 31 avqust 2000-ci il tarixli 812 nömrəli sərəncamı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətinə verilmiş ərazi hüdudları daxlində yerləşir. Məhkəmə həmin mütəxəssis rəyinin qeyri-mötəbərliyi barədə hər hansı xüsusat müəyyən edilmədiyindən, rəy mötəbər sübut kimi qiymətləndirilir. Belə olan halda, cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarı qəbul etməkdə səlahiyyətli olmuşdur və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinin tələbləri baxımından həmin qərar etibarsız sayılmır. - inzibati akt kimi Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarına münasibətdə “inzibati aktın etibarsız sayılması” üzrə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsində nəzərdə tutulmuş digər əsaslardan hər hansı biri müəyyən edilmir. Məhkəmə yuxarıda qeyd olunalara əsasən belə qənaətə gəlir ki, İddiaçı MMC-nin dəlilləri və sübutları cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 08/03 nömrəli qərarının etibarsız sayılmasına əsas olmadığından, iddia tələbi əsaslı qiymətləndirilmir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı (üçüncü şəxs X7) «qərarın etibarsız sayılması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı (üçüncü şəxs X7) «qərarın etibarsız sayılması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar