Məhkəmə qərarları › İş №2-1(112)-2770/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2770/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2770/2022 14.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçının işlədiyi müvafiq iş dövrü sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona 18 dekabr 1996-cı il tarixdən 29 iyun 2014-cü il tarixədək "xxxx" firmasında direktor vəzifəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 3 fevral 1955-ci il tarixdə doğulmuşdur. O, 21 yanvar 1971-ci il tarixdən 30 aprel 1974-cü il tarixədək X7 fəhlə işləmiş, 7 may 1974-cü il tarixdən 17 may 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 29 sentyabr 1976-cı il tarixdən 26 sentyabr 1977-ci il tarixədək X2 metodist, 20 oktyabr 1977-ci il tarixdən 21 fevral 1980-ci il tarixədək “AMEA-nın X8” Müəssisəsində tokar, 28 fevral 1980-ci il tarixdən 15 dekabr 1996-cı il tarixədək X3 müxtəlif vəzifələrdə, 18 dekabr 1996-cı il tarixdən 29 iyun 2014-cü il tarixədək "xxxx" firmasında direktor, 1 iyul 2014-cü il tarixdən 29 fevral 2020-ci il tarixədək "xxxx" QSC-nin Avtomotonəqliyyat xidmətində sürücü vəzifəsində işləmişdir. İddiaçıya 3 fevral 2019-cu il tarixdən 171,86 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının pensiyasının məbləği müvafiq indeksasiyalar aparılmaqla 1 iyul 2021-ci il tarixdə 283,70 manat müəyyən edilmişdir. Lakin pensiyanın təyin edilməsi və yenidən hesablanması zamanı iddiaçının 18 dekabr 1996-cı il tarixdən 1 yanvar 2006cı il tarixədək olan dövrdə işlədiyi əmək stajı pensiyanın hesablanmasında nəzərə alınmamışdır. Buna səbəb kimi "PROGECT” Firmasının əmək haqqı və əmrlər kitabının arxivdə saxlanılmadığı əsas gətirilmişdir. Bu əsasdan iddiaçının həmin dövrü nəzərə almaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə 25 avqust 2021-ci il tarixli **********8 nömrəli məktubla imtina verilmişdir. Hesab edilir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağı instansiya məhkəmələrinə ünvanladığı 18 noyabr 2020-ci il tarixli icmal məktubundan görünür ki, “Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmadığı yoxlanılmalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına, məsələn Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda ümumi iş stajının yoxlanması aparılmalıdır. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, "xxxx" Firması 1 oktyabr 1996-cı il tarixdə X4 tərəfindən təsis edilmiş, nizamnaməsi tərtib edilmiş və həmin qurum Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 5 dekabr 1996-cı il tarixli 31799 nömrəli şəhadətnaməsi ilə qeydiyyata alınaraq onun nizamnaməsi təsdiq edilmişdir. "xxxx" Firmasının 18 dekabr 1996-cı il tarixli 01 nömrəli əmrindən görünür ki, İddiaçı həmin firmaya direktor təyin olunmuşdur. Eyni zamanda, Dövlət Statistika Komitəsi tərəfindən verilmiş X9 Reyestrinə Daxil Edilməsi haqqında 11 mart 1997-ci il tarixli ******* saylı Şəhadətnamədən görünür ki, adıçəkilən firma Dövlət Statistika Komitəsi tərəfindən dövlət reyestrinə daxil edilmişdir. Qeyd olunmalıdır ki, adıçəkilən firma 10 mart 1997-ci il tarixdə Azərbaycan Respublikası Baş X5 Vergi ödəyicilərinin dövlət reyestrində uçota alınmış və buna dair ona AB seriyalı 088978 nömrəli Şəhadətnamə verilmişdir. Göründüyü kimi, iddiaçının əmək kitbaçasında aparılmış qeydlər zamanı adıçəkilən müəssisə mövcud olmuşdur. Lakin cavabdeh inzibati orqan həmin firmanın mövcudluğu ilə bağlı heç bir araşdırma aparmamışdır. Həmin dövrün əmək stajına daxil edilməli olmasının hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqmda sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqmda sənəddə onun əmək stajı haqqmda - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2011-ci il 21 noyabr tarixli 17 nömrəli qərarı ilə təsdiq olunmuş “«Əmək pensiyaları haqqmda» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 1 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyridövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqmda» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci bəndinə əsasən 1 yanvar 2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Bundan başqa, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqmda» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelini-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə 1 yanvar 2006-cı il tarixə yaranmış borcları 1 aprel 2018-ci il tarixdən silinmişdir. Yuxarıda sadalanan hallardan göründüyü kimi, iddiaçının 18 dekabr 1996-cı il tarixdən 29 iyun 2014-cü il tarixədək "xxxx" firmasında işlədiyi dövr pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmaldır. Bu əsasdan hesab edilir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya hüququ pozulmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasımn 38-ci maddəsinə əsaslanaraq, İPM-in müvafiq maddələrini rəhbər tutaraq, məhkəmədən onun (iddiaçının) 18 dekabr 1996-cı il tarixdən 29 iyun 2014-cü il tarixədək "xxxx" firmasında direktor vəzifəsində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və hazırkı dövrədək yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiasına etiraz olunur. Hesab edilir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinası qanuni və əsaslı olduğundan, iddia təmin edilməməlidir. Mərkəzi Filialın imtina məktubunun məzmunundan aydın olur ki, İddiaçı məxsus əmək kitabçasında qeyd edilən 18 dekabr 1996-cı il tarixdən 1 yanvar 2006-cı il tarixədək "xxxx" firmasında işləməsinə dair qeydlərin yoxlanılması zərurəti yaranmışdır. Qarşılıqlı yoxlama zamanı həmin müəssisənin faktiki və arxiv sənədlərinin saxlanılmadığı müəyyən edilmişdir. Bu səbəbdən həmin illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 31.2-1ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2- ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunvericilik 1 yanvar 2006-cı il tarixədək olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Yəni əmək kitabçasında qeydə alınmış 1 yanvar 2006-cı il tarixədək olan dövr müvafiq qaydada yoxlanılmalıdır. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Göstərilənlərə və İPM-in 14.3, 47-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsaslanaraq, İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “iddiaçıya 18 dekabr 1996-cı il tarixdən 1 yanvar 2006-cı il tarixədək "xxxx" firmasında direktor vəzifəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənmin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 3 fevral 1955-ci il tarixdə doğulmuşdur, 21 yanvar 1972-ci il tarixdən əmək fəaliyyətinə başlamış və 29 fevral 2020-ci il tarixədək müxtəlif işlərdə çalışmışdır. Ona 3 fevral 2019-cu il tarixdən 171,86 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya təyinatında iddiaçının 18 dekabr 1996-cı il tarixdən 1 yanvar 2006-cı il tarixədək "xxxx" firmasında direktor vəzifəsində işədiyi dövr sığorta stajı kimi nəzərə alınmammışdır. İddiaçı həmin müddətin onun sığorta stajına daxil edilməklə ona əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş və imtina onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında həmin dövrdə qeyd edilən müəssisədə işləməsinə dair qeydlərin yoxlanılması zərurəti yaranmışdır, lakin qarşılıqlı yoxlama zamanı həmin müəssisənin faktiki və arxiv sənədlərinin saxlanılmadığı müəyyən edilmiş, bu səbəbdən qeyd olunan dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.2-ci maddəsinin 1 oktyabr 2021-ci il tarixədək qüvvədə olan tələblərinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinin 1 oktyabr 2021-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh iddiaçının müvafiq müraciəti üzrə qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, iddia “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan, iddia ərizəsi məhkəməyə 1 oktyabr 2021-ci il tarixdən əvvəl daxil olduğundan, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 31.1-1-ci maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsinin 20 fevral 2006-cı il tarixli 01/Ç-587 nömrəli “Kommersiya təşkilatının dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, "xxxx" firması 5 dekabr 1996-cı il tarixdə 31799 nömrə ilə qeydiyyata alınmışdır, İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasından görünür ki, o, 18 dekabr 1996-cı il tarixdən 29 iyun 2014-cü il tarixədək "xxxx" firmasında direktor vəzifəsində işləmişdir. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması şəxsin (iddiaçının) təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbir edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. İddiaçının 18 dekabr 1996-cı il tarixdən 1 yanvar 2006-cı il tarixdək "xxxx" firmasında işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə ayırmaların edilib-edilməməsinə gəldikdə isə, məhkəmə aşağıdakıları vurğulayır: - iddiaçının yuxarıda həmin müəssisədəki fəaliyyətinin 18 dekabr 1996-cı il tarixdən 1 yanvar 2002-ci il tarixədək olan hissəsi üzrə alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmalarının həyata keçirilməməsinin pensiya hesablanmasında nəzərə alınmaması 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 8-ci hissəsində tənzimlənmişdir. Həmin maddəyə (8-ci hissəsi) əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Odur ki, qeyd edilənlərə görə belə qənaət yaranır ki, iddiaçının 1996 – 2002-ci illərdə əmək haqqından məcburi dövlət sosial sığorta ayırmalarının aparılmaması (hətta bu hal sübut olunsa belə) ona əmək pensiyasının təyinatı zamanı həmin dövrün sığorta stajı kimi nəzərə alınmamasına əsas vermir; - mübahisə üzrə cavabdehin yuxarıda qeyd olunan dəlilinin 1 yanvar 2002-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövrə aid hissəsinə münasibətdə isə nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, qanunvericiliyə edilmiş tənzimləmələrdə 2006-cı ilin yanvar ayının 1-nədək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən, hazırkı iddiaçının 1 yanvar 2002-ciil tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövr üzrə əmək fəaliyyəti də sığorta stajı kimi nəzərə alınmalıdır. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı "xxxx" firmasında 18 dekabr 1996-cı il tarixdən 1 yanvar 2006-cı il tarixədək işlədiyi dövrün sığorta stajına daxil edilməməsi və bu səbəbdən də yaşa görə əmək pensiyası yenidən hesablanmasından imtina olunması qanuna zidd və onun sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı onun 18 dekabr 1996-cı il tarixdən 1 yanvar 2006-cı il tarixədək "xxxx" firmasında direktor vəzifəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı onun 18 dekabr 1996-cı il tarixdən 1 yanvar 2006-cı il tarixədək "xxxx" firmasında direktor vəzifəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar