Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2770/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “övladlığa götürmək istəyən şəxsin uçotdan çıxarılması barədə qərarın ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “övladlığa götürmək istəyən şəxsin uçotdan çıxarılması barədə qərarın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 11 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin müvafıq qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Evi 2 yaşayış otağından ibarətdir. O, ailə qurmamışdır və övladı yoxdur. X1 övladı X8 doğulandan onun yanındadır və ona çox bağlıdır. Ona görə də o, qardaşının övladı xx.xx.2013-cü il təvəllüdlü X7 övladlığa götürmək qərarına gəlmişdir. Övladlığa götürməkdə əsas məqsədi övlad sahibi olmaq və valideyn sevincini yaşamaqdan ibarətdir. Onun daimi yaşayış yeri var və yaşadığı mənzilin hər cür şəraiti vardır, həmçinin aylıq qazanca və gəlirə malikdir. Uşağın mənzil şəraitinin və maddi tələbatının tam şəkildə ödənilməsi, sağlam böyüməsi və hüquqlarının həyata keçirilməsi iqtidarındadır. Gələcəkdə bir valideyn kimi uşağın tərbiyəsi ilə məşğul olmaq, qayğısına qalmaq və hərtərəfli inkişaf etməsini təmin etməyə hazırdır. Uşağın anası və atası ilə uşağın ona övladlığa verilməsinə etiraz etmirlər. Bununla əlaqədar cavabdehə müraciət etmişdir. Sosial Xidmətlər Agentliyinin publik hüquqi şəxsin Övladlığa götürmə departamenti tərəfindən mənzilin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmiş, uşağın rahat yaşaması üçün bütün şərait yaradılmış, mənzilin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmiş, qanunvericiliyə əsasən tələb olunan sənədlər təqdim olunmuşdur. Cavabdehə müraciəti ilə xx.xx.2024-cü tarixli bağlı imtina verilmişdir. İmtina məktubu xx.xx.2024-cü tarixdə elektron portal vasitəsi ilə əldə edilmişdir. İmtina məktubunda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibə mərhələsindən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədiyi qeyd edilmişdir. Lakin inzibatı orqan övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə də uyğun olmadığını qeyd etməmiş və bununla bağlı ona hər hansı bir izah verməmişdir. Yalnız formal olaraq qanunverciliyin yuxarıda qeyd olunan normalarına istintad etmişdir. Ona görə də hesab edir ki, verilmiş imtina qanunsuz və əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.5-ci maddəsinə əsasən xx.xx.2024- cü il tarixində övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə iddiaçı ilə müsahibə aparılmışdır. Müsahibə zamanı müəyyən edilmişdir ki, övladlığa götürülən uşaq xx.xx.2013-cü il təvəllüdlü X8 doğulduğu andan bioloji valideynləri Qurbanova Gülşən Babaş qızı və X11 ilə birlikdə yaşayır. İddiaçı onlarla birgə yaşayan şəxs kimi təqdim etməsinə baxmayaraq, uşağa əsas qayğının bioloji valideynləri tərəfindən göstərildiyi və İddiaçı ünsiyyətinin bibi-qardaş oğlu münasibətlərinə əsaslandığı müəyyən edilmişdir. Əlavə olaraq, müsahibə zamanı İddiaçı gələcəkdə şəxsi varisinin uşağa qalmasını istədiyini bildirmişdir və bu səbəbdən övladlığagötürmə müəyyən maddi (məsələn, daşınmaz əmlakın varislik yolu ilə şəxs öldükdən sonra övladlığa götürülən şəxsə keçməsi) və sair maraqlar naminə həyata keçirilməklə formal övladlığagötürmə ilə nəticələnə bilər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddia tələbi qərarın ləğv edilməsi barədədir. Zahiri olaraq mübahisələndirmə kimi görünsə də, işin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması barədədir. Belə ki, iddiaçı qardaşı uşağını övladlığa götürmək üçün aidiyyəti üzrə müraciət etmiş, övladlığa götürmə prosedurunun nəticəsində onun barəsində mənfi rəy qəbul edilərək imtina cavabı verilmişdir. İddiaçının marağı onun barəsində müsbət qərar qəbul edilməsidir. Odur ki, iddiaçı məcburetmə növündə iddia irəli sürmüşdür. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarına əlavə edilmiş cavabdehin xx.xx.2024-cü il tarixli, “Övladlığagötürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğun olmadığına dair” rəyində göstərilmişdir: 3.4. Valideyn-himayəsindən məhrum olma forması (rəsmi imtina olunmuş, atılmış və s): Qohumlararası razılıq əsasında övladlığa götürülən uşaq bioloji valideynlərinin himayəsindədir. 3.5. Sağlamlıq vəziyyəti barədə məlumatlar (səhhətinin vəziyyəti, fiziki və əqli inkişafı): Təqdim edilən tibbi arayışa əsasən, xx.xx.2024-cü il tarixində X2 rayonu, 4 saylı Uşaq Poliklinikasında müayinələrdən keçmiş və sağlamdır. O, “Hemofiliya A irsi ailəvi forma. Ağır gedişli” diaqnozu ilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsdir. 3.6. 10 yasdan yuxarı usaq olduqda uşaqın övladlıqaqötürülmə ilə bağlı razılığı (7 yasında uşağın fikirləri): Uşaq övladlığagötürmə prosesindən məlumatsız olduğundan fikrini öyrənmək mümkün olmamışdır. 3.7. 10 yasdan yuxarı uşağın adının, soyadın, ata adının dəyişdirilməsi barədə valideyn- namizəd(lər)in istəyi olduqda uşağın razılığı (7 yaşında uşağın fikirləri); Uşaq övladlığagötürmə prosesindən məlumatsız olduğundan fikrini öyrənmək mümkün olmamışdır. 4.2. Övladlığagötürmənin məqsədləri barədə: Valideyn-namizədin qardaşı oğlunu övladlığa götürmək istəməsində əsas məqsədi uşaqla arasında sıx bağlılığın olması, digər tərəfdən isə gələcəkdə yeganə varisinin övladlığa götürmək istədiyi X4 olması istəyi ilə bağlıdır. Valideyn-namizədin övladlığagötürmə üzrə motivasiyası praqmatik kimi qiymətləndirilir. Müsahibə nəticəsində valideyn-namizədin övladlığagötürmə məqsədlərinin formal xarakter daşıdığı müəyyən edilmişdir. Müsahibə mərhələsinin nəticəsi: Valideyn-namizədin övladlığa uşaq götürməkdə əsas məqsədi uşaqla onun arasında kiçik yaşlarından emosional bağlılığının olması, digər tərəfədən isə bütün əmlakının qardaşı oğluna qalması istəyi ilə bağlıdır. O, uşaq doğulduqdan sonra onu öz himayəsinə götürmək fikrinin olduğunu, lakin bunu həyata keçirmədiyini bildirmişdir. Müsahibə zamanı müəyyən edilmişdir ki, uşaq bioloji valideynlərinin himayəsində yaşayır və uşağa əsas qayğı göstərənlər onun bioloji valideynləridir. Valideyn-namizədlə uşaq arasındakı münasibət qohum (bibi-qardaş oğlu) münasibətinə əsaslanır. Valideyn-namizəd "xxxx" MMC-də “Kommersiya üzrə aparıcı mütəxəssis” vəzifəsində işləyir və 1698,29 manat məbləğində əmək haqqı alır. xx.xx.2024-cü il tarixində uşağın bioloji valideynləri Qurbanova Gülşən Babaş qızı və X11 ilə müsahibə aparılmışdır. Bioloji ata oğlunu övladlığa verməkdə əsas səbəb kimi bacısının tək yaşamasını, eyni zamanda gələcəkdə uşağın bibisinin varisi olması istəyi ilə bağlı olduğunu bildirmişdir. O, uşağı doğumundan sonra bacısına vermək istədiyini qeyd etmişdir. Bioloji ana isə uşağı övladlığa verməkdə əsas səbəb kimi uşağın bibisinə bağlı olmasını, həmçinin gələcəkdə bibisinin varisi olması istəyi ilə bağlı olduğunu bildirmişdir. Bioloji ata uşağı övladlığa verməklə bağlı heç bir narahtlığının olmadığını, bioloji ana isə gələcəkdə sənədlərdə olan dəyişikliyin uşağın təhsilinə mənfi təsir edəcəyindən narahatlıq keçirdiyini bildirmişdir. Bildiririk ki, bioloji valideynlərin övladlığa vermək istədikləri uşaqdan başqa xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı övladları da vardır. Bildirilir ki, övladlığa götürülən uşaq bioloji valideynləri ilə birgə yaşayır və uşağa əsas qayğı onlar tərəfindən göstərilir. O, 4-cü sinifdə təhsil alır. Qiymətləndirmə zamanı övladlığa verilən uşaq X5 “Hemofiliya A irsi ailəvi forma. Ağır gedişli’' diaqnozu ilə əlilliyinin olduğu və ayda 300 manat müavinət aldığı müəyyən olunmuşdur. Qiymətləndirmə nəticələrinə əsasən bildirilmişdir ki, valideyn-namizəd və övladlığa götürülən uşaq arasında olan münasibət ailə üzvü olaraq bibi-qardaşı uşağı münasibəti kontekstinə əsaslanır. Uşağın bibisi tərəfindən övladlığa götürülmə istəyi ilə bağlı məlumatı yoxdur. Bu isə öz növbəsində Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 124.5-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmaqdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 118. Övladlığa götürmə qaydası 118.1. Övladlığa götürmə üç mərhələdə həyata keçirilir: 118.1.1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 118.1.2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 118.1.3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. 118.2. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması bu Məcəllənin 119-cu maddəsinə uyğun olaraq həyata keçirilir. 118.3. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir: 118.3.1. övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması; 118.3.2. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; 118.3.3. övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi; 118.3.4. övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili; 118.3.5. övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi. 118.4. Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 118.5. Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir, habelə bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsini aparır. .... 118.13. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa götürülməsi ilə bağlı rəyi müsbət olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) həmin rəylə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmənin müvafiq qərarı qəbul edilənədək, habelə məhkəmə tərəfindən uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul edildikdə, bu Məcəllənin 118.9-cu maddəsi ilə müəyyən edilmiş sınaq müddəti həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa verilməsi ilə bağlı rəyi mənfi olduqda və ya məhkəmə uşağın övladlığa verilməsindən imtina olunması barədə qərar qəbul etdikdə uşaq yerləşdiyi müəssisəyə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq reabilitasiya tədbirləri görülür. 118.14. Müvafiq icra hakimiyyəti orqanının övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəyi mənfi olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) bu Məcəllənin 118.3-cü (bu Məcəllənin 118.3.1-ci maddəsi istisna olmaqla) maddəsi ilə müəyyən edilmiş prosedurları təkrar keçməlidirlər. 118.15. Uşaq qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürüldükdə, bu Məcəllənin 118.3.2-118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil edilmir. 118.16. Uşaq ögey ata, ögey ana tərəfindən övladlığa götürüldükdə (hər iki valideynin vəfat etdiyi hallar istisna olmaqla) bu Məcəllənin 118.3-cü maddəsinin tələbləri onlara şamil olunmur. ... Maddə 122. Uşağın övladlığa götürülməsinə valideynlərin razılığı 122.1. Valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının rəyi tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında təsdiq olunmalıdır. Razılıq, həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər. 122.2. Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər. 122.3. Valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi göstərmədən övladlığa verməyə razılıq verə bilərlər. Maddə 123. Valideynlərin razılığı olmadan övladlığa götürmə 123.1. Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. 123.2. Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər. Maddə 124. Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə razılıq 124.1. Qəyyumluqda (himayədə) olan uşaqların övladlığa götürülməsi üçün bu Məcəllənin 124.3-cü maddəsi istisna olmaqla qəyyumlarının (himayəçilərin) notariat qaydasında təsdiq olunmuş yazılı razılığı olmalıdır. 124.2. Himayədar ailənin öhdəsində olan uşaqların övladlığa götürülməsi üçün onların himayədar valideynlərinin həmin uşaqlarla bağlı fikri öyrənilir. 124.3. Sosial xidmət müəssisələrində yerləşdirilmiş uşaqların övladlığa götürülməsi zamanı müəssisə rəhbərlərinin həmin uşaqlarla bağlı rəyi alınır. 124.4. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq bu Məcəllənin 124.1—124.3-cü maddələrində göstərilən şəxslərin razılığı olmadan və ya fikri nəzərə alınmadan da müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında uşağın övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər. 124.5. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir. 7 yaşına çatmış uşaq övladlığa götürüldükdə, məhkəmələr tərəfindən onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır. 124.6. Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamışsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 32. Övladlığa götürmə Uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Övladlığa götürənin sirri dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər tərəfindən övladlığa götürülməsinin, habelə Azərbaycan Respublikası vətəndaşının əcnəbi uşağı övladlığa götürməsinin qaydaları dövlətlərarası müqavilələr və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: … 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; … Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Uşağın ailədə yaşamaq və tərbiyə almaq hüququnun həyata keçirilməsi müxtəlif vasitələrlə, o cümlədən övladlığa götürmə institutu ilə təmin edilir. Övladlığa götürmə institutunun əsas məqsədi övladlığa götürülən uşağın normal fiziki və mənəvi inkişafını təmin etməkdir. Övladlığa götürmə müəyyən hüquqi nəticələr yaradan hüquqi fakt qismində çıxış etməklə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsinin prioritet formasını təşkil edir. Belə ki, övladlığa götürən və övladlığa götürülən şəxslər arasında bioloji valideynlər ilə eynilik təşkil edən ailə münasibətləri yaranır, bununla da bir tərəfdən uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ, digər tərəfdən isə övladlığa götürənlərin uşaqlarla yaşamaq və onları tərbiyə etmək hüquqları realizə edilmiş olur. Övladlığa götürmə çox ciddi və məsuliyyətli məsələ olmaqla üç mərhələdə həyata keçirilir: 1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. Övladlığa götürmə son mərhələdə mülki məhkəmə icraatında xüsusi icraat qaydasında həll edilsə də, hazırkı iddia prosesin ikinci mərhələsi- övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi ilə bağlıdır ki, bu da cavabdehin inzibati icraat çərçivəsində həll etdiyi məsələdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddi normanın tətbiqi şərtləri inzibati orqanın özünün qiymətləndirməsindən asılı olduqda, belə norma inzibati orqana qiymətləndirmə azadlığı verir və bu norma əsasında qəbul edilmiş aktın yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkündür. Bu zaman məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı daha çox xüsusi bilik və təcrübəyə malik olduğu məsələlərin qiymətləndirilməsindən söhbət gedir. Yəni inzibati orqanın qiymətləndirməni həyata keçirən mütəxəssislərinin xüsusi baxış aspektinə və biliklərə malik olmaları səbəbindən belə bir qiymətləndirmənin məhkəmə tərəfindən həyata keçirilməsi mümkün olmur. Buna görə də məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığı əsasında qəbul etdiyi aktlar üzrə yoxlamanı məlum faktlar əsasında, düzgün icraat çərçivəsində qəbul edilib-edilməməsi baxımından həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 3.1.23-cü bəndinə görə övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (övladlığagötürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Qeyd edilən rəyin verilməsi qurumun qiymətləndirmə azadlığına əsaslanan səlahiyyətləri çərçivəsində həll olunan məsələlərdir. Bununla belə, inzibati orqan qiymətləndirmə azadlığından yararlandığı bütün hallarda nəticəyə necə və hansı hallar nəzərə alınmaqla gəldiyini anlaşılan şəkildə izah etməlidir. Yalnız belə bir izah məhkəməyə inzibati orqanın hərəkətinin qəbul edilə bilən olubolmamasını yoxlamağa imkan yaradır. Bu halda məhkəmənin yoxlama predmetini inzibati orqanın övladlığagötürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi ilə bağlı keçirdiyi qiymətləndirmənin qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmamasının yoxlanılması təşkil edir. İddiaçı cavabdeh tərəfindən hər hansı prosedur qaydanın pozulmasına istinad etməmişdir. Eyni zamanda, iş materiallarından da bu cür halın olmadığı məlum olur. Geriyə məhkəmə tərəfindən araşdırılmalı bir məsələ qalır ki, o da cavabdehin qiymətləndirmə meyarlarının qanunvericiliyə uyğun olub-olmamasıdır. İddiaçı cavabdehin imtinasının formal olmasına istinad etsə də, cavabdeh yazılı etirazında və məhkəməyə təqdim etdiyi sənədlərdə, xüsusilə “Övladlığagötürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğun olmadığına dair” rəyində imtina səbəbini geniş şəkildə izah etmişdir. Belə ki, cavabdeh tərəfindən müsahibə zamanı uşağın bioloji valideynlərinin himayəsində olması (iddiaçının uşağın onunla birgə yaşayan şəxs kimi təqdim etməsinə baxmayaraq), iddiaçı ilə uşağın bibi-qardaş uşağı münasibətində olması, uşağın 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs olması, onun övladlığagötürmə prosesindən məlumatsız olması, övladlığa götürmənin varislik məqsədilə formal xarakter daşıması, bioloji ananın gələcəkdə sənədlərdə olan dəyişikliyin uşağın təhsilinə mənfi təsir edəcəyindən narahatlıq keçirdiyini bildirməsinin aşkar edildiyi qeyd edilmişdir. Övladlığa götürmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə nəzər salsaq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2009-cu il 29 oktyabr tarixli, 01/2009 nömrəli qərarınıın 24-cü maddəsində qeyd edilmişdir ki, Ailə Məcəlləsinə müvafiq olaraq övladlığa götürməyə yalnız uşağın mənafeyi üçün yol verilir. Övladlığa götürülmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli inkişafı üçün əlverişli şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür. Övladlığa götürülən uşağın mənafeyinin daha tam təmini özündə mühüm sosial problemi ifadə edir. Övladlığa götürənin, uşağın verildiyi ailənin düzgün seçilməsi uşağın gələcək taleyində mühüm rol oynayır. Övladlığa götürmə zamanı yol verilən səhvlər övladlığa verilən uşaqların, onların valideynlərinin və övladlığa götürənlərin hüquqlarının pozulmasına səbəb ola bilər. Hər bir uşaq təkrarolunmaz varlıqdır. Vəzifə ondan ibarət olmalıdır ki, uşaq üçün onun maraqlarını maksimum təmin edən ailə seçilsin; onun xarakterinin, psixoloji yönümünün səciyyəvi cəhətləri nəzərə alınsın; uşağın ailədə yerləşdirilməsinin məqsədəmüvafiqliyi müəyyən edilsin. Məhz bu amillərdən çıxış edərək övladlığa götürmənin yolverilənlik məsələsi həll olunmalıdır. Uşağın maraqlarını (mənafeyini) dar mənada, məsələn, maddi və mənzil şəraiti ilə təmin olunması ilə məhdudlaşdırmaq olmaz. Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisi, qayğısı, nəvazişini hiss etməsi, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən ərizəçinin və uşağın valideynlərinin əsl məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Təqaüd yaşına çatmış və ya sağlamlıq vəziyyəti azyaşlı uşağın qayğısına qalmağı qeyri-mümkün edən və ya çətinləşdirən, həmçinin övladlığa götürənlə övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimlənildiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyn qayğısı ilə əhatə olunduğu hallarda müraciətləri təmin edərkən övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi (məsələn, təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması ) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1, 120.1, 122.1, 122.2 və 122.3-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, Övladlığa götürmə zamanı ailə qanunvericiliyinin əsas prinsiplərindən biri olan uşaqların hüquqlarının və mənafelərinin müdafiə edilməsi prinsipi rəhbər tutulur. Belə ki, Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən, uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi bu Məcəllənin vəzifələrindən birini təşkil edir. Həmin Məcəllənin 117.1-ci maddəsinə müvafiq olaraq, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 5 oktyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, övladlığa götürmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli fiziki, psixi və mənəvi inkişafı üçün zəruri şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür. Uşağın mənafeyindən danışarkən məhz “inkişaf” meyarının rəhbər tutulması ondan irəli gəlir ki, uşağın şəxsiyyəti fiziki, mənəvi və psixoloji cəhətdən formalaşmaqda davam edir. Qeyd edilməlidir ki, “uşaqların mənafeyi” anlayışı sahələrarası anlayış olduğundan, onun nəzərdə tutduğu məna da hansı hüquq sahəsində tətbiq edilməsindən asılı olur. Belə ki, uşaqların mənafeyi tək ailə hüquq münasibətləri deyil, bütün hüquq münasibətləri müstəvisində təmin edilməlidir. Burada nəzərə alınmalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə müvafiq olaraq, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bununla belə, “uşaqların mənafeyi” anlayışının və bu mənafelər müəyyən edilərkən məhz hansı meyarların rəhbər tutulmasının qanunvericilikdə açıqlanmaması təsadüfi deyil. Belə ki, müvafiq meyar və faktorlar hər bir uşaq barəsində yaranan məsələyə uyğun olaraq fərdi şəkildə müəyyən edilməlidir. Eyni zamanda belə meyarların konkret sadalanması bu anlayışın məhdudlaşdırılmasına da səbəb ola bilər. .... Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, “uşaqların mənafeyi” konsepsiyası onların ümumi rifahının təmin edilməsinə yönəlməklə istənilən halda fərdi olaraq müəyyən edilir. Hər bir halda uşaqların mənafeyi işin bütün halları qiymətləndirilib nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, iş materiallarından 10 yaşından yuxarı uşağın övladlığa götürmə ilə bağlı razılığının tələb olunduğu halda onun ümumiyyətlə məsələdən xəbərsiz olması, onun 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs olmaqla xüsusi qayğıya ehtiyacı olan uşaq olması, valideynin razılığı tələb olunduğu halda bioloji ananın müəyyən narahatlıqlarının olmasını dilə gətirərək yazılı razılığının mahiyyətini əslində tam dərk etməməsinə və ya bunun formal olmasına şübhə yaratması, valideynlərin uşağı övladlığa verməkdə motivasiyalarının gələcəkdə bioloji bibisinin varisi olması məqsədi daşıması, iddiaçının uşağın doğulandan onun yanında olması ilə bağlı iddiasının öz təsdiqini tapmaması, iddiaçı və uşaq arasındakı münasibətin o doğulandan bəri bibi-qardaşı uşağı kimi olması və bu yaşdan sonra bunun dəyişilməsinin mümkün sayılmayacaq həddə olması və ya digər halda övladlığa götürmənin formal xarakter daşıyacağı məlum olur. Göstərilən hallar yuxarıda qeyd edilən qanunvericiliyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqelərinə əsasən mənfi rəy verilməsinə səbəb ola biləcək kifayət qədər əsaslı hallardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qiymətləndirmə azadlığı ilə bağlı gəldiyi nəticə qanunveriliyə zidd olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “övladlığa götürmək istəyən şəxsin uçotdan çıxarılması barədə qərarın ləğvi” tələbinə dair iddiası təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “övladlığa götürmək istəyən şəxsin uçotdan çıxarılması barədə qərarın ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-2770/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2770/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver