Məhkəmə qərarları › İş №2-1(112)-2771/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2771/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2771/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “daimi sosial kirayə müqaviləsinin bağlanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 16 nömrəli binanın 10 nömrəli 1 otaqlı mənzilinin xidməti mənzillər siyahısından çıxarılaraq daimi sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamentinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamentinin əsl olan cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətiilə əvəz edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı polkovnik rütbəsində Daxili Qoşunların Baş idarəsinin inspeksiyasının rəis müavini vəzifəsində çalışır. 1992-ci il 20 fevral tarixdə müvafiq qaydada olaraq mənzil növbəsinə götürülmüşdür və ona 1992-ci il 15 oktyabr tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, 16 nömrəli binanın 10 nömrəli 1 otaqlı mənzili ayrılmışdır. 1998-ci ilin 11 mart tarixdə Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 241/9 nömrəli sərəncamı ilə həmin mənzilin xidməti orderi yenilənmişdir və iddiaçı hal-hazırda həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Daxili Qoşunların Baş İdarəsinin mənzil-məişət komissiyasının 2002-ci il 09 sentyabr tarixli 2 nömrəli protokolu ilə həmin mənzilə daimi orderin verilməsi barədə qərar çıxarılmış və təsdiq olunmuşdur. İndi iddiaçı həmin mənzili özəlləşdirmək istəyir. 2009-cu il 01 oktyabr tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146-cı maddəsinin "Dövlət Mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi" 146.1. bəndinə əsasən "Bu məcəllə qanuni qüvvəyə minən günədək "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır". Eyni zamanda "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsihaqqında” Azərbaycan Respublikasının qanununun 4-cü maddəsinə əsasən "Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətində olan mənzil fonduna aid yaşayış evlərindəki mənzillərinn (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir". Odur ki, 1992-ci il 15 oktyabr tarixdə iddiaçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 16 nömrəli binanın 10 nömrəli 1 otaqlı mənzili xidməti mənzillər siyahısından çıxarılmaqla daimi kirayə müqaviləsinin bağlanması üçün müvafiq Sərəncam verməsi üçün cavabdehə yazılı müraciət etmiş və xx.xx.2022-ci il tarixli İ-38 saylı məktubla Suraxanı filialına göndərilmişdir. 1/01 saylı xx.xx.2022-ci il tarixli məktubla cavabdeh mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq daimi kirayə müqaviəsi bağlanmasının onların səlahiyyətlərinə aid olmadığını bildirmişdir. İddiaçı bunu inzibati orqanın qanunsuz hərəkəti kimi qəbul edir və buna görə də məhkəməyə müraciət etmişdir.

4. Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən mənzil Kommunal Təsərrüfat Departamentinə təqdim olunmuş məktubda qeyd edilmişdir ki, Suraxanı rayonu, Yeni Günəşli, “V” yaşayış sahəsi, 16 saylı evin 10 saylı mənzilini xidməti mənzillər siyahısından çıxarılmaqla vətəndaş İddiaçı ilə kirayə müqaviləsinin bağlanması haqqında sərəncamın verilməsi Birliyin səlahiyyətləri xaricindədir.

5. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya ünvanlanan məktub qeyd edilmişdir ki, “xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dövlət mənzil fondunun yaşayış sahələrinin order əsasında verilməsi və ya mövcud olan xidməti orderlərin daimi orderlərlə əvəz olunması nəzərdə tutulmadığından müraciətinizin təmin edilməsi Suraxanı rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir”.

6. Milli Arxiv İdarəsi tərəfindən iddiaçıya ünvanlanan məktubda İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nərimanov rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 241/9 saylı sərəncamın surəti təqdim olunmuşdur.

7. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, Suraxanı rayon İcra Hakimiyyətində İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotda deyildir.

8. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.

II. İddianın mümkünlüyü

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

10. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağına uyğun olaraq səmərəli hüquqi müdafiə vasitəsi məhkəmə müdafiəsi deyildir. Aidiyyəti inzibati orqana lazımi qaydada təqdim edilmiş müraciət şəxsin hüququnun təmin edilməsinə xidmət etdiyi təqdirdə səmərəli hüquq müdafiə vasitəsi hesab edilə bilər.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydaları”nın 1.8-ci maddəsinə əsasən, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.

12. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti MKTD tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən 16 evin dövlət mənzil fonduna aid olduğunu, 62 saylı Mənzil-Kommunal İstismar sahəsinin məlumatına əsasən qeyd edilən ünvanda yerləşən binada xidməti mənzillər olmadığı bildirilsə də, iddiaçı tərəfindən təqdim edilmiş orderə əsasən həmin mənzilin ona xidməti mənzil olaraq ayrılmış, sonradan mənzilin balans mənsubiyyətinin dəyişməsinə dair təsdiqedici sənədlərin olduğu müəyyən edilmir.

13. İddiaçının yekun məqsədi ona məxsus mənzilin xidməti mənzillərdən siyahısından çıxarılaraq onunla daimi kirayə müqaviləsinin bağlanmasıdır. Beləliklə, iddiaçının hüquqi marağına uyğun olaraq səmərəli hüquq müdafiəsi müvafiq təsdiqedici sənədlərlə aidiyyəti inzibati orqana (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə) müraciətdir.

14. Digər tərəfdən məhkəmə qeyd edir ki, mənzil yaşayış fondu mənzillərinə daxil edildiyi təqdirdə iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotu olmadığı üçün müvafiq tələblə səlahiyyətli ümümi məhkəməyə müraciət etməlidir.

15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindəndən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

16. Məhkəmə iddiaçının yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər kateqoriyasına aid olduğunu müəyyən etmir.

17. Odur ki, cavabdeh inzibati orqan olsa belə, (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir.

18. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar