Məhkəmə qərarları › İş №2-1(112)-2771/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2771/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2771/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 03 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əlavə edilmiş tikiliyə dair (əvvəlki ev də daxil olmaqla) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 yerləşən fərdi yaşayış evinə əlavə edilmiş tikiliyə dair (əvvəlki ev də daxil olmaqla) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq olaraq yeni çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanındakı fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. “İçərişəhər” X3 Qoruğu İdarəsinin 04/11/13/İ-24 saylı 12 yanvar 2021-ci il tarixli razılıq məktubu əsasında həmin tikiliyə əlavələr edilmişdir. Həmin məktubda yeni tikili daxil olmaqla fərdi yaşayış evinə yeni çıxarış və texniki pasportun verilməsinə etiraz edilmədiyi bildirirlir. Əlavə edilmiş tikilinin layihəsi “İçərişəhər” X3 Qoruğu İdarəsinin Elmi X2 tərəfindən tərtib edilmişdir. Bundan sonra iddiaçı tərəfindən ünvan 2 ünvanındakı fərdi yaşayış evinə əlavə edilmiş tikiliyə dair (əvvəlki ev daxil olmaqla) İddiaçı oğlnun adına mülkiyyət hüququnun qeydiyyata alınması, müvafiq yeni çıxarışın və yeni texniki pasportun verilməsinə köməklik göstərilməsi üçün ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. 1 saylı Bakı Ərazi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-10371-8/2024 (**********52) saylı məktubda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinad edilərək əsassız olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtina edildiyi bildirilir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən texniki pasportla torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur və göstərilən sahə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Belə ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli, 150 nömrəli Qərarının 3.2-ci bəndinə əsasən zonada yerləşən torpaq sahəsi dövlət mülkiyyətindədir və onun bələdiyyəyə və ya xüsusi mülkiyyətə verilməsinə yol verilmir. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində 3 mərtəbəli olaraq qeydiyyata alınmış fərdi yaşayış evinə təqdim edilmiş lahiyəyə əsasən əlavə mərtəbənin inşa edildiyi müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evinin mərtəbələrinin sayı 3-dən çox olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər tam təqdim edilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Həmin fərdi yaşayış evi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasında yerləşir. İddiaçı həmin fərdi yaşayış evinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təsdiq etdiyi layihə üzrə əlavə tikililər inşa etdirmişdir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən mövcud fərdi yaşayış evinə yeni çıxarışın və texniki pasportun verilməsinə etiraz edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli qərarı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə: 3.1. Zonanın hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə xüsusi hüquqi rejimli sahə hesab olunur. 3.2. Zonada yerləşən torpaq sahəsi dövlət mülkiyyətindədir və onun bələdiyyəyə və ya xüsusi mülkiyyətə verilməsinə yol verilmir. 4.1. Zonada yerüstü və yeraltı abidələr üçün təhlükə yarada bilən torpaq, söküntü, tikinti-quraşdırma, yenidənqurma, abadlıq və təmir işlərinin (bundan sonra-inşaat-təmir işləri) aparılmasına yol verilmir. 4.2. Zonada torpaq işləri və mühəndis-kommunikasiya xətlərinin çəkilişi Qoruğun mövcud qala divarlarından ən azı üç metr məsafə gözlənilməklə aparılmalıdır. 4.3. Zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır. 4.4. Zonada abidələrin bədii-estetik görkəminə, təhlükəsizliyinə, funksional təyinatına və uzunömürlülüyünə xələl gətirməyən inşaat-təmir, işıqlandırma, bədii tərtibat və mövcud infrastrukturun yeniləşdirilməsi işləri İdarənin razılığı ilə aparılır. 4.5. Zonada istənilən obyektin və ya qurğunun quraşdırılması yerlərinin müəyyənləşdirilməsi, həmin layihələrin keyfiyyəti və məkana uyğunluğu baxımından qiymətləndirilməsi İdarənin iştirakı və razılığı ilə həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: İş materiallarından göründüyu kimi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Həmin fərdi yaşayış evi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasında yerləşir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonası Qoruq ətrafında müəyyən edilən əlavə tənzimləmə sahəsidir. Zonanın şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsi məhdudlaşdırılır. Zonanın hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə xüsusi hüquqi rejimli sahə hesab olunur. İddiaçı həmin fərdi yaşayış evinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təsdiq etdiyi layihə üzrə və razılığı ilə əlavə tikililər inşa etdirmişdir. Cavabdehin etirazının əsasını texniki pasportla torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqinin olması, fərdi yaşayış evinə təqdim edilmiş lahiyəyə əsasən əlavə mərtəbənin inşa edilməsi və bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin tam təqdim edilməli olması təşkil edir. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birincisi, texniki pasportla torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqinin olmasına dair, yəni inşa edilmiş əlavə tikililərin reyestrdə qeydiyyatdan keçmiş fərdi yaşayış evinin konturlarında kənara çıxması ilə bağlı hər hansı dəlil irəli sürülməmişdir. İkincisi, cavabdeh “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli, 150 nömrəli Qərarının 3.2-ci bəndinə istinad etsə də, hazırkı mübahisə predmeti həmin ərazidə torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi ilə bağlı deyil, qeydiyyatdan keçmiş fərdi yaşayış evinə edilmiş dəyişikliklərlə bağlıdır. Mübahisələndirilən digər halların (fərdi yaşayış evinin 3 mərtəbədən çox olması) aydınlaşdırılması üçün məhkəmə tərəfindən yerində müayinə keçirilmişdir. Məhkəmə tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinə baxış keçirilərkən, həmin fərdi yaşayış evinin daxilində əlavə tikililərin inşa edilməsi, 3 mərtəbəli olması və sonuncu mərtəbəni üzərinin terras (məhəccərlə hüdudlanmış aşağı mərtəbənin damında yerləşdirilmiş meydança) olması müəyyən edilmişdir. Fərdi yaşayış evinin sonuncu mərtəbəsinin damında belə bir meydançanın yerləşdirilməsi nə qanunvericiliklə məhdudlaşdırılmamış, nə də həmin hissənin ayrıca mərtəbə kimi hesab edilməsinə dair norma qanunvericliklə müəyyən edilməmişdir. Cavabdeh də etirazının hüquqi əsasına istinad etməmişdir. Qeyd edilən işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından iddiaçının sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 3 yerləşən fərdi yaşayış evinə əlavə edilmiş tikiliyə dair (əvvəlki ev də daxil olmaqla) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 3 yerləşən fərdi yaşayış evinə əlavə edilmiş tikiliyə dair (əvvəlki ev də daxil olmaqla) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar