Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2772/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirаkı ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “hesablanmış borcun silinməsi” tələbinə barədə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı firması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanı tərəfindən 12.09.2018-ci il tarixdə **********34100 saylı 29.03.2015-ci il tarixli fevral 2015-ci il tarixli ƏDV bəyanaməsinə əsaslanaraq qanunsuz hesablanmış 147467,88 (yüz qırx yeddi min dörd yüz altmış yeddi manat, səksən səkkiz qəpik) AZN və 12.09.2018-ci il tarixdə **********34100 saylı 20.04.2015-ci il tarixli mart 2015-ci il tarixli ƏDV bəyannaməsinə əsaslanaraq qanunsuz hesablanmış 47316,07 (qırx yeddi min üç yüz on altı manat, sıfır yeddi qəpik) AZN məbləğlərində vergi borcunun silinməsinə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının hüquqi şəxsi olan İddiaçı Firması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 29.10.1993-cü ildə 4067 sayla (VÖEN **********) ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçı Firmasının nizamnamə üzrə əsas fəaliyyəti sənaye və sürtgü yağlarının Azərbaycan Respublikası ərazisinə idxalından və topdan satışının təşkilindən ibarət olmuşdur. Cavabdeh vergi orqanı 12.09.2018-ci il tarixdə **********34100 saylı 29.03.2015-ci il tarixli fevral 2015-ci il tarixli ƏDV bəyannaməsinə əsaslanaraq 147467,88 (yüz qırx yeddi min dörd yüz altmış yeddi manat, səksən səkkiz qəpik) AZN və 12.09.2018-ci il tarixdə **********34100 saylı 20.04.2015-ci il tarixli mart 2015-ci il tarixli ƏDV bayannaməsinə əsaslanaraq 47316,07 (qırx yeddi min üç yüz on altı manat, sıfır yeddi qəpik) AZN məbləğlərində qanunsuz olaraq əlavə hesablama etmişdir. Bu fakt iddiaçıya 07.05.2019-cu il tarixdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə baxış keçirən zaman məlum olmuşdur. Vergi orqanının qanunsuz hesablama etməsi ilk öncə özünü onda ehtiva edir ki, vergi ödəyicisi tərəfindən 12.09.2018-ci il tarixdə və həmin tarixə yaxın tarixlərdə heç bir vergi bəyannaməsi göndərilməmişdir. Bu fakt vergi ödəyicisinin onlaynkargüzarlıq bölməsində göndərilmiş vergi bəyannamələrinin qeydiyyatı ilə birmənalı olaraq öz təsdiqini tapır. Vergi orqanının 2015-ci ilin fevral və mart ayları üzrə 3 illik dövr bitdikdən 5 ay sonra 18 sentyabr 2018-ci il tarixli vergi bəyannamələrinə əsaslanaraq belə bir hesablama etməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə tamamilə ziddir. Bundan əlavə olaraq vergi ödəyicisinə 2012 — 2013-cü illərlə bağlı hesablanmış maliyyə sanksiyası üzrə 123080.75 (yüz iyirmi üç min səksən manat 75 qəpik) və faizlər üzrə 69622.28 (altmış doqquz min altı yüz iyirmi iki manat 28 qəpik) manat hesablanmış məbləğlər hesabat dövründən 5 il keçməsi səbəbi ilə vergi orqanları tərəfindən AR VM-nin 85.4-cü maddəsinə əsasən vergi ödəyicisindən tələb edilə bilməz. Hazırkı halda vergi orqanın hesabat dövrünün üstündən 3 (üç) ildən artıq müddət keçdikdən sonra hesablama aparması göründüyü kimi qanunvericiliyin tələblərinə tamamilə ziddir. Göründüyü kimi vergi orqanı əgər hesab edirsə ki, İddiaçı firması 3 il bundan qabaq vergi qanunvericiliyini pozmuşdur və buna görə hüquqi şəxs barəsində hesablama olmalıdır fikri Vergi Məcəlləsinin 56.1-ci maddəsinə kökündən ziddir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, vergi ödəyicisi tərəfindən əsassız olaraq azalmalar verildiyinə görə vergi orqanı tərəfindən həmin məbləğlər şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. "xxxx" firmasının sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.04.2015-ci il tarixli **********883473 nömrəli qərar qəbul edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi) göndərilmişdir. Həmin materiallar əsasında vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılması faktı üzrə 04.05.2015-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və 23.10.2018-ci il tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. İddiaçı firmasının şəxsi hesab vərəqəsindən göründüyü kimi (13-cü səh.) qərarın qəbul edildiyi tarixədək (06.04.2015-ci il) firmanın borcu olmamış və şəxsi hesab vərəqəsinə işlənmiş borc məbləğləri yoxlamanın nəticəsi üzrə qəbul edilmiş qərarla yaranmışdır. İddiaçı cinayət işinin istintaqı apırıldığı dövrdə səyyar vergi yoxlaması ilə hesablanmış vergiləri ödəməkdən yayınmaq məqsədi ilə, eyni zamanda səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə dəqiqləşdirilmiş bəyənnamə təqdim edə bilmədiyinə görə 2015-ci ilin fevral və mart ayları üzrə dəqiqləşdirilmiş bəyannamələr verməklə ödənilməli olan vergi məbləğlərini əsassız olaraq azaltmışdır. Göründüyü kimi firma tərəfindən 08.01.2018-ci il tarixində 2015-ci ilin fevral, 30.03.2018-ci il tarixindən 2015-ci ilin mart ayı olmaqla təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində aparılmış əvəzləşmələr 2006-2012-ci illər üzrə əldə edilmiş yük gömrük bəyannamələri ilə aparılmışdır ki, bu da Vergi Məcəlləsinin tələblərinə ziddir.Əlavə olaraq bildirilir ki, səyyar vergi yoxlaması ilə hesablanmış vergi məbləğləri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Belə ki, İddiaçı firması cavabdeh ləğv edilmiş Bakı Vergilər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.04.2015-ci il tarixli **********883473 nömrəli qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.10.2015-ci il tarixli 2- 1(82)-1593/2015 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.02.2016-cı il tarixli 2-1(103)-346/2016 nömrəli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 22.10.2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 29.06.2016-cı il tarixli 2-1(102)-1178/2016 nömrəli qərardadı ilə İddiaçı firmasının nümayəndəsi Vüqar Abbasov tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 24.02.2016-cı il tarixli 2-1(103)-346/2016 nömrəli qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Bununla da məhkəmə icraatı başa çatmışdır. İddiaçı vergi orqanı tərəfindən hesablanmış və məhkəmə qərarı ilə qanuni və əsaslı hesab edilmiş məbləğlər üzrə yaranmış vergi öhdəliyini icra etməyərək, vergiləri ödəməkdən yayınmaq məqsədi ilə əsassız azalmalar vermişdir ki, sonradan həmin məbləğlər vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Ona görə də iddiaçının formal mülahizələri əsasında vergi orqanı tərəfindən hesablanmış vergilər əsassız hesab edilə bilməz. Göstərilənlənləri nəzərə alaraq məhkəmədən İddiaçı firmasının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İnzibati iş üzrə şifahi məhkəmə baxış iclası 08.09.2021-ci il tarixə təyin edilmişdir. İnzibati iş üzrə əvvəlki məhkəmə iclaslarında iştirak edərək izahat vermiş iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili Vəkil şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə teleqram ünvanlamış, teleqramda səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin teleqrama qeyd etdiyi halı təsdiq edən heç bir sübut əlavə etməmişdir. Odur ki, Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının nümayəndəsinin və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - Bakı şəhəri Vergilər Departamentinin 2 saylı Filialı tərəfindən verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı firması 28.08.2004-cü ildən uçota alınmış və ona ********** saylı VÖEN verilmişdir. - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət cəlb edilməsi haqqında” 06.04.2015-ci il tarixli **********883473 nömrəli qərarı ilə müəyyən olunur ki, İddiaçı firmasına 2012-2013cü il dövrləri üzrə 244 641,48 manat məbləğində mənfəət vergisi hesabanması, 122 600, 75 manat maliyyə sanksiyasının tətbiq edilməsi və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 40 manat maliyyə sanksiyanın tətbiq edilməsi qərara alınmışdır. -İddiaçıya məxsus şəxsi hesab vərəqəsinin çıxarışından müəyyən olunur ki, vergi ödəyicisi İddiaçı firmasının 12.09.2018-ci il tarixə ödəmə tarixi 29.03.2015-ci il üzrə əlavə dəyər vergisi 147 467,88 manat, 12.09.2018-ci il tarixə ödəmə tarixi 20.04.2015-ci il üzrə 47 316,07 manat hesablanmışdır. İş materialında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1593/2015 saylı 22 oktyabr 2015-ci il tarixli qərarından görünür ki, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı “04.04.2015-ci il tarixli, **********883473 saylı qərarın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-346/2016 saylı 24 fevral 2016-cı il tarixli qərarına əsasən İddiaçı firmasının apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1593/2015 saylı iş üzrə qəbul etdiyi 22 oktyabr 2015-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1178/16 saylı 29 iyun 2016-cı il tarixli qərardadına əsasən İddiaçı firmasının nümayəndəsi Vüqar Abbasov tərəfindən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 fevral 2016-cı il tarixli, 2-1(103)-346/2016 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati orqanlar təkcə inzibati akt formasında deyil (1.1-ci maddə), həm də faktiki xarakterli fəaliyyətin həyata keçirilməsi formasında (1.2-ci maddə) da hərəkət edirlər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanuna əsasən inzibati orqanların publik hüquq sahəsindəki idarəetmə fəaliyyətinin həyata keçirilməsi əsasən iki formada təzahür edir – inzibati akt qəbul edilməsi və faktiki xarakterli fəaliyyət (hərəkətlər). Məhkəmənin hüquqi mövqeyinə görə faktiki xarakterli hərəkətlərin inzibati aktlardan fərqləndirilməsi üçün ən effektiv üsul “istisna yolu”dur. Belə ki, inzibati orqanın publik hüquq sahəsindəki inzibati akta aid edilə bilməyən bütün digər fəaliyyəti faktiki xarakterli hərəkət kimi qəbul edilməlidir. Faktiki xarakterli hərəkətlər özünü ya hər hansı bir inzibati aktın yaxud normativ-hüquqi aktın icrası kimi, ya da heç bir hüquqi akta əsaslanmadan, birbaşa törədilən hərəkətlər kimi göstərə bilər. İnzibati aktda həlledici olan iradə ifadəsinin mövcudluğudur, çünki hüquqi aktlar mütləq iradə ifadəsini əks etdirirlər. Faktiki xarakterli hərəkətlərdə isə hərəkətin iradi və ya qeyri-iradi törədilməsindən asılı olmayaraq ona hüquqi dəyər verən hərəkətin özüdür. Məhkəmə qeyd etmişdir ki, hüquqi qiymətləndirmə zamanı hərəkətin inzibati hüquqi mənada faktiki xarakterli hərəkət kimi qəbul edilməsi üçün inzibati orqanın həmin fəaliyyətinin məhz publik hüquq sahəsində həyata keçirilməsi vacibdir. Faktiki xarakterli hərəkət həmçinin mülki hüquq sahəsində də həyata keçirilə bilər, amma bu hərəkət “İnzibati icraat haqqında” Qanunun anlamında faktiki xarakterli hərəkətlərlə qarışdırılmamalıdır. Bu zaman, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 04 nömrəli qərarı). Daha sonra məhkəmə vurgulamışdır ki, inzibati aktlar bir qayda olaraq hüquqi vəziyyətdə dəyişiklik etmək qabiliyyətinə malik olduqları halda, faktiki xarakterli hərəkətlər daha çox maddi nəticə əldə etməyə yönəlir. Başqa sözlə, inzibati orqan faktiki xarakterli hərəkətlərlə yeni faktiki vəziyyət yaratmağa və ya mövcud faktiki vəziyyəti dəyişdirməyə çalışır və bu hərəkətləri həyata keçirməkdə əsas məqsəd faktiki nəticə əldə etməkdir. Məhz bu cür faktiki hərəkətlərin (onların yaratdığı faktiki nəticələrin) fiziki və ya hüquqi şəxslərə münasibətdə təsirləri olur. Faktiki xarakterli hərəkətlər həmçinin hüquqi nəticələr doğururlar. Bəzən hüquqi nəticənin baş verməsi üçün hərəkətin edilib bitməsi və maddi nəticənin yaranması tələb olunur. Bəzən isə hərəkətsizlik də, yəni, xarici aləmdə maddi nəticənin olmaması da hüquqi nəticəyə səbəb ola bilər. İnzibati aktlar kimi, faktiki xarakterli hərəkətlər də qanunun tələblərinə uyğun olmalıdır, əks hal, qanunçuluq prinsipinə zidd hərəkət kimi qiymətləndirilir. Faktiki xarakterli hərəkətlərin qanunsuz hesab edilməsi üçün müxtəlif səbəblər ola bilər, məsələn, inzibati orqanın hərəkəti həyata keçirmək üçün səlahiyyətinin olmaması, orqanın hərəkəti edərkən səlahiyyətinin çərçivələrinə riayət etməməsi, hərəkətin qanunun məqsədlərinə zidd olması və s. Qanunvericilikdə inzibati akta qarşı olduğu kimi, faktiki xarakterli hərəkətlərə qarşı da hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı nəzərdə tutulmuşdur. Formalhüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmasa da, hesab olunur ki, belə bir hərəkət inzibati akt olsa (hipotetik baxımdan) və qanunsuz olsa, onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılar. Müvafiq olaraq faktiki xarakterli hərəkətlərin yoxlanılması və qiymətləndirilməsi bəzi özəl xüsusiyyətlər nəzərə alınmaqla inzibati aktın yoxlanılması qaydasına uyğun aparılmalıdır. Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri” ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır. Bu qəbildən olan məlumatların vergi orqanı tərəfindən uçotunun aparılması vergi orqanının əsas vəzifələrinin icrasının lazımi qaydada təmin edilməsi zərurətindən irəli gəlir. Belə ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək (maddə 24.0.1), o cümlədən hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək (maddə 24.0.4) Vergi Məcəlləsində vergi orqanının əsas vəzifələri sırasında göstərilmişdir. Belə olan halda, şəxsi hesab vərəqəsini vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədlərinə aid etmək olar. Bununla bağlı olaraq, həmçinin nəzərə alınmalıdır ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli, 474-VQ saylı Azərbaycan Respublikasının Qanununda da şəxsi hesab vərəqəsi anlayışından istifadə olunmuş, vergi ödəyicilərinin vergi orqanlarındakı şəxsi hesab vərəqələrində 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclarının vergi orqanları tərəfindən silinməli olması qərara alınmışdır. Bu qaydada tənzimləmənin özü də bir daha təsdiq edir ki, şəxsi hesab vərəqəsi vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədi dəyərinə malikdir. Bu qaydada bir uçot sənədinin aparılması vergi idarəçiliyinin təşkili baxımından zəruri olmaqla yanaşı, həm də vergi orqanları ilə vergi ödəyiciləri arasındakı münasibətlərdə açıqlığı, şəffaflığı və hüquqi müəyyənliyi təmin etməyə xidmət edir. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyillərsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Çünki vergilərin hesablanması əməliyyatı bu halda, qanunvericiliyin ziddinə olaraq hüquqi əsasa söykənməyən əməliyyatlar olmuşlar. Bunun əksinə olaraq, əgər “dürüstləşmə” adı altında həyata keçirilən şəxsi hesab vərəqəsindəki əməliyyatlar verginin hesablanması (yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar) əməliyyatı kimi qəbul edilə bilməzsə, bu halda, həmin əməliyyatların aparılması üçün ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmur. Belə halların mövcudluğundan o halda söz edilə bilər ki, həyata keçirilən əməliyyat hər hansı qanunun və ya inzibati aktın icrasını təmin etməyə yönəlmiş olsun. Bu halın xüsusiyyəti ondan ibarətdir ki, qanunun və ya inzibati aktın icrasının həyata keçirilməsi faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. Həmin faktiki xarakterli hərəkətlər qanunun və ya inzibati aktın tələb etdiyi məzmunda həyata keçirilməyibsə (məsələn, silinməli olan faizlərin məbləği düzgün silinməyibsə və s.) inzibati orqan tərəfindən faktiki xarakterli hərəkətin düzgün həyata keçirilməməsi vəziyyəti yaranmış olur. Bu halda isə inzibati orqanın əsas vəzifəsi qanunu və ya inzibati aktı onun məzmununa uyğun həyata keçirmək olduğundan, o, bunun üçün düzgün icranı təmin etməyə yönəlmiş əlavə faktiki xarakterli hərəkətlər etməlidir. Belə faktiki xarakterli hərəkətləri etmək üçün isə inzibati aktın qəbul edilməsinə ehtiyac yoxdur. Çünki qanunun və ya inzibati aktın icrası ilə bağlı ilkin olaraq icranın təmin edilməsinə dair ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmadığından, düzgün icranı təmin etmək üçün əlavə inzibati aktın qəbulu da müvafiq olaraq tələb olunmamalıdır. “Dürüstləşmə” əməliyyatının aparılmasının hüquqi əsasına gəldikdə, qeyd olunmalıdır ki, belə adda əməliyyat vergi qanunvericiliyində birbaşa tənzimlənməmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, vergi orqanlarının vergilərin və digər məcburi ödənişlərin ödənilməsini təmin etməyə yönəlmiş hərəkətlərinin bitkin siyahısını qanunvericilikdə təsbit etmək obyektiv səbəblərə görə həmişə mümkün olmaya bilər. Yuxarıda da qeyd edildiyi kimi ictimai münasibətlərin inkişafı və dəyişkənliyi nöqteyinəzərindən, şəxs-dövlət münasibətləri müstəvisində baş verəcək bütün halların öncədən görülməsinin və tənzimlənməsinin mümkünsüz olması səbəbindən, yeni ortaya çıxmış bir vəziyyətdə inzibati orqanların hərəkət qaydalarının müəyyən edilməsi həmin inzibati orqanların səlahiyyətindədir ki, bu zaman onların «hərəkət zolağını» hüquqi dövlətin ümumi prinsipləri müəyyən edir. Bu mənada, vergi orqanı tərəfindən həyata keçirilən bu əməliyyata qiymət verilərkən onun qanunvericilikdə birbaşa təsbit edilib-edilməmiş olmasından daha çox, həmin əməliyyatın mahiyyəti və məqsədi nəzərə alınmalıdır. Məhkəmə bu mövqeyinə uyğun olaraq hesab edir ki, vergi orqanının “dürüstləşmə” əməliyyatı adı altında vergi ödəyicisi üçün əlavə (yeni) vergi öhdəliyi yaratmadan, uçot sənədlərindəki dürüstlüyü təmin etmək məqsədi ilə, əslində həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" firmasının sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.04.2015-ci il tarixli **********883473 nömrəli qərar qəbul edilmişdir. İddiaçı həmin qərarı mübahisələndirmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1593/2015 saylı 22.10.2015-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)- 346/16 saylı 24.02.2016-cı il tarixli qərarı ilə təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1593/2015 saylı 22.10.2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, daha sonra isə iddiaçı Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)- 346/16 saylı 24.02.2016-cı il tarixli qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.06.2016-ci il tarixli 2-1(102)-1178/2016 nömrəli qərardadı ilə iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)- 346/16 saylı 24.02.2016-cı il tarixli qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Şəxsi vərəqəyə baxış zamanı da müəyyən edilmişdir ki, iddiaçının 06.04.2015ci il tarixli **********883473 nömrəli qərarın qəbul edildiyi tarixədək vergi borcu olmamışdır. Göründüyü kimi iddiaçı vergi orqanı tərəfindən hesablanmış və məhkəmə qərarı ilə qanuni və əsaslı hesab edilmiş məbləğlər üzrə yaranmış vergi öhdəliyini icra etməmiş və azalmalar vermişdir. Sonradan isə həmin məbləğlər vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində bərpa edilmişdir. Yəni həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. İşin halına görə məhkəmə aktının icrası üçün faktiki xarakterli hərəkətlər edilməsi tələb olunduğundan cavabdeh onun düzgün icrasının təmin edilməsi üçün inzibati akt qəbul etmədən şəxsi hesab vərəqəsində əməliyyat aparmışdır. Hazırkı işdə, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) şəxsi hesab vərəqəsində ifadə olunan nəticəsinin ləğv edilməsini tələb etsə də, bu tələbin əsasları inzibati məhkəmə icraatı qaydasında həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılaraq məhkəmə iddiaçının dəlillərinin əsassız oldugu qənaətinə gəlir. Belə olan halda, məhkəmə iddiaçının şəxsi hesab vərəqəsinə 2015-ci il üzrə 147467,88 (yüz qırx yeddi min dörd yüz altmış yeddi manat, səksən səkkiz qəpik) manat və 47316,07 manat vergi borcunun bərpa olunması ilə bağlı cavabdehin hərəkətlərini əsaslı sayır. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.5-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə “cavabdeh tərəfindən 12.09.2018-ci il tarixdə **********34100 saylı 29.03.2015-ci il tarixli fevral 2015-ci il tarixli ƏDV bəyanaməsinə əsaslanaraq hesablanmış 147467,88 (yüz qırx yeddi min dörd yüz altmış yeddi manat, səksən səkkiz qəpik) AZN və 12.09.2018-ci il tarixdə **********34100 saylı 20.04.2015-ci il tarixli mart 2015-ci il tarixli ƏDV bəyannaməsinə əsaslanaraq hesablanmış 47316,07 (qırx yeddi min üç yüz on altı manat, sıfır yeddi qəpik) AZN məbləğlərində vergi borcunun silinməsi” tələbinə dair iddiası əsassız oldugundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə “cavabdeh tərəfindən 12.09.2018-ci il tarixdə **********34100 saylı 29.03.2015-ci il tarixli fevral 2015-ci il tarixli ƏDV bəyanaməsinə əsaslanaraq hesablanmış 147467,88 (yüz qırx yeddi min dörd yüz altmış yeddi manat, səksən səkkiz qəpik) AZN və 12.09.2018-ci il tarixdə **********34100 saylı 20.04.2015-ci il tarixli mart 2015-ci il tarixli ƏDV bəyannaməsinə əsaslanaraq hesablanmış 47316,07 (qırx yeddi min üç yüz on altı manat, sıfır yeddi qəpik) AZN məbləğlərində vergi borcunun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2772/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2772/2021
08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver