Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2772/2025 22.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsi ünvanında yerləşən 18 saylı fərdi yaşayış evində yaşayır və qeydiyyatdadır. Məlumat üçün bildirir ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1206 nömrəli sərəncamına əsasən Balaxanı qəsəbəsi, M.Ordu küçəsi, 18 saylı yerdə 9.0×6.0 ölçüdə yarımçıq tikilisi olan 1200 kv.m torpaq sahəsi yaşayış evinin tikintisini davam etdirmək üçün ayrılmışdır. 2000-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış ei tikmişdir. 2000-ci ildən etibarən ailəsi ilə birgə həmin fərdi yaşayış evində yaşayır və orada qeydiyyatdadır. Artıq 24 ildir ki, həmin evdə yaşamasına baxmayaraq torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmasına nail ola bilməmişdir. Həmin fərdi yaşayış evində su, qaz və işıq kommunal xidmətləri də, onun adınadır. Həmin torpaq sahəsinə dair çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləir. Həmçinin, texniki pasportun baş planı ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcududr. Hesab edir ki, cavabdehin imtinası qanunsuz əsassızdır.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2772/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək ünvan 2 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********41 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin, texniki pasportun baş planı ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.
6. 3-cü şəxsin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “X2” LTT Azərbaycan Respublikasındakı Filialının istifadəsinə verilmiş istehsalat təyinatlı ərazilərə aiddir. İddiaçının iddia etdiyi ünvan 3 ünvanında yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahəsidir. Həmçinin, Azərbaycan Respublikası 6 may 2011-ci il tarixli 105-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Balaxanı – Sabunçu -Ramana – Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-Lanser PTİ.LTD və AR DNŞ-in X4 arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Qanuna əsasən “X2” LTD Azərbaycan Respublikasındakı Filialının istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasında Balaxanı – Sabunçu -Ramana – Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-Lanser PTİ.LTD və AR DNŞ-in X4 arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikası 6 may 2011-ci il tarixli 105- İVQ nömrəli Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilmişdir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-X-0109-8/2024 **********41 nömrəli məktubla imtina edilmişdir.
10. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya 07 iyun 2024-cü il tarixli, 3-48-2F/2-X-2656-8-2970/2024 nömrəli məktubla Sabunçu rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 1206 saylı sərəncamının və ona əsas olmuş sənədlərin təsdiq edilmiş kserosurətləri təqdim edilmişdir. Sözügedən sərəncama əsasən X1 Balaxanı qəsəbəsi, M.Ordu küçəsi 18 saylı yerdə 9.0×6.0 kv.m yarımçıq tikilisi olan 1200 kv.m torpaq sahəsi yaşayış evinin tikintisini davam etdirmək üçün ayrılmışdır.
11. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2001-ci ildə texniki pasport tərtib edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 21-3-30/2-46136/2024 **********36 nömrəli məktubla ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21- 3-30/2-15690/2025 nömrəli məktubla ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin ətrafında yerləşən qeydiyyatdan keçmiş əmlaklara dair müvafiq sənədlərin surətləri və ortofoto təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır: - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1206 saylı sərəncamına əsasən X1 Balaxanı qəsəbəsi, M.Ordu küçəsi 18 saylı yerdə 9.0×6.0 kv.m yarımçıq tikilisi olan 1200 kv.m torpaq sahəsi yaşayış evinin tikintisini davam etdirmək üçün ayrılmışdır. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2001-ci ildə texniki pasport tərtib edilmişdir.
21. İddiaçı hazırda Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1206 saylı sərəncamı ilə ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. İddiaçı həmin tələblə ilk öncə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsinə, həmçinin, texniki pasportun baş planı ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olmasına istinad edilməklə imtina edilmişdir.
22. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, cavabdeh tərəfindən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olan sərəncam mübahisələndirilmir, sözügedən sərəncam məhkəmə tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbləri baxımından mötəbər qiymətləndirilir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 12-ci maddəsinə əsasən (Bərabərlik prinsipi). 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
27. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci i il tarixli qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
28. Yuxarıda istinad olunan qanunvericiliyin normalarını rəhbər tutaraq, işin faktiki hallarına əsasən məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, iddiaçının iddia etdiyi 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənəd olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1206 saylı sərəncamı (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
29. Bundan başqa cavabdeh öz imtinasında elektron kadastr məlumatlarına əsasən müvafiq torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsinə istinad etsə də, məhkəmə cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, işdə olan cavabdehin özü tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğundan xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qonşu torpaq sahələri mövcuddur. Bundan əlavə, texniki pasportun baş planı ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqinin olması iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatından imtinaya əsas ola bilməz.
30. Belə olan təqdirdə məhkəm hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə fərqli mövqe sərgiləməsi bərabərlik hüququnun və inzibati orqanların mövcud praktikasına göstərilən etimad hüququnun pozulması kimi qiymətləndirilməklə imtinanın əsasları qanunsuz və əsassız hesab edilməklə iddiaçının tələbi təmin edilməlidir.
31. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əlməl gəlməsiin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə əhatə olunur.
32. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva