Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2773/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 3-17- 1/2-C-9678/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 21 gün (xx.xx.1985-xx.xx.1993-cü il, xx.xx.2007xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məktubda iddiaçıya məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək kitabçasında qeyd edilən, xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilədək olan dövrdəki iş stajını güzəştli şərtlərlə iş stajına daxil etməklə 60 yaşı tamam olan gündən "güzəştli şərtlərlə əmək pensiyasının" təyin edilməsi, cavabdehə müraciət etdiyi gündən geriyə ən çoxu 3 il olmaqla ödənilməsi və təyin ediləcək güzəştli şərtlərlə əmək pensiyası həcmində əvvəlki dövrdən qalıq qalmış pensiya məbləğinin aylar üzrə bərabər bölünməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəmə dəftərxanası vasitəsilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə isə 1977-ci ildən başlamışdır. 2018-ci ilədək ümumi iş stajı 32 ildən çox, ondan 23 il güzəştli iş stajına aiddir. Cavabdeh təşkilata güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün müraciət etmiş, lakin həmin təşkilat ona guya ki, onun güzəştli iş stajının cəmi 12 il 5 ay 21 gün olmasını qeyd edərək pensiya təyin edilməsini mümkünsüz hesab etmişdir. Cavabdeh təşkilat xx.xx.1985-xx.xx.1993-cü il, xx.xx.2007-23.082011-ci il tarixdəki dövrləri qəbul etmişdir. Onun xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilədək işlədiyi dövrləri qəbul etməmişdir, halbuki həmin ərəfədə o, matros və kapitan köməkçisi vəzifələrində işləmişdir. Onunla birlikdə 1993-2004-cü illərdə işləmiş X2 və X4 həmin dövrlər də nəzərə alınmaqla pensiya təyin edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının hazırda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdiyi xx.xx.2022-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna (bundan sonra – ƏPQ) əsasən: -maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2022 - 30 iyun 2023-cü il tarixə kişilərin yaşa görə əmək pensiyası hüququ 65 yaşdan yaranır. Beləliklə, qanunvericiliyin istinad olunan normalarından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:
1. 60 yaşının tamam olması;
2. azı 25 il sığorta stajına malik olması;
3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. İş materiallarından görünür ki, göstərilən tələblərdən hər biri iddiaçı tərəfindən ödənilir. İ tələb üzrə: Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuş, xx.xx.2022-ci il tarixə 60 yaş 6 ayı olmuşdur. Deməli, iddiaçı xx.xx.2022-ci il tarixə yaş tələbini ödəmişdir. İİ tələb üzrə: İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1977-xx.xx.1977-ci illərdə Əngəxaran kənd kinoqurğularının kinomexaniki köməkçisi və kinomexaniki vəzifəsində işləmiş, xx.xx.1982-ci ildə “Bakı Balıq Soyuducu Donanma İdarəsində” kilkə sexinə balıq emalçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1985-ci ildə “Bakı” TXS matros keçirilmiş, xx.xx.1986-cı ildə Pirşağı PTS-yə aşpaz təyin edilmiş, xx.xx.1986-cı ildə Binəqədi PTS-yə matros göndərilmiş, xx.xx.1993-cü ildə Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinin 5-ci bəndinə əsasən Bakı balıq hisləmə zavoduna keçməklə bağlı işdən azad edilmişdir. İddiaçı xx.xx.1993-cü ildə Bakı balıq hisləmə zavodunda PTR-300 “Şəhriyar” gəmisinə matros vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci ildə müvəqqəti olaraq kapitan köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü ildə Əmək məcəlləsinin 68-ci maddəsinin “c” bəndi üzrə işdən azad olunmuşdur. İddiaçı xx.xx.2004cü il tarixində Azərbaycan Respublikasının Əmək məcəlləsinin 46-cı maddəsinə əsasən "xxxx" ASC-də kapitan köməkçisi vəzifəsində işə qəbul olunmuş, xx.xx.2005-ci il tarixində işdən azad edilmişdir. İddiaçı xx.xx.2006-xx.xx.2006-cı illərdə "xxxx" ASC-də maddi məsuliyyətlə müvəqqəti olaraq “Şəhriyar” gəmisinə kapitan vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2007-xx.xx.2011-ci illərdə “X11 Azərbaycan” MMC-də PTR “Şəhriyar” gəmisinin kapitanı vəzifəsində, xx.xx.2014-xx.xx.2015-ci illərdə "xxxx" MMC-də usta vəzifəsində, xx.xx.2016-xx.xx.2017-ci illərdə “X10” MMC-də təlim ustası işləmiş, xx.xx.2017-ci il tarixində “X10” MMC-yə “direktor” vəzifəsi üzrə təyin edilmişdir; xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasının Əmək məcəlləsinin 68-ci maddəsinin “d” bəndinə əsasən (tərəflərin iradəsindən asılı olmayan hallar) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixində "xxxx" MMC-yə “direktor” vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixində vəzifəsindən azad edilmiş, xx.xx.2022-ci il tarixində "xxxx" MMC-yə “direktor” vəzifəsinə işə qəbul olmuş və xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin “direktor” vəzifəsindən işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ƏPQ-nin 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İstinad olunan normaların tələlərinə uyğun olaraq iddiaçının xx.xx.2006-cı il tarixədək əmək kitabçasındakı qeydlər və xx.xx.2006-cı il tarixdən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənildiyini dövrlər nəzərə alındıqda müəyyən olunur ki, onun xx.xx.2024-cü il tarixə 25 ildən artıq ümumi iş stajı olmuşdur. İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, o, iddiaçının həmin tarixə 25 ildən artıq iş stajının olmasını mübahisələndirməmiş, 36 il 1 ay 27 gün iş stajının olduğunu qəbul etmişdir. Belə olan halda aydındır ki, iddiaçı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci şərti də ödəmişdir. İİİ tələb üzrə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 21.2. Dəniz və çay donanması: b) üzən heyət:- dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdə olan Bakı Hövsan Beynəlxalq Dəniz Limanı ASC-nin 26/22 nömrəli, xx.xx.2022ci il tarixli güzəştli arayışından görünür ki, “xx xxxx 1961-ci il təvəllüdlü İddiaçı m08 sentyabr 1982-ci il tarixindən 14 aprel 1993-çü il tarixinə kimi “Bakı Balıq Soyuducu İdarəsində” müxtəlif vəzifələrdə işləyib: 1.08 sentyabr 1982-ci il tarixindən “Bakı Balıq Soyuducu Donanma İdarəsində” kilkə sexinə balıq emalçısı vəzifəsinə işə qəbul edilib (xx.xx.1982-c i il tarix 176k №-li əmr);
2. 25 aprel 1985-ci il tarixindən “Bakı Balıq Soyuducu Donanma İdarəsində” “TXE Bakı” gəmisinə matros vəzifəsinə keçirilib (25 aprel 1985-ci il tarixli 82 к №-li əmr);
3. 01 mart 1986-cı il tarxindən “Bakı Balıq Soyuducu Donanma İdarəsində” “DBE Pirşağı” gəmisinə aşbaz vəzifəsinə keçirilib (xx.xx.1986-ci il tarixli 41 к №-li əmr);
4. 24 sentyabr 1986-cı il tarxindən “Bakı Balıq Soyuducu Donanma İdarəsində” “PTS Binəqədi” gəmisinə matros vəzifəsinə keçirilib (xx.xx.1986-ci il tarixli 188 k№-i əmr);
4. xx.xx.1993-cü il tarixində Azərbaycan Respublikası Ə/M 36 maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu ilə Əmək müqaviləsinə xitam verilib (xx.xx.1993-cü il tarixli 14 к №-li əmr). Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 13 iyul 2001-ci il tarixli 31 saylı əmrinə əsasən Bakı Balıq Soyuducu Donanma İdarəsi "xxxx" ASC adlandırılıb. 25 may 2005-ci il tarixində keçirilmiş Səhmdarların ümumi iclasının 02 saylı Protokoluna əsasən "xxxx" ASC “Bakı Dəniz Balıq Limam“ ASC-nə birləşdirilib. 2001-ci il tarixli İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 43 saylı Sərəncamına əsasən “Bakı Dəniz Balıq Limanı İdarəsi” "xxxx" ASC adlandırılıb. "xxxx" ASC - nin 14 iyun 2017-ci il tarixli Səhmdarların ümumi iclasının Protokoluna əsasən "xxxx" ASC "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Yuxarıda adı çəkilən gəmilər bilavasitə açıq dənizdə balığın tutulması, istehsalı və daşımnası ilə məşğul olub, balıq sənayesinin balıqçı donanmasını təşkil edir, liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (nəqliyyat) 21.2 b yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir.” İşdə olan “X11.Azerbaijan” MMC-nin M010/03 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixində №01 saylı əmrlə “X11.Azerbaijan” MMC-nin “Şəhriyar” gəmisinə kapitan vəzifəsinə işə qəbul edilmişdir. “Şəhriyar” gəmisi Xəzər dənizi hövzəsində üzüb və balıq ovlama fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı xx.xx.2011-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli ’’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqında qərarına əsasən X3 güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir:
21. Nəıqliyyat işləri. İşdən görünür ki, cavabdeh də bu müddəti mübahisələndirməmiş, iddiaçının ümumilikdə 12 il 5 ay 21 gün güzəştli iş stajının olduğunu qəbul etmişdir (xx.xx.1985xx.xx.1993 və xx.xx.2007-xx.xx.2011-ci illər). Lakin işin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçı həmçinin 1993-2004cü illərdə də Bakı balıq hisləmə zavodunun PTR-300 “Şəhriyar” gəmisində matros və kapitan köməkçisi vəzifəsində işləmişdir və hazırda həmin vəzifənin də güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olduğunu iddia edir. Məhkəmə qeyd edir ki, işdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-7862/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət ProqramTna uyğun olaraq, ləğv edilmiş X5 Bakı Balıq Hisləmə zavodunun bazasında keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 126 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2003-cü il tarixində tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) 01 yanvar 2002-ci il tarixinə səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında X1 (matros) adı aşkar edilmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2002-ci il tarixdə d-3434 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının xx.xx.2005-ci il tarixli qərarına əsasən ləğv edilmişdir. Göründüyü kimi, iddiaçının Bakı Balıq Hisləmə Zavodunun “Şəhriyar” gəmisində matros işləməsi mübahisəsiz olsa da, həmin müəssisə ləğv edildiyindən iddiaçı güzəştli arayışı təqdim edə bilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yalnız xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollarda işləyən gəmi heyətinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olmadığı qeyd olunmuşdur. Bakı Balıq Hisləmə Zavodunun “Şəhriyar” gəmisinin xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar üzrə üzən gəmi olmadığı hamıya bəlli olan haldır. Belə olan halda aydındır ki, iddiaçının həmin gəmidə işlədiyi dövr də onun güzəştli iş stajına daxil edilməlidir. Məhkəmə bu zaman onu da nəzərə alır ki, iddiaçı 2007-ci ildən etibarən “X11 Azerbaijan” MMC-nin tərkibində Şəhriyar gəmisində gəmi kapitan işləmiş, cavabdeh həmin dövrü güzəştli iş stajı kimi qəbul etmişdir. Belə olan halda isə müəyyən edilir ki, iddiaçının xx.xx.2022-cı il tarixə 12 il 6 aydan artıq güzəştli iş stajı mövcud olmuşdur. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2022-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi iş stajı mövcud olduğundan onun 52 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış, cavabdeh isə iddiaçının bu tələbini təmin etməməklə onun hüquqlarının pozulmasına yol vermişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova