Məhkəmə qərarları › İş №2-1(112)-2774/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2774/2020

26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2774/2020 26.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “beş il xidmət keçmə səbəbi ilə öz arzusu ilə vaxtından əvvəl ehtiyata buraxılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh Böhran X1 Əhalinin fövqəladə hallar barədə xəbərdar edilməsi idarəsinin Xəbərdarlıq sistemlərinin istismarı Şöbəsinin zabiti vəzifəsindən təqvim hesabı ilə 5 il xidmət keçməsi səbəbi ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15-ci bəndinin 7-ci abzasına əsasən öz arzusu ilə vaxtından əvvəl ehtiyata buraxılmasına dair əmrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Cavabdeh Akademiyasına qəbul olmuşdur. 2013-cü ildə Akademiyanı müvəffəqiyyətlə bitirmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Cavabdeh Akademiyasını bitirdikdən sonra Azərbaycan Respublikası Cavabdeh Böhran X1 Əhalinin fövqaladə hallar barədə xəbərdar edilməsi idarəsinin Xəbərdarlıq sistemlərinin istismarı şöbəsinin zabiti vəzifəsinə işə götürülmüşdür, halhazırda həmin idarədə kapitan rütbəsində işləyir. O, maddi sıxıntı keçirir. Aylıq əmək haqqı ailəsini dolandırmağına çətinlik yaradır. Bu səbəbdən vaxtından əvvəl ehtiyata çıxmaq qərarına gəlmişdir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafıq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15-ci bəndinin 7-ci abzasına əsasən öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 5 il xidmət etmiş zabitlər həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına yol verilir. Qanunda imperativ olaraq göstərilmişdir ki, 5 il xidmət etmiş zabitlər həqiqi həıbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular vaxtından əvvəl ehtiyata çıxa bilərlər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq vaxıtından əvvəl ehtiyata çıxmaq niyyəti ilə xx.xx.2019-cu ildə və xx.xx.2020-ci ildə iki dəfə təqrir yazmışdır. Bu günədək ona heç bir cavab verilməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15-ci maddəsi ilə həqiqi hərbi xidmətdə olmanın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına öz arzusu ilə – yalnız zabit vəzifələrində təqvim hesabı ilə azı 5 il xidmət etdikləri halda yol verildiyi haqqında müddəa mövcuddur. Eyni Əsasnamənin 156-cı maddəsinin «j» bəndi və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsi ilə hərbi qulluqçuların öz arzusu ilə ehtiyata buraxılması üçün zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmə şərti müəyyən edilmişdir. Göründüyü kimi, eyni ictimai münasibətləri tənzimləyən və qüvvədə olan iki norma arasında uyğunsuzluq var və hər iki normanın eyni vaxtda tətbiq edilməsi mümkün deyil. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Bununla da «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15-ci maddəsi 156cı maddədən fərqli olaraq ümumi hissəyə aid olduğu üçün tətbiq edilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Əhalinin fövqaladə hallar barədə xəbərdar edilməsi idarəsinin Xəbərdarlıq sistemlərinin istismarı şöbəsinin zabiti, kapitan İddiaçı tərəfindən Azərbaycan Respublikası Cavabdeh Böhran X1 rəisinə ünvanlanmış təqrirdən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci maddəsində zabit heyəti vəzifəsində təqvim hesabı ilə azı 5 il hərbi xidmət müddəti olan zabitlər üçün nəzərdə tutulmuş əsasla vaxtından əvvəl və ya digər əsasla ehtiyata buraxılma üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Böhran X1 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, kapitan İddiaçı həqiqətən xx.xx.2013-cü il tarixindən Azərbaycan Respublikası Cavabdeh Böhran X2 həqiqi hərbi xidmət keçir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Kadr siyasəti Baş İdarəsi tərəfindən Böhran X1 rəisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Sizin xx/xx-01183 nömrəli xx.xx.2019-cu il tarixli məktubunuza cavab olaraq bildiririk ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15-ci maddəsi ilə həqiqi hərbi xidmətdə olmanın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına öz arzusu ilə – yalnız zabit vəzifələrində təqvim hesabı ilə azı 5 il xidmət etdikləri halda yol verildiyi haqqında müddəa mövcuddur. Eyni Əsasnamənin 156-cı maddəsinin «j» bəndi və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsi ilə hərbi qulluqçuların öz arzusu ilə ehtiyata buraxılması üçün zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmə şərti müəyyən edilmişdir. göründüyü kimi, eyni ictimai münasibətləri tənzimləyən və qüvvədə olan iki norma arasında uyğunsuzluq var və hər iki normanın eyni vaxtda tətbiq edilməsi mümkün deyil. Müvafiq hallar «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir. Belə ki, Konstitusiya Qanununun 10.4-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Bununla da «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15-ci maddəsi 156-cı maddədən fərqli olaraq ümumi hissəyə aid olduğu üçün tətbiq edilə bilməz. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin: 15-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: xidmət müddəti başa çatdıqda (hərbi təhsil müəssisələrinin kursantlarından və kadr zabitlərindən başqa); xəstəliyə görə - hərbi-həkim komissiyasının rəyinə əsasən; ştatların ixtisarına görə - ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ailə vəziyyətinə görə - qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları; xidməti uyğunsuzluğa görə - müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa; hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 5 il xidmət etmiş zabitlər; törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə; 155-ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar; 155-ci maddəsinin 2-ci hissəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156-159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər; 156-cı maddəsinin «j» bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. xx.xx.2011-ci il tarixli «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun: 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar; 41.0.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikası Cavabdeh Böhran X2 həqiqi hərbi xidmət keçir. Hazırda iddiaçı zabit vəzifəsində təqvim hesabı ilə 5 il xidmət keçməsi səbəbi ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15-ci bəndinin 7-ci abzasına əsasən öz arzusu ilə vaxtından əvvəl ehtiyata buraxılmasına dair əmrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, həqiqi hərbi xidmətdən buraxılmanın əsasları Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin «həqiq hərbi xidmətdən buraxılma» adlanan Xİ fəslində müəyyən edilmişdir. Həmin fəsildə olan 155-ci maddənin 2-ci hissəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156-159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bundan başqa «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Göründüyü kimi, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının əsasları və qaydaları məhz həmin Əsasnamənin «həqiq hərbi xidmətdən buraxılma» adlanan Xİ fəslində nəzərdə tutulmuşdur. Həmin fəsildə nəzərdə tutulmuş 156-cı maddəsinin «j» bəndinə əsasən öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Eyni zamanda, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsində də ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları təsbit edilmişdir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun (maddə 10. Normativ hüquqi aktların kolliziyasının həlli qaydaları) 10.4-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hərbi xidmətdən buraxılmanın əsasları və qaydası «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsi ilə və həmin maddənin təsbit edildiyi fəsildə müəyyən edildiyi üçün hərbi qulluqçuların öz arzusu ilə ehtiyata buraxılması məhz «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsində nəzərdə tutulmuş əsasla həyata keçirilməlidir (Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə əsasən öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar). Həmçinin qeyd olunan Əsasnamənin qəbul edildiyi tarixdən sonra qəbul edilmiş «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsində də ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları təsbit edilmişdir. Belə olan halda iddiaçının «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15-ci maddəsinə istinad edərək zabit vəzifəsində təqvim hesabı ilə 5 il xidmət keçməsi səbibi ilə öz arzusu ilə vaxtından əvvəl ehtiyata buraxılmasını tələb etməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “beş il xidmət keçmə səbəbi ilə öz arzusu ilə vaxtından əvvəl ehtiyata buraxılma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar