Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2776/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK cəlb edilməklə) “xx.xx.2022-ci il tarixli tikintiyə icazə sənədinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, Mehdi Abbasov və Nəsimi küçələrini kəsişmələrindəki 2400-cü məhəllədə 14+ mərtəbəli yaşayış binasının tikinti işlərinin aparılmasına dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, Tİ-85/22 nömrəli icazə sənədinin ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, uzun illərdir ki, ünvan 1 ünvanında yerləşən 78 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. “Karayev City’' MTK sözügedən əmlakın yerləşdiyi binanın birbaşa yaxınlığında 2020-ci ildən 14 mərtəbəli binanın tikintisinə başlamışdır. "xxxx" MTK bundan əvvəl bir neçə hündür mərtəbəli binalar tikmişdir. "xxxx" MTK iddiaçının mülkiyyətinin yanında 3 hündür mərtəbəli binanı tam tikmiş, üçüncüsünün 14-cü mərtəbəsinin tikintisi başa çatmışdır. İddiaçının mülkiyyətində olan ərazinin yerində isə 1000 kv.m sahəsi olan qeyri-yaşayış binasının tikintisinə hazırlaşır. "xxxx" MTK-nın sahibləri Arif, Tofiq və təmsilçi Elşən İsmayılov adlı şəxslər sakinlərə müxtəlif formalarda təsir edərək sözügedən binadan 7 mənzil almışdır. ünvan 3 ünvanda yerləşən mülkiyyəti almaq üçün "xxxx" MTK-nın sahibləri Arif, Tofiq və təmsilçi Elşən İsmayılov iddiaçı ilə danışıqlar aparmış və onların maraqlarını təmin edən razılaşma əldə edilə bilmədiyindən onların göstərişi ilə ustalar tərəfindən sözügedən binanın tərkib hissələrini dağıdılmağa və qanunsuz olaraq sökülməyə başlanmışdır. Arif, Tofiq və təmsilçi Elşən İsmayılovun göstərişi ilə 2023-cü ilin mart ayından ustalar, binanın pəncərələrini sındırıb dağıdaraq onu qəsdən məhv edib, sonra da sökməyə başlamışlar. 2023-cü ilin Sentyabr ayının əvvəlindən binanın dam hissəsini sökməyə başlamışlar. Binanın pəncərələri və dam hissəsi cavabdehlər tərəfindən dağıdılıb sökdürülməsi yağış yağan zaman əmlakı qəsdən zərərə uğratmağa, mənzillər arasında olan istinad divarlarını sökdürərək bununla da binanın ümumilikdə qayanıqlılığını zədələyib maddi ziyan vuraraq onu yararsız hala salmaq xarakteri daşıyır. Cavabdehin törətmiş olduğu qanunazidd hərəkətləri nəticəsində iddiaçının əmlakına külli miqdarda maddi ziyan vurulmuşdur. Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 62 A ünvanda yerləşən bina ümumi mülkiyyətdir və binanın hər bir yeri onun tərkib hissəsidir. Üçüncü şəxsin tikinti aparmasına əsas olmuş sənədlərin kim tərəfindən verilməsi barədə iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, cavabdeh inzibati orqan bu barədə məlumat verməyərək, şifahi formada icazə sənədlərinin məhz Arxitektura Komitəsinin saytında yerləşdirilməsi barədə məlumat vermişdir. xx.xx.2023-cü ildə Komitənin “Tikintilərin dövlət reyestrinin internet səhifəsindən çıxarış" saytına daxil olarkən, Komitənin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Tİ-85/22 saylı xx.xx.2022-ci il tarixli icazə sənədi əsasında "xxxx" MTK-ya Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, Mehdi Abbasov və Nəsimi küçələrinin kəsişmələrindəki 2400-cü məhəllədə 14+ mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan icazə sənədi əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 154 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, Mehdi Abbasov və Nəsimi küçələrinin kəsişmələrindəki 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MTK- nın istifadəsinə verilmişdir. Sonradan Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 104 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 154 saylı xx.xx.2014-cü il tarixli sərəncamı və tərtib edilmiş 12899 saylı inşaat pasportu "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Halbuki, xx.xx.2001-ci ildən şəhər, rayon icra hakimiyyətlərinin, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin əvvəlki müddətdə verilən sərəncamları addan-ada keçirmək səlahiyyətləri olmamışdır. Yalnız bir halda, yəni "xxxx" MTK ona icarə əsasında verilmiş torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində sənədləşdirib, sonradan notarial qaydada digər şəxslərə sata bilərdi ki, bu kobud qanunu pozuntusudur. Bundan başqa, qeyd olunan sərəncamda göstərilən bəndlər nə "xxxx" MTK, nə də ki, "xxxx" MTK tərəfindən icra edilmədiyi halda, cavabdeh inzibati orqan üçüncü şəxsə tikinti işləri aparmağa icazə vermişdir. Ən azından sərəncamın 1.1-ci bəndində qeyd olunub ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və ödənişlərin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunverciliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Ərazidə yerləşən və vətəndaşların mülkiyyətlərində olan yaşayış və qeyriyaşayış sahələri əvvəlcədən dəyəri ödənilməklə alınmadığı və sökülmədiyi halda, cavabdeh inzibati orqanın üçüncü şəxsə tikinti işləri aparmağa icazə verməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası MM-nin 213.1-ci madəsində deyilir, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında malikdir. Sözügedən yaşayış binasının dam örtüyünü sındırıb dağıtmaq, yağış yağma prosesi ilə bağlı bütün fəsadların qəsdən törədilərək, iddiaçının əmlakına külli miqdarda zərər vurmaq yolu ilə, Arif, Tofiq və Elşən İsmayılov bizi əlacsız vəziyyətə salaraq bu vəziyyətimizdən istifadə edərək onların maraqlarına uyğun qiymətə satmağımıza nail olma niyyəti daşıyır . Adıçəkilən şəxslərin hərəkətləri birbaşa və dolayı yolla bizə təsir və təzyiq etməkdir. Xüsusilə qeyd edilir istəyirəm ki, "xxxx" MTK-nın təsisçiləri tərəfindən tikinti-söküntü işləri kobud qanun pozuntusu müşaiyəti ilə aparılır. "xxxx" MTK-nın təsisçiləri kimi özlərini təqdim edən Arif, Tofiq və Elşən İsmayılovun apardıqları tikinti binaya çox yaxın məsafədə yerləşir. Beləliklə, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MTK üçüncü şəxs qismində icraata cəlb edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Lakin cavabdeh və üçüncü şəxs tərəfindən məhkəməyə iddia tələbinə dair yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi verdiyi izahatında tələbi müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixli tikintiyə icazə sənədini mübahisələndirir və həmin sənədin mövcudluğu barədə cavabdeh tərəfindən iddiaçıya məlumat verilsə də, lakin sənədin özü vaxtında təqdim edilməmişdir. Hesab edir ki, iddia müddətini ötürməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, Tİ-85/22 nömrəli obyektin tikintisinə icazə sənədi əsasında "xxxx" MTK-ya Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən yaşayış binasının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İPM-in: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Belə ki, iddiaçı onun üçün əlverişsiz hüquqi nəticələr yaratdığını hesab etdiyi "xxxx" MTK-ya cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Tİ- 85/22 nömrəli, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən yaşayış binasının tikintisinə icazə verilməsinə dair sənədi mübahisələndirir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilməlidir ki, İPM-in 38.1-ci maddəsi isə yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onu akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməməsi onun həmin qərardan şikayət etmək hüququnu məhdudlaşdıran hal deyildi. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-226/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, "xxxx" MTK-nın həmin iş üzrə cavabdeh İddiaçı qarşı “qeyriyaşayış sahəsinin boşaldılıb iddiaçıya təhvil verilərək sökülməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4106/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamənin məzmunundan (2-ci səhifə, 5-ci bənd) görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 27 nömrəli, xx.xx.2021-ci il tarixli Tİ-53/21 nömrəli və xx.xx.2022-ci il tarixli Tİ-85/22 nömrəli obyektin tikintisinə icazələrinə əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə müvafiq olaraq 1 saylı, 1a saylı, 3 saylı və 2 saylı binaların tikintisinə icazə verildiyi göstərilmişdir. Göründüyü kimi, qeyd olunan qətnamədə mübahisələndirilən inzibati aktın nömrəsi, tarixi, tikinti obyektinin ünvanı aydın şəkildə öz əksini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, İddiaçı mübahisələndirilən inzibati aktdan ən geci 04 aprel 2023-cü il tarixdən məlumatlı olmuş, yaxud məlumatlı olmalı idi. Belə olan halda, iddiaçı artıq məlumatlı olduğu marağına toxunduğunu hesab etdiyi inzibati aktın ləğvinə dair məhkəmədə iddia irəli sürə bilərdi. Buna baxmayaraq iddiaçı mübahisələndirilən qərardan təkzibolunmaz şəkildə məlumatlı olduğu halda, məhkəməyə təxminən 7 ay sonra müraciət etmiş, bununla da qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktın mövcudluğu iddiaçıya ən geci xx.xx.2023-cü il tarixdən məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət edilmədiyindən qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2776/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2776/2024
07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver