Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2777/2022 12.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxs X14) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdehin xx.xx.2019-cu il tarixli 188 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qaraj sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin qaraj sahəsinə qanunsuz müdaxilə edilərək V.Zərgərəova məxsus əmlakların talanması barədə 2015-2019-cu illərdə polisə etdiyi müraciətlər əsasında hazırda Nərimanov Rayon Prokurorluğunda araşdırılır. Naməlum şəxslər tərəfindən qarajın qapısı sındırılaraq həmin qarajda qanunsuz tikililər aparmaqla qanunsuz olaraq zəbt edilmiş və qaraja hazırda da ziyan vurmalarına dair İcra hakimiyyətinə müraciət edilmiş, icra hakimiyyəti vəzifələrini icra etmək əvəzinə tövsiyələr vermiş və buna dair 04.08.21-ci il tarixli, İ-68-149 saylı cavab məktubu ünvanlamışdır. Hazırda mülkiyyətdə olan qaraj sahəsini zəbt edən şəxslərə qarşı məhkəmə araşdırması davam edir. Qaraja məhkəmə tərəfindən yerində baxış zamanı üçüncü şəxslər xx.xx.2019-cu il tarixli yeni bir sərəncam təqdim edərək qaraja onların da hüquqlarının olduğunu bildirmişlər. İddiaçı məxsus qarajda baş verən oğurluqla əlaqədar illərdir müxtəlif instansiya və polis orqanlarında iş araşdırıldığı halda İcra Hakimiyyəti xx.xx.2019-cu il tarixli 188 saylı sərəncamla İddiaçı mülkiyyətində olan qarajı F.Əzizov adlı şəxsin adına sənədlədirilməsinə icazə vermişdir. Sərəncam 30 saylı MİS-in arayışına və plan sxeminə əsaslanmaqla verilmişdir. F.Əzizovun uzun müddət hazır daş qarajı hansı şəraitdə istifadə etməsinə dair araşdırma belə aparılmamışdır. Çünki həmin qarajın mübahisəli olmasını 30 saylı MİS çox yaxşı bilirdi, İddiaçı çox yaxşı tanıyırdı, qarajın məhz İddiaçı məxsus olduğunu polisdə buna dair dəfələrlə araşdırma olduğunu, qarajdan İddiaçı məxsus əmlakların oğurlanmasını dəqiq bilirdi. Ən əsası vaxtı ilə dəmir qaraj olan, sonra məhz həmin MİS əməkdaşları və icra hakimiyyətinin bu sahəyə baxan əməkdaşlarının razılığı ilə və elə özləri tərəfindən qarajın yenidən daşdan tikilməsini MİS və İcra hakimiyyəti bildiyi halda mülkiyyətdə olan qaraja dair sərəncam verilmişdir. Eyni məzmunlu ərizələrlə cavabdehə müraciətlər edilsə də bu günədək xx.xx.2019-cu il tarixli 188 saylı sərəncamın ləğvi ilə əlaqədar heç bir tədbir görülməmiş, gah araşdırdıqlarını, gah məhkəməyə müraciət etməli olduğunu bildirməklə yaratdıqları mövcud vəziyyətin düzəldilməsinə dair heç bir tədbir görülmür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10895/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X14 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X16 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X14 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1950-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 102 saylı binanın yaxınlığında yerləşən qeyri yaşayış binası - qaraja dair xx.xx.2021-ci il tarixdə İddiaçı adına tərtib edilmiş texniki pasporta əsasən torpaq sahəsinin faktiki sahəsi 0.0021 ha, ümumi tikinti altı sahə 0.0021 ha, qarajın əsas və cəmi sahəsi 19.25 kv.metrdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - AZE seriyalı 17145533 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1967ci il təvəllüdlü X14 ünvan 3 ünvanında qeydiyyatdadır. - X2 Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədə Təbriz küçəsi 102 saylı binanın həyətində yerləşən, uzun müddət istifadəsində olan daş qarajın sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. - 30 saylı MKİS Nərimanov rayon MKTB ilə X14 arasında Təbriz küçəsi 102 saylı evin həyətində yerləşən sahəsi 20.0 kv.m olan daş qaraja dair xx.xx.2019-cu il tarixli, 30- 106 nömrəli istismar yığımı müqaviləsi bağlanmışdır. -Qeyri-yaşayış sahələrindən istismar haqqı üçün mədaxil qəbzlərinə əasən X6 tərəfindən xx.xx.2016-cı il tarixə 48 manat, X14 tərəfindən xx.xx.2019-cu il tarixdə 84 manat ödəniş edilmişdir. - 30 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli, 30/0948 nömrəli arayışında göstərilmişdir ki, Təbriz küçəsi 102 saylı evin həyətində yerləşən daş qaraj X12 məxsusdur. - Bakı şəhəri Cavabdehin xx.xx.2019-cu il tarixli 188 nömrəli sərəncamında göstərilmişdir ki, Bakı şəhəri, Yusifzadə küçəsi 2 saylı evin 3-cü mənzilində yaşayan vətəndaş X13 ərizə ilə Cavabdehə müraciət edərək, Təbriz küçəsi 102 saylı binanın qarşısında yerləşən, uzun müddət istifadə etdiyi daş qarajın öz adına sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən (30 saylı MKlS-nin xx.xx.2019-cu il tarixli, 30/0948 №li arayışı və tərtib etdiyi plan-sxem) müəyyən edilmişdir ki Təbriz küçəsi 102 saylı binanın qarşısında həyətində yerləşən, sahəsi 20,0 kv.m. olan daş qarajdan vətəndaş F.Ə.Əzizov uzun müddətdir ki, istifadə edir və istismar yığımı haqqını vaxtlı-vaxtında ödəyir. Göstərilənlərə istinad edilərək Təbriz küçəsi 102 saylı binanın qarşısında yerləşən, sahəsi 20,0 kv.m. olan daş qarajın vətəndaş F.Ə.Əzizovun adına sənədləşdirilməsi, vətəndaş F.Ə.Əzizova tikinti və abadlıq işləri ilə əlaqədar lazım gəldikdə qarajın sökülə biləcəyinin xəbərdarlıq edilməsi, qarajdan öz təyinatı üzrə istifadə olunmasına nəzarətin 30 saylı MKİS-nə və 17-ci Polis Bölməsinə tapşırılması qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli, 05/01-580/11 məktubu ilə göndərilmiş Bakı şəhəri 9 saylı dövlət notariat ofisində 28 oktyabr 1998-ci il tarixdə 3M7-740 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin surətindən görünür ki: - xx.xx.1998-ci il tarixli müqaviləyə əsasən X10 ona xx.xx.1906-cı il tarixli, 30/694 nömrəli texniki pasporta əsasında məxsus olan qarajı İddiaçı satmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 102 saylı binanın yaxınlığında yerləşən qarajla bağlı ilkin hüquqmüəyyənedici sənədlərin surətindən görünür ki: - xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən X9 Rayon Deputatları Sovetinin xx.xx.1966-ci il tarixli razılıq məktubu əsasında ona məxsus olan qarajı X1. - X4 adına tərtib edilmiş xx.xx.1996-cı il tarixli texniki pasortun surətinə əsasən tikintilərin və qurğuların xarakteristikalarına əsasən 1966-cı ildə tikilmiş qarajın sahəsi 19.25 kv.m, həcmi 42.35 kub metr, tikinti altında torpaq sahəsi 19.25 kv.m-dir. Məhkəmənin sorğusuna cavab olaraq 30 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 30/0459 nömrəli məktubunda bildirilmişdir ki, qarajlar müvəqqəti qurğudur və bu səbəbdən də balansda olmur. Əldə olunmuş İstismar yığımı müqavilələrinin surətlərinə əsasən həmin qaraj əvvəllər X3, daha sonra isə xx.xx.2019-cu il tarixli, 30-106 nömrəli İstismar yığımı müqaviləsinin surətinə əsasən X11 istifadəsində olmuşdur. Həmin məktubla göndərilmiş sənədlərin təsdiq olunmuş surətindən görünür ki: - 30 saylı MKİS-nin möhürü və texnikinin imzası ilə təsdiq edilmiş Təbriz küçəsi 102 saylı binanın həyətində yerləşən daş qarajın sxeminə əsasən qarajın sahibi X6, qarajın sahəsi 20.0 kv.metrdir. - 30 saylı MKİS Nərimanov rayon MKTB ilə X6 arasında Təbriz küçəsi 102 saylı evin həyətində yerləşən sahəsi 20.0 kv.m olan daş qaraja dair xx.xx.2016-cı il tarixli, 30- 106 nömrəli istismar yığımı müqaviləsi bağlanmışdır - 30 saylı MKİS-nin möhürü və mühəndisinin imzası ilə təsdiq edilmiş xx.xx.2019cu il tarixli Təbriz küçəsi 102 saylı evin həyətində yerləşən daş qarajın sxeminə əsasən qarajın sahibi X14, qarajın sahəsi 20.0 kv.metrdir. Beləliklə, hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 102 saylı binanın yaxınlığında yerləşən qeyri yaşayış binası – qarajın texniki pasporta əsasən ona məxsus olduğu halda, cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli 188 saylı sərəncamla sözügedən qarajı üçüncü şəxs F.Ə.Əzizovun adına sənədləşdirilməsinin qanunsuz olduğunu iddia edərək həmin sərəncamın ləğv edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)2070/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı qarajdan çıxarılma və qarajın təhvil verilməsi tələbinə dair iddiası tələbi təmin edilməmişdir. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, qətnamədə sadalanan sübutlar sırasında Cavabdehin xx.xx.2019-cu il tarixli 188 saylı sərəncamının adı və məzmunu qeyd edilmiş, dolayısı ilə iddiaçı mübahisələndirilən sərəncamdan mülki məhkəmə icraatı gedişində, ən geci xx.xx.2021-ci il tarixdə məlumatlı olmuş və xx.xx.2021-ci il tarixdə məhkəmədə hazırkı iddianı qaldırmaqla iddia müddətini ötürməmişdir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi sərəncamdan daha əvvəl məlumatlı olması və ya ona rəsmi qaydada həmin sərəncamın təqdim edilməsinin sübut olunmadığını nəzərə alaraq iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlir. Beləliklə, hazırkı iddia üzrə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyəti üzrə əsaslı iddiadır. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsinin d) bəndinə görə yerli icra hakimiyyəti başçısının tikinti, mənzil-kommunal təsərrüfatı, məişət xidməti, ticarət, ictimai iaşə, nəqliyyat və rabitə sahəsində səlahiyyətlərinə aiddir - Sovetin mənzil fondunu bölüşdürür, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu aparır, qeyri-yaşayış otaqlarından istifadə, rayonun, şəhərin kommunal mülkiyyətində olan binaların və tikililərin icarəyə verilməsi məsələlərini həll edir. Yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: -3.9.6-cı bəndinə əsasən dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir; -3.9.8-ci bəndinə görə müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirir. İş materiallarından müəyyən olunur ki, mübahisələndirilən sərəncamla Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 102 saylı binanın yaxınlığında yerləşən sahəsi 20,0 kv m. olan daş qarajın üçüncü şəxs F.Ə.Əzizovun adına sənədləşdirilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, sərəncamda qeyd edilən “sənədləşdirmə” səlahiyyətinin, nə də bu sənədləşdirmənin nəyi ifadə etdiyi yerli icra hakimiyyəti orqanlarına dair qanunvericilikdə əks olunmamışdır. Adətən qarajların dəmirdən ibarət texniki qurğu kimi nəzərdə tutulduğu halda hazırkı mübahisə predmeti olan qarajın daş tikili olduğu, dolayısı ilə qeyri-yaşayış sahəsi statusunda olduğu işin mübahisəsiz halıdır. Cavabdeh sərəncamda sözügedən qarajın uzun müddətdir ki, F.Ə.Əzizovun istifadəsində olduğunu qeyd etsə də cavabdehin uzun müddət anlayışını hansı müddət çərçivəsi ilə müəyyən etdiyi etdiyi bəlli deyil. Mübahisəli sərəncamın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarında X14 ilə xx.xx.2019-cu il tarixdə istismar yığımı müqaviləsinin bağlandığı, qarajdan istifadəyə görə istismar haqqının isə bir dəfə -xx.xx.2019-cu il tarixdə ödənildiyi müəyyən olunur. Başqa sözlə, üçüncü şəxsin sözgüdən qarajdan xx.xx.2019-cu il tarixli sərəncama qədər uzun müddət istifadə etdiyinə dair hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Halbuki, iş materiallarından müəyyən olunur ki, adıçəkilən mübahisəli qaraj 1966cı ilin dəmir qurğusu olmaqla ilk öncə Nərimanov Rayon Deputatları Sovetinin xx.xx.1966-ci il tarixli razılıq məktubuna əsasən Əskər Aldar oğlunun adına olmuş, sonuncu xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən əsasən həmin qarajı notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1. X4 adına sözügedən qarajın xx.xx.1996-cı il tarixli, 30/694 nömrəli texniki pasportu tərtib edilmiş, daha sonra sonuncu həmin texniki pasport əsasında qarajı notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. Bundan sonra İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin qaraja dair xx.xx.2021-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Qeyd edilməlidir ki, sözügedən alqı-satqı müqavilələri, texniki pasportlar müvafiq olaraq AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivində və daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın arxivində saxlanılır. Beləliklə, cavabdeh məhkəmə icraatında qarajın texniki qurğu olmaqla həmin qarajı sənədləşməsinə səlahiyyətli olduğunu, texniki pasportun isə texniki sənəd olmaqla bu səlahiyyətin həyata keçrilməsinə münasibətdə hüquqi əhəmiyyət kəsb etmədiyini iddia etsə də, məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Qeyd edildiyi kimi mübahisəli qaraj nə qədər ki daş tikilidən ibarət qeyri-yaşayış sahəsi olmaqla onun texniki göstəricilərinə dair texniki pasportları tərtib edilmiş, eyni zamanda ona dair bağlanmış alqı-satqı müqavilələri notarial qaydada təsdiqlənmişdir, bu halda o nəticəyə gəlmək mümkündür ki, qaraj daşınmaz əmlak olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən, o cümlədən cavabdeh tərəfindən mülki dövriyyənin obyekti kimi bilavasitə qəbul edilmişdir. Hazırkı halda mülki dövriyyənin obyekti olan qarajın alqı-satqı müqaviləsi ilə sonuncu alıcısı İddiaçıdur və sonuncu dəfə texniki pasport məhz İddiaçı adına tərtib edilmişdir. Başqa sözlə, İddiaçı mübahisəli qaraja dair əşya hüququ ilə çıxış edən subyekt kimi həmin tikilini üçüncü şəxslərin iddialarından qorunmasını tələb etmək hüququna malik olmuşdur. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -51.2-ci maddəsinə görə bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. -51.5-ci maddəsinə əsasən inzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh sözügedən qarajı bağlı İİQ-nun tələbinə uyğun maraqlı şəxs statusunda olan İddiaçı məlumatlandırmadan, onun bilavasitə iştirakını təmin etmədən üçüncü şəxsin adına rəsmiləşdirmiş, bununla da İİQ-nun qeyd edilən prosessual normalarının tələblərini pozmaqla iddiaçı üçün əliverişsiz inzibati akt qəbul etmişdir. Təkcə bu hal cavabdehin sərəncamının prosessual normaların tələblərinin pozulması ilə qəbul olunduğundan ləğv edilməsi üçün əsasdır. Qüvvədə olan “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.6-cı bəndinə görə rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Əsasnamənin: 4.15.11-ci bəndinə görə müvafiq ərazidə ictimai asayişin qorunması, kriminogen vəziyyət, habelə vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasının təmin olunması haqqında məhkəmə, ədliyyə, prokurorluq və polis orqanlarından məlumatlar almaq; 4.15.12-ci bəndinə əsasən müvafiq ərazidə hüquqpozmaların profilaktikası üzrə tədbirlər həyata keçirmək; 4.15.13-cü bəndinə əsasən müvafiq ərazidə ictimai təhlükəsizliyin qorunmasının təmin edilməsi, əhalinin və həyat üçün mühüm obyektlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün tədbirlər həyata keçirmək yerli icra hakimiyyəti başçılarının vəzifələridir. Cavabdehin sözügedən qarajın İddiaçı iddiası və ya həmin qarajla bağlı mübahisələrin olmasından məlumatlı olmaması da ağlabatan və inandırıcı deyildir. Belə ki, mənzil-kommunal istismarı biliyinə ümumi rəhbərliyi həyata keçirməkdə və yerlərdə ictimai təhlükəsizliyin qorunmasının təmin edilməsinə məsul olan yerli icra hakimiyyəti orqanının həmin qarajla bağlı İddiaçı vətəndaş X7 qarşı mübahisələrinin olduğu, Nərimanov rayon Polis idarəsində qarajın zəbt edilərək içərisində olan əmlakın ələ keçirilməsi və Nərimanov rayon məhkəməsində qarajdan çıxarılma və s. ilə bağlı müvafiq iddia və cinayət işi ilə bağlı araşdırmaların aparıldığı halda cavabdehin mübahisəli qarajı İddiaçı məlumatlandırmadan, onun maraqlı şəxs kimi bilavasitə iştirakı, dinlənilmə hüququ təmin edilmədən, sözügedən qarajla bağlı hansı hüquqmüəyyənedici sənədlərə malik olduğu və s. araşdırılmadan sərəncam verməsi əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı yuxarıda qeyd olunun qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan, qəbul edilmiş sərəncam iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbi təmin edilməli, mübahisələndirilən sərəncam ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdehin xx.xx.2019-cu il tarixli 188 saylı sərəncamı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2777/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2777/2022
12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver