Məhkəmə qərarları › İş №2-1(112)-2777/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2777/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2777/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və ölkə ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin qəbul etdiyi 18 avqust 2022-ci il tarixli qərarının əsassız olduğu üçün ləğv edilməsi və iddia ərizəsinə baxılıb iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olana kimi Şri-Lanka Demokratik Sosialist Respublikasının vətəndaşı, 31 mart 1987-ci il təvəllüdlü N9505344 nömrəli pasportun sahibi X1 ölkə ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şri-Lanka Demokratik Sosialist Respublikasının vətəndaşı, 31 mart 1987-ci il təvəllüdlü, N9505344 nömrəli pasportun sahibi X3 06 avqust 2022-ci tarixində cavabdehə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi üçün müraciət etmişdir. Cavabdeh 18 avqust 2022-ci il tarixli qərar qəbul etmişdir. Qərara əsasən iddiaçının ərizəsi təmin edilməmişdir. Hesab edirlər ki, bu qərar qanunsuz və əsassızdır. Belə ki, qərar iş normal araşdırmadan, ərizədə qeyd edilən bütün hallar nəzərə alınmadan qəbul edilmişdir. Belə ki, müraciət edən şəxs biznes fəaliyyəti ilə məşğuldur. Amma ölkədə yaşamaq icazəsi olmadığı üçün şəxs bank hesabı aça bilmir, həmin hesablar üzrə müvafiq əməliyyatlar apara bilmir. Bu səbəbdən də, cavabdeh tərəfindən verilmiş qərar ləğv edilməlidir. Məhkəmənin 2-1(112)-2777/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “iddia ərizəsinə baxılıb iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olana kimi Şri- Lanka Demokratik Sosialist Respublikasının vətəndaşı, 31 mart 1987-ci il təvəllüdlü N9505344 nömrəli pasportun sahibi X1 ölkə əraziisndə müvəqqəti yaşamaq icazəsinin verilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində mümkün sayılmamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada məhkəmə tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin təqdim olunmasına dair sərəncam verilmiş, sərəncama əsasən məhkəməyə iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsində göstərilən əsasla (Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda) müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Müraicətin icrası ilə əlaqədar İddiaçı direktoru olduğu "xxxx" MMC-nin fəaliyyətinin tərəflərindən araşdırılması zamanı, o, şirkətin hazırda ofisinin, işçisinin və fəaliyyətinin olmadığını, şirkətin yeni yaradıldığını, kakos yağlarının idxalı və satışı sahəsində fəaliyyət göstərəcəyini qeyd etmişdir. İcraat nəticəsində şəxsin rəhbərlik etdiyi şirkətin fəaliyyətində qeyri – müəyyənliklərin olduğu, eyni zamanda faktiki fəaliyyətinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icrat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və ya təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə, yuxarıda qeyd olunanlar nəzərə alınaraq Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı ilə X2 Nuwanına Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddiaçının iddia ərizəsinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının vəkili məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sənədləri tədqiq edərək, hazırki mübahisədə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunub-olunmamasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilib-keçirilməməsini yoxlayaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, idə olan Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşının N9505344 nömrəli pasportunun surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı olmaqla, həmin pasport ona xx.xx.2022-ci il tarixdə verilmiş, paspotun son etibarlılıq müddəti xx.xx.2032-ci ildir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli, 18 avqust 2022-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” Qərarının surətindən görünür ki, Miqrasiya proseslerini tənizmləmə baş idarəsinin rəisi İİİ dərəcəli dövlət miqrasiya xidməti müşaviri X6-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı 31 may 1987-ci il təvəllüdlü N9505344 nömrəli pasporta malik olan İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə 06 avqust 2022-ci il tarixli 254464/m nömrəli müraciətinə baxaraq, müəyyən etmişdir ki, İddiaçı 06 avqust 2022-ci il tarixli müraciətində Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin rəhbərlik etdiyi müəssisənin fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu maddəsini və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsini rəhbər tutaraq, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı N9505344 nömrəli pasporta malik olan İddiaçı 06 avqust 2022-ci il tarixli müraciəti təmin edilməmiş, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı N9505344 nömrəli paspota malik olan İddiaçı üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilsə də, Cəmiyyətin dövlət qeydiyyatından keçməsi və faktiki fəaliyyətinin olmasına dair sübutlar inzibati icraatın aparılması zamanı cavabdeh inzibati orqana təqdim edilməmişdir. Həmin hallara təkzib edəcək hər hansı bir sübut inzibati məhkəmə prosesi zamanı da iddiaçı və ya onun vəkili tərəfindən məhkəməyə təqdim edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli qərarının mübahisələndirilməsinə dair xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Hazırda qüvvədə olan mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması), müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi qaydası və müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin 50-ci maddəsinə (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar) əsasən 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə; 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şri-Lanka Respublikası vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə ərizəsinə cavabdeh DMX inzibati icraat çərçivəsində tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədləri, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyi nəzərə alınmış, qəbul edilmiş müvafiq qərar iddiaçının hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilməmişdir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar