Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2778/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 18 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, Şri-Lanka Demokratik Sosialist Respublikasının vətəndaşı, xx.xx.2005-ci il təvəllüdlü, N8893310 nömrəli pasportun sahibi İddiaçı 06 avqust 2022-ci il tarixdə cavabdehə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi üçün müraciət etmişdir. Cavabdeh 18 avqust 2022-ci tarixli Qərar qəbul etmişdir. Qərara əsasən İddiaçının ərizəsi təmin edilməmişdir. Bu qərar qanunsuz və əsassızdır. Belə ki, qərar iş normal araşdırılmadan, ərizədə qeyd edilən bütün hallar nəzərə alınmadan qəbul edilmişdir. Belə ki, müraciət edən şəxs biznes fəaliyyəti ilə məşğuldur. Amma yaşamaq icazəsi olmadığı üçün şəxs bank hesabı aça bilmir, həmin hesablar üzrə müvafiq əməliyyatlar apara bilmir. Bu səbəbdən cavabdeh tərəfindən verilmiş qərar ləğv edilməlidir. İddiaçıya verilmiş cavab (qərar) əsaslandırılmamış, formal xarakterli olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, sözügedən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsində göstərilən əsasla (Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda) Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Həmin müraciətə baxılması zamanı sözügedən şəxsin "xxxx" MMC-nin direktoru olduğu müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı şirkətin fəaliyyətinin (ofis icarəyə götürülməmiş) və işçisinin olmaması müəyyən edilmişdir (əcnəbi MMC-nin restoran xidmətləri sahəsində fəaliyyətə başlayacağını bildirmişdir). Nəticədə şəxsə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina üçün əsas yaranmışdır. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı ilə adıçəkilən əcnəbinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddiaçının hazırkı iddiası Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı əlverişli inzibati aktın qəbulundan ibarət olmaqla məcburetmə haqqında iddia növünə aiddir (İPM, maddə 2.2.2). Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM): -2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddiaçı həm ümumi, həm də xüsusi mümkünlük şərtlərin əməl etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı hazırkı mübahisə inzibati mübahisədir. İddiaçı onun barəsində belə bir əlverişli inzibati akt qəbul edilməsi üçün düzgün cavabdehə qarşı iddia qaldırmışdır və onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana hazırkı tələblə müraciət etmiş, imtina barədə qərar qəbul edildikdən (xx.xx.2022-ci il tarixli qərar) sonra qanunvericiliklə nəzərdə tutulmuş müddətdə, xx.xx.2022-ci il tarixdə hazırkı iddianı qaldırmışdır (İPM, maddə 38.2). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, işdə olan N8893310 nömrəli Şri-Lanka Demokratik Sosialist Respublikası pasport məlumatlarından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Trıncomalee şəhərində doğulmuşdur, Şri-Lanka Demokratik Sosialist Respublikasının vətəndaşıdır. AE********** saylı elektron vizadan görünür ki, iddiaçı biznes məqsədilə 30 gün müddətinə Azərbaycan Respublikasına gəlmiş, viza xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuşdur. xx.xx.2020-ci il tarixli "xxxx" MMC-nin təsis edilməsi haqqında qərardan görünür ki, iddiaçı "xxxx" MMC-ni təsis etmiş, cəmiyyətin nizamnaməsi təsdiq edilmiş, direktor vəzifəsinə iddiaçı təyin edilmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, təsisçisi və qanuni təmsilçisi İddiaçıdır. İş materiallarında olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi üçün ərizə-anketdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə “Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda” əsası ilə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı qərarından görünür ki, iddiaçının müraciətinə baxılaraq müəyyən edilmişdir ki, İddiaçı 06 avqust 2022-cı il tarixli müraciətində Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin rəhbərlik etdiyi müəssisənin fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Göstərilənlər nəzərə alınaraq, Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsi rəhbər tutulmaqla Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı N8893310 nömrəli pasporta malik olan İddiaçı 06 avqust 2022-ci il tarixli müraciəti təmin edilməmiş, onun üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. İddiaçı hazırda həmin qərarın qanunsuz hesab edilməsini və ona Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən: - maddə 45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir: 45.1.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda; 45.1.6. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda; 45.1.6-1. Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda; 45.1.7. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda (Qeyd: Bu Məcəllənin 45.1.7-ci maddəsində göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası vətəndaşı olması tələb olunur); - maddə 46.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 46.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizəanket; 46.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır); 46.1.3. doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün); 46.1.4. müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd; 46.1.4-1. Bu Məcəllənin 45.1.1-ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi; 46.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış; 46.1.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti; 46.1.7. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti; 46.1.8. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 46.1.9. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 46.1.10. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.11. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.12. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - maddə 48.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. - maddə 48.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir. - maddə 48.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. - maddə 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: - 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; -50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla); - 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; Göründüyü kimi, qanunverici şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinin əsaslarını konkret tənzimləmiş, həmin əsaslardan biri təqdim edilmədikdə isə icazə verilməsində imtina edilməsini təsbit etmişdir. İşdən görünür ki, iddiaçı hazırkı tələblə cavabdehə müraciət edərkən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda” əsasına istinad etmişdir. Bu normadan müəyyən olunur ki, şəxsə müvvəqəti yaşamaq icazəsi verilməsi üçün onun hüquqi şəxsin təsisçisi olması deyil, təsis edilmiş hüquqi şəxsin rəhbəri və ya onun müavini vəzifəsini tutması nəzərdə tutulur. İş materialları ilə iddiaçının özü tərəfindən təsis edilmiş hüquqi şəxsin rəhbəri, yəni direktoru olması barədə qərar təqdim edilsə də, onun təsis edilmiş hüquqi şəxslə bağladığı əmək müqaviləsi, habelə əmək müqaviləsi bildirişi təqdim edilməmişdir (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsinə əsasən iş icazəsinin alınması tələb olunmur). Həmçinin işdə olan Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edilməsi barədə məlumat aşkar edilməmişdir. "xxxx" MMC tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alındığı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vergi orqanına bəyannamə (məlumat) təqdim edilmədiyindən müvafiq dövrlər üzrə dövriyyə və ödənilmiş vergi məbləği müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının direktoru olduğu müəssisənin fəaliyyət göstərdiyi 8 aydan artıq müddət ərzində hər hansı bir fəaliyyətinin olması müəyyən edilmir. Məhkəmə qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasına gəldikdən sonra hüquqi şəxs təsis etməsi özlüyündə ona dərhal Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən müvəqqəti yaşamaq üçün icazə verilməsi üçün əsas təşkil etmir. Belə ki, həmin normanın mahiyyəti Azərbaycan Respublikasında yaradılmış hüquqi şəxsə rəhbərlik edən əcnəbiyə öz fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaradılması, hüquqi şəxsin fəaliyyətinin dəstəklənməsidir. Heç bir fəaliyyəti olmayan, yalnız müvəqqəti yaşamaq icazəsi almaq üçün təsis edilən və formal xarakter daşıyan hüquqi şəxslərin təsisi yuxarıda istinad olunan normanın həm mahiyyətinə, həm məqsədinə uyğun gəlmədiyindən məhkəmə hesab edir ki, cavabdehin hazırkı imtinası əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2778/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2778/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver