Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2779/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin, 3 (üç) blok, 11-ci (on birinci) mərtəbədə, ümumi sahəsi 135 kv.m olan, 60 A nömrəli mansard tipli, 3 (üç) otaqdan ibarət yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK tərəfindən ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli, çoxmənzilli yaşayış evinin, 3 (üc) blok, 11-ci (on birinci) mərtəbə, ümumi sahəsi 135 kv.m.olan, 60A №-li mansard tipli, 3 (üc) otaqdan ibarət mənzil payçı kimi, 13 iyul 2023-cü il tarixli müqavilə ilə ona verilmişdir. Tərəfindən mənzilin pay dəyəri tam ödənilmişdir, "xxxx" MTK-ya borcunun olmaması barədə maliyyə arayışı verilmiş, 07 iyul 2024-cü il tarixli, № 041/71 saylı protokoldan çıxarışla da, təsdiq edilmişdir. Qeyd olunan yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün 20 iyul 2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 60 A saylı mənzili üzərində hüquqların daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinə tərəflərindən baxılmışdır. Aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Nəzərə çatdırmağı zəruri hesab edir ki, cavabdeh təşkilata ünvanladığı 20 iyul 2024-cü il tarixli ərizəsinə onunla "xxxx" MTK arasında bağlanmış 13 iyul 2023-cü il tarixli müqavilə yaşayış sahəsinin dəyərinin tam ödənilməsini və borcunun olmamasını təsdiq edən müvafiq maliyyə arayışı və 07 iyul 2024-cü il tarixli, №0 41/71 saylı protokoldan çıxarış əlavə olunmuşdur. Buna baxmayaraq, cavabdeh təşkilat tikinti obyektinin istismarına icazə təqdim edilmədiyini əsas gətirərək əsassız olaraq ərizənin təmin edilməsindən imtina etmişdir. Halbuki, "xxxx" MTK tərəfindən ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasında bir cox sakinlər məhkəmə qətnaməsi ilə çıxarışla təmin edilmişdirlər. Göründüyü kimi, onunla "xxxx" MTK arasında bağlanmış 13 iyul 2023-cü il tarixli müqavilə yaşayış sahəsinin dəyərinin tam ödənilməsini və borcunun olmamasını təsdiq edən müvafiq maliyyə arayışı və 07 iyul 2024-cü il tarixli, № 041/71 saylı protokoldan çıxarış olmasına baxmayaraq, cavabdeh təşkilat tikinti obyektinin istismarına icazə təqdim edilmədiyinə istinad edərək həmin əmlak üzərində mülkyiyət hüquqlarının dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 60A saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********97 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, mənzil binanın mansard mərtəbəsində yerləşməklə ümumi sahəsinin faktiki ölçüsü 117.8 kv.m-dır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq iddia tələbinin xahiş edirəm hissəsində mənzilin ölçüsünün “117.8 kv.m” kimi göstərilməsinə etiraz etmədiklərini bildirdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-14-1124-8/2024 **********97 nömrəli məktubla imtina edilmişdir.
8. ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin, 3 (üç) blok, 11-ci (on birinci) mərtəbədə, ümumi sahəsi 117.8 kv.m olan, 60 A nömrəli mansard tipli izolə olunmuş, 3 (üç) otaqdan ibarət mənzilə dair "xxxx" MTK ilə iddiaçı X1 arasında xx.xx.2023cü il tarixli müqavilə bağlanmışdır. Müqavilə üzrə mansard tipli mənzilin ölçüsü 135 kv.m göstərilmişdir.
9. İddiaçının "xxxx" MTK-nın üzvlüyünə qəbul edilməsi barədə 041/71 nömrəli, xx.xx.2024-cü il tarixli protokolundan çıxarış və mənzilin dəyərinin tam şəkilə ödənilməsinə dair maliyyə arayışı iş materiallarına əlavə edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-35/2-7524/2024 nömrəli məktubla bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədinin təsdiq edilmiş surətinin verilməsi barədə sorğuya baxılmışdır. Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21- 3-30/2-6486/2025 nömrəli məktubla ünvan 2 ünvanında yerləşən çoxmənzilli binaya dair məlumatların və sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.
12. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 53 və 54 saylı mənzillərinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı hesab edildiyindən təmin edilməlidir.
19. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. 20.«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
22. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir».
23. Eləcə də, həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
24. Göründüyü kimi, iddiaçı sözügedən yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə” 041/71 saylı protokolundan çıxarış və maliyyə arayışnı əlavə etməklə inzibati orqana təqdim etmişdir ki, həmin protokoldan çıxarış və maliyyə arayışları da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən iddiaçının qeyd olunan yaşayış və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata alınması üçün əsasdır.
25. Cavabdeh öz imtinasında sözügedən çoxmənzilli yaşayış binasının istismara qəbul edilməməsinə və mənzilin faktiki sahəsinin 117.8 kv.m təşkil etməsinə istinad etsə də, iddiaçının nümayəndəsi və vəkili tərəfindən mənzil sahəsi üzərində hüquqların 117.8 kv.m ölçüdə qeydiyyata alınmasına etiraz edilməmişdir, həmçinin, iş materiallarında mübahisəli yaşayış sahəsinin yerləşdiyi yaşayış binasında mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq cavabdeh tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar mövcuddur. Eləcə də, həmin çıxarışların iki ədədi iddiaçının qonşuluğunda yerləşən mənzil sahələrinin çıxarışlarıdır.
26. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.
27. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətsizliyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilməli və iddia tələbi təmin edilməlidir.
28. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15,1 2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1,3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1 4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyicı sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cu maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
29. Məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmiş, imtinaya əsas olan hallar əsaslandırılmamışdır.
30. «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin qanunun 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. 32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur.
31. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.
33. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır.
34. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
36. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
37. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin, 3 blok, 11-ci mərtəbədə, ümumi sahəsi 117.8 kv.m olan, 60 A nömrəli mansard tipli, 3 (üç) otaqdan ibarət yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxaırşın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva