Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2780/2022 16.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı Üzeyir oğlunun (Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 15, mənzil 12), cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, T.Abbasov küçəsi ev 39, mənzil 54; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı, məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı Üzeyir oğlunun cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Üzeyir oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 2004-cü ildən 2018-ci ilə kimi əlilliyə görə müavinətin məbləğinin hesablanıb iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 21.12.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 16.03.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, 2003-cü ildə aldığım xəsarətə görə əmək qabiliyyətinin bir hissəsini itirmişdir. Bununla bağlı 2004-cü ildə forma 88 sənədi verilmişdir. Bundan sonra dəfələrlə müraciət etsə də ona əlil statusu təyin edilməmişdir. 2018-ci ildə aldığı eyni məzmunlu forma 88 sənədi əsasında 2018-ci il 20 sentyabr tarixində ona 3-cü qrup əlil statusu verilmişdir. Bu səbəbdən hesab edir ki, əlillik müavinəti olaraq nəzərdə tutulmuş məbləğ 2004-cü ildən 2018-ci ilə qədər hesablanaraq ona ödənilməlidir. Belə ki, əlilliyinə əsas olan xəsarəti 2004-cü ildə almışdır və ondan asılı olmayan səbəblərdən həmin tarixdən ona əlillik təyin edilməmişdir. Qeyd edilən məsələ ilə bağlı cavabdehə müraciət etsə də 08.07.2021-ci il tarixli imtina cavabı almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı E.Ü.Xəlilov (FİN xxxxxxx) Bakı 37 nömrəli Şəhər Poliklinikasının 12.09.2018-ci il tarixli 2743003AABEY nömrəli göndərişi (Forma AZS №088) əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20.09.2018-ci il tarixli qərarı ilə 5 il müddətinə (növbəti qiymətləndirmə tarixi - 20.09.2023-cü il) ilkin olaraq üçüncü dərəcəli əlil hesab olunmuşdur. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçının 01.10.2018-ci il tarixdə müvafiq ərizə ilə müraciəti əsasında Müavinət təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin 01.10.2018-ci il tarixli 996 №-li qərarı ilə ona əlillik müddətinə, yəni 20.09.2018-ci il tarixdən 20.09.2023-cü il tarixədək üçünü dərəcəli əlilliyə görə müavinət təyin edilmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: 4.0. 1.3-cü maddəsinə əsasən, bu Qanunla 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət təyin edilir. 7.0. 3cü maddəsinə əsasən, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 9.1.2-ci maddəsinə əsasən, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət əlillik müddətinə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Şəxslərin əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirərək "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş göndərişlər əsasında aparılır. Beləliklə, yuxarıda sadalanan müxtəlif qanunvericilik aktları normalarının əlaqəli təhlilindən məlum olur ki, əlilliyə görə müavinətin təyin edilməsi üçün ilkin və mütləq şərt şəxsin əlilliyinin qanunvericiliyin tələblərinə müvafiq olaraq müəyyən edilməsidir. Qeyd edilməlidir ki, tibb müəssisələri tərəfindən verilmiş müvafiq göndərişlər şəxsin əlilliyini təsdiq edən sənəd deyildir. Yəni qeyd olunan müavinəti almaq hüququ müvafiq göndərişin (Forma AZS № 088) verildiyi tarixdə deyil, həmin göndəriş əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şəxsin əlilliyinin müəyyən olunması barədə qərarı qəbul edildiyi tarixdə yaranır. İddiaçının əlilliyi isə müvafiq qaydada iddia ərizəsinə əlavə etdiyi 26 №-li poliklinikanın 14.06.2004-cü il tarixli göndərişi əsasında deyil, 37 nömrəli Şəhər Poliklinikasının 12.09.2018-ci il tarixli göndərişi əsasında 20.09.2018-ci il tarixdə ilkin olaraq müəyyən edildiyindən, adıçəkilən müavinət də iddiaçı üçün məhz həmin tarixdən təyin edilmişdir. Beləliklə, İddiaçı ilk dəfə ümumi səbəbdən əlillik 20 sentyabr 2018-ci il tarixdən təyin edildiyi üçün qanunvericiliyə uyğun olaraq iddiaçının müvafiq müavinəti almaq hüququ da buna uyğun olaraq həmin tarixdə yarandığından, iddiaçının 2004-cü il tarixdən 2018-ci il tarixə qədər müavinət almaq hüququ istisna edilir. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı 37 nömrəli Şəhər poliklinikası tərəfindən 12.09.2018-ci il tarixli 2743003AABEY nömrəli göndəriş (Forma 88) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20.09.2018-ci il tarixli qərarı ilə İddiaçı Üzeyir oğluna 20.09.2018-ci il tarixdən beş il müddətinə, yəni 20.09.2023-cü il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. İş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin 01.10.2018-ci il tarixli qərarı ilə İddiaçı Üzeyir oğluna əlillik müddətinə (20.09.2018-ci il tarixdən 20.09.2023-cü il tarixədək) üçüncü dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə 2004-cü ildən 2018-ci ilə kimi əlilliyə görə müavinətin məbləğinin hesablanıb ona ödənilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarını pozmur. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 4.0.1.3-cü maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət təyin edilir. Həmin Qanunun 7.0.3-cü maddəsinə əsasən 8 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. 8 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət-əlillik müddətinə... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 3-cü maddəsinə əsasən Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən aparılır və əlillik qiymətləndirilmə keçirildikdən sonra verilmiş qərar (rəy) əsasında müəyyən edilir İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmənin sorğusuna cavab olaraq 18.10.2021-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı Üzeyir oğlu barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində, həmçinin X2 müvafiq reyestrində heç bir məlumat aşkarlanmamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmənin sorğusuna cavab olaraq 21.01.2022-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı ilkin əlillik vəziyyəti 37 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 2743003AABEY nömrəli göndəriş əsasında Tibbi-Sosial Ekspert Komissiyasında elektron qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən 20.09.2018-ci il tarixindən beş il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı 2004-cü il tarixində Tibbi- Sosial Ekspert Komissiyasına müraciəti barədə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində və arxiv sənədlərində heç bir məlumat aşkarlanmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı Üzeyir oğluna 20.09.2018-ci il tarixdən əlilliyin müəyyən edilməsi ilə bağlı rəy verildiyindən və həmin tarixdən ona sosial müvainət təyin edilərək ödənildiyindən, İddiaçı Üzeyir oğlunun həmin əlilliyə görə müavinətin 2004-cü ildən hesablanaraq ödənilməsi ilə bağlı cavabdehih inzibati orqanın gəldiyi nəticə düzgün olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının müvafiq qanunvericiliyə əsasən “ümumi xəstəlik” səbəbindən 20.09.2018-ci il tarixindən beş il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılması və həmin tarixdən müvafiq müavinətin ödənilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının 2004-cü ildən 2018-ci ilə kimi əlilliyə görə müavinətin məbləğinin hesablanıb iddiaçıya ödənilməsini tələb etməsi əsassızdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Üzeyir oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 2004-cü ildən 2018-ci ilə kimi əlilliyə görə müavinətin məbləğinin hesablanıb iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2780/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2780/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver