Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2780/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh "xxxx" MMC-yə qarşı «müəssisənin məcburi qaydada ləğv edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin “Sığorta fəaliyyəti haqqında” Qanunun 108.8-ci maddəsinə əsasən məcburi qaydada ləğv edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 93.1 və 78.2-ci maddələrinə və “Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair” Azərbaycan Respublikası Mərkəzi Bankının Qaydasının 3.0.2, 4.1 və 4.2-ci bəndlərinə uyğun olaraq müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs fəaliyyəti barədə hesabatları rüblük və illik əsasda Mərkəzi Banka təqdim etməlidir. Həmin hesabatlar təqdim edilmədiyi halda Qanunun 102-ci maddəsinə əsasən Mərkəzi Bank tərəfindən müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş - təqdimat verilir. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 20, mənzil 36 ünvanında qeydiyyatda olan, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət 2022-ci ilin 4-cü rübü üzrə müəyyən olunmuş formada və müddətdə hesabat təqdim etmədiyi üçün Mərkəzi Bank tərəfindən Cəmiyyətə 13 fevral 2023-cü il tarixində yazılı göstəriş - təqdimat verilmişdir. Təqdimat icra edilmədiyinə görə Cəmiyyətə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Mərkəzi Bankın 04 aprel 2023-cü il tarixli qərarı ilə 3 ay müddətinə dayandırılmışdır. Cəmiyyət tərəfindən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar aradan qaldırılmadığı üçün Qanunun 107.1.2-ci maddəsinə uyğun olaraq X6 Heyətinin xx.xx.2023-cü il tarixli qərarı ilə sığorta agenti fəaliyyətinin həyata keçirilməsi üçün Cəmiyyətə verilmiş xx.xx.2016-cı il tarixli, 088992 nömrəli lisenziya ləğv edilmişdir. Cəmiyyətin lisenziyası ləğv edilərkən Qanunun 102, 103, 106 və 107-ci maddələrinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 22 və 24-cü maddələrinin tələbləri yerinə yetirilmişdir. Qanunun 108.8-ci maddəsinə əsasən müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyası həmin Qanunun 107.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edildikdə Mərkəzi Bank lisenziyanın ləğv edilməsi barədə qərarın qəbul edildiyi gündən 20 iş günü müddətində lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdehin iddiaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamşşdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən cavabdehə ünvanlanan 11 sentyabr 2023-cü il tarixli 6-1-27/3-9241/2023 saylı məktubdan görünür ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 78.2-ci maddəsinə uyğun olaraq sığortaçılar fəaliyyətləri barədə hesabatları Mərkəzi Banka təqdim etməlidirlər. Həmin hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Həmçinin Qanunun 93.1 -ci maddəsinə əsasən sığortaçıların hesabatları və məlumatları ilə bağlı Qanunun tələbləri hüquqi şəxs olan sığorta brokerlərinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə də şamil edildiyi bildirilmişdir. Məktubda həmçinin Qanunun 106.1.1 -ci maddəsinə uyğun olaraq təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi, habelə müəyyən edilmiş müddətdə müvafiq hesabatın təqdim edilməməsinə görə Mərkəzi Bankın 04 aprel 2023-cü il tarixli, 01 nömrəli Qərarı ilə sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyanızın qüvvəsi 3 (üç) ay müddətinə dayandırıldığı, lakin qeyd olunan tarixədək lisenziyanızın qüvvəsinin dayandırılmasına əsas verən hallar müəssisə tərəfindən aradan qaldırılmadığından, bununla əlaqədar olaraq, Qanunun 107.1.2-ci maddəsinə əsasən X6 Heyətinin 30 avqust 2023-cü il tarixli qərarı ilə müəssisənin sığorta agenti fəaliyyətinə verilmiş 29 fevral 2016-cı il tarixli, 088992 nömrəli lisenziyanın ləğv edildiyi bildirilmişdir. -İddiaçı tərəfindən cavabdeh barəsində qəbul edilmiş 13 fevral 2023-cü il tarixli, 6-1- 23/3-2014/2023 saylı təqdim edilməmiş hesabatla bağlı məcburi olan tədbirlər barədə Göstəriş-Təqdimat aşağıdakı məzmundadır: “Nəzərinizə çatdırırıq ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 93.1-ci maddəsinə əsasən, sığortaçıların hesabatları və məlumatları ilə bağlı bu Qanunun tələbləri hüquqi şəxs olan sığorta brokerlərinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə də şamil edilir. Qanunun 78.2-ci maddəsinə uyğun olaraq sığortaçılar fəaliyyətləri barədə aylıq, rüblük və illik hesabatları, habelə bu Qanunun 78.7-ci maddəsinə uyğun olaraq müvafiq məlumatları bu Qanunda nəzərdə tutulmuş qaydada maliyyə bazarlarına nəzarət orqanına (Mərkəzi Bank) təqdim etməlidirlər. Qanunun 78.3-cü maddəsinə əsasən sığortaçılar illik hesabatları təqvim ili başa çatdıqdan 90 gün müddətində, rüblük hesabatları müvafiq rüb başa çatdıqdan 20 gün müddətində, aylıq hesabatları isə müvafiq ay başa çatdıqdan 10 gün müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidirlər. Azərbaycan Respublikası Mərkəzi X3 28 sentyabr 2022-ci il tarixli, 43/2 saylı Qərarı ilə “Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda” (Qayda) təsdiq edilmişdir. Qaydanın 4.1 -ci bəndinə əsasən hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs müvafiq olaraq bu Qaydanın 3.0.1-ci və 3.0.2-ci yarımbəndlərində göstərilən hesabatları rüblük və illik əsasda təqdim etməlidirlər. Qaydanın 4.2-ci bəndinə əsasən hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs tərəfindən rüblük hesabat müvafiq rüb başa çatdıqdan sonra 20 gün müddətində, illik hesabat isə təqvim ili başa çatdıqdan sonra 90 gün müddətində sığorta vasitəçisinin rəhbərinin və baş mühasibinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək elektron formada Mərkəzi Bankın elektron sistemi vasitəsi ilə təqdim edilməlidir. Bildiririk ki, tərəfinizdən 2022-ci ilin İV rüb dövrü üzrə vasitəçilik fəaliyyətinizlə bağlı hesabat Mərkəzi Banka təqdim edilməmişdir. Hesabatların Qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyət yaratmaqla yanaşı, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1-ci maddəsinə əsasən sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsinin dayandırılmasına əsas olan hallardan biridir. Bununla əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102ci maddəsinə müvafiq olaraq 28 fevral 2023-cü il tarixdən gec olmayaraq hesabatı gücləndirilmiş elektron imza ilə təsdiq etməklə (https://insurance.e- cbar.az) Mərkəzi Banka təqdim edilməsinin təmin edilməsi məqsədilə Sizə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş - Təqdimat verilir. Bildiririk ki, bu Təqdimatın icrasının təmin edilməyəcəyi təqdirdə Sizə qarşı qanunvericiliklə nəzərdə tutulmuş sanksiyalar tətbiq ediləcəkdir.” Təqdimatda onun qüvvəyə mindiyi gündən 30 gün müddətində məhkəməyə şikayət verilmə hüququ izah edilmişdir. - Azərbaycan Respublikası Mərkəzi X5 İclasının 30 avqust 2023-cü il tarixli 42№li Protokolundan Çıxrışından görünür ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi X3 qərarına əsasən qərara alınmışdır: Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığını nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********, hüquqi ünvanı: ünvan 1nə verilmiş 29 fevral 2016-cı il tarixli, 088992 nömrəli lisenziya ləğv edilsin. 2. Lisenziyalaşdırma (E.Allahverdiyev) və Rezolyusiya (A.Muxtarov) şöbələrinə tapşırılsın ki, bu Qərarın icrası ilə əlaqədar qanunvericilikdən irəli gələn məsələləri həll etsinlər. 3. Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinə (Z.Hacılı) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın ləğvi barədə məlumatın Mərkəzi Bankın mətbuat xidməti tərəfindən yayılmaqla onun rəsmi internet səhifəsində yerləşdirilməsini və media subyektləri vasitəsilə rəsmi məlumatın dərc edilməsini təmin etsin. 4. Bu Qərardan onun qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər. -Azərbaycan Respublikası Mərkəzi Bankının 04 aprel 2023-cü il tarixli 01 №li Qərarından görünür ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 78.2-ci maddəsinə uyğun olaraq sığortaçılar fəaliyyətləri barədə aylıq, rüblük və illik hesabatları, habelə Qanunun 78.7-ci maddəsinə uyğun olaraq müvafiq məlumatları Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim etməlidirlər. Həmçinin Qanunun 93.1-ci maddəsinə əsasən sığortaçıların hesabatları və məlumatları ilə bağlı Qanunun tələbləri hüquqi şəxs olan sığorta brokerlərinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə də şamil edilir. Adları bu Qərara əlavə olunan siyahıda qeyd olunmuş hüquqi şəxs olan 3 (üç) sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan 6 (altı) hüquqi şəxs tərəfindən 2022-ci ilin 4-cü rübü üzrə sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı rüblük hesabat Mərkəzi Banka təqdim edilməmişdir. Mərkəzi Bank tərəfindən hüquqi şəxs olan sığorta brokerlərinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə müvafiq hesabatın 28 fevral 2023-cü il tarixinə kimi təqdim edilməsi ilə bağlı 13 fevral 2023-ci tarixində təqdimatlar verilmişdir. Lakin adları bu Qərara əlavə olunan siyahıda qeyd olunmuş hüquqi şəxs olan 3 (üç) sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan 6 (altı) hüquqi şəxs tərəfindən həmin təqdimatlara riayət edilməmişdir. Qanunun 106.1.1-ci maddəsinə əsasən Qanun əsasında verilmiş təqdimatlar vaxtında və (və ya) tam yerinə yetirilmədikdə Mərkəzi Bank lisenziyanın qüvvəsini 6 ayadək müddətə dayandırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinin tələblərinə müvafiq olaraq adları bu Qərara əlavə olunan siyahıda qeyd olunmuş hüquqi şəxs olan 3 (üç) sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan 6 (altı) hüquqi şəxsin hər birinə barələrində inzibati icraatın başlanması ilə bağlı bildiriş göndərilmiş və həmin hüquqi şəxslərin səlahiyyətli nümayəndələri Mərkəzi Bankda görüşə dəvət edilmişdir. Dəvət edilmiş hüquqi şəxslərdən 6 (altı) hüquqi şəxsin səlahiyyətli nümayəndələri görüşdə iştirak etmişdir. Görüşdə iştirak edən hüquqi şəxslərin səlahiyyətli nümayəndələrinə lisenziyaların qüvvəsinin dayandırılması ilə bağlı tədbirlərin görüləcəyi və bunun əsasında müvafiq qərarın qəbul ediləcəyi, həmçinin qərarın nəticələri barədə məlumat verilmişdir. Həmin şəxslər lisenziyanın qüvvəsinin dayandırılması barədə qəbul ediləcək qərara etiraz etmədiklərini bildirmişlər. Yuxanda qeyd olunanları nəzərə alaraq, adları bu Qərara əlavə olunan siyahıda qeyd olunmuş hüquqi şəxs olan 3 (üç) sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan 6 (altı) hüquqi şəxs tərəfindən 2022-ci ilin 4-cü rübü üzrə sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı rüblük hesabat Mərkəzi Banka təqdim edilmədiyinə görə Qanunun 106.1,1- ci və 106.5-ci maddələrinə əsasən adları bu Qərara əlavə olunan siyahıda qeyd olunmuş hüquqi şəxs olan 3 (üç) sığorta brokerinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan 6 (altı) hüquqi şəxsə sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 3 (üç) ay müddətinə dayandırılması, həmin Qərarın icrası ilə əlaqədar qanunvericilikdən irəli gələn məsələlərin həll edilməsi lisenziyalaşdırma şöbəsinə tapşırılmışdır. Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinə Qərarın qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində adları bu Qərara əlavə olunan siyahıda qeyd olunmuş hüquqi şəxs olan 3 (üç) sığorta brokerinə və müstəsna olaraq sığorta agentinin fəaliyyəti ilə məşğul olan 6 (altı) hüquqi şəxsə verilmiş lisenziyaların qüvvəsinin dayandırılması barədə məlumatın Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilməsinin təmin edilməsi qərara alınmışdır. Qeyd olunan Qərardan onun qüvvəyə mindiyi gündən sonra 30 (otuz) gün müddətində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada şikayət edilməsi hüququ izah edilmişdir. - xx.xx.2023, xx.xx.2023-cü il tarixli sürətli poçt qəbzlərindən görünür ki, iddiaçı tərəfindən göndərilən müvafiq sənədlər "xxxx" MMC-nin qapısının bağlı olduğu və qeyd olunan təşkilatın ünvanda olmadığı qeydi aparılmış, xx.xx.2023-cü il tarixli poçt qəbzi Ağayeva Aytən adlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hazırkı işin qanuni əsasını “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasında sığorta bazarının inkişafının, sığorta bazarının peşəkar iştirakçılarının, o cümlədən sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin fəaliyyətinin əsas istiqamətlərini və prinsiplərini, habelə sığorta sahəsində tənzimləmə və nəzarətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. -həmin Qanunun 102.1-ci maddəsinə əsasən aparılan təhlillər, araşdırmalar və ya yoxlamalar nəticəsində sığortaçıların, aktuarilərin, müstəqil ekspertlərin və sığorta vasitəçilərinin fəaliyyətində sığorta qanunvericiliyinin pozulması və ya buna şərait yarada bilən hallar aşkar edildikdə, o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edildikdə Mərkəzi Bank onlara belə pozuntu və (və ya) halların müəyyən müddət ərzində aradan qaldırılmasına, yaxud qarşısının alınmasına dair icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – təqdimat verir. -həmin Qanunun 102.2-ci maddəsinə əsasən Mərkəzi Bank təqdimat verməklə, sığortaçılardan, aktuarilərdən, müstəqil ekspertlərdən və sığorta vasitəçilərindən onlara aid olan hallarla bağlı müvafiq olaraq aşağıdakıları tələb edir: 102.2.1. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı normativlərə əməl edilməsini, bu məqsədlə onun öz vəsaitinin artırılmasını, aktivlərinin likvidliyinin təmin edilməsini; 102.2.2. yeni filiallar açılmasının dayandırılmasını, mövcud filialların fəaliyyətinin dayandırılmasını, yaxud ləğv edilməsini; 102.2.3. sığortaçının daxili nəzarətinin həyata keçirilməsi qaydalarında dəyişikliklər edilməsini; 102.2.4. qanunvericiliyin tələblərinə riayət edilməməsinin və ya buna şərait yarada bilən halların müəyyən müddət ərzində aradan qaldırılması üçün tədbirlər planının müəyyən edilməsini;... -həmin Qanunun 103.1-ci maddəsinə əsasən Mərkəzi Bank bu Qanunda və inzibati qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla aşağıdakı sanksiyaları tətbiq edir: 103.1.1. sığortaçını, sığorta vasitəçisini, həmçinin onların rəhbər işçilərini, aktuariləri və müstəqil ekspertləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək; 103.1.2. lisenziyanın qüvvəsini məhdudlaşdırmaq; 103.1.3. lisenziyanın qüvvəsini dayandırmaq; 103.1.4. lisenziyanı ləğv etmək. -həmin Qanunun 106.1-ci maddəsinə əsasən Mərkəzi Bank aşağıdakı əsaslarla lisenziyanın qüvvəsini 6 ayadək müddətə dayandırır: 106.1.1. bu Qanunun 105.1.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanun əsasında verilmiş digər təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi; 106.1.2. sığorta ödənişinin verilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının sığortaçı tərəfindən icra edilməməsi; 106.1.3. lisenziyanın verilməsi üçün əsas götürülmüş sənədlərdə düzgün əks etdiriləcəyi təqdirdə Mərkəzi Bankın əlavə sənəd və ya məlumat tələb etməsinə səbəb ola biləcək səhv və ya yanlış məlumatların sonradan aşkar edilməsi və Mərkəzi Bankın tələbi ilə həmin sənəd və ya məlumatların 15 iş günü ərzində təqdim edilməməsi; 106.1.4. lisenziya sahibinin bu Qanunla icazə verilməyən fəaliyyətlə məşğul olmasının konkret faktlarla təsdiq edilməsi; 106.1.5. hüquqi şəxs olan sığorta vasitəçisinin bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçmiş işçisi ilə əmək münasibətlərinə xitam verilərkən onu bu Qanuna uyğun gələn digər şəxslə əvəz etməməsi; 106.1.6. bu Qanunun 105.3-cü maddəsində nəzərdə tutulmuş qadağaya riayət olunmaması; 106.1.7. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tələblərin pozulması; 106.1.9. lisenziya sahibinə iki il ərzində eyni hal üzrə iki dəfədən artıq bu Qanun əsasında təqdimat verilməsi; 106.1.10. sığorta vasitəçisinin bu Qanunun 88.3-cü və (və ya) 93.2-3-cü maddələrinin tələblərinə riayət etməməsi. 106.2. Lisenziyanın qüvvəsinin dayandırılması sığortaçıların sığortaçı qismində yeni sığorta müqavilələri və ya təkrarsığortaçı qismində yeni təkrarsığorta müqavilələri bağlamasını, habelə qüvvədə olan belə müqavilələrin müddətini uzatmasını, onlara müvafiq olaraq sığorta və ya təkrarsığorta risklərinin həcminin artmasına və ya təminatının genişləndirilməsinə səbəb olan əlavə və dəyişikliklərin edilməsini, sığorta vasitəçilərinin isə sığorta əməliyyatları ilə bağlı vasitəçilik fəaliyyəti ilə məşğul olmasını qadağan edir... -həmin Qanunun 107.1-ci maddəsinə əsasən Mərkəzi Bank aşağıdakı hallarda bu Qanun əsasında verilmiş lisenziyanı ləğv edir: 107.1.1. lisenziya sahibi lisenziyasının ləğvi barədə müvafiq müraciət etdikdə; 107.1.2. lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda;..107.1.6. bu Qanunun 106.2-ci maddəsində nəzərdə tutulmuş qadağaya riayət olunmadıqda. -həmin Qanunun 108.1-ci maddəsinə əsasən lisenziyanın ləğvi barədə məlumat, bu barədə qərar qəbul edildikdən 3 iş günü müddətində Mərkəzi Bankın mətbuat xidməti tərəfindən yayılmaqla, onun rəsmi internet səhifəsində yerləşdirilməlidir.https://eqanun.az/framework/13983 -həmin Qanunun 108.8-ci maddəsinə əsasən sığortaçının, hüquqi şəxs olan sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyası bu Qanunun 107.1.2-107.1.7-1-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edildikdə Mərkəzi Bank lisenziyanın ləğv edilməsi barədə qərarından 20 iş günü müddətində lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırır. Ləğv edilən lisenziya sahibi, yaxud onun səhmdarları (payçıları, iştirakçıları) Mərkəzi Bankın lisenziyanın ləğv edilməsi haqqında qərarından həmin məhkəmədə qarşılıqlı iddia qaldıra bilər. Mərkəzi Bankın bu maddədə göstərilən iddiası məhkəmə tərəfindən təmin edilmədikdə müvafiq lisenziya ləğv edilməmiş hesab olunur, lisenziyanın ləğv edilməsi ilə bağlı bütün tədbirlər dayandırılır və bu barədə Mərkəzi Bank bu Qanunu 108.1 və 108.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumatlar verir. Göründüyü kimi qanunvericilik sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyasının ləğv edilməsinin əsaslarını və qaydasını müəyyən etmişdir. Belə ki, sığorta qanunvericiliyinə əsasən sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyasının ləğv edilməsi istiqamətində müəssisənin fəaliyyəti ilə bağlı rüblük və illik hesabatların təqdim edilmədiyi, icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş təqdimatın verilməsi, müəssisə tərəfindən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə şərtlənmişdir. Hazırkı işin hallarından müəyyən edilir ki, cavabdeh "xxxx" MMC tərəfindən qanunvericiliyin yuxarıda sadalanan normalarına əməl edilmədiyindən cavabdeh tərəfindən müəssisənin ləğvi istiqamətində gördüyü tədbirlər qanuni və əsaslı olmuşdur. Belə ki, cavabdeh tərəfindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq fəaliyyəti barədə hesabatı iddiaçıya təqdim etməmiş, bu barədə iddiaçı tərəfindən 13 fevral 2023-cü il tarixli Göstəriş-Təqdimat qəbul edilərək cavabdehə lazımi qaydada göndərilmiş, cavabdeh tərəfindən qeyd olunan hesabatın təqdim edilməməsinə görə iddiaçı tərəfindən 04 aprel 2023-cü il tarixli, 01 nömrəli Qərar əsasında sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyanızın qüvvəsi 3 (üç) ay müddətinə dayandırılmış, lakin qeyd olunan tarixədək lisenziyanızın qüvvəsinin dayandırılmasına əsas verən hallar müəssisə tərəfindən aradan qaldırılmadığından “Sığorta fəaliyyəti haqqında” Azərbaycn Respublikası Qanunun 107.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən haqlı olaraq 29 fevral 2016-cı il tarixli, 088992 nömrəli lisenziyanın ləğv edildiyi qərara alınmış, cavabdeh tərəfindən sözügedən qərardan inzibati icraat qaydasında şikayət verilməmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunanlara əsasən, məhkəmənin qənaəti belədir ki, iddia təmin edilməli, sığorta agenti fəaliyyəti ilə məşğul olan "xxxx" MMC məcburi qaydada ləğv edilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 56, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Sığorta agenti fəaliyyəti ilə məşğul olan "xxxx" MMC məcburi qaydada ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2780/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2780/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver