Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2784/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizginin tərtib edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.1999-cu il tarixli, 2091 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2704 nömrəli Avtokolonun qarşısındakı 300 kv.metr hissəsində yerləşən sahəyə dair cizginin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdehin xx.xx.1999-cu il tarixli, 2091 nömrəli sərəncamı ilə X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2704 nömrəli Avtokolonun qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 300 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin mövcud vəziyyətdə cizgisinin verilməsinə köməklik göstərilməsi məqsədilə cavabdehə müraciət edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə sənədlərin Dövlət Arxivinin Bakı filialına təhvil verilməsi və bu barədə onda heç bir məlumat olmaması səbəbindən imtina edilmişdir. Cavabdehin bu imtinası əsassızdır. Belə ki, sözügedən torpaq xx.xx.2000-ci il tarixində Akt vasitəsi ilə onun istifadəsinə verilmişdir və həmin torpaq sahəsi ayrılarkən plan-cizginin tərtibi və müvafiq sənədlərin saxlanması inzibati orqanın vəzifəsidir. Bundan əlavə sənədlər Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Dövlət Arxivinin Bakı filialından tələb edilməli idi. Lakin inzibati orqan bu öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli iddiaya dair yazılı münasibətində iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur(İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə qeyd edir ki, inzibati iddialar üzrə iddianın mühüm mümkünlük şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının subyektiv hüququnun müəyyən olunmasıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materialarını araşdırdıqda aydın olur ki, hazırkı iş üzrə iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyil. Belə ki, işdən görünür ki, X2 xx.xx.1999-cu ildə Suraxanı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək 5 nəfər ailə üzvü ilə korlar cəmiyyətinin yataqxanasında yaşadığını, vəziyyətinin pis olduğunu, buna görə də ev tikmək üçün torpaq ayrılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 2091 nömrəli sərəncamından görünür ki, X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2704 nömrəli Avtokolonun qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün 300 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşdə olan Suraxanı rayonu İHB-nin xx.xx.2000-ci il tarixli aktından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2704 nömrəli Avtokolonun qarşısındakı sahədə 300 kv.metr torpaq sahəsinin pay bölgüsü aparılaraq və daimi nişanlar qoyularaq fərdi yaşayış evinin tikintisi üçün X1 ayrılmış təhvil verilmişdir. İddiaçı hazırda həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən cizgi tərtib edilməsini xahiş etsə də, onun cavabdehə qarşı belə bir tələb hüququnun yaranmasını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Belə ki, mübahisəli sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 28-ci bəndinə əsasən: -1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək; 2) müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq; 3) müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil etmək; 4) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsinə kömək etmək; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin həmin dövrdə qüvvədə olan 65-ci maddəsinə əsasən: - 1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. - 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. - 3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. - 4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planının və təsvirinin hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. - 5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 13-cü bəndinə görə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutu və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutu torpağın mülkiyyətə, daimi və müvəqqəti istifadəyə verilməsi haqında səlahiyyətli orqanlar tərəfindən qəbul edilmiş qərar və ona əlavə edilmiş 1:10 000 və ya 1:25 000 miqyasında ayrılan sahənin planı əsasında onun cizgisini torpağa mülkiyyət və istifadə hüququna dair mövcud formalarda əks etdirir. İstinad olunan normalardan görünür ki, cavabdehin xx.xx.2001-ci il tarixədək fiziki şəxslərə torpaq sahəsi ayrımaq hüququ olmuş, bu zaman torpaq sahəsinin ayrılması barədə qərara 1:10 000 və ya 1:25 000 miqyasında ayrılan sahənin planının əlavə edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, torpaq sahəsinin cizgisi, barəsində torpaq sahəsinin ayrılması haqqında qərar qəbul edilən şəxs barəsində tərtib edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya deyil, digər şəxsə- Q.Hüseynova ayrıldığıdan iddiaçının hazırkı məzmunda iddia qaldırmaq üşün subyektiv hüququ mövcud deyil. İddiaçı hazırkı iddianı qaldırarkəm AR-İİ №409225 nömrəli, xx.xx.2021-ci il tarixli etibarnaməyə istinad etmişdir, hansı ki, həmin etibarnaməyə əsasən X2 Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin 2091 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamına əsasən ona ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2704 Avtokolonun qarşısındakı sahədə yerləşən 300 kv.m torpaq sahəsinə dair bütün sənədləşmə işlərini aparmağı, həmin sahəni özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməyi, özəlləşmə prosesi ilə əlaqədar bələdiyyə orqanlarında, İcra Hakimiyyətində, DTXK, DƏDRX Əİ-də, notariat ofislərində, bank orqanlarında, ASAN xidmət mərkəzlərində, ASAN Məkanda, ASAN kommunalda və digər təşkilatlarda nümayəndəsi olmağı, bölgü sxemini imzalamağı, sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi İdarəsinə təhvil verib ona çatası çıxarışı, texniki pasportu və digər sənədləri almağı, sonradan Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışı və digər arayışları alaraq sərəncam verməyi: satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya (girov) qoymağı, ona çatan pulu almağı, müqavilə bağlamağı, əvəzindən ərizə yazmağı, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. - Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. - Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İstinad olunan normalardan görünür ki, etibarnamə vasitəsilə təmsilçi üçüncü şəxslər qarşısında təmsil edilən adından çıxış edir və onun həmin etibarnamə əsasında etdiyi hərəkətlər bilavasitə özü barəsində deyil, təmsil edilən barəsində hüquqi nəticə yaradır. Buna görə də iddiaçı Q.Huseynovun ona verdiyi etibarnaməyə istinad edərək, cavabdeh tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin ona məxsus olduğunu iddia edə, həmin torpaq sahəsi ilə bağlı hər hansı bir tələb irəli sürə bilməz. Məhkəmə bir daha qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Hazırkı halda da İddiaçının müvafiq tələb irəli sürmək üçün subyektiv hüququ olmadığından məhkəmə hesab edir ki, cavabdehin imtinası onun hüquqlarını və qanunla qorunan maraqlarını pozması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2784/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2784/2023
10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver