Məhkəmə qərarları › İş №2-1(112)-2787/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2787/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2787/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək əmək pensiyasını təyin edilməsi barədə qərarda dəyişiklik edilməklə pensiyanın 28 aprel 2020-ci il tarixdən təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 23 iyun 2020-ci il tarixdən ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh əsassız ona pensiyanın təyinini həyata keçirməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının “Marxal” kooperativində “Turac” Bakı Filialında və “Vahid” mağazasında işlədiyi əmək kitabçasında qeyd edilsə də, həmin müəssisələrin sığortaedən kimi qeydiyyatda olmadığı və sığorta haqqları ödəmədiyi müəyyən edilmişdir. Bundan əlavə, “Bakı İEM-2-də elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində iddiaçının işlədiyi qeyd edilmişdir. Həmin peşə güzəştli iş stajına dair arayışda Siyahının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində nəzərdə tutulmamışdır. İddiaçının ümumi stajı 25 ildən az, güzəştli iş stajı isə 12 il 6 aydan az olmuşdur. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilmişdir ki, iddiaçının “Marxal” kooperativində “Turac” Bakı Filialında və “Vahid” mağazasında işlədiyi əmək kitabçasında qeyd edilsə də, həmin müəssisələrin sığortaedən kimi qeydiyyatda olmadığı və sığorta haqqları ödəmədiyi müəyyən edilmişdir. Bundan əlavə, “Bakı İEM-2-də elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində iddiaçının işlədiyi qeyd edilmişdir. Həmin peşə güzəştli iş stajına dair arayışda Siyahının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində nəzərdə tutulmamışdır. İddiaçının ümumi stajı 25 ildən az, güzəştli iş stajı isə 12 il 6 aydan az olmuşdur. Arxiv arayışından görünür ki, iddiaçı 26 avqust 1978-ci il tarixdə texnikuma qəbul edilmiş, 06 mart 1982-ci il tarixli əmrlə ona əyani şöbədə oxuması ilə əlaqədar diplom verilmişdir. Arayışdan görünür ki, iddiaçı “Bakı İEM-2-də elektrik sexində növbətçi montyor kimi 19 dekabr 1984-cü il tarixli əmr əsasında 08 dekabr 1987-ci il tarixədək zərərli iş şəraitində işləmişdir. Arayışdan görünür ki, iddiaçı 06 aprel 1995-ci il tarixdən hazıradək matros, bosman vəzifələrində işləmişdir. Qeyd edilən iş zərərli iş sayılır. Dövlət Statistika Komitəsinin, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Vergi Xidmətinin məktublarından görünür ki, cavabdehin istinad etdiyi “Turac” Bakı Filialında və “Vahid” mağazası, “Marxal kooperativi barədə məlumat aşkar edilməmişdir. Hərbi biletdən görünür ki, iddiaçı 29 aprel 1982 tarixdə hərbi xidmətə yollanmış 05 iyun 1984-cü il tarixdən 29 mart 1984-cü il tarixli əmrlə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmək pensiyasının təyin edilməsi barədə 12 iyul 2023-cü il tarixil qərardan görünür ki, iddiaçıya 28 aprel 2023-cü il tarixdən pensiya təyin edilmişdir. Adıçəkilən müəssisələrin yerləşdiyi ünvan üzrə məhkəmə sorğusuna "xxxx" ASC tərəfindən verilmiş cavab məktubundan görünür ki, 1985-1995-ci il tarixlərdə müəssisə ərazisində “Marxal” kooperativi fəaliyyət göstərmiş, iddiaçı da həmin kooperativin işçisi olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıya 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, iddiaçı isə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiyanın 60 yox, 57 yaşdan təyin edilməsini xahiş etmişdir. İmtina onunla bağlıdır ki, iddiaçının Marxal” kooperativində “Turac” Bakı Filialında və “Vahid” mağazasında işlədiyi əmək kitabçasında qeyd edilsə də, həmin müəssisələrin sığortaedən kimi qeydiyyatda olmadığı və sığorta haqqları ödəmədiyi müəyyən edilmişdir. Bundan əlavə, “Bakı İEM-2-də elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində iddiaçının işlədiyi peşə güzəştli iş stajına aid deyildir. Göründüyü kimi imtina ümumi stajının 25 ildən az olması, eləcə də güzəştli iş stajının 12 il 6 aydan az olması ilə əlaqədardır. İş materiallarından isə görünür ki, digər dövrlər imtina əsası qismində çıxış etməmiş, iddiaçının 01 yanvar 2006-cı il tarixə 23 il 2 ay 4 gün ümumi stajı, 10 il 8 ay 25 gün xüsusi stajı cavabdeh tərəfindən qəbul edilmişdir. Göründüyü kimi iddiaçının imtinada göstərdiyi müəssisələrdə stajı nəzərə alındığı təqdirdə ümumi stajı, elektrik montyoru zərərli peşə sayılacağı halda isə xüsusi iş stajı ilə bağlı şərt ödəniləcəkdir ki, məhkəmə də hesab edir ki, hər iki şərt iddiaçıya münasibətdə ödənilmişdir. Ümumi stajının ödənilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh adıçəkilən müəssisələrdə işlədiyi dövrün ümumi stajına sayılmaması əsası qismində həmin müəssisələrin sığortaedən kimi qeydiyyatda olmadığı və sığorta haqqları ödənilmədiyinə istinad etsə də, cavabdeh həmin dövrlərin əmək kitabçasında qeyd edildiyini, sığortaedən qismində müəssisələrin tanınmamasının, sığorta haqqlarının ödənilməməsinin iddiaçının məsuliyyət sferasına aid olmadığını, eləcə də sığorta haqqlarının 01 yanvar 2006-cı il tarixədək ödənilməməsinin adıçəkilən dövrün sığorta stajına aid edilməməsinin istisna edildiyini nəzərə almamışdır. Halbuki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki,Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Əmək kitabçasında olan qeydlərdən də göründüyü kimi iddiaçı 08 yanvar 1990-cı ildən 03 yanvar 1994-cü il, 01 fevral 1994-cü il tarixdən 01 aprel 1994-cü il tarixlərində “Marxal” kooperativində, 05 yanvar 1994-cü ildən 17 oktyabr 1994-cü il tarixədək “Turac” Bakı Filialında və 01 noyabr 1994-cü ildən 01 fevral 1995-ci il tarixədək “Vahid” mağazasında işləmişdir ki, həmin vəzifələrdə işləməmə barədə cavabdeh mötəbər sübut təqdim etməmişdir. Əksinə məhkəmə sorğusuna "xxxx" ASC tərəfindən mötəbərliyi məhkəmə üçün şübhə doğurmayan cavab məktubundan da göründüyü kimi iddiaçı ən azından “Marxal” kooperativində işləmişdir ki, təkcə həmin kooperativdə işləməsi belə ümumi stajının 25 ildən yuxarı olması anlamına gəlməklə cavabdehin imtina dəlilinin qanuniliyini istisna edir. Həmçinin qeyd olunur ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıbalınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1998-1999-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Bu normadan hərəkətlə iddiaçının mübahisələndirilən illərdə işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-2006-cı illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının mübahisələndirilən dövrə aid işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir. Bu qaydada hesablandıqda iddiaçının əmək stajı 25 ildən çox təşkil edir. Güzəştli iş stajına aid cavabdehin imtina dəlilinə münasibətdə də məhkəmə hesab edir ki, imtina həmin hissədə də qanunsuz və əsassızdır. Belə ki, cavabdeh iddiaçının 10 il 8 ay 25 gün güzəştli iş stajını 01 yanvar 2006-cı il tarixədək tanısa da, iddiaçının “Bakı İEM-2 elektrik sexində elektrik montyoru peşəsində işlədiyi 20 dekabr 1984-08 dekabr 1987-ci illər üzrə dövrü nəzərə almamışdır. Halbuki istər iddiaçının cavabdehə təqdim etdiyi arayışda, istərsə də məhkəmə sorğusu nəticəsində müəssisə tərəfindən verilmiş arayışdan görünür ki, elektrik sexində elektrik montyoru vəzifəsi zərərli iş şəraitidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”ndan da (24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, a) fəhlələr qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları) elektrik montyorları peşəsi zərərli iş kimi nəzərdə tutulmuşdur ki, işəgötürən tərəfindən iddiaçının işlədiyi peşənin də məhz həmin peşəyə aid olması barədə arayışının mötəbərliyini istisna edən hər hansı hal müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə pensiya təyinatı barədə məhz işəgötürən tərəfindən arayışın təqdim edilməli olması barədə qanunvericiliyin tələb müəyyən etməsi zərurəti məhz görülən işin zərərli olub-olmamasına münasibətdə işəgötürənin spesifik biliyi əsasında müəyyən edilə bilər ki, işəgötürən tərəfindən mötəbərliyi ilə əlaqədar hər hansı şübhənin olmadığı arayışların nəzərə alınmaması məhkəmə hesab edir ki, iddiaçının pensiya təminatı hüququnun pozulması ilə nəticələnmişdir. Həmçinin, pensiya işindən görünür ki, iddiaçı 23 iyun 2023-cü il tarixdə 57 yaşdan güzəştli şərtlərlə pensiya təyinatı barədə cavabdehə müraciət etmiş, ərizə növbəti gün qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün. yəni 23 iyun 2020-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi barədə cavabdehin 12 iyul 2023-cü il tarixli qərarda pensiya hüququnun yarandığı tarixdə dəyişiklik edilməklə pensiyanın 28 aprel 2020-ci il tarixdən təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 23 iyun 2020-ci il tarixdən iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar