Məhkəmə qərarları › İş №2-1(112)-2787/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2787/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2787/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “sərəncamların ləğv edilməsi və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 274 nömrəli və xx.xx.2021-ci il tarixli, 150 nömrəli sərəncamının ləğv edilməsi və Bakı Şəhər İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, torpaq icarəsi müqaviləsinin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov 29/31 ünvanda yerləşdiyi evdə yaşayır. 2024-cü ildə "xxxx" MMC onun evini və digər evlərin sökülməsinə cəhd göstərir. Onun kommunikasiya xətləri sökülmüşdür. "xxxx" MMC öz əməllərinə bəraət qazandırmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti və "xxxx" MMC arasında bağlanmış torpağın icarəsi müqaviləsinə istinad edir. Həmin müqaviləyə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhəri Yasamal rayonu, 623 saylı məhəllə, Z.Əhmədbəyov, N.Naxçıvani və F. İbrahimbəyov küçələrinin ərazisində yerləşən torpaq sahələrini "xxxx" MMC-yə icarəyə vermişdir. Müqavilənin 1-ci bəndində ərazinin boş olduğu qeyd edilmişdir. Halbuki bu həqiqətə uyğun deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2024-cü il tarixdə, ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCnin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş ərizə təmin edilərək, cavabdehlər sırasından "xxxx" MMC xaric edilmiş, "xxxx" MMC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlə, iddiaçı onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçıın, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 274 nömrəli Sərəncamının addan-ada keçirilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 150 nömrəli Sərəncamında qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 623 saylı məhəllə, Z.Əhmədbəyov, Naxçıvani və F.İbrahimov küçələrinin əhatəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında "xxxx" MMC-yə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 274 nömrəli Sərəncamı və aparılmış müvafiq sənədləşmə işləri eyni məqsədlər üçün "xxxx" MMC adına rəsmiləşdirilsin; **********96-05101-093005 reyestr nömrəli daşınmaz əmlaka aid çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil üzərində X4, X1, X2 paylı mülkiyyəti qeydiyyata alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia ərizəsinin mahiyyətindən və iş materiallarından belə müəyyən olunur ki, iddiaçı **********96-05101-093005 reyestr nömrəli daşınmaz əmlaka aid çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzilin cavabdehin xx.xx.2018-ci il tarixli, 274 nömrəli və xx.xx.2021ci il tarixli, 150 nömrəli sərəncamları və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli torpaq icarəsi müqaviləsi əsasında sökülməsi təhlükəsi olduğundan həmin sərəncamların ləğv və müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Qeyd edilən çıxarışdan görünür ki, mənzil üzərində mülkiyyət hüququ X4, X1, X3 mənsubdur. İddiaçı həmin mənzilə dair hüququnu təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı qeyd edilən əmlaka dair hər hansı hüququnun mövcudluğu ilə bağlı biri digərini tamamlayan mötəbər dəlillərə (hüquqmüəyyənedici sənədlərə) istinad etməmiş, təqdim edilmiş sənədlər digər şəxsə aid olduğundan onun hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “sərəncamların ləğv edilməsi və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar