Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2788/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) “bakalavr diplomunun tanınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X2rşı (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vasiliy Stus adına Donetsk Milli Universitetinin hüquq fakültəsinin 6.030401 “Hüquqşünaslıq” ixtisasının “bakalavr” təhsil dərəcəsini müvəffəqiyyətlə bitirdiyi üçün ona verilən B17 № 240018 bakalavr diplomunun tanınmasına dair müvafiq şahadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 01.09.2013-cü il tarixdən 30.06.2017-ci il tarixə qədər Vasiliy Stus adına Donetsk Milli Universitetinin hüquq fakültəsinin 6.030401 “Hüquqşünaslıq” ixtisasının “bakalavr” təhsil dərəcəsinin normativ tədris müddəti ilə (tədris müddəri 4 il) gündüz tədris forması üzrə təhsil almış, tədris planını tam olaraq yerinə yetirmiş, dövlət attestasiyasını uğurla yerinə yetirmiş və “hüquqşünaslıq üzrə bakalavr” ixtisasına yiyələnmişdir. Ali təhsil müəssisəsi Vinnitsa şəhərinə evekuasiya edildiyi üçün 01.09.2014-cü il tarixdən 14.03.2015-ci il tarixədək distansion təhsil almışdır. Təhsilini başa vurduqdan sonra o, B17 № 240018 bakalavr diplomu almışdır. Xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə 25.12.2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifıkasiya İdarəsinə elektron müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Növbəti dəfə Təhsil Nazirliyinə müraciət etdikdən sonra, 09.10.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 25.12.2017-ci il tarixdə ünvanlanmış elektron müraciətə 31.05.2020-ci il tarixdə diplomun tanınmasından imtina edilməsi barədə cavab məktubu onun ünvanına göndərilmişdir. Lakin həmin cavab məktubu ona çatmamışdır və ümumiyyətlə o haqda məlumatı yoxdur. Həmçinin həmin dövrdə həqiqi hərbi xidmətdə olduğu üçün işinin müsbət nəticələnəciyini zənn etmişdir. Lakin cavab məktubunda qeyd edilmişdir ki, Vasiliy Stus adına Donetsk Milli Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd edilən tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bındinə əsasən, Ukraynanın V.Stus adına Donetsk Milli Universiteti tərəfindən adına verilmiş B17 №240018 nömrəli, 30.06.2017-ci il tarixli diplom üzrə aldığı ixtisas ölkə ərazisində tanınmamışdır. Cavabdeh tərəfindən diplom üzrə aldığı ixtisasın təsdiqi olunmaması tam əsassız və qanunsuzdur. Belə ki, o, Ukraynanın V.Stus adına Donetsk Milli Universitetində təhsilini əyani formada bitirmiş və yalnız 01.09.2014-cu il tarixdən 14.03.2015-ci il tarixinə qədər distansion qaydada təhsil almışdır. Distansion qaydada təhsil almasına səbəb 2014cü ilin aprel ayında Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında Donetsk ərazində baş vermiş qarşıdurmalar olmuşdur. Beynəlxalq qaydalara uyğun olaraq müharibə şəraitində təhsilin məcburi distansion qaydada aparılması qanunsuz deyildir. Təhsilin bu forması tələbə tərəfindən deyil, məlum səbəblərə görə universitet tərəfindən müəyyən edilmişdir. Buna görə də distansion qaydada 01.09.2014-cu ildən 14.03.2015-ci il tarixədək onun təhsil alması diplom üzrə ixtisasın tanınmaması üçün əsas deyildir. Halhazırda bütün dünyanın “covid-19” virusu ilə mübarizə apardığı bir vaxtda təhsilin verilməsi üçün seçilən qayda birmənalı olaraq distansion təhsil formasıdır. Həmçinin, o, yalnız 01.09.2014-cu ildən 14.03.2015-ci il tarixədək distansion təhsil almışdır. 14.03.2014-cü il tarixdən isə Vinnitsa şəhərinə köçürülmüş Vasiliy Stus adına Donetsk Milli Universitetində təhsilini əyani olaraq davam etdirmişdir. X5 Xidməti tərəfindən yaşamaq hüququ ilə bağlı vurulmuş möhürlər 2013-2017-ci illərdə Vasiliy Stus adına Donetsk Milli Universitetində əyani formada şəxsən dərslərdə iştirak edərək təhsil aldığı sübut edilir. Vasiliy Stus adına Donetsk Milli Universitetində “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydalarf’na uyğun olaraq o, əyani əsaslarla təhsil almışdır. Qeyd edilənlər Vasiliy Stus adına Donetsk Milli Universitetinin 06.06.2018-ci il tarixli, 2333/06.8.1-16 nömrəli arayışı ilə bir daha təsdiq olunur. Belə ki, o, hərbi xidmətdə olduğu zaman Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifıkasiya İdarəsi tərəfindən zəng edilərək müsahibə mərhələsinə dəvət olunmuşdur. 19.03.2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifıkasiya İdarəsində müsahibəni uğurla verdikdən sonra 27.03.2018-ci il tarixdə növbəti mərhələyə dəvət olunmuşdur. Müsahibə mərhələsində hərbi xidmətdə olduğu üçün şəxsən maraqlana bilmədiyinə görə onun atası tərəfindən 2018-ci ilin aprel ayında “146” qaynar xəttinə zəng vurulmuşdur. Danışıq zamanı hər şeyin qaydasında olduğunu və diplomun təsdiqi üçün şəhadətnamənin hazırlandığı bildirilmişdir. O, həm rus dilini, həm də ukrayna dilini mükəmməl bilir. Təhsil aldığı dövrdə dərsə davamiyyəti tam olmuş, yüksək qiymətlərlə universiteti bitirmişdir. Distansion qaydada təhsil aldığı dövr istisna olmaqla həmişə dərslərdə şəxsən iştirak etmişdir. Onun rus və ukrayna dilini sərbəst bilməsi bir daha sübut edir ki, həmin ərazidə qısamüddətli olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir və bu barədə ona 25.05.2018-ci il tarixli, 23-04- 317/2018/ANİ nömrəli cavab məktubu göndərilmişdir. Azərbaycan Respublikası İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti buraxılmışdır. Bununla yanaşı, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyrimümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ. 1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “X1 Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Eyni zamanda, əhəmiyyətli fərq dedikdə “təlim nəticələri” arasında olan fərq nəzərdə tutulur. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifıkasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifıkasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifıkasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.07.2018-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi"nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri - təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsi - müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun olmadığıı müəyyən edilmişdir. Milli Kvalifikasiyalar Çərçivəsinin 6cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 4.1-ci bəndinə əsasən: Bakalavr dərəcəsi almış məzunlar: təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit, magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3. təcrübələrdə iştirak etməsi; 3.2.7.4. laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5. kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6. imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7. buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.8. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1. məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2. məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. 3.2.9. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Ukrayna, Vasiliy Stus adına Donetsk Milli Universiteti tərəfindən 30 iyun 2017-ci ildə verilmiş B17 № 240018 nömrəli bakalavr diplomunun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2017-ci ildə “Vasiliy Stus adına Donetsk Milli Universitetini” bitirmiş və “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə bakalavr ali təhsil dərəcəsinə yiyələnmişdir. Diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən 19.09.2017-ci il tarixdə № A-58929-17 nömrəsi ilə apostil edilmiş və eyni zamanda diploma əlavə də 19.09.2017-ci il tarixdə № A- 58926-17 nömrəsi ilə apostil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon Bölməsinin 12.12.2017-ci il tarixli 984 saylı arayışından görünür ki, 1993-cü il təvəllüdlü İddiaçı həqiqətən 14.07.2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İş materiallarında olan Vasiliy Stus adına Donetsk Milli Universitetinin 06.06.2018-ci il il tarixli 2333/06.8.1-16 saylı arayışının surətindən görünür ki, İddiaçı 01.09.2013-cü il tarixindən 30.06.2017-ci il tarixinə qədər hüquq fakültəsinin 6.030401 "Hüquqşünaslıq" ixtisasının "bakalavr" təhsil dərəcəsinin normativ tədris müddəti ilə (tədris müddəti 4 il) gündüz tədris forması üzrə təhsil almış, tədris planını tam olaraq yerinə yelirmiş, dövlət attestasiyasını uğurla yerinə yetirmiş və "hüquqşünaslıq üzrə bakalavr" ixtisasını almışdır. Ali təhsil müəssisəsinin Vinnitsa şəhərinə evakuasiya edilməsi ilə əlaqədar olaraq 01.09.2014-cü il tarixindən 14.03.2015-ci il tarixinə qədər distansion təhsil almışdır. B17 № 240018 bakalavr diplomunu almışdır. İş materiallarında olan Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanlanmış 02.10.2018-ci il tarixli 6131/24-093-1145 saylı məktubda qeyd olunur: Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinə Azərbaycanda yaşayan Azərbaycan Respublikası vətəndaşı İddiaçı ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və nostrifıkasiya departamentinin onun V.Stus adına Donetsk milli universitetini bitirməsi haqqında diplomunu tanımaqdan imtina etdiyini və bunu İddiaçı təhsil müddətində müvəqqəti olaraq Ukrayna ərazisində olmaması faktı ilə əlaqələndirdiyini bildirmişdir. Qeyd olunanlarla əlaqədar olaraq, İddiaçı 01.09.2013-cü il tarixindən 30.06.2017-ci il tarixinə qədər hüquq fakültəsinin gündüz təhsil forması üzrə təhsil alması və “hüquqşünaslıq üzrə bakalavr” ixtisasını alması barədə V.Stus adına Donetsk milli universitetinin arayışı Sizə təqdim ediik. Arayış, həmçinin, ATM-nin Vinnitsa şəhərinə evakuasiyası ilə bağlı olaraq İddiaçı 01.09.2014-cü il tarixindən 14.03.2015-ci il tarixinə qədər distansion təhsil aldığını təsdiq edir. Nostrifıkasiya prosedurunu keçirdiyiniz zaman nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25.05.2018-ci il tarixli məktub qeyd edilir: Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukraynanın V.Stus adına Donetsk Milli Universitetinin tədris normativi üzrə təhsil almaq uçun tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyri-mümkündür Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanıması və ekvivalenlllyinln müəyyən edilməsi (nostrifikasıyası) Qaydaları»nın 3.6-cı bəndınə əsasan ekvivatentlik haqqında şəhadətnamənin verilməsi uçun sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək uçun səbəbdir. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən Ukraynanın V.Stus adına Donetsk Milli Universiteti tərəfindən Sizin adınıza verilmiş B17 240018 nömrəli 30.06.2017-ci il tarixli diplom üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 09.10.2020-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və Azərbaycan Respublikasının Milli Məclisindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış, müvafiq olaraq 29.09.2020-ci il tarixli, T- 11319 nömrəli və 01.10.2020-ci il tarixli, T-11319/01 nömrəli ərizələrinizlə əlaqədar olaraq bildiririk ki, 25.12.2017-ci il tarixli elektron müraciətinizin nəticəsi barədə Sizə 31.05.2018ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2012-ci il tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektron xidmət növlərinin Siyahısı»na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyln müəyyən edilməsinin (nostnfıkasıyası) onlayn yoxlanılması” elektron xidməti vasitəsilə müvafiq məlumat verilmiş və 25.05.2018-cı il tarixli, 23-04-317/ANİ saylı məktub (surəti əlavə olunur) elektron ərizənizdə qeyd eldrymiz ünvana göndərilmişdir. Melumat üçün bildiririk ki, “İnzibatı icraat haqqında- Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsnin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilər. İş materiallrında olan iddiaçıya məxsus SX seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 24.07.2017-ci il tarixdən 30.07.2018-ci il tarixədək həqiq hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd keçmə məlumatlarından görünür ki, İddiaçı 2011-2017-ci illər ərzində dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 01.09.2012-ci il çıxış Ukrayna, 08.12.2012-ci il giriş Ukrayna, 02.01.2013-cü il çıxış Ukrayna, 08.06.2013-cü il giriş Gürcüstan, 24.08.2013-cü il çıxış Ukrayna, 25.01.2014-cü il giriş Ukrayna, 11.02.2014-cü il çıxış Gürcüstan, 22.05.2014-cü il giriş Rusiya, 14.03.2015-ci il çıxış Ukrayna, 11.06.2015-ci il giriş Ukrayna, 20.06.2015-ci il çıxış Ukrayna, 16.07.2015ci il giriş Ukrayna, 02.08.2015-ci il çıxış Ukrayna, 23.06.2016-cı il giriş Ukrayna, 02.09.2016-cı il çıxış Ukrayna, 01.07.2017-ci il giriş Gürcüstan. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli 907 nömrəli Fərmana əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizaminaməsinin: 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; 2.2.2-ci bəndinə əsasən Agentliyin fəaliyyət istiqamətlərindən biri xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirməkdir; 3.1-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin aşağıdakı vəzifələri vardır: 3.1.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək; 3.1.8. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; 1.4-cü bəndinə əsasən isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir; 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 2.4-cü bəndinə əsasən ərizəçi tərəfindən təqdim olunan sənədlərə bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır; 2.5-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir; 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır; 3.4-cü bəndinə əsasən ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi; 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır; 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in: 1-ci maddəsinə əsasən bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir; 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir; 6-cı maddəsinə əsasən Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barədə” Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Həmin Konvensiyanın: 1-ci maddəsinə əsasən bu Konvensiya Razılığa gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər); 2-ci maddəsinə əsasən Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür; 3-cü maddəsinə əsasən imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı fransız dilində göstərilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı X6 adına Donetsk Milli Universitetinin hüquqşünaslıq istiqaməti üzrə bakalavr ali təhsil dərəcəsini bitirmiş və bu barədə ona 30 iyun 2017-ci ildə B17 № 240018 nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyrimümkün olması əsas gətirilməklə cavabdeh tərəfindən müraciət təmin edilməmiş, imtina cavabı verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya verilmiş diploma 19.09.2017-ci il tarixdə apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Cavabdeh imtinasını və etirazını iddiaçının qısa müddət ərzində müvafiq ölkədə olması ilə əsaslandırsa da, tələb olunan müddətin nə qədər olması və həmin müddətin qarşılığında iddiaçının qısa müddətdə müvafiq ölkədə olmasını əsaslandırmamış, həmçinin iddiaçının diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirib-yetirməməsini konkret olaraq müəyyən etməmiş, yalnız iddiaçının qısa müddətdə həmin ölkədə olmasını qeyd etməklə tədris yükünü yerinə yetirməsinin qeyri-mümkünlüyünü ehtimal olaraq irəli sürmüşdür. Lakin iddiaçıya verilmiş bakalavr diplomunda iddiaçının ali təhsil dərəcəsinə yiyələnməsi qeyd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon Bölməsinin 12.12.2017-ci il tarixli arayışından və iddiaçıya məxsus hərbi biletdən görünür ki, iddiaçı 14.07.2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir və 24.07.2017-ci il tarixdən 30.07.2018-ci il tarixədək həqiq hərbi xidmətdə olmuşdur. Göründüyü kimi, iddiaçı təhsil aldığı dövrdə hərbi xidmətə çağırılmamış, hərbi xidmətə çağırıldıqdan sonra isə ali təhsilli şəxs kimi bir il həqiq hərbi xidmətdə olmuşdur. Eyni zamanda, Vasiliy Stus adına Donetsk Milli Universitetinin 06.06.2018-ci il il tarixli arayışına və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanlanmış 02.10.2018-ci il tarixli məktuba əsasən iddiaçı 01.09.2013-cü il tarixindən 30.06.2017-ci il tarixinə qədər hüquq fakültəsinin 6.030401 "Hüquqşünaslıq" ixtisasının "bakalavr" təhsil dərəcəsinin normativ tədris müddəti ilə (tədris müddəti 4 il) gündüz tədris forması üzrə təhsil almış, tədris planını tam olaraq yerinə yetirmiş, dövlət attestasiyasını uğurla yerinə yetirmiş və "hüquqşünaslıq üzrə bakalavr" ixtisasını almışdır, ali təhsil müəssisəsinin Vinnitsa şəhərinə evakuasiya edilməsi ilə əlaqədar olaraq 01.09.2014-cü il tarixindən 14.03.2015-ci il tarixinə qədər distansion təhsil almışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan diplom üzrə ixtisasının tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədi ilə cavabdeh tərəfindən inzibati icraat yenidən aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı X6 adına Donetsk Milli Universiteti tərəfindən 30 iyun 2017-ci ildə verilmiş B17 № 240018 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2788/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2788/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver