Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2788/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əmək pensiyasının təyin edilməsindən imtina edilməsinin qeyri - qanuni hesab edilərək, onun 15.03.1980-ci il tarixdən 04.10.1981-ci il tarixinə kimi Lenin adına üzümçülük sovxozunda fəhlə işlədiyi müddəti əmək stajına daxil edilməklə ona 08 avqust 2020-ci il tarixdən güzətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə tapşırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona yəni xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 57 yaşdan yəni, 01.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 01 avqust 1963-cü ildə doğulmuş, 57 yaşı 01 avqust 2020-ci il tarixində tamam olmuşdur. O, 57 yaşdan yaşa görə ağır sənaye ilə pensiyaya çıxmaq üçün tələb olunan sənədləri 24 may 2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına göndərmiş, sonuncunun ona ünvanladığı 21.08.2021-ci il tarixli **********8 nömrəli məktubu ilə imtina cavabı verilmiş, məktubda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlərdə ümumi stajı 25 ildən az təşkil edir. Onun Lenin adına üzümçülük sovxozunda 15.03.1980-ci il tarixindən 04.10.1981-ci il tarixədək fəhlə işlədiyi dövrü onun iş stajına daxil etmədən ona imtina cavabı veriilmişdir. Halbuki, onun 15.03.1980- 04.10.1981-ci illərdə Lenin adına sovxozda fəhlə işlədiyi dövr Siyəzən rayon Dövlət Arxivi tərəfindən möhürlə təsdiq edilmiş arayışda öz əksini tapır. Əmək fəaliyyətini 15.03.1980-ci il tarixdən Lenin adına üzümçülük sovxozunda başlamışdır və 15.03.1980-ci il tarixdən 04.10.1981-cı il tarixə kimi həmin sovxozda fəhlə işləmişdir. Bu barədə ona Siyəzən rayon Dövlət Arxivi tərəfindən 30.04.2021 -ci il tarixli 47 nömrəli arayış verilmişdir. Ondan sonra 12.11.1981-14.12.1983-ci illərdə hərbi xidmətdə olmuşdur, hərbi xitmətdən gəldikdən sonra 20.04.1984-cü il tarixindən hal - hazıra kimi “Siyəzənneft ’ NQÇİ -də işləyir. Bütün qeyd olunan iş stajlarını topladıqda 01.01.2006-cı il tarixə kimi 25 il 04 ay 02 gün və 01.01.2006-cı il tarixinə kimi 12 il 06 ay güzəştli iş stajı var və bu da ona “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 06 ay güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün hüquq verir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 08 oktyabr 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazında (mülahizəsi) göstərilmişdir ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildiririlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin Fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi 1 yanvar 2006-cı ilədək ümumi iş stajı 25 ildən az (23 il 9 ay 3 gün (22.11.1981-14.12.1983-cü il, 20.04.1984-01.01.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş olunmuşdur. İddiaçı-İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, məhkəmədən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1963-cü ildə Abşeron rayonu, Qərəh kəndində doğulmuş İddiaçı Siyəzən rayonu, Məşrif kəndində qeydiyyatdadır. НЗ seriyalı ******* № li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 12 noyabr 1981-ci il tarixdən 14 dekabr 1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. ИТ-İ ******* №li 20.04.1984-cu il tarixli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən, İddiaçı 20.04.1984-cü il tarixdə “Siyəzənneft” neft və qaz çıxarma idarəsinə 2 saylı neft və qaz hasilatı (çıxarma) sexinə 2-ci dərəcə ilə elektrik montyoru vəzifəsinə qəbul edilmişdir (18.04.1984-cü il tarixli 350 №l əmr); 01.07.1991-ci il tarixdə ixtisasartırma kurslarını bitirdiyinə görə həmin sexdə 3-cü dərəcə ilə elektrik montyoru keçirilmişdir (02.07.1991-ci il tarixli 212 №li əmr); 16.12.1994-cü ildə həmin sexdə 4-cü dərəcəli elektrik montyoru keçirilmişdir (30.12.1994cü il tarixli 355 №l əmr); 01.05.2008-ci ildə həmin sexdə 5-ci dərəcəli elektrik montyoru keçirilmişdir (30.04.2008-ci il tarixli №l 145 əmr); 23.06.2017-ci ildə 4-cü dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə keçirilmişdir (23.06.2017-ci il tarixli 961 №li əmr); 04.06.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (04.06.2021-ci il tarixli, 177 №li əmr). SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş 07.05.2021-ci il tarixli 21 №li arayışda qeyd olunmuşdur ki, İddiaçı əmək kitabçasına uyğun güzəştli pensiya hüququ verən aşağıdakı iş stajına malikdir: Qeyd 01-05. (10.2. bənd. səh. 84) 350 saylı 18.04.1984-cü il tarixli əmrə əsasən 20.04.1984-cü il tarixdən hal-hazıradək “Siyəzənneft” NQÇİ-nin 2№-li neft və qazçıxarma sahəsində elektrik avadanlıqlarının xidməti və təmiri üzrə elektrik montyoru peşəsində işləməklə iş stajı 37 il, 15 gün (otuz yeddi il, on beş gün) təşkil edir. Qeyd olunanlara əsasən İddiaçı güzəştli şərtlərlə ümumi əmək stajı 37 il, 15 gün (otuz yeddi il, on beş gün) təşkil edir. Qeyd olunanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 №-li qərarının ’’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın X bölməsinə əsasən, güzəştli şərtlərlə, güzəştli ölçüdə dövlət təqaüdü almaq hüququ verir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 21 avqust 2021-ci il tarixli **********8 №li imtina məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 01 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az (23 il 9 ay 3 gün (22.11.1981- 14.12.1983-cü il, 20.04.1984-01.01.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Siyəzən rayon Dövlət Arxivinin 12 yanvar 2022-ci il tarixli 01 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş 12 yanvar 2022ci il tarixli arxiv çıxarışında qeyd olunmuş aşağıdakı məlumatlardan: - Lenin adına üzümçülük sovxozu üzrə 15 mart 1980-cı il tarixli 28 №-li əmrdən müəyyən olunur ki, İddiaçı 6 №-li üzümçülük briqadasına fəhlə vəzifəsinə qəbul edilmişdir. - Lenin adına üzümçülük sovxozu üzrə 09 avqust 1981-ci il 107 №-li əmrlə İddiaçı 6№-li briqadada fəhlə işləmiş, bağlarda üzüm məhsulunun yetişdirilməsi ilə əlaqədar olaraq o, məhsul yığımı başa çatana kimi fəhləlikdən həmin briqadaya məhsul göstəçisi köçürülmüşdür. - Lenin adına üzümçülük sovxozu üzrə 04 oktyabr 1981-ci il tarixli 131 №-li əmrlə İddiaçı 6 №-li briqadada məhsul göstərçisi, Biriqadada üzüm yığımı başa çatdığı üçün o, həmin briqadaya fəhlə köçürülmüşdür. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” NQÇİ tərəfindən verilmiş 04.03.2022-ci il tarixli **********31620604X00001 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Azneft” İB “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin sabiq işçisi İddiaçı 20.04.1984-cü il tarixdən 04.06.2021-ci il tarixədək İdarənin 2№-li neft və qazçıxarma sahəsində elektrik avadanlıqlarının xidməti və təmiri üzrə elektrik montyoru peşəsində işləmişdir. İddiaçı 04.06.2021-ci il tarixdən idarədə gedən optimallaşma prosesi ilə əlaqədar öz təşəbbüsü ilə işdən azad edilmişdir. Çalışdığı sahə və peşə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin (1100000a: kod-19861-neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları), vəzifələrin və göstəricilərin Siyahısının X bölməsinə (X-2. Neft-qaz və qaz kondensatının hasilatı: kod- ********) əsasən, güzəştli şərtlərlə, güzəştli ölçüdə dövlət təqaüdü almaq hüququ verir. Qeyd olunanlara əsasən İddiaçı güzəştli şərtlərlə ümumi əmək stajı 37 il, 01 ay, 16 gün (otuz yeddi il, bir ay, on altı gün) təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla qanunla müəyyən olunmuş yaş həddinə (57 yaş) 01.08.2020-ci il tarixdə çatmışdır. İddiaçının ümumi iş stajı ilə bağlı cavabdeh inzibati orqan, arxiv arayışları ilə müəyyən edilmiş dövrü nəzərə almadığı üçün, onun 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajının tamamlanmadığına istinad etmişdir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının əmək kitabçasındakı qeydlər, arxiv arayşları və hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “ Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” Xİİ fəsil (kod 21300000, fəsil); Neft-qaz və qaz kondensatının hasilatı - bölmə 2 (kod ********); neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları (kod 2130200a-19861). Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İddia ərizəsindən və iş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 21 avqust 2021-ci il tarixli **********8 №li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2021-ci ilin may ayının 24-də (müraciəti 21 avqust 2021-ci il tarixli **********8 №li cavab məktubu ilə cavablandırılmışdır) müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni 01.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2788/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2788/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver