Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2789/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi ev ½, mənzil 33) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın hissə-hissə ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən “Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmış miqdarı”nın hesabına “Pensiyaya əlavə”nin hesablanaraq 2021-ci ilin avqust ayından iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 12.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 16.02.2022-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı ailə başçısını itirməyə görə hesablanmış 109953,29 manat pensiya məbləğinin ödənilməyən hissəsinin 3 (üç) il müddətinə ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1968-ci il təvəllüdlüdür və uşaqlıqdan lal-kar olduğu üçün üçuncu qrup əlildir. Əlillik ona ömürlük olaraq təyin edilmişdir. X1 uzun müddət hakim vəzifəsində çalışmış və yaşa görə əmək pensiyaçısı olmuşdur. Atası 29 dekabr 2009-cu ildə vəfat etmişdir. İddiaçı DSMF-nin Binəqədi rayon şöbəsinə müraciət edərək ona ailə başçısını itirməyə görə 29 dekabr 2009-cu il tarixdən əmək pensiyası təyin edilməsini xahiş etmişdir. DSMF-nin Binəqədi rayon şöbəsi ona həmin pensiyanı təyin etdi, lakin hakimlərin hazırda aldıqları bir çox ödənişləri nəzərə almadılar. Bundan əlavə onlar iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının hüququ yarandığı vaxtdan deyil, müraciət etdiyi vaxtan, yəni 01 may 2019-cu il tarixdən təyin etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının pensiya işi məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon şöbəsi tərəfindən İddiaçı 01.01.2006-ci il tarixdən əlilliyə görə pensiya təyin etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon şöbəsinin 30.04.2019-cu il tarixli qərarı ilə İddiaçı təyin edilmiş pensiyanın növü əlilliyə görə pensiyadan ailə başçısını itirməyə görə pensiya növünə dəyişdirilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanan 23.08.2021-ci il tarixli məktubunda göstərilmişdir: “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2020-ci il tarixli 2-1(102)-479 nömrəli Qərarına əsasən əmək pensiyanız hakimlik stajının hər beş ilinə hər ay aylıq vəzifə maaşının 15 faizi miqdarında əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsilə bağlı xərclər üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatı, hər il məzuniyyət üçün iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət nəzərə alınmaqla yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə müəyyən edilmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış 109953,29 manat pensiya məbləği 2020-ci ilin aprel ayından etibarən hissə-hissə pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür.” Göründüyü kimi, iddiaçıya ailə başçısını itirməyə görə 109953,29 manat pensiya məbləği hesablanmışdır. Lakin, hesablanmış həmin pensiya məbləği iddiaçıya 2020-ci ilin aprel ayından etibarən hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)- 2577/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı hüququ yaranan vaxtdan, yəni 2019-cu il 01 may tarixindən ona ailə başçsını itirməyə görə əmək pensiyasının təyin edilməsi, hakimlərə hakimlik stajının hər beş ilinə hər ay aylıq vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqqın, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatının, hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımın, hər il məzuniyyət üçün iki aylıq əmək haqqı məbləğində müavinətin, müalicə üçün ödənilən iki aylıq əmək haqqı məbləğində müavinətin nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilmiş və digər hissədə isə iddia tələbi rədd edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2146/2019 saylı 24.10.2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2577/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmiş, iddia qismən təmin edilmiş, İddiaçı, onun pensiya hüququnun yarandığı 29.12.2009- cu il tarixindən ailə başçsını itirməyə görə əmək pensiyasının təyin edilməsi və hakimlərə ödənilən, hakimlik stajının hər beş Hinə hər ay aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclər üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatı, hər il məzuniyyət üçün iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmiş, iddia qalan hissələrində təmin edilməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-479/2020 saylı 29.01.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının 2-1(103)-2146/19 saylı 24 oktyabr 2019-cu il tarixli qərarı “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclər üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatının 29.12.2009-cu il tarixdən nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi" hissəsində dəyişdirilmiş səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclər üçün vəzifə maaşının 15 faiz, miqdarında aylıq pul təminatının 01.10.2010-cu il tarixdən nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2146/19 saylı 24 oktyabr 2019-cu il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddia tələbindən görünür ki, iddiaçı hazırkı tələblə ona ailə başçısını itirməyə görə hesablanmış 109953,29 manat pensiya məbləğinin 3 (üç) il müddətinə ona ödənilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüququnu pozur. Belə ki, iş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə cavabdeh inzibati orqanın dəlili ilə bağlı qeyd edir ki, həmin Qanunun 32.1-1-ci maddəsi və 37.7-ci maddəsi qeyd edilən məzmunda 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Belə ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.95-ci maddəsinə əsasən aşağıdakı məzmunda 32.1-1-ci maddə əlavə edilsin: “32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.” Həmin Qanunun 1.103-cü maddəsinə əsasən 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunun 1.6-cı maddəsinə əsasən 32.1-1ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.” Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir. Göründüyü kimi, cavabdeh inzibati orqanın isinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsi və 37.7-ci maddə istinad edilən məzmunda iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı tarixdən sonra qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipi əsasında həyata keçirilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 37.7-ci maddəsinin 2017-ci il iyulun 1-dək qüvvədə olan məzmununa əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya hesablanmış 109953,29 manat pensiya məbləği 2020-ci ilin aprel ayından etibarən hissəhissə onun pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İddiaçı isə həmin məbləğin hissə-hissə ödənilməsinə etiraz etməsə də, həmin məbləğin cavabdeh inzibati orqan tərəfindən on ilə deyil üç ilə bölünərək ödənilməsini tələb edir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, ailə başçısını itirməyə görə pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığından, həmçinin iddiaçı ona hesablanmış və hazırda ödənilməyən pensiya məbləğinin birdəfəlik deyil hissə-hissə, lakin 3 il ərzində ödənilməsini tələb etdiyindən, bununla bağlı isə iddiaçının hüququnun yarandığı vaxt qanunvericilikdə hər hansı məhdudiyyət olmadığından, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ailə başçısını itirməyə görə hesablanmış 109953,29 manat pensiya məbləğinin ödənilməyən hissəsinin 3 (üç) il müddətinə ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə hesablanmış 109953,29 manat pensiya məbləğinin ödənilməyən hissəsinin 3 (üç) il müddətinə ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2789/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2789/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver